Həcc gündəliyi, yaxud Allahı sevməyin 56-cı dərəcəsi - Məkkədən reportaj

Həcc gündəliyi, yaxud Allahı sevməyin 56-cı dərəcəsi - Məkkədən reportaj
30 iyul 2024
# 09:00

Kulis.az yazıçı Mirmehdi Ağaoğlunun Həcc ziyarətindən reportrajının I hissəsini təqdim edir.


Ehram aşağısı izar, yuxarısı rida adlanan iki hissəli, ağ, tikişsiz libasdır. Ehramı bütün paltarlarını soyunandan, zinət, bəzək əşyalarını çıxarandan sonra geyinirsən. Onu geyindinmi, bədənin hansısa hissəsindən tük qopartmaq, dırnaq kəsmək, güzgüyə baxmaq, ətir vurmaq, ətirli şampun və sabundan istifadə etmək, heyvan öldürmək, başını örtmək, kölgəyə çəkilmək, yaxud qadınla münasibət qurmaq qadağandır.

Həccə gedən bütün kişi zəvvarlar ehram geyinməlidirlər. Həcc ziyarəti məhz ehram geyinməkdən başlayır. Ehramı kəfənə, həcc əməlini isə qiyamət gününün məşqinə bənzətmək olar. Bu səbəbdən zəvvar yola düşməmişdən əvvəl ailəsi, dost-tanışı, qohum-qonşusu ilə halallaşmalı, borcu varsa, ödəməli, xəstəsi varsa, ziyarət etməlidir.

Əfsus, gündəlik qayğılar bizi həyatın mahiyyətindən o qədər uzaq salıb ki, elə bilirik, heç vaxt ölməyəcəyik. Həcc ərəfəsində tanıdığım-bildiklərimdən halallıq istəmək mənə qəribə gəlsə də, əvvəlcə dost-tanışla, səfər gecəsi isə ailəmlə halallaşdım. Təkcə ona görə yox ki, bu səfərin qaydası belədir, üstəlik, ağır və məsuliyyətlidir, qayıtmamaq ehtimalı çoxdur. Həm də ona görə ki, həcc ziyarəti maddi dünya ilə vidalaşıb mənəvi dünyaya keçmək prosesidir, bunun üçün də gərək bu dünya ilə bütün haqq-hesabı çürüdəsən, qeyri-iradi yox, könüllü şəkildə ölməyi seçəsən, ölümü məşq eləyəsən.

İçimdə həmişə belə bir əminlik vardı ki, nə vaxtsa Həcc ziyarətinə getmək mənə də nəsib olacaq. Həcc ziyarətinin dinimizin vacib əməli sayılması bir yana, İslamın təşəkkül tapdığı yerləri, uşaq vaxtlarımdan İbrahim, İsmayıl peyğəmbərlər haqqında eşitdiyim rəvayətlərin, oxuduğum hədislərin, İslam tarixindən öyrəndiyim hadisələrin baş verdiyi yerləri öz gözlərimlə görmək istəmişdim.

Buna görə də işlədiyim APA Groupdan Həcc ziyarəti ilə bağlı təklif gələndə, elə bildim, çoxdandı müjdəsini gözlədiyim xəbəri eşitdim. Və nəhayət, təyin olunmuş gün üçün hazırlıqlara başladım.



İyunun səkkizi...
Biz - üçü xanım, beşi kişi olmaqla səkkiz yoldaş Səudiyyə Ərəbistanı Krallığının xüsusi qonaqları qismində artıq Dubaydayıq. Burada dörd-beş saat gözlədikdən sonra növbəti reyslə Ciddəyə uçasıyıq. Heyətimizdəki zəvvar yoldaşlardan yalnız bir nəfərlə, - Mətbuat Şurasının keçmiş sədri, sabiq deputat, hazırda “Xalq qəzeti”nin baş redaktoru Əfatun Amaşovla tanışam. Digər yoldaşlarla da ünsiyyətimiz tədricən yaranır. Bunun özü də qəribədir: Heç vaxt üzünü görmədiyin insanlarla dünyanın ən qüdsi səfərində yol yoldaşı olursan. Hisslərini, duyğularını doğmalarınla yox, tanımadığın insanlarla paylaşırsan və istər-istəməz mübhəm sirrin ruhani ab-havası səni bu tanımadığın adamlarla doğmalaşdırır...

Artıq Dubay hava limanında ehrama bürünmüş zəvvarlarla rastlaşırıq.
Bizsə tərəddüd içindəyik, bilmirik, paltarlarımızı indidən dəyişməliyik, yoxsa Ciddədə...

