Bu gün tarixçi, şair, Pənahəli xan Sarıcalı-Cavanşirin nəticəsi, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atası Əhməd bəy Cavanşirin anım günüdür.
Kulis.az Rəhman Salmanlının "Hərbçi, şair və tarixçi" yazısını təqüdim edir.
Xeyirxah əməlləri və dəyərli əsərləri ilə tarixin yaddaşında, nəsillərin qəlbində yaşayan unudulmaz şəxsiyyətlərdən biri də 190 il bundan öncə - 1828-ci ildə Qarabağda, Kəbirli mahalının Kəhrizli kəndində dünyaya göz açmış Əhməd bəy Cavanşirdir. Əvvəl hərbçi, sonralar isə şair və tarixçi kimi tanınan Əhməd bəy Cavanşir Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşirin nəticəsidir.
İlk təhsilini kənddə molla yanında alan Əhməd bəy rus dilində də yazıb-oxumağa həvəs göstərmişdi.1843-cü ildə Mehdiqulu xan Cavanşirin xahişi ilə çar I Nikolay Əhməd bəyi Peterburqa çağırtdırır, dövlət hesabına Pavlov kadet korpusuna qəbul etdirir.
O vaxtlar Pavlov məktəbinə yalnız zadəgan uşaqlarını qəbul edirdilər. Böyük ehtiramla Pavlov məktəbinin tələbəsi olan Əhməd bəy burada rus dilini mükəmməl öyrənir. Bu təhsil ocağını 1848-ci ildə müvəffəqiyyətlə bitirir və Qusar alayına təyinat alır. 1853-cü ildə Krım müharibəsi başlandı. O zaman 2000 nəfərə qədər azərbaycanlı, o sıradan Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İsgəndər bəy də könüllü olaraq Qafqaz cəbhəsində rus əsgərləri ilə çiyin-çiyinə döyüşürdü. Döyüş səngərlərində həmyerliləri ilə yaxından tanış olan Əhməd bəy Cavanşir 1854-cü ilə qədər burada hərbi xidmətdə olur. Döyüşlərdə göstərdiyi şücaətə görə ordenlə təltif edilir və ona ştabs-rotmistr (qərargah kapitanı) rütbəsi verilir.
Təəssüf ki, Əhməd bəyə orduda uzun müddət xidmət etmək nəsib olmur. Çünki o, 1850-ci ildə Əli bəy Sultanovla iştirak etdiyi dueldə qolundan yaralandığı üçün 1854-cü ildə hərbi qulluqdan tamamilə azad edilir. Bundan sonra o, anadan olduğu Kəhrizliyə gələrək təsərrüfat işləri ilə məşğul olur. O vaxt çar hökuməti vəsait sərf etmədən yerlərdə suvarma işlərini yaxşılaşdırmağa və beləliklə də, çoxlu xammal əldə etməyə çalışırdı. Qafqaz canişinliyi idarəsi Mil düzündəki suvarma işlərini qaydaya salmaq üçün buraya bir neçə dəfə xüsusi komissiya göndərmişdi. Bu komissiyaların hesablamalarına görə, nəzərdə tutulan işlər küllü miqdarda vəsait tələb etdiyindən qəti tədbir görə bilmədilər. Hətta bundan sonra yerli bəylərin Gavur arxını “...arx və arxın sututar bütün torpaqlarını 99 il onların istifadəsində” qalması şərtilə bərpa etmək istəkləri də nəticə vermədi.
XIX əsrin 60-cı illərinin sonunda Əhməd bəy Vərəndə sahəsinin murovu vəzifəsinə təyin edilir. O, bu zaman həm də taxıl yerlərini suvarmaq üçün Arazdan su çəkilməsi işilə məşğul olur. Zərgər, Dilağarda, Yağləvənd və Şahsevən camaatının köməyi ilə hökumətdən yardım istəmədən 1866-cı ildə 8 verst uzunluğunda arx qazdırır və onu Mil düzündəki qədim Gavur arxı ilə birləşdirmək kimi çətin problemi həll edir.
Bu xoş xəbəri Qafqaz canişinliyi ilə yanaşı, Peterburqda əyləşən çar məmurlarınacan hamı məmnunluqla qarşılayır. Hətta çar hökuməti Əhməd bəyin təcrübə və təşəbbüsünə dəstək nümayiş etdirərək göstərilən kanalı yenidən bərpa etmək üçün daha bir təşəbbüs göstərir və bu məqsədlə 1879-cu ildə Peterburqdan göndərilən xüsusi komissiya Əhməd bəyin iştirakı ilə Mil düzünü yenidən nəzərdən keçirib, diqqətlə yoxlayır...
Komissiya Əhməd bəyin və mühəndis Bexmanın fikri ilə razılaşaraq Gavur arxını bərpa etməyi qərara alır. Bu məqsədlə 1881-ci ildə plan layihəsi hazırlanır, lakin bu layihə əvvəlki layihələrin taleyindən fərqlənməyərək kağız üzərində qalır. Buna baxmayaraq, Əhməd bəy ruhdan düşmür, el-oba ağsaqqalları və kənd camaatı ilə söhbətlərində həmişə “Su ruzi-bərəkət, bolluq, xoş güzərandır” deyərək camaatın su problemini aradan qaldırmaq məqsədilə öz mülkündə kəhrizlər qazdırır, əkinçiliyin inkişafında əlavə suvarma mənbələri yaradırdı. Su təsərrüfatı sahəsində böyük təcrübəyə malik Əhməd bəyin Araz çayından çəkdirdiyi arxla yanaşı, öz mülkündə qazdırdığı kəhrizlər Avropanın müxtəlif ərazilərində suvarma sahəsində çalışan mütəxəssislərin nəzər-diqqətini cəlb etmişdi. 1883-cü ildə Əhməd bəyin qonağı olmuş almaniyalı mühəndis Veys fon-Veyssenqof xatirələrində yazır ki, “Qarabağ mülkədarı Əhməd bəy Cavanşir uzun illər apardığı müşahidələrin nəticələri və qazandığı təcrübə ilə məni tanış edərək qazdırdığı kəhrizlərlə ətraflı tanış olmağa imkan yaratdı”.
Əhməd bəy Cavanşir kimsəsizlərə qayğısı, əkinçilərə əl tutması, yoxsul təbəqənin müdafiəsində qətiyyətinə və qanunpərəstliyinə görə seçilirdi, ictimai rəydə böyük nüfuz sahibi idi. XIX əsrin 70-ci illərində Əhməd bəy hakim sinif nümayəndələrindən kimin həqiqətən bəy təbəqəsinə mənsub olduğunu müəyyən etmək məqsədilə yaradılmış Şuşa bəy komissiyasının tərkibinə daxil olur. O zaman bəy və ağaların əksəriyyəti vergi və mükəlləfiyyətlərdən azad olmaq üçün saxta sənədlər (xan fərmanları, təliqələr və s.) düzəldərək özlərinin bəy təbəqəsinə mənsub olduqlarını sübut etməyə çalışırdılar. Əhməd bəy belələrini ifşa etməkdən çəkinmirdi, saxtakarlığa qarşı ciddi müqavimət göstərirdi. Onun bu prinsipiallığı komissiya üzvlərindən bəzilərinin narazılığına səbəb olurdu. Ona görə də Firudin bəy Köçərlinin yazdığı kimi, Əhməd bəyin düşmənləri müxtəlif bəhanələrlə onu həbs etdirirlər.
Həbsxana həyatı da görən Əhməd bəy azadlığa buraxıldıqdan sonra ömrünün son günlərinədək Kəhrizli kəndində yaşayır, tarix və ədəbiyyata aid kitablar mütaliə edir, müxtəlif əsərlər yazır və tərcümə ilə məşğul olur. Tədqiqatçıların fikrincə, Əhməd bəy Cavanşiri yaddaşlarda yaşadan bir tərəfdən xeyriyyəçiliyi və milli təəssübkeşliyidirsə, digər tərəfdən onun bu gün də müasir səslənən dəyərli əsərləridir. Onun müəllifi olduğu “Asari-Əhməd bəy Cavanşir” adlı şeirlər, “Türk zərb-məsəllər məcmuəsi” adlı folklor örnəkləri, “1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair” adlı tarix kitabları Azərbaycan ədəbiyyatında və tarixində xüsusi əhəmiyyətə malikdir.
