Hiyləgərliyi meyara çevirəndə - Loğman yazır...

Loğman, yazar

Loğman, yazar

22 oktyabr 2021
# 11:15

Kulis.az Loğmanın “Həmzəlik dərdi” essesini təqdim edir.

Dünyanı həmzələrin umuduna qoymaq olmaz!
Dünya həmzələrin umuduna qalanda, Qıratların, Düratların, hürr atların nəfəsi göynəyir, zəhri çatlayır.
Dünya həmzələrin umuduna qalanda, dünyanın sinəsində at oynadırlar həmzələr.
Cövlan edirlər belədən-belə, gözləri yeri görmür...
Dünyanın sinəsinə dağ çəkirlər, damğa basırlar.
Dünya həmzələrin umuduna qalanda, həmzələr Qıratları, Düratları, hürr atları nalları tökülüncəyə qədər çapırlar.
Yalmanları, yalları tökülüncəyə qədər çapırlar.
Qan-tərə batıb çərləyincəyə, bağrı yarılıb ölüncəyə qədər çapırlar.

Dünya həmzələrin umuduna qalanda, Qıratların, Düratların, hürr atların qanadları çıxmaz.
Həmzələr Qıratların, Düratların, hürr atların – yel qanadlıların, qanadsız uçanların qənimidir.
Həmzələrə meydan vermək dünyanın taleyini həmzələrə tapşırmaqdır.
Mərdi namərdin ayağına gətirməkdir.
Adilin yedəyini cahilin əlinə verməkdir.
Dəvənin ovsarını ulağın quyruğuna bağlamaqdır.
Haqlıya sitəm eləməkdir, haqsızı harınlatmaq, qudurtmaqdır, namərdə havadar çıxmaqdır.
İgidi gedər-gəlməzə yollamaqdır.
Fəndgirliyi ödülləmək, girəvəçini yallamaqdır.
Dəyərləri tapdaq eləməkdir.

Həmzələrə meydan vermək həmzəlikdir.
Ulusu buxovlamaq, qandallamaq, şahə qaldırıb kişnətməkdir, bağrını yarmaq, dirigözlü öldürməkdir.

Dünyanı həmzələrin umuduna qoyanda, həmzələr naxırlaşır, ilxılaşır, it sürüsü kimi artıb-törəyirlər.
Ağalaşır, hampalaşır, qudurğanlaşır, canavar kimi xalqın üstünə yeriyirlər.
Yadlaşır, yabanılaşır, yağılaşırlar.
Əsillərin gözünün qabağında biclər meydan sulayırlar.
Həmzəlik getdikcə adiləşir, normallaşır.
Adamlar həmzəliyə isinişir, yovuşurlar.
Adamları həmzəlik yolağasından keçirib sınağa çəkirlər.
Adamları həmzəlik qəlibinə salıb əyirlər.
Həmzəlik qəlibinə oturan adamdan nə desən düzəltmək olur...
Həmzəlik meyarlaşır – kimin həmzəliyi daha böyükdürsə ona daha gözəl at – daha böyük ad verirlər.

Həmzəliyə yovuşmaq qorxuludur.
Çünki həmzəliyə yovuşmaq Koroğluluğun ölümüdür. Koroğluluğun ölümü isə cəmiyyətin həmzələşməsidir.

Bütün zamanların Koroğlulara ehtiyacı olub, çünki bütün zamanların həmzələri olub.
Bütün zamanların həmzələri müxənnəsdir, çünki arı yoxdur, namusu, qeyrəti yoxdur.
Özü yoxdur, üzü yoxdur, mənəvi tutacağı yoxdur.
Bütün zamanlarda Koroğlular mürgüləyən yerdə həmzələr peyda olurlar.
Həmzələrdən həmzəlik törəyir, həmzəlik həmzələri yaşadır.
Həmzəlik Koroğluluğun inkarıdır.

Düzlüyün, dürüstlüyün, halallığın inkarıdır.
Namərdlikdir, yurdsevərliyin inkarıdır.
Pusquçuluq, marığa yatmaq instinktidir, yırtıcılıqdır.
Həmzəlik yala satılmaqdır.
Quyruq bulamağı bəyzadəlik yerinə qoymaqdır.
Girəvəçiliyi fərasət saymaqdır.
Bicliyi, hiyləgərliyi, haramzadəliyi meyarlaşdırmaqdır.
Yaxşıları vərəmlətməkdir.
Həmzəliyin, həmzələrin bəraəti yoxdur, çünki təsdiqi yoxdur.
Ona görə də əzəmətli görünmürlər – Qırata minsələr də.
Piyadadırlar – Dürata minsələr də.
Kölədirlər – hürr ata minsələr də.
Yalxıdırlar – tayları çox olsa da.
Məğlubdurlar – qalib gəlsələr də...

# 56863 dəfə oxunub

Oxşar xəbərlər

Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

13:00 5 noyabr 2026
"Evdə tək" filmi  animasiya olaraq yayımlanacaq

"Evdə tək" filmi animasiya olaraq yayımlanacaq

12:30 5 noyabr 2026
Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

12:00 5 noyabr 2026
Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

12:00 5 noyabr 2026
Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə"  mükafatına layiq görüləcək

Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə" mükafatına layiq görüləcək

11:40 5 noyabr 2026
Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

11:20 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər