"Heydər Əliyevdən Moskvaya şikayət yazmışdılar ki, Nərimanovun heykəli Kirovun heykəlindən yuxarıdadır" - Nəriman Həsənzadənin yeni müsahibəsi

Nəriman Həsənzadə, Xalq şairi

Nəriman Həsənzadə, Xalq şairi

11 dekabr 2023
# 17:00

Kulis.az Xalq şairi Nəriman Həsənzadənin "525-ci qəzet"ə verdiyi yeni müsahibəsini təqdim edir.

- Hər şey bir yuxuyla başladı...

- Hə. Bizim kənddə şair çoban Əfqan olub. Bir gün anam dedi ki, yuxuda Çoban Əfqanı görmüşəm. Deyirdi ki, sənin oğlun şairdi, mənə şeir yazsın. Mən də cavab verdim ki, qoyun-qoç sənə qurban olsun, mənim oğlum şair deyil. Birinci şeirimi anama oxuyanda ağlaya-ağlaya dedi ki, Allah mənə ölüm versin, gədəyə vergi verilib. Anam sonradan dua da yazdırmışdı ki, şair olmayım.

- Nə yaxşı o dua tutmayıb. Ananız niyə bu qədər qorxurdu?

- Eşitmişdi ki, şairlər yuxusuz olur, çətin həyat keçirir. Elə çoban Əfqan şairlikdən çox bəlalar çəkmişdi.

- Siz nə çəkdiniz bəs?

- Şairlik mənə kömək elədi. Mən deyərdim, qarşıma çıxan adamların da bu yolda böyük rolu olub. Bəli, mən şair idim, heç kim sonradan məni şair eləməyib. Ancaq məni yaşadan, şöhrətləndirən qarşıma çıxan yaxşı adamlar idi.

Anamın yeganə övladı olmuşam. Həmişə atamı xatırlayanda deyirdi ki, Allah o kişiyə rəhmət eləsin, səni mənə verdi. Yoxsa tək neyniyərdim? Anam ağa qızı olub, atam fəhlə. Biz Qıraq Kəsəmən kəndindənik. İyirminci illərdə anamın əmilərini güllələyiblər, qardaşları da didərgin düşüb. Anam tək qalmasın deyə bir mamoğlu onu atama götürüb qaçıb. O vaxt anamın iyirmi üç yaşı olub, atamın da altmışdan çox. Atam rəhmətə gedəndən sonra məni tək böyüdüb. Sonra Gəncəyə bacımın yanına getdim. O bacım olmasaydı, ali təhsil ala bilməzdim. Məni yanına gətirdi, oxutdu. Yoldaşının kostyumunu çevirib mənə tikdirirdi.

- Ögey bacınız idi, eləmi?

- Niyə ögey deyirsiniz axı? Atamız ki birdir. Ümumiyyətlə, bu sözü deyib niyə kiminsə qəlbinə dəyirlər? Bacımgilə təzə gəldiyim vaxtlar idi. Bacım mənə iki kotlet qoyurdu, birini yeyirdim, o birini yeməyə utanırdım ki, guya doydum. Gedib parkda xəlvət qutab alırdım. Kənd uşağı çox yeyən olur axı. Bir dəfə bacım xəbər tutub ağlaya-ağlaya gəlmişdi ki, qardaş, qurban olum sənə, burda niyə yeyirsən? O belə bacı idi...

Gəncədə institutu bitirdim, Bakıya gələndən sonra məni kiminsə yerinə əsgərliyə göndərdilər. Heç kimim olmayanda Səməd Vurğunun yanına getdim. Dedim, Səməd müəllim məni əsgərliyə aparırlar, Rusiyaya göndərirlər. Rusiyaya getsəm, ordan çətin salamat gəlim. Bu söhbətdən sonra o, müəyyən yerlərə zəng eləyib məni Bakıya saldırdı.

- Deyəsən, Bakıda da dərd-bəla başınızdan əskik olmayıb.

- Deməli, əsgərlikdə olanda mənə teleqram gəldi ki, anan ölüb. Varım-yoxum bir anam vardı. Gəldim ki, yoldaş mayor anam ölüb, icazə verin, gedib anamı dəfn edim. Dedi, gərək teleqrama hərbi komissar qol çəksin. İcazə vermədi, mən də avtomatı ona tuşladım. Əllərini qaldırıb dedi ki, get. Sonra çıxanda da məni mühasirəyə aldılar. Dedim, buraxmasanız, vuracam. Beləcə avtomatla qaçdım. Bir qohumumuzgilə gedib paltarımı dəyişdim. Burdan Ağstafaya qədər ağlaya-ağlaya getmişəm. Anamı dəfn edəndən sonra qayıtdım. Məni hərbi tribunala verəcəkdilər. Altı il iş, üç il də hərbi xidmət. Bəxtimdən həmin vaxt hərbi hissədə şairlərlə görüş vardı. Nigar Rəfibəyli də orada idi, Nigar xanım məni hələ Gəncədən tanıyırdı. Dedi, gəl şeir oxu. Birinci dəfə "yox" dedim, ikinci dəfə deyəndə ağladım, vəziyyəti ona danışdım. Nigar xanım Rəsul müəllimlə birgə lazımi qaydada müraciət etdilər. Vəziyyəti onunla əsaslandırdılar ki, gəncdir, şairdir, anasından başqa heç kimi yoxdur, psixoloji halını nəzərə almaq lazımdır. Allah onlara rəhmət eləsin, məni bu bəladan qurtardılar.

- Məni Vaqif deyə çağırsalar da,

Nəriman qoydular sonra adımı.

Sevdim Vaqifi də, sevdim səni də,

Sevdim sevdiyiniz bir ölkəni də.

Adınızın da maraqlı tarixçəsi var.

- Deməli, əvvəl mənim adım Vaqif olub. O vaxt Poylu körpüsünü menşeviklər yandıranda Nərimanov Poyluya gəlib, atam da dəmiryolçu idi. Onu atam qarşılayıb. Bu görüşdən sonra da adımı Nəriman qoyublar. Mən həmişə bu adla fəxr eləmişəm.

- Siz həm də Nəriman Nərimanovun araşdırmaçısısınız. Onun həyatını araşdırarkən ən çox hansı məqam sizi təəccübləndirib?

- Mən onun sürücüsü və qardaşı qızı İltifat xanımla görüşmüşəm, Onların söhbətlərindən xeyli maraqlı məqamlar öyrənmişəm. Ən çox da ölümünə mat qaldım. Deməli, Nərimanovu buradan Moskvaya aparırlar. İltifat xanım danışır ki, əmim axşam evə gəldi. Sonra ayaqqabılı uzanıb dedi ki, dalımca maşın gələcək, mən qəzet oxuyuram, yatsam, məni oyadın. Sonra maşın gəldi, əmim Kremldə büro iclasına getdi. Gecə saat təxminən bir-iki arası zəng gəldi ki, Nərimanov öldü. Deyir, bibim Gülsüm ayaqyalın, başıaçıq Kremlə qaçdı. Stalin onun dəfnində iştirak eləməyib. Mən Nərimanovun arxivdən 73 səhifəlik məktubunu tapmışdım. Yazılarımda həmin məktuba da istinad eləmişəm. Nərimanovun heykəli on ildən çox heykəltaraşın evində qalmışdı, məsələyə baxan yox idi. Heydər Əliyev Nərimanovun heykəlini Bakıda da, Leninin vətəni Ulyanovskda da ucaltdı. Heydər Əliyevdən Moskvaya şikayət yazmışdılar ki, Nərimanovun heykəli Kirovun heykəlindən yuxarıdadır. Kirovun bizə nə dəxli vardı axı?

- Nəriman müəllim, deyirlər, yazıçılar həmişə şairlərdən çox əziyyət çəkirlər. Bu fikirlə razısınız? Həqiqətənmi, şairin işi tək ilhamladır?

- Şair deyirsə, məndəki Allah vergisidir, nə deyirəmsə, mən deyəndir... Olmaz belə. Sən lirik yazanda da gərək onu duyasan ki, başqalarını təkrar eləməyəsən. Təkrar götürüb ölkəni. Rəhmətlik Müşfiq demiş,

"Şairəm" - söyləyir yerindən duran,

İnsanın üzündə həya gərəkdir!

Şair də daim öz üzərində işləməlidir, oxumalıdır. İlhama arxalanıb bir-iki şeir yazırsan. Bəs sonra? Arxası gəlməyəcək axı. Şair bisavad olmamalıdır.

- Səni görüblər Dağüstü parkda,

gün bir az aşağı əyilən vaxtda.

Kinodan çıxanda görüblər səni,

ötürüb harasa bir nəfər səni.

"Gəzəyən qız" şeirinin yazılması haqqında həmişə maraqlı və fərqli əhvalatlar eşitmişik. Bu şeirin hekayəsi necədir?

- Paşa adlı bir qonşumuz vardı. Bir gün mənə dedi ki, Nəriman, Sara yaxşı qızdı, ancaq mən onun fılan yerdə görmüşəm. Soruşdum harda? Bir-bir gördüyü yerləri sadaladı. Hamısında da Saranın yanında mən olmuşdum, amma məni görən olmamışdı. Bu əhvalatdan sonra "Gəzəyən qız" yazdım, Paşa dayıya da oxudum. Elə yaxşı kişi idi ki.

Şeirlərimin əksəriyyəti Saraya yazılıb. Onu heç vaxt unutmamışam. O, mənim uşaqlıq yoldaşım idi, biz bir yerdə böyümüşdük. Məhəbbət pak, ilahi bir şeydir. Qadınsız həyat yoxdur, qızım. Mən bunu səmimi deyirəm. Avropada üçbucaq eyvanlar tikib orada qadınsız yaşayanlar var. Ora Avropadır, mənim onlarla bir işim yoxdur. Amma biz şərqliyik, şərqli çox zəngindir. Bizdə qadına münasibət bir başqadır. Anadan əziz nə var? Həyat yoldaşından əziz nə var? Qadın yoxdursa, həyat yoxdur. Mən özümdən götürürəm. Mənim həyatım yoxdur. Nə yaxşı o, bir qız, bir oğul bağışladı mənə. Yoxsa neynəyərdim? Kişi qadından yetim qalır. Qadın varsa, daxmada da xoşbəxt ola bilərsən. Sara həssas idi, duyurdu məni. Bir dəfə çox işlədiyimi görüb dedi ki, mühəndisə zada ərə getsəydim, yaxşı yaşayardım. Sonra da tez dedi ki, yox, mən sənsiz ölərdim.

- Deyirlər, evlilik də sevgini öldürür.

- Qızım, evlilik sevgini əbədiləşdirir. Əgər o, həqiqi sevgidirsə. Sevgini kişilərdən öyrənmək lazımdır, sədaqəti qadınlardan. Qadın sədaqətli oldumu, kişiyə zaval yoxdur.

- Nəriman müəllim, axı sədaqətin cinsi yoxdur. Siz özünüz də xanımınız vəfat edəndən sonra evlənməmisiniz.

- Mən evlənmədim. Heç özüm də bilmədim niyə evlənmədim. Bir də ayıldım ki, illər keçib. Çünki "Sara, Sara" deyə-deyə yaşamışam.

- Bir dəfə Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz xanımın xatirələrində sizin ailə dostluğunuza, Moskvadakı tələbəlik həyatınıza dair maraqlı qeydlər oxumuşdum.

- Xəlil də, Firəngiz də başqa adamlar idi. Onların elə həsrətini çəkirəm ki. Biz bir ailə kimi idik. Biz Xəlillə Moskvada bir oxumuşuq. Ora gedəndə hərəmiz bir plaş, bir cüt qaloş alıb aparmışdıq. Deyirdilər, Moskva yağıntılı olur. Biz də əynimizdə plaş, ayağımızda qaloş, əlimizdə də çətir asfaltda gedirik. Sən demə, camaat bizə baxıb gülürmüş.

Biz Moskvaya gedəndən sonra Sara ilə Firəngiz yalandan adımızdan teleqram vurub evdəkilərə demişdilər ki, guya onları çağırırıq. Beləcə razılıq alıb Moskvaya gəlmişdilər. Gəldiklərini eşidəndə dilxor olduq ki, özümüzün qalmağa yerimiz yoxdur, yataqxanada qalırıq, sizi hara gətirək? Deyinə-deyinə getdik, ancaq onları görəndə xeyli sevindik. Sonra onlara ev tutduq. Bilmirəm, pulu hardan tapdıqsa...

Deməli, Moskvada olanda bir dəfə bunlar bizdən xəbərsiz şəhərə getmişdilər. Xeyli narahat olmuşduq. Qayıdıb gələndə Xəlil bir şillə Firəngizə, bir şillə də Saraya vurmuşdu. Xəlil mənim qardaşım kimi idi.

- Təbriz...

- Təbriz əsgər gedəndə gəlib mənimlə görüşdü, yadımdadır, papirosu gizli tutmuşdu, papiros əlini yandırırdı. O qədər həyalı oğlan idi... Allah rəhmət eləsin (fikrə dalır).

Biz Xəlillə Moskvadan Bakıya qayıdanda eşitdik ki, Nazim Hikmət də bizimlə eyni qatardadır. Biz dərhal gəlib onunla görüşdük. Nazim bir şeir oxudu. Sonra dedi ki, siz şeir oxuyun. Kimin şeiri xoşuma gəlsə, onun evinə qonaq gedəcəyəm. Orda başqa şair dostlarımız da vardı. Hərəyə bir şeir oxuduq. Dedi ki, gedirəm Nərimangilə. Şair dostlarımızdan biri dərhal dedi ki, Nərimanın Bakıda evi yoxdur, bir az pisikdim. Sonra xəbər gəldi ki, "Baksovet"in sədri qonşu kupedə gedir. Bir də gördüm Nazim getdi qonşu kupeyə. Sonra məni çağırdılar. Sədr soruşdu ki, sən nə vaxt gəlib ev istəmisən? Halbuki məni adi vaxtda onun qəbuluna da buraxmazdılar. Nazimdən soruşdu ki, neçə gün Bakıdasınız? Dedi üç gün. O da cavab verdi ki, üç günə Nərimanın Bakıda evi olacaq. Beləcə mən o evi aldım. Qızım, qarşıma elə gözəl adamlar çıxıb ki. Mircəlal Paşayev oğlu Arif Paşayevə verməli olduğu evi də götürüb mənə verdi. O, dahi adam idi.

Elə bu vaxt gözüm Nazim Hikmətin divardakı şəklinə sataşır. Nazim sevgimdən çıxış edib bir sual vermək istəyirəm, ancaq yadıma Piraye düşür, ona görə də sualı dəyişirəm.

- Dediniz ki, əksər şeirləriniz Saraya yazılıb. Deməli, bir ömür bir qadına da şeir yazmaq olurmuş. Divardakı şairdən fərqli olaraq...

- Məncə, onlara bunu irad tutmaq düzgün deyil. Nazimi evə gətirmək mümkünsüz idi. Onu elə yerə aparmaq lazım idi ki, orada qəşəng qadın olmasın. Qəşəng qız görən kimi vurulurdu (gülümsəyir). İnsanlar müxtəlifdir, hərənin öz xasiyyəti var.

- Kasıb, kimsəsiz oğlan bir gün gəlib nazir olur, Xalq şairi olur, şeirləri yüzlərlə adamın əzbərinə çevrilir. Çox maraqlı həyat hekayəniz olub.

- Mənə tez-tez deyirlər ki, çox şanslı adamam. Nazir olmağa gəldikdə isə mən beş il deputat da olmuşam. Kifayət qədər çıxışlarım var. Qızım, mən həmişə hörmət görmüşəm.

- Nəriman müəllim, bayaqdan keçmişdən danışırıq. Ona görə istəyirəm sonda gələcəkdən də bir-iki kəlmə xəbər alım. Necə düşünürsünüz? Gənclik necə gəlir?

- Gəncləri oxuyuram, bəzən şeirlərini özləri göndərir, bəzilərinin kitablarına müqəddimə də yazmışam. Deyim ki, çox gözəl gənclik gəlir. Elə gözəl şairlər, yazıçılar yetişəcək ki. Mən buna inanıram, həm də çox inanıram.

# 1895 dəfə oxunub

Oxşar xəbərlər

Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
Füzuli Hüseynov niyə filmlərdə çəkilmir?

Füzuli Hüseynov niyə filmlərdə çəkilmir?

14:26 22 noyabr 2024
# # #