İşsiz qalan aktrisamız şikayətləndi: "Onun əleyhinə imza atmadım deyə..."

İşsiz qalan aktrisamız şikayətləndi:  "Onun əleyhinə imza atmadım deyə..."
25 avqust 2023
# 12:50

Aktrisa, sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas Zülfiyyə Eldarqızı uzun müddətdir ki, işsizdir.

Aktrisa Kulis.a-a açıqlamasında dəfələrlə müraciət etsə də, heç birinə baxılmadığı bildirib.


– Bir müddət əvvəl işsiz olduğunuzu açıqlamışdınız. Teatrdan uzaqlaşdırılmağınızın səbəbi nədir?
– Bu günə kimi nə qazanmışamsa, öz hesabıma qazanmışam. Əvvəl kinoşünaslıq kafedrasında işləmişəm. Oradakı insanlar Azərbaycan mədəniyyətinin sütunları idi. Elmi işimi müdafiə etdikdən sonra Səhnə danışığı kafedrasına təyin olundum. Çünki bədii qiraətlə məşğul olurdum. Bir neçə il orada işlədim. Rəhbər dəyişiləndən sonra universitetdə əleyhimə iş görən insanlar peyda oldu. Onlar məni rəhbərliyə səhv tanıtdılar. Ortaq türk mədəniyyəti ilə bağlı İtaliyada bir konfransa dəvət almışdım. Böyük məmnuniyyətlə dəvətnaməni kafedraya, prorektorlara göstərmişdim. Onlar da məni yüksək qiymətləndirmişdilər. İcazəsiz getdiyimə görə, gələndən sonra məni çox sıxdılar. Müxtəlif bəhanələrlə elə bir şərait yaratdılar ki, ərizə yazıb işdən çıxdım.

Sonra İrəvan Teatrına dəvət aldım. Başlanğıcda hər şey çox gözəl idi. Müxtəlif tamaşalarda oynadım. Uğurlu rollarım oldu. Hər şey yaxşı idi. Sonra teatrda qalmaqallar başladı. Heç birində yox idim. Teatrın aktyorları ilə direktor arasında idi. Mən həmişə deyirdim ki, gəlin işimizlə məşğul olaq, ancaq mənə qulaq asmadılar. Əjdər Zeynalovu işdən çıxartdılar. Mənə təklif olundu ki, onun əleyhinə imza atım. Mən də atmadım. Ona görə də direktorun qara siyahısına düşdüm. Ondan əvvəl də belə hadisələr olmuşdu. İmza atmadığıma görə teatrdan uzaqlaşdırıldım. Öz də elə çıxartdılar ki, mənim üçün çox böyük travma oldu. Direktora dəfələrlə dedim ki, aranızda nə problem var, özünüz həll eləyin, aktyorları bu işə qatmayın. Orada elə aktyorlar var idi ki, Əjdərin əleyhinə imza atıb, sonra gəlib ona deyirdilər ki, biz necə çörəyimizdən olaq? Səməndər Rzayevin oğlu Rəşid Səməndərlə birgə işləyirdik. Bir gün mənə yazdı ki, sizinlə görüşmək istəyirəm. Bulvarda görüşdük. Hər şeyi etiraf elədi. Direktor hamısını yığıb tapşırmışdı ki, Zülfiyyənin əleyhinə danışmalısınız. O, əleyhimə imza atdığına görə vicdan əzabı çəkirdi. Mən onu bağışladım. Çünki yeganə iş yeri ora idi.

– Bununla bağlı müraciətlər etmisinizmi?
– Bəli. Dəfələrlə Mədəniyyət Nazirliyinə bununla bağlı müraciət eləmişəm. Hətta sabiq nazirimiz Əbülfəs bəyin də qəbulunda olmuşam. O məni çox gözəl qarşıladı. Söz verdi ki, məni işlə təmin edəcək. Bir ay sonra dedilər ki, ancaq Lənkəran Dövlət Teatrında yer var. İmtina elədim, çünki ailəm, övladlarım Bakıdadır. Bu boyda Bakıda bu qədər teatr ola-ola mən necə gedib Lənkəranda işləyə bilərdim? Sonra pandemiya oldu. O ərəfələrdə müxtəlif teatrlara müraciət elədim. Sözlər verildi, amma nəticə olmadı. Hazırda işsizəm. Yeni nazirimiz Adil müəllimə də müraciət eləmişəm, amma hələ də cavab yoxdur. İstəyirəm imkan yaradılsın, nazirlə görüşüm.

– Bir qiraətçi kimi gənc qiraətçiləri necə dəyərləndirirsiniz?
– Bədii qiraətçilərə münasibətim çox yaxşıdır. İndi artıq şeirə qiymət qalmayıb. Sosial şəbəkərə qiraətlərimi qoyuram, görürəm ki, çox az bəyənilir. Ancaq açıq-saçıq şəkil qoyulan kimi hamı bəyənir. Bəziləri Tik-toku pisləsə də, mən ora giribsənət nümunələrimi paylaşıram. Şeiri səsləndirəndə gərək əlavə bəzək-düzək verməyəsən, səmimi olasan, şeiri hiss eləyəsən.

– Netfliks istehsalı olan filmdə rol almısınız. Təklif necə gəldi?
– Nizaminin 800 illik yubileyinə həsr olunmuşdu. Zəng eləyib dedilər ki, belə bir ortaq layihə var. Kiçik bir rol idi. İki gün Şamaxıda çəkilişlərdə olduq. Mən onlarda sənət adamına verilən dəyəri hiss elədim. Çox həssas yanaşırdılar. Qışda idi çəkilişlər. Əllərində palto dayanırdılar. Mən aktrisa olduğumu orada hiss elədim.

– Həmkarlarınızdan sizə dəstək olanlar oldumu? Sizcə, niyə bizdə sənət adamlarının arasında birlik yoxdur?
– Çox təəssüf ki, bizdə birlik yoxdur. Mənim işsizliklə bağlı postuma 1-2 nəfərdən savayı heç kim reaksiya vermədi. Heç kim yazmadı ki, bəli, Zülfiyyə xanım həqiqəti deyir. Halbuki çayxanalarda bu məsələləri müzakirə eləyirlər. Amma bu məxfi olmasın. Rəsmi şəkildə dəstək versinlər. Axı mən heç bir haqsızlığa susmamışam. Özümə qarşı olan haqsızlığa qarşı son damla qanıma qədər mübarizə aparacam. Övladlarımın üzünə baxa bilmirəm. Deyirlər, əlin-ayağın var, bu qədər dövlət tədbirlərində iştirak eləmisən, niyə sənə iş vermirlər?

# 3143 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #