Bu gün görkəmli qoboyçu, bəstəkar və pedaqoq Kamil Cəlilovun doğum günüdür.
Kulis.az-ın məlumatına görə, Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə, zəhmətkeş ailədə dünyaya gəlib.
Atası İkinci Dünya Müharibəsində ayaqlarını itirib, əlil arabası ilə gəzirdi. Dülgərlik sənəti ilə məşğul olan atasının musiqiyə də marağı böyük olub. Ona görə də oğlunun musiqi məktəbində təhsil almağını istəyib. Hətta Kamilə bir nağara da düzəldib.
Musiqi məktəbində təhsil almağa başlayan Kamil təsadüfən eşitdiyi qoboy musiqi alətinin ifaçısı olmaq istəyib. Ancaq atası bu həvəsə qarşı çıxıb. Kamil Cəlilov həmin illəri belə xatırlayır:
“Yeni çalmağa başladığım vaxtlarda atam qoboyumu sındırıb, məni döydü, sonra zirzəmiyə saldı. Atam əlil olduğuna görə ifam onun əsəblərinə toxunurdu. Hətta zirzəmidə özümə şərait yaradıb orda qoboy çalırdım. Bu çətinliklərimi görən anam məni ordan xilas etdi. Sonralar Habil Əliyevin çalğısı məni qoboyda çalmağa həvəsləndirdi. Bəlkə də, Habil Əliyevin ifasını eşitməsəydim, qoboya yaxın düşməzdim”.
***
Kamil Cəlilov Əhməd Bakıxanovun ansamblında qoşanağara çalır, eyni zamanda qoboy dərslərinə gedib. Bir gün Əhməd müəllim onu yanına çağırıb və deyib ki, eşitmişəm qoboy da çalırsan. Gənc Kamil “Bayatı-kürd”ü ifa edib və Əhməd müəllim ona heyran qalıb. Bundan sonra studiyaya gediblər. Beləliklə, Kamil Cəlilovun ilk lent yazısı qeydə alınıb.
Günlərin birində “Segah” muğamını ifa edib, lentə yazdırıb. Səhəri günü Şövkət Ələkbərova ilə rastlaşıb. Şövkət xanım onu görən kimi ayaqlarını cütləyib deyib, "ay zalım, bu xalqa yazığın gəlmir?". Kamil bəy donub qalıb. Deyib, "neyləmişəm bu xalqa?". Şövkət xanım ona bir az da yaxınlaşıb deyir, "adə, sənin “Segah"ın ciyərimi çıxardıb, o cür “Segah” olar?! O “Segah”dan sonra səhərəcən yatmamışam".
***
Deyilənə görə, Rübabə xanım ömrünün son günlərində xəstə yatağında Kamil Cəlilovun “Zəminxarə”sini dinləyib ağlayırmış. Kamil bəy bu haqda müsahibələrinin birində deyib:
"Rübabə Muradova mənim sənətimi çox sevirdi, qoboyda ifa edəndə ağlayırdı. Xəstə olanda evinə gedirdim, onun üçün ifa da edirdim. Ağır xəstə idi, əzab çəkirdi, ağrıları olurdu. Bir gün mənə dedi ki, ay qardaş, səndən bir xahişim var, tabutumun önündə segah ifa edərsən. Elə bil ki, məni behiştə yola salmış olarsan. Rəhmətə gedəndən sonra onun bu istəyini həyata keçirdim. Mən segah ifa edəndə camaat hönkürtü ilə ağlayırdı" .
Sənətinə çox bağlı olan Kamil Cəlilov müsahibələrinin birində belə deyib:
“Bir gün qoboy çalmasam, ölərəm. Çörək yeməsəm ondan yaxşıdır. Heç vaxt sənətimi ata bilmərəm. O mənimlə qoşa gəlib, mənimlə də gedəcək. Məndən sonra qoboy çalan ikinci bir adam olmayacaq”.
***
1977-ci ildə onun balaban ilə ifa etdiyi “Çahargah ahəngi” kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub.
***
Qoboy alətini muğam janrına gətirən ilk sənətçidir. Onu da qeyd edək ki, Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır.
O, çox erkən yaşlarında bacısını itirib və bu itkini böyük travma kimi yaşayıb.
***
Kamil Cəlilov qoboyu azərbaycanca “danışdıran” ilk böyük ifaçı olub. Bunun üçün qoboyun özünün “dil”i uyğun deyildi. Ona görə, sənətkar xüsusi “dil” düzəltmək üçün qamış axtarışına çıxıb və istədiyi səsi verən qamışı Kürdəmirdə tapıb. Beləliklə, Avropanın qoboyu Azərbaycanca Kürdəmir qamışından hazırlanmış “dil”lə danışıb.
Onu respublikada daha çox tanıdan 20 Yanvar şəhidlərinin dəfni zamanı çaldığı “Zəminxarə” muğamı olub. Kamil Cəlilov əvvəllər də bu muğamı ifa etmişdi, amma bu qədər əks-səda yaratmamışdı. İndi isə muğamın nisgili milyonların yas əhval-ruhiyyəsinə hopub onu daha da təsirli eləmişdi.
***
Kamil Cəlilov deyibki, 20 Yanvardan sonra məni toylara yox, yas mərasimlərinə çağırdılar. Bu mənim sənət həyatımda gözlənilməz bir dönüş oldu.
Yəqin çoxları bilmir ki, 1977-ci ildə NASA-nın “Voyager 1” peyki ilə kosmosa göndərilən qızıl plastinkada Kamil Cəlilovun balaban ilə çaldığı "Cahargah ahəngi" adlı kompozisiya da var.
***
Kamil Cəlilov 2022-ci il fevralın 23-də 84 yaşında dünyasını dəyişib.