Adətən, azərbaycanlı zəvvarlar kiçik dəstələrə bölünür,
bələdçilər onlara qaydaları izah edir. Biz xüsusi dəvətlə yola çıxdığımıza görə, üstümüzdə bu məsələlərdən başı çıxan adam yoxdur. Mən özümlə götürdüyüm həcc ziyarətinin qaydalarından bəhs edən kitaba istinad edirəm. Orada isə yazılıb ki, zəruri halda Ciddə şəhərində miqata girmək olar.

Zəvvarlar ehramlarını miqatda geyinib niyyət etdikdən sonra Məkkəyə daxil olmalıdırlar. Miqat ehrama girmək üçün hələ peyğəmbər zamanında müəyyən edilmiş yerdir. Yəni, o yerə çatmamış ehram geyinib Məkkəyə girmək olmaz.

Qızğın müzakirə gedir: “Ehrama Dubayda girək, yoxsa Ciddə şəhərində?”
Yoldaşlardan bəziləri təyyarədəcə ehrama bürünürlər.

Gecədən xeyli keçmiş Ciddə hava limanına çatırıq.

Nümayəndələr üçümüzün - mənim və ehramlarını təyyarənin yüklüyündəki çantalarında unutmuş Əflatun müəllimlə Məmmədağanın - əyinlərimizi dəyişmədiyimizi görüb, dərhal əvəzimizə fidyə ödəniləcəyini deyir və ehrama girməyimiz üçün hava limanındaca şərait yaradırlar. Kənardan baxana asan görünə bilər, lakin həcc ziyarətinin çox kəskin qaydaları var ki, bu qaydaları pozanlar mütləq fidyə və ya kəffarə ödəməlidirlər.

Artıq hamımız fitə kimi ağ, tikişsiz paltarda - ehramdayıq. Təlbiyə, yəni, “Ləbbeyk...” deyə-deyə bizi gözləyən, sərin müsafir avtobuslarına üz tuturuq. Çox keçmir, avtobusumuz digər ölkələrdən gəlmiş zəvvarlarla dolur. Səudiyyə Ərəbistanı bizi hərarətlə qarşılayır: saat iki olsa da, havanın temperaturu 30 dərəcədən yuxarıdır.

Məkkədə hotelimizə çatanda eyni hərarəti bizi qarşılayanların münasibətlərində də görüb xoşnud olacaqdıq.
Biləyimizə QR kodlu bilərzik bağlandıqdan sonra foyedəcə ənənəvi ərəb qəhvəsi, xurma və zəm-zəm suyu ikram edəcəkdilər və bu müsafirpərvərlik bir də iki həftənin tamamında - Mədinə hava limanında təyyarəyə minəndə yekunlaşacaqdı.

Hələlik isə gecənin zülmət pərdəsini yara-yara Ciddədən çıxıb Məkkəyə üz tutan avtobusumuzun pəncərəsindən şəhərin relyefini müşahidə eləyirik. Niyəsə elə bilirdim ki, Məkkə səhralıqdır. Lakin avtobusumuz çox da hündür olmayan dik dağların, qayalıqların arasıyla - deyərdin, o qayaları bıçaqla kəsib düzəldiblər - uzanıb gedən magistralla irəlilədikcə, - həm də sonrakı günlərdə gündüz işığında gördüklərimə əsasən, nə qədər yanıldığımı anlayıram.

Məkkə yamacında quruca tikan da bitməyən alçaq qranit dağlardan ibarət boz şəhərdir. Coğrafi baxımdan əlverişsiz məntəqə kimi qiymətləndirmək olar, dini kontekstdən isə Məkkənin hikməti mürəkkəb suala dönüb beynimi məşğul edir: Allah niyə yam-yaşıl dağların qoynunda, meşələrin əhatəsində, dənizin kənarında yerləşən bağlı-bağatlı bir şəhəri yox, bu əlverişsiz, quraq yeri İslamın - İbrahimin, Məhəmmədin dininin mərkəzi seçməklə şərəfləndirdi?

Biz artıq burdayıq.
Məkkəni ilk dəfə görənlər dua oxumalıymış.

Dünyanın ən müqəddəs şəhərində...
Adəm babamızla Həvva nənəmizin qovuşduğu şəhərdə.
Allahın sevimli peyğəmbəri İbrahim Xəlilullahın vasitəsilə təməli qoyulan şəhərdə.
Allahın sonuncu elçisinin dünyaya gəldiyi şəhərdə.
Allahın dininin təşəkkül tapıb xoş rayihə kimi aləmlərə yayıldığı şəhərdə...

Kitabı çıxarıb dua oxuyuram.

Bütün dünya müsəlmanlarının müştağında olduqları Kəbə evinin bir neçə kilometrliyində...

