Kulis.az sonuncu Nobel mükafatının qalibi Yun Fossenin ingilis dili tərcüməçisi Demion Sirlsin "Xalis nəsr" adlı yazısını təqdim edir.
İngilisdilli yazıçılar və tərcüməçilər Norveç dilini öyrənməyə meyillidirlər: Ceyms Coys İbseni oxumaq üçün onu öyrənmişdi; Lidia Deyvis yalnız Daq Sulstadı, mən isə Yun Fosseni oxumaqdan ötrü öyrəndim. Qrammatikası sadədir, zaman formaları və şəkilçiləri azdır, bu baxımdan öyrənmək asandır; lüğət tərkibi zəngin deyil. Norveç dili ingilis dilinin əsas bazalarından biri sayılır, ona görə də bu dildə oxuyanda sanki yarısını bildiyiniz bir mahnını oxuyursunuz. Fossenin “Melanxoliya” romanını alman dilində oxuduqdan sonra onu norveçli dostumla birgə tərcümə etmək qərarına gəldik. Ondan sonra mən təkbaşına Fossenin daha iki romanını – “Aliss odlar içində”, “Səhər və axşam” və iki hekayə, bir librettosunu tərcümə elədim.
Yun Fosse digər norveçli yazıçılara nisbətən Amerikada elə də çox tanınmır, ancaq Norveçdə çox hörmətlə qarşılanır, demək olar, ölkəsinin bütün mükafatlarını qazanıb, neçə ildir mötəbər Nobel mükafatına namizəddir(1). Mən dörd Norveç dahisini bir az “Bitlz” qrupunun üzvlərinə bənzədirəm: Per Petterson güclü, sədaqətli Rinqo; Daq Sulstad eksperimentçi, “ideya adamı” Con; Karl Uve Knausqor sevimli və xarizmatik Paul, Fosse isə Corcdur, sakit, mistik, ruhani, bəlkə də, onların arasında ən peşəkarı. Corc Harrisonun bəstələrinin adları – “Nəsə”, “Budur, günəş doğur”, “Gitaram ahəstə-ahəstə ağlayanda” – hətta Fosseyə də məxsus ola bilər: “Kimsə gələcək”, “Susmuş gitara”, “Ad”, “Gecə öz nəğmələrini oxuyur”, “Gözüyaşlı mələk”. Ancaq Fossenin “musiqisinin” niyə belə təsirli olduğunu göstərmək çətindir. Nəsrdə qarmaqlar yoxdur və Fossenin sehrli sözləri Filip Qlassın simfoniyaları, yaxud Bela Tarrın kadrları kimi ifadəolunmazdır. Budur, “Aliss odlar içində” əsərindən bir parça, ilk cümləsi:
"Mən otaqdakı skamyada uzanan Siqneni görürəm; o, adi əşyalara – köhnə masaya, sobaya, taxta qutuya, divarlardakı köhnə panelə, fiorda baxan böyük pəncərəyə baxır, onları görmədən baxır, hər şey əvvəlki kimidir, heç nə dəyişməyib, amma buna baxmayaraq, hər şey fərqlidir, o düşünür, çünki yoxa çıxandan bəri artıq heç nə əvvəlki kimi deyil, sadəcə oradadır, amma mövcud deyil, günlər gəlir, günlər keçir, gecələr gəlir, gecələr keçir və o da onlarla birlikdə gedir, asta-asta, heç bir iz qoymadan və heç nəyi dəyişmədən, görəsən, bu günün hansı gün olduğunu bilirmi? O düşünür, deyəsən, cümə axşamı olmalıdır, martdır, 2002-ci il, bəli, yalnız bunu bilir, amma ayın neçəsidir, saat neçədir, yox, yox, bu qədər təfərrüat nəyinə lazımdır, ümumiyyətlə, bu onu niyə narahat etməlidir ki? Yaxud bunun nə əhəmiyyəti var? fikirləşir ki, nə olursa olsun, o hələ də sağlam və güclü olmalıdır, yoxa çıxmazdan qabaq necə idisə elə, amma sonra necə yoxa çıxdığını düşünür, 1979-cu ilin noyabr ayının son günləri, çərşənbə axşamı və hər şey yenidən başlayır, o, yenidən boşluğa düşür, düşünür və zalın qapısına baxır, sonra qapı açılır və içəri girib qapını arxadan bağladığını və sonra otağa girdiyini, ayaq saxlayıb dayandığını və pəncərəyə baxdığını görür, pəncərənin qarşısında dayanaraq ona baxdığını görür və görür ki, otaqda, uzun qara saçları və qara sviteri ilə dayanıb qaranlığa baxır, bu sviteri özü üçün toxumuşdu və onu soyuq olanda geyinirdi, qadın onun orada dayandığını, çöldəki qaranlıqla həmahəng olduğunu düşünür, bəli…
Beləcə davam edir, sən onun dünyasına qərq olana və nəsr Bleykin(2) mələkləri kimi keçmişin parlaq əzəmətini təsəvvüründə canlandırana qədər keçmiş və indi, əcdadlarınla sevdiklərin üst-üstə yığılaraq hörülür. Bəlkə də, təəccüblənəcəksiniz, amma tərcümə edərkən təsirlənib ağladığım yeganə yazıçı Fossedir. Bu hadisə hər bir əlyazmasında başıma gəlib, ilkin formasından tutmuş korrektor oxunuşuna kimi, konkret bir abzasda (amma həmin abzası deməsəm, daha yaxşı olar); və həmin hadisəni növbəti kitabda da yaşamışam.
Hər halda, mən Fossedən nümunə parçanı kimisə inandırmaq üçün yox, kontrastı göstərmək üçün paylaşdım. Fosseni ilk dəfə oxuyanda onun sloqanı “müasir İbsen” idi; indi isə “əsərləri ən çox tamaşaya qoyulan canlı dramaturq”dur, pyesləri onlarla dilə çevrilib, saysız-hesabsız tamaşaya qoyulub. Tərcüməyə başlayarkən Norveç hökumətinin ona ədəbi fəaliyyətinə görə ömürlük təqaüd verdiyini öyrənəndə çox təəccübləndim. Norveç hökuməti eyni zamanda ona Osloda, Kral sarayının yanında yerləşən Qrotto(3) malikanəsində (ağlınıza Bukinqam sarayı və ya Kimye(4) malikanəsi gəlməsin, norveçlilər saraylarını da eqalitarist(5) üslubda tikirlər. Malikanə Oslonun əsas küçəsinin sonundakı parkın ortasında yerləşir, tünd sarı rəngdə boyanmış, üçmərtəbəli bir binadır. İnsanlar rahat şəkildə onun yanından keçib işə gedirlər) ömürlük qalmağa icazə verib, burada ancaq Norveçin mədəniyyət xadimləri qala bilər. Mənə elə gəlir ki, “Mənim mübarizəm”in(6) beşinci cildi ingiliscə çap olunanda Fossenin sloqanı “Karl Uve Knausqorun yaradıcı yazarlıq müəllimi: ona şair olmadığını deyən şəxs” olacaq.
K. U. K. Nyu-York tədbirlərində bu hekayəni ən azı iki dəfə danışıb: o, Yun Fosseyə yazdığı bir şeirini göstərəndə, Fosse oradakı bir sifətin pis olmadığını, qalan hissənin isə, ümumiyyətlə, poeziya olmadığını deyib. Knausqor Fossenin haqlı olduğuna qərar verib. Knausqorun bir essesini ingilis dilinə tərcümə edərkən Fossenin haqlı olduğunu gördüm, amma bunu pis mənada demirəm. Esse sayəsində poeziyanın və nəsrin təbiəti haqqında bildiklərimi başa düşdüm.
Fosse az söz ehtiyatı ilə saf, təkrarlanan, musiqili cümlələr yazır, amma Knausqorda bu yoxdu. Lakin Knausqorun essesi şəxsi düşüncələr və avtobioqrafik əhvalatlar, fəlsəfə və tənqidin iç-içə girdiyi bir neçə fərqli böyük mövzu arasında get-gəl edir, onun əsərini oxuyarkən haradasa bir yazıçının materialı formalaşdırıb nizama salaraq bir oxucu kimi mənə təqdim etməyi hiss olunmur. Mövzunun nə olmasından və yazının bir mövzudan digər mövzuya necə keçid etməsindən asılı olmayaraq, mövzunun ana xətlərini ələ alır. Onun yazdıqları da – Fossenin yazdıqlarının tam əksi olsa da – xalisdir. Fosseninki xalis poeziya, Knausqorunku isə xalis nəsrdir.
Texniki mənada sətir və cümlə, poeziya və nəsr arasında fərqi görmək asandır, amma mən bunu nəzərdə tutmuram. Hər iki yazıçını oxuyanda gördüm ki, poeziya mistik yaradılış, transsendental püskürmədir; nəsr isə şəxsiyyətlərarası, üfüqi ünsiyyətdir. (Norveç dilində uyğun olaraq fosse “şəlalə”, knausgård isə “yamacda ferma” deməkdir; Kierkegaard da “kilsə qəbiristanlığı” mənası verir). Nəsr paylaşır, poeziya isə naqil rolunu oynayır. Nəsr birləşdirir, poeziya isə yaradır. Yalnız xalis nəsr mənə bu fərqləri öyrədə bilərdi.
Demion Sirls (alman, fransız, Norveç və holland dilləri üzrə tərcüməçi)
İngilis dilindən tərcümə edən: Vüsalə Əfəndiyeva
1. Qeyd edək ki, bu esse 2015-ci ildə
yayımlanıb, onda hələ Fosse Nobel
mükafatını qazanmamışdı. - tərc.
2. Vilyam Bleyk (1757-1827) - ingilis şairi və rəssam, səkkiz yaşında mələkləri gördüyünü iddia edib. - tərc.
3. 2011-ci ildən bəri Fosse Norveçin ər
məşhur yazıçılarının və bəstəkarlarının yaşadığı, Oslo kral sarayının ərazisində yerləşən, fəxri iqamətgah sayılan Qrottoda yaşayır. - tərc
4. Kim Kardaşyan və Kanye Vestin
malikanəsi nəzərdə tutulur.- tərc
5. Eqalitarizm - ümumi bərabərliyi
həyatın və cəmiyyətin təşkilinin əsas
prinsipi kimi irəli sürən ictimai
nəzəriyyə- tərc.
6. Karl Uve Knausqorun məşhur avtobioqrafik romanı - tərc.