Əhməd bəy Cavanşirin 1884-cü ildə Tiflisdə rus dilində qələmə aldığı “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsəri digər salnamələr içərisində özünəməxsus yer tutur. Bu əsərin fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, müəllif əsərdə Kürəkçay müqaviləsinə də xüsusi diqqət yetirmiş, Qarabağın siyasi tarixini ardıcıllıqla gündəmə gətirmiş, maraq kəsb edən hadisələrin şərh və izahını vermişdir. Bu tarixi salnaməni vərəqləyəndə XVIII əsrdə və XIX əsrin əvvəllərində nəinki Qarabağda, bütövlükdə Cənubi Qafqazda baş vermiş mürəkkəb ictimai-siyasi proseslərə obyektiv yanaşmanın şahidi oluruq. Bir sıra qaranlıq mətləblərə aydınlıq gətirilməsilə ermənilərin canfəşanlıqla dünyaya yaydıqları məkrli yalanları puça çıxarmaq üçün qiymətli məlumatlarla rastlaşırıq. Bu məlumatlardan o da aydın olur ki, Qarabağ xanlığı qədimdən Azərbaycanda feodal dövlət kimi yaranmış və bu şəkildə də Rusiya imperiyasının tərkibinə qatılmışdır. 14 may 1805-ci il tarixli Kürəkçay müqaviləsinə Sisyanovla birlikdə Qarabağ xanı İbrahimxəlil xan Cavanşir də qol çəkmişdir. Bütün bunlar xalqımızın tarixi, məişəti, təsərrüfatı, ozamankı həyat tərzinin bir sıra mühüm sahələrinə işıq salır, XVIII əsrin ikinci yarısında Qarabağda gedən taleyüklü tarixi proseslərin obyektiv mənzərəsini yaratmağa imkan verir.
Tarixi şəxsiyyət Əhməd bəy Cavanşir Mülkicahan xanımla ailə qurmuş, sayılıb-seçilən ailə sahibi olmuşdur. Onların Aslan bəy, Məhəmməd bəy adlı oğulları, Həmidə adlı qızları vardı. 1873-cü ildə indiki Ağcabədi rayonunun Kəhrizli kəndində dünyaya göz açan Həmidə xanım Əhməd bəy qızı ailə təhsili almış, Azərbaycan və rus dillərini mükəmməl öyrənmişdi.
Əhməd bəyin qızı Həmidə xanım məşhur Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat yoldaşı idi. O, ölkəmizin ilk maarifçi xanımlarından biri olmuşdur. Atası Əhməd bəy Cavanşir, Mirzə Cəlil və M.Ə.Sabir haqqında xatirələr yazmış, Azərbaycan yazıçılarının əsərlərini, o cümlədən həyat yoldaşı Cəlil Məmmədquluzadənin bir sıra hekayələrini ruscaya tərcümə etmişdir. Həmidə xanım ədəbiyyatçı-folklorşünas kimi də fəaliyyət göstərmiş, Azərbaycan xalq ədəbiyyatı nümunələrinin, tarixi şəxsiyyətlər haqda rəvayətlərin toplanılması sahəsində mühüm işlər görmüşdür.
Əhməd bəy Cavanşir 1903-cü il yanvarın 9-da 75 yaşında dünyasını dəyişmiş, öz vəsiyyətinə görə doğulduğu Kəhrizli kənd qəbiristanlığında doğmalarının yanında dəfn edilmişdir. Unudulmaz şair və tarixçi Əhməd bəy Cavanşirin 190 illik yubileyi anadan olduğu qədim Qarabağ torpağında, eləcə də respublikamızın bütün bölgələrində ədəbi ictimaiyyət tərəfindən qeyd edilir.