Zəvvar turist deyil. O hotelin rahatlığı, nəqliyyatın əlçatanlığı, görməli yerlərin siyahısı ilə, ünvanı ilə maraqlanmır.
O, rahatlıq düşkünü deyil.
Hətta nə qədər məşəqqətli yolla getsə, o qədər məmnundur.
Zəvvar çölündə deyil, içində rahatlıq axtarandır.

Ziyarət boyu başqa zəvvarların timsalında bu məşəqqət sevdasına dəfələrlə şahidlik edəcəyəm.


Zəvvarın bir arzusu var: Məscidül-harama (Kəbənin yerləşdiyi məscid belə adlanır) gedib "Allahın evini" görmək, onun ətrafında təvaf etmək/dövrə vurmaq.

18 saat çəkən yolun yorğunluğu, Ciddə hava limanına gəlib çıxmayan baqajımın axtarışı... və bayırdakı manqal istisi... beləcə, Kəbəni ziyarətə getməyimiz uzanır. Bir də xəbər tuturuq ki, günortadan keçib və zəvvar yoldaşlarımız Nərimanla Məmmədağa artıq ümrə ziyarətlərini tamamlayıb hotelə qayıdıblar, üstəlik, təqsir də ediblər, yəni, ziyarətin qaydasına uyğun olaraq, saçlarını yüngülcə qırxdırıblar.

Məmmədağaya ilk sualım bu olur: “Ayinləri ardıcıllıqla yerinə yetirə bildiz? Çətin deyildi?”

“Yox, bir nəfərə rast gəldik, o hamısını izah elədi, asandı” – Məmmədağa sevinə-sevinə deyir. Artıq ümrə ziyarətini yerinə yetirdiyinə görə ehramı da çıxarıb, əvəzinə ənənəvi ərəb libası geyinib.

...axşamüstü hotelin ayırdığı avtobusa minib Məscidül-harama üz tuturuq. Avtobusda ümrə ziyarətinin qaydalarını oxuyuram. Mənimlə yanaşı oturmuş Əflatun müəllim də pürdiqqət kitaba baxır. Qəfil arxadakı zəvvarlar gülüşməyə başlayırlar. Əflatun müəllim zarafata salır: “Bunlar qaydaları bilirlər ki, belə rahatdılar?” İkimiz də gülürük, həyəcanımız azca keçir.

Avtobusumuz Məscidül-haramdan xeyli aralıdakı xüsusi meydançada dayanır, izdihama qoşulub Harama piyada gedirik. Mən kölgəyə girməməyə çalışıram. Yuxarıda sadaladığım kimi, ehram geyinəndən sonra bəzi əməllər haram sayılır. O cümlədən kölgəyə keçmək, güzgüyə baxmaq, ətirli vasitələrdən istifadə... Soruşarsınız ki, müasir hotellərin çoxunun interyerində, xüsusən, liftlərdə güzgü var, bəs zəvvar necə "qorunmalı?"
Q
əsdən bəzənib-düzənməkdən gedir söhbət. Ətirsiz sabunlardan, şampunlardan istifadə etmək də olar.

Məscidül-harama gedən kişilərin çoxu bizim kimi ehram geyinib, qadınlar isə xüsusi geyimdə deyillər. Dili, irqi, rəngi, sosial mənsubiyyəti, geyimi, davranışı müxtəlif minlərlə insan...

Zəvvarlar Məscidül-haramın ətrafındakı meydançaya sel kimi axır.
Günəş, deyəsən, buranı üzük təki çevrələyən hotellərdən ibarət hündür binaların arxasına keçməyə niyyətlidir, hələ ki, gizlən-qaç oynayır, başımızın üstünü xəfif kölgə alıb, meydandakı nəhəng sərinkeşlər hava ilə yanaşı narın su da püskürürlər.

Sonrakı günlər Harama aparan digər yollarda, eləcə də Ərəfatda, Minada, su püskürən hündür dirəklər də görəcəyik.

Məkkədə polislər də supüskürtmə işində iştirak edirlər, təkcə asayişi yox, zəvvarları istidən də qoruyurlar. Əllərindəki xüsusi balonlarla zəvvarların üzərinə su püskürdürlər. Polisin əlində supüskürən balon görəndə zəvvar da istiqamətini dəyişib üstünə gedir. Bir də nə görəcəyik: təvaf edən zaman zəvvarlardan kimsə əlindəki butulkanın ağzını azca açıb ətrafa su çiləyir. Bədəninə toxunan hər damlanın yerindən minnətdarlıq nidası yüksəlir...



ardı var...

# 2923 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #