Hüseyn Cavidin saxlanıldığı, Ayna Sultanovanın öldürüldüyü, Mikayıl Müşfiqin işgəncə gördüyü yer – NKVD-nin həbsxanasından reportaj

Hüseyn Cavidin saxlanıldığı, Ayna Sultanovanın öldürüldüyü, Mikayıl Müşfiqin işgəncə gördüyü yer – NKVD-nin həbsxanasından reportaj
14 sentyabr 2022
# 09:00

Kulis.az Orxan Saffarinin “Siyasi repressiya qurbanları muzeyi”ndən yazdığı reportajı təqdim edir.

Nə təəssüf ki, Azərbaycanda belə bir dövr olub, bu cür hadisələr yaşanıb. Sovet hakimiyyəti dövrünün Azərbaycan ziyalılarına, elm adamlarına, ictimai-siyasi xadimlərinə, bir sözlə, böyük adamlarına qarşı apardığı repressiya siyasəti, günü bu gün də öz ziyanlarını göstərir. Tarixin qanlı, ləkəli bir səhifəsidir bu dövr. İçərisində olduğum bu muzey də onların muzeyidir – "Siyasi repressiyaya məruz qalanların muzeyi"

"NKVD-nin həbsxanası"

1920-1950-ci illər arasında baş vermiş həmin acınacaqlı hadisələrin bir qismi də bu həbsxanada baş verib. Repressiyanın pik həddi – 1937-ci illərdə isə burada xüsusi amansızlıqlarla cinayətlər törədilib.

İndi isə içəri daxil olub, həmin o dövrə “səyahət edək".

***

Muzeyin rəisi Mirabbas Məmmədov ilə salamlaşar-salamlaşmaz tələsik "keçin, keçin baxın, başqa gələnlər də var, gəlsinlər, elə başlayaq" deyib, bizi zirzəmiyə yola salması, elə ab-havanı ilk andaca dəyişdi. İçəridə elə qaranlıq var ki, “azadlıqdan” türməyə girəndə gözlərin qamaşır.
Bilmirəm, başqaları nə düşündü, amma məni, az da olsa, həyəcan bürüdü. Sanki özümü həbs edirdilər. Onu da bilirəm ki, həbs zamanı belə xoş münasibət olmur. İndi görün, bura repressiya qurbanları gətiriləndə nə hisslər keçirirmişlər...

Həbsxana elə yerdir ki, buranı görməsən də, həmişə təsəvvüründə qaranlıq, soyuq, boğucu bir yermiş kimi gəlir adama. O deyirlər, divarlar üstümə-üstümə gəlir, bax elə. Uşaq vaxtı türmə adı gələndə, belə düşünürdük. Balaca otaqlar, qaranlıq yer, divardan asılı yataqlar. Cizgi filmlərində də belə idi. Elə, həqiqətdə də, belədir. Ən azından bura belədir.

***

Gəzirəm, 37-ci ildən qalma həbsxana qapılarına toxunuram, öz xəyalımda bu qapıların açılma, bağlanma anını, içəridə qurulan maketlərin yerində adamları təsəvvür edirəm, nə yalan deyim, ürpərirəm də.

Burada, girişdə döşəmə ilə tavan arasında, çamadan kompozisiyası da var.

Sonradan öyrəndim, sən demə bu o deməkdir ki, repressiya dövründə hər hansı bir şəxsi istintaqa çağıranda, o artıq bir daha evə qayıtmayacağını bilirdi. Ya həbsxanaya gedəcək, ya da sürgün olunacaq. Başqa yol yoxdur. Ona görə də həmin şəxslər, əvvəlcədən, hazır çamadan düzəldib saxlayırdılar. İstintaqa çağırılanda, həmin çamadanları da özləri ilə götürürdülər. Heç o çamadanlar onlara lazım da olmurdu.

Necə də kədərlidir. Bircə sözlə, çağırışla bütün taleyini elə o çamadana yığıb gedirsən.

