İnsan və sənət münasibətləri - Rəvan Cavid yazır...

Rəvan Cavid

Rəvan Cavid

2 dekabr 2022
# 10:40

Kulis.az Rəvan Cavidin yeni yazısını təqdim edir.

Sənət dünyanı məşğul edən səmavi dəyərdi. İnsanlar musiqini hiss edəndə, səslərin harmoniyasını, rənglərin ahəngini, sözlərin metafizik sirrini anlayan andan dünya bir başqa cür oldu. Bir az fikirli, bir az həssas, bir az kədərli, bir az daha anlayışlı, bir az humanist və başqa "bir az"lar. Adəm alma yediyi zamandan hekayələr uyduruldu. Yeni evimizə - dünyaya gələndə onun necə, hansı formaya malik olduğunu, buradakı missiyamızı, bu evdəki rahatlığımızı təmin edəcək şeyləri araşdırmağa, fikrimizdə onu çözməyə çalışmağa başladıq. Zaman-zaman insanlar hekayələrin sadəcə iki nəfər və bir alma ağacından ibarət olmasından sıxıldılar. Onları yoran, məhv edən, onlardan oğurlayan canlılara Şər, onlara kömək edən, işıq verən, isidən canlılara isə Xeyir deməyə başladılar. Və bundan sonrakı hekayələr bu iki uydurmanın savaşı haqqında oldu. İnsanlar öyrəndikcə, bildikcə, kəşf etdikcə, sənəti, mədəniyyəti daha dərindən dərk etdikcə Xeyir və Şər adı qoyduqları mövhumlar adiləşdi və insanlar göydə, bilinməzdə, zamanın arxasında (və ya sonrasında - bu ikisi arasında bəşəri fərq var) hiss etdikləri həyəcana ad qoymağa - inanclar yaratmağa başladılar. Mağaradan ayını əlindəki odla qovub öz tayfasına səadət gətirən neandertaldan mağaradan kitab çıxarıb dünyaya sülh və barışıq gətirməyə çalışan peyğəmbərlərə qədər inkişaf etdi sivilizasiyalar. Mağaradan çıxan kitablar ana bətnindən dünyaya gələn uşaqlar kimi öz anlaşılmaz "səsləriylə" bizlərə nə isə deməyə çalışdı və bizlər onların (yəni kitabların) dediklərini yozmağa (bununla belə anlamağa) çalışdıq. Sənət o kitablardan öz payını götürməyə başladı. Və beləcə incəsənətlə, mədəniyyətlə insan arasındakı vəhdətin birinci pilləsi - insanın özünü sənətdən gizlədiyi zamanlar başladı.

İnsan yaratdığının arxasında

Dini mətnlər meydana gəldi. Təkcə təkallahlıq məzmunlu deyil (Tövrat, İncil, Quran), həm də bəşəri mesajları çatdıran ünsür tapınaqlı kitablar (məsələn, "Avesta") toplumları qorumağa, müdafiə etməyə, onları Şərin əlindən qurtarmağa yardım etdi. Cəhalətin bütün dövrlərində bu kitablar dünyanın yaranması haqqında bilgi verdi. İnsanlar bu kitabları müqəddəs bilməyə və onların səmavi bir xüsusiyyətə malik olduğunu düşünməyə başladı. Bu kitablar təməl kitablardır. İnsan bu kitabı yazanda xitab edəcəyi kütlədən qorxub. İnsan bu kitabların arxasına keçib (özünü elçi kimi göstərmək müəllif kimi təqdim etməkdən çətin idi). Bəşəriyyət bu kitabların, bu kitablardakı hekayələrin. Bu kitablardakı mesajların sayəsində tərbiyə olunub. Evimiz - dünya təməl kitabların yazdığı qanunlarla idarə olunmağa başlayıb. Klassik mətnlər bu kitabların birəbir təkrarı olduğu üçün deməyə fürsət tapırıq ki, əzəli və əbədi mətnlər ədəbiyyatın və sair söz formalarının başlanğıcı olub. İnsanlar bu mətnlərdən ilhamlanıb rəsmlər çəkib, musiqilər qurub, kəşflər edib. Bu kitablar bizlər üçün vacib olan, axtardığımız sualların cavabını verirdi. Dünyanın daha da gözəlləşəcəyinə inandı o insanlar və o kitabdakı mətnlər bu inancın təzahürü idi. Hər şey düşünüldüyü kimi olmadı. İnsanın xisləti onun öyrəndiklərindən daha çox, iqtidara sahib idi. İnsan yaratdığı sənət əsərlərinin arxasından çıxmağa başladı.

İnsan yaratdığının yanında

Və beləcə, müəlliflər meydana gəldi. Yazıçı və onun yazdığı əsərlər, bəstəkar və onun bəstələdiyi musiqilər, rəssam və onun çəkdiyi rəsm, heykəltəraş və onun hazırladığı heykəl - Tanrı və onun bəndəsi misalı. Dünyanın əbədi suallarından qaçan insanlar o suallara geri dönmək üçün yeni suallar soruşdu, minlərlə cavab tapdı, bütün cavablar qeyri-müəyyənlikdə itdi. Zaman keçdikcə adamlar öz həqiqətlərindən romanlar, simfoniyalar, portretlər hazırladı. Sənət ilahi qanunları bəşəri, daha sonra insani qanunlara dəyişdi. Yaşamağın fövqündə daha əlçatan və rahat şeylər düşündü, tapdı. Bu suallar böyümədi, şəkil dəyişməyə başladı. Cərəyanlar yarandı. Müharibələr, renosanslar, saraylar, qalereyalar, muzeylər, kitabxanalar. Sənət öz bütövlüyünü qoruya bilmədi. İnkar etdi, inkar etdikcə gəldiyi yerdən uzaqlaşdı, sonra yenə oraya döndü. Bu periodun yaşı dünyanın yaşından bir qədər azdır. O - insan bezdi. Sənət ona xilas yolu göstərmədi, amma özünü tanımağa bəs edirdi. Dünyaya gələndə onun qulaqlarına pıçıldanan suallardan qurtulmaq üçün bu - yaradıcılıq onun üçün vacib idi.

İnsan yaratdığından imtina edir

Sənət insanı aşır. O, canlanır. Fikirləri işğal edir. Satılır və yeni yerlərdə yeni adamlarla yaşamağa başlayır. Geriyə, lap başa qayıdır və bu dünya üçün vəzifəsini yenidən dərk edir. Sənət bizim hisslərimizdən qurtulmaq istəyimizin və özümüzü ifadə etməyimizin tək yoludur. İkinci bir yol bizi o böyük sualın içinə atır. İnsan öz ağrılarını və əzablarını tanıyır. Onlardan azad olmaq istəyir. Ancaq... Hər dəfə buna cəhd edəndə yenidən və yenidən içindəki babalarından gələn təlaşı hiss edir. Yaratdıqlarını özündən uzaqlaşdırıb təzədən yaratmağa, daha fərqli, daha anlaşılmaz (ta ki bunu yalnız o özü anlayacaq) hala salır. O özünün də bir yaradıcılıq olduğunun fərqindədi. Hirs və böyük olmaq istəyi sənəti insandan uzaqlaşdırır. İnsan sənətə deyil, özünə bağlanmağa başlayır və yaradıcılıq səhrada sahibsiz dəvə kimi yorğun yeriyir. Bu pillədə cərəyanlar, muzeylər, kitabxanalar da dəyişir. Onlar da özlərində daha çox şeyi ifadə etmək istəyirlər. Hər şeyin içində dadaist bir xarakter formalaşır.

Sənət və insan özbaşına

Hər şey sonsuzluğun bir küncündə qalır. İnsan zamanın, sənət insanın formasını alır. Dünya hər gün yarandığı günü yaşayır. Kitablar eyni sualın arxasındadır. Və bütün incəsənət bir şeyə xidmət edir: Tarixə. Yaddaş kitabçasına, xatirə lentinə, keçmiş muzeyinə. İnsan xatırlamasa, yarada bilməz. Xatırlamaq insana məxsusdur. Sənət isə hər gün unutmaqdadır. Yaradıcılıqla insanın yolları insan öz yaradıcısını tapmağa başlayanda yenidən ayrılır. Əvvəl-axır o axtarış yenə onları bir araya gətirə bilir. Dünya insanı, insan sənəti, sənət dünyanı məşğul edir. Onlar əl-ələ tutanda kimsə, nə isə xoşbəxt olur. Qoy olsun, hər şey üçün bu belə səbəbdir. Bəşəriyyət insanla sənətin vəhdətində gözəlləşir.

# 1305 dəfə oxunub

Oxşar xəbərlər

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
# # #