Çox keçmədi ki, digər adamlar gəldi, təlimatçı da bizə qoşulub məlumatlar verməyə başladı. (Mirabbas müəllim təlimat verdiyinə görə reportajın sonuna qədər ona belə müraciət edəcəyik)

Həbsxananın aurasına o qədər qapılmışdım ki, təlimatçının danışdıqlarına çox qulaq asa bilmir, arabir onlara qoşulur, arxalarınca gəzir, özümə maraqlı olan, bilmədiyim məsələlərə qulaq verirdim.

"Dindirilmə otağı"

İlk buraya daxil olduq. Otaqda Hüseyn Cavidin dindirilməsi əks olunan masa da var. Mircəfər Bağırovdan danışa-danışa həmin o kresloya oturanda, özümü sorğu-sualda hiss etdim.

Adların və məkanların xüsusi enerjisi olur. Bu məkanın enerjisi də, izaholunmaz bir hissdir. Pafosdan uzaq, sanki o ruhlar indi də qışqırır, bu masada dindirilərkən günahsız olduğunu sübut etməyə çalışırlar və daha nələr-nələr.

Deyəsən, təlimatçı özü də qorxulu ab-hava yaratmaq istəyirdi. "Dindirilmə otağı"ndan bizi birbaşa "Güllələnmə otağı"na apardı. Özü də danışa-danışa:

– Güllələnmə əmri verilmiş məhkumlar elə buradan da güllələnməyə aparılırdı – biz bu söhbətlərə qulaq asa-asa otağa daxil olduq.

– Əslində, bu dindirilmə, məhkəmələr formal xarakter daşıyırdı. Onsuz da, Azərbaycana bir limit qoyulmuşdu, hansı ki, bu limit repressiyaların pik həddində doqquz mini keçdi. Doqquz min Azərbaycan ziyalısı güllələnməli, sürgün edilməli idi. Qərar bir gün ərzində icra olunurdu. Məhkum isə qərarla bir gün əvvəl tanış olurdu. Özü də, məhkəmə zalında yox, elə həbsxanada, burada. Heç onun qərardan şikayətetmə haqqı da yox idi. Necə deyərlər, artıq ipləri çəkilmiş olurdu – təlimatçı danışmağa davam edir.

Ürəyimdə fikirləşdim ki, elə bil təlimatçı da bizi formal olaraq dindirilmə otağından bir başa güllələnmə otağına gətirir...

Siyasi repressiya qurbanları muzeyi"nin açılışı olub (FOTO)

Kiçik bir yer, həbsxananın gözdən uzaq hissəsi. Təlimatçının dediyinə görə, bu yerdən təxminən 60-70 santimetrlik torpaq çıxıb. Öldürülənlərin qanının hopduğu bir torpaq. İnsanı vahimə bürüməsin, neyləsin?!

– Bəs, burada güllənənlər necə olurdu, meyitləri hara aparılırdı? – təlimatçıdan soruşdum.

– Hə, bax ən dəhşətli hissə də buradır. Deməli, bura dənizin qırağı olduğuna görə axşamlar xərəklə meyiti dəniz kənarına aparır, qayıqlara qoyub, dənizin dərinliyində suya atırlarmış.

– Bu barədə dəqiq məlumatlar var?

– Dəqiq deyəndə, gözü ilə görən adamlar var idi, onlar öz xatirələrində bölüşüb, bir də arxiv sənədlərində var. Dayan, dayan. Ondan sonrası da var hələ. Bir müddət sonra isə kütləvi zəhərlənmələr baş verdi camaat arasında. Sizcə, niyə? – üzünü bizə tutub soruşdu və dərhal da özü cavabladı.

– Balıqdan, balıqdan. Yəqin, anladınız...

Elə söz-söhbətlər var ki, onlara əlavə nəsə demək olmur. Heç bədii bir aura da qatmaq istəmirsən. Bir az da ifadə eləməyə istedadın çatmır deyə, deyirsən, izaholunmaz hissdir. Bax bu məsələdə dediyim söhbətə aiddir.

Nə deyək?! Balıqların şahı ölüb dəryada...

***

Yavaş-yavaş digər otaqları da gəzməyə başlayırıq.

– Bura karsdır, karser deyilir, preslər burda verilirdi. Oğlanlar bilər – təlimatçı üzünü bizə tutanda, xanımlardan biri dilləndi;

– Biz də bilirik!

İçəri girəndə diqqətimi ən birinci Hüseyn Cavidin adının həkk olunduğu stend çəkmişdi. Hüseyn Cavid də bu həbsxanada saxlanılıb.

Bir gecədə Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq – üçü də həbs olunaraq ilk əvvəl bura gətirilir, amma onlardan yalnız Hüseyn Cavid burada saxlanılır. Heç bilmirəm, necə deyim ki, düz çıxsın. Yenə o biri məhkumlar anında güllələnib, sürgün edilib, Hüseyn Əfəndi isə düz iki il beş gün bu həbsxanada saxlanılıb, ondan sonra isə Sibirə-Maqadana sürgün edilib.

Mən gəncəm, bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim açılır, qara yel, əsmə,
Mənim bu dəryada bir sandalım var.

Mikayıl Müşfiqin bu şeirini də içimdə zümzümə elədim və elə ürəyimdən bir cümlə keçdi;

– Kaş o da anında güllələnib, bu dəhşətləri yaşamazdı, heç olmasa, canını qurtarardı.

Saxlanılma otaqlarına baxanda, bir qadın maketi də var idi ki, bu, həmin dövrün iyrənc hadisələrin dəhşətinin miqyasını göstərən amillərdəndir.

Adətən, qadına heç bir halda toxulmasa da, bu dövrün hadisələrində belə hallar da baş verib. Onsuz, bizə də məlumdur ki, siyasi məhkumların ailələri də təqib edilir, həbs, sürgün olunur.

***

“Gəlin, bu haqda sizə geniş məlumat verim. Çox güman ki, bilmirsiniz. Bu həbsxanaya məhkumların ailəsindən olan qadınlar, digər ictimai simalar da gətirilib. Məhz elə burada güllələnmə də olub” – təlimatçı danışmağa davam etdikcə, qadınların adlarının olduğu siyahını oxuyuram.

Səbirsizlik edib, soruşdum;

– Ayna Sultanova da burada güllələnib?!

– Təəssüf ki, bəli. Adı ordadır, – deyib, əli ilə işarə elədi.

Təlimatçı digər qadın məhkumlar haqqında məlumat verir:

– Əlimizdə olan sənədlərə əsasən deyə bilərik ki, burada beş qadın güllələnib. Onlar bu siyahıdakılardır” – yenidən əli ilə adlar yazılan stendi işarə edir.

Qayıbova Xədicə xanım Osman qızı, Qiyasbəyli Mədinə xanım Mehdi qızı, Məlikova Nemət xanım Kamal qızı, Panfiliya Nikolayevna Tanailidi, Sultanova Ayna xanım Mahmud qızı...

Adları özüm də oxuyub bu xarici qadın marağımı çəkdiyindən soruşuram:

– Bu xanım kimdir? Niyə həbs olunmuşdu?

– Milliyyəti yunan olan bu xanımın. Dram teatrında aktrisa işləyib. Bir dəfə yanına İrandan rəfiqəsi qonaq gəlir, özü ilə də çoxlu siqaret gətirir. Həmin siqaretdən Panfiliya xanıma da hədiyyə edir. Bu siqaretlər digərlərindən fərqli olaraq, ətirli siqaretlər idi. Xanım özü ilə siqareti işə aparır, başqalarına da verir və həmin söhbət əsnasında yunan xanımdan bu siqaretin hara siqaretin olduğunu soruşurlar. O isə cavabında "Heç Sovet siqaretində də belə ətir olar? Hədiyyə gətiriblər İrandan" ifadəsinə görə antisovet təbliğatı adı ilə sonradan həbs olunaraq güllələnir...

Dodaqlarımızı büzüb, qaşlarımızı qaldırıb, başımızı yelləməkdən başqa çarə qalmır. Bunları eşitdikcə dəhşətə gəlməmək mümkün deyil. Məlum olur ki, heç bir məhkum, əslində, ciddi səbəblərə görə həbs olunmayıbmış.

Sovetlərin amansız gerçəyi…

Siyahıdakı adlara baxa-baxa təlimatçı davam edir:

– Sizə bunu da deyim. Buraya sürgündə olan yaxınları haqqında məlumat almaq istəyənlər də gəlir.

– Heç gəlib yaxının adını burda tapan olub? – təlimatçıdan soruşuram.

– Olub, olub. Bir xanım gəlmişdi Astanadan, nənəsini axtarırdı. Onun nənəsinin adı da bizim siyahıda var idi.

– Hansıdır?

– Yadımdan çıxıb indi, amma Sənubər adlı bir xanımın da oğlu gəlmişdi. Sürgündən sağ çıxanlardan idi. BDU-nin Tarix fakültəsinin dekanı da olub. Ona əvvəl Bakıya gəlməyə icazə verilməsə də, sonradan bu qadağa aradan qalxmışdı. Bax həmin bu həbsxanada saxlanılıb o qadın.

– Sizə ziyalılarımız haqqında da məlumat verim. Deməli, vəziyyətin ən pik vaxtlarında Azərbaycan hökuməti yüz tələbəni xaricdə təhsil almağa göndərir. 1919-cu illər. Tarix oxumusunuzsa, həmin dövrlərin necə çətin olduğunu bilirsiniz. Belə bir dövrdə yüz tələbənin xaricə təhsil almağa göndərilməsi elə-belə hadisə deyildi.

Bilmirəm təsadüfdür, ya hansısa məqsədlə, əksəriyyəti mühəndislik ixtisasında oxuyanlar idi. Müxtəlif ölkələrdə təhsilə yollanan bu adamların da aqibəti heç yaxşı olmur. Sovet hökuməti sonradan 82 nəfərə maliyyə ayırsa da, (maliyyəsi kəsilənləri pullu hesab edilənlər olub) onlardan 38 nəfəri Azərbaycana qayıdıb. Elə həmin 38 nəfərdən 17-si güllələnib, qalanı da sürgün olunub.

Gözüm bu anda bir maketə sataşır. Bataqlıq təsvir olunub. Ziyalıları öldürülən bir cəmiyyətin bataqlığa məhkum olması…

Əlimlə digər bir maketi işarə edib soruşuram;

– Bəs bu?

– Bu maket onu deyir ki, gəlin, gəlin bura – əli ilə bizi otaqların birinin qarşısına gətirib, qapını bağlayır, sonra isə qapının üstündəki balaca nəfəsliyi açır.

Görürsünüz, işıq düşdü. Bax bu işıq ümid işığıdır. Hər dəfə bu qapı açılanda məhkumların ümidləri də oyanırdı ki, bəlkə, azad etməyə gəliblər. Bu maket həmin o işığa qaçan adamların ümidinin təsviridir...

***

Adamın maraqlı deməyə dili də gəlmir, amma həbsxana muzeyi o qədər maraqlıdır ki, artıq təlimatçı da ona qulaq asmadığımızı görüb dayanır. Deyəsən, bura gələn adamların hamısı az-çox məlumatlı idilər.

Son dəfə otaqlara yenidən baxır, divara vurulmuş qandala qolunu bağlayıb, onların oturduğu yerlərdə oturur, yavaş-yavaş sözün bütün mənalarında qaranlıq olan həbsxanadan çölə çıxdım – azadlığa.

Birdən-birə işığa çıxdığıma görə gözlərim qamaşdı...


# 3707 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #