Hacı İsmayılov: “Mustafa müəllim kimi danışmağım prezidentin çox xoşuna gəldi” – Müsahibə

<span style="color:red;">Hacı İsmayılov:  “Mustafa müəllim kimi danışmağım prezidentin çox xoşuna gəldi” – <span style="color:red;">Müsahibə
22 yanvar 2023
# 21:00

Kulis.az Xalq artisti Hacı İsmayılovla müsahibəni təqdim edir.

- Hacı müəllim, söhbətimizə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bir qrup incəsənət xadimi ilə görüşünün əhəmiyyəti və sizdə yaratdığı təəssüratla başlamaq istərdim.

- Ölkə rəhbəri möhtərəm İlham Əliyev və Mehriban xanımın sənət adamları ilə martın 1-də baş tutan görüşünün əhəmiyyəti və dəyəri çox böyükdür. Mən deyərdim, son illərdə bu formatda və həcmdə yığıncaq olmamışdı. Cənab İlham Əliyev və Mehriban xanım bu görüşə vəsilə olduqları üçün sağ olsunlar. Mən də həmin görüşdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini kimi çıxış etdim.

Möhtərəm prezidentimiz öz çıxışında Azərbaycanın ictimai, iqtisadi, mədəni həyatındakı hadisələrdən, dünyada baş verən iqtisadi böhranlardan da danışdı. Mədəniyyətimizin qədim köklərindən, bu mədəniyyəti yaradan şəxsiyyətlərdən bəhs etdi. Eləcə də bu gün mədəni həyatımızda baş verən uğurları dilə gətirərək dedi ki, biz mənəvi cəhətdən zəngin ölkəyik. Bütün sahələrdə olduğu kimi sürətli inkişaf mədəni sahələrdə də gedir. Amma bir məsələ də var ki, biz bu uğurlara arxayın olmamalı, daha da irəli getməli və mədəniyyətimizi daha da ucalara qaldırmalıyıq. Bundan ötrü bütün toplantı iştirakçılarına müraciət etdi ki, hərə öz fikrini sadə, aydın və sərbəst şəkildə bildirsin.

İttifaq sədrləri, digər görkəmli sənət adamları danışandan sonra söz mənə verildi. Mən də bizim teatr sənətindəki coşqunun əsas səbəbinin prezidentimizin sənətə qayğısı ilə əlaqəli olduğunu vurğuladım. Bilirsiniz ki, prezident teatrın inkişafı haqqında sərəncam, teatr haqqında qanun imzalayıb, teatrın inkişafına dair dövlət proqramı qəbul edib.

- Eləcə də 2013-cü il martın 1-də dövlət başçısı Milli Teatr gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

- Bəli. təbii ki, bu fakt da bizi sevindirir. Biz 10 mart – Milli Teatr Gününü altı ildir qeyd edirik, bundan sonra da inşallah həmişə təntənə ilə qeyd edəcəyik. Yəni bu görüşdə təkliflər, nöqsanlar, arzu olunan nə varsa hamısı deyildi və möhtərəm prezidentimiz heç kimin sözünü kəsmədi. O, hamını diqqətlə dinləyərək özündə qeydlər edir, hörmətli mədəniyyət nazirimizə tapşırıqlar verirdi. Ümumilikdə bu görüş çox lazımlı, Azərbaycan mədəniyyətinin inkişafı yolunda böyük bir tədbir oldu.

- Lakin siz axıracan rəsmi danışmadınız...

- Dediyim kimi, mən orda ittifaqımızın rəsmisi kimi iştirak edirdim. Əslində, mən sona qədər də elə davam etməliydim. Amma mənim əlli ildir çalışdığım Akademik Milli Dram Teatrı var. Teatrımı unuda bilməzdim. Bizim teatrda gedən islahatlar, yeniliklər, dörd yeni səhnənin yaradılmasını qeyd etməyə bilməzdim.

- Hacı müəllim, qeyd etdiyiniz dörd səhnə hal-hazırda teatrda nə dərəcədə funksionaldır?

- Çox funksionaldır. Bu faktdır ki, əvvəllər bizdə eyni vaxtda iki tamaşanın məşqləri gedərdi. Bunun biri yuxarı kiçik səhnədə, digəri isə aşağıda böyük səhnədə olurdu. Bir də Tofiq Kazımov studiyası vardı ki, bu da oxunuş üçün idi. Orada geniş hərəkət imkanları məhdud idi. Adil İskəndərov və Mehdi Məmmədov səhnələri isə heç bir funksiya daşımırdı. Azər Paşa müəllim sonradan belə qərara gəldi ki, orada iki teatr səhnəsi də yaratmaq olar. Hal-hazırda teatrda üç, dörd tamaşanın məşqləri bir-birlərinə mane olmadan eyni vaxtda həyata keçirilir.

- Vaxtilə Heydər Əliyev də Akademik Milli Dram Teatrının tamaşalarına gələrdi. 2003-cü ildə “Hamlet” tamaşasını da böyük maraqla izləmişdi. Siz sonuncu çıxışınızda ölkə başçısını və birinci xanımı teatra dəvət etdiniz. Maraqlıdır, ölkə rəhbərini hansı tamaşa ilə qarşılamaq istərdiniz?

- Çıxışımda Ulu öndər Heydər Əliyevin vaxtilə bizim teatrın tamaşalarına gəlib baxmasından, tamaşadan sonra səhnə arxasına keçib aktyorlarla, rejissorlarla görüşməsindən, sənətlə bağlı gözəl söhbətlər etməsindən danışdım. Bu da ondan irəli gəlirdi ki, o, teatrı, aktyor sənətini çox sevirdi. Heydər Əliyevin gəlişi də həmişə bizim üçün toy-bayram olub.

Bu gün isə bizim tamaşanın repertuarında üç, dörd tamaşa var ki, adlarını məmnuniyyətlə çəkə bilərəm. Amma ilk növbədə yəqin prezidentin gəlişi münasibəti ilə “Ölülər” tamaşasının təqdim olunmasını istərdim. Çünki Cəlil Məmmədquluzadə dramaturgiyasına, fəlsəfi aləminə ulu öndər çox böyük qiymət verərdi. Bundan başqa bu il Cəfər Cabbarlının yubileyidir. Prezidentimiz “Almaz” tamaşasına, Elçinin “Cəhənnəm sakinləri”, Hüseynbala Mirələmovun “Xəcalət” tamaşasına da gəlib baxa bilər. Amma məncə “Ölülər” tamaşası daha monumental və maraqlıdır.

- Tədbirdən sonra dövlət başçısının sərəncamı ilə teatrlara xeyli vəsait ayrıldı. Tez-tez mətbuatda belə fikirlər səslənir ki, teatrlar özləri təşkilatlanmasa, dövlət nə qədər qayğı göstərsə də inkişaf ləng olacaq. Bu fikrə münasibətiniz necədir?

- Bu nüans hər teatra aid deyil. Akademik Milli Dram Teatrı dövlət teatrı olduğundan dövlətdən datasiya almalıdır. Çünki dövlət teatrları dövlətin və cəmiyyətin düşüncəsini özündə ehtiva edir. Amma özəl teatrlar var ki, onlar özlərini dolandıra bilər. Hətta elə teatrlar var, lazım olanda, əlli nəfərlik zalı yüz əlli nəfərlik edə bilir. Bizim dram teatrı teatr sənətində avanqarddır. Və bunun qədim ənənəsi, dərin kökləri var. Bu teatrda dramaturqlar, aktyorlar yetişərək teatrın öz üslubunu yaradıblar. Əgər bizim teatr öz üslubunu dəyişərsə, qazandıqlarını itirə bilər. Bizim isə ixtiyarımız yoxdur ki, keçmiş irsin üzərindən xətt çəkib yeni teatr yaradaq. Biz yeni nə yaradırıqsa, ənənənin üzərində yaratmalıyıq. Hal-hazırda ən böyük problemimiz gənc dramaturqların olmamasıdır. Yeni dramaturgiyaya çox böyük ehtiyacımız var. Faktiki olaraq gənc dramaturqlar çox az, yox dərəcəsindədir. Olanalar da sanki əriyib yoxa çıxırlar.

- Yeri gəlmişkən, teatrda gənc rejissorların yoxluğu da hiss olunur. Vaxtilə Mikayıl Mikayılov, Ərşad Ələkbərov, nisbətən orta yaşlılardan Kamran Şahmərdan dram teatrında maraqlı tamaşalar hazırlamışdılar. İndi onlar haradadır? Niyə teatra cəlb olunmurlar?

- Adını çəkdiyiniz rejissorlar bizim teatrda tamaşalar hazırlayıbar. Amma misal üçün Kamran Şahmərdanın hazırladığı “Teleskop” tamaşası bizim teatrımız üçün maddi cəhətdən çox baha başa gəlib. İndiyə qədər də biz həmin tamaşanın məsrəflərini ödəyib bitirə bilməmişik. Bilirsiniz, əgər bir tamaşaya pul ödənilirsə, onu yerinə qaytarmaq lazımdır ki, növbəti dəfə başqa tamaşa üçün pul ayrılsın. Bu baxımdan “Teleskop” tamaşası öz xərclərini ödəmədi. Digər tamaşalar isə müəyyən səbəblərdən az nümayiş olundu. Aktyorlardan biri teatrdan getdi, Fuad Poladov dünyasını dəyişdi. Amma elə tamaşalar var ki, uzun illərdir repertuardadır. Misal üçün “Xəcalət” tamaşası öz xərcini çıxarıb. Üstəlik teatra qazanc da gətirib. Əgər tamaşa teatra xeyir gətirmirsə, onun repertuarda saxlanması çox çətin olur. Çünki gələn gəlirin əksəriyyəti kommunal xərclərə sərf olunur. Bizim kommunal xərclərlə bağlı indiyə qədər də borclarımız var.

- Sizcə, nə etmək lazımdır ki, teatr zamanın tələblərinə cavab verə bilsin, tamaşalar teatra gəlir gətirsin?

- Bunun üçün ilk növbədə yaxşı tamaşalar yaranmalıdır. Bu tamaşaların yaranması üçün isə, bayaq dediyim kimi, gənc yazarlar, dramaturqlar lazımdır. Teatr durğunluq yaşayan zaman dərhal klassiklərin hazır əsərlərinə əl atır. Əvvəllər rəhmətlik İlyas Əfəndiyev böyük bir mərhələdə öz pyesləri ilə teatrın əlindən tutdu. Ondan sonra Elçin, Əli Əmirli bizim teatr üçün xeyli əsərlər yazdılar. Amma artıq onlar da yaşlanıblar. Bu gün bizə yeni dramaturji düşüncəsi olan gənclər lazımdır. Onların da sayı bu gün çox azdır. Əsərləri isə o qədər zəif olur ki, oxumağa belə maraq olmur. Amma bu istiqamətdə bizim ittifaqda müxtəlif formalı laboratoriyalar yaradılıb. Yəqin, orada iştirak edən gənclər bir müddət sonra mədəniyyətimizə öz töhfələrini verəcəklər.

- Xalq artisti Afaq Bəşirqızı öz çıxışında gənc aktyorların məişət problemlərinə toxundu. Siz də bu barədə nəsə deyə bilərdiniz...

- Mən deyə bilmərəm ki, bizim aktyorlarımız hamısı yaxşı vəziyyətdə yaşayırlar. Əlbəttə bizim də problemlərimiz var. Maaşlar azdır. Bizim teatrın özündə evi olmayan, uzaqda yaşayan, kirayədə qalan gənc aktyorlar var. Onlar həqiqətən də sənətin fədailəridir. Mən onların bir neçəsi ilə söhbət edərkən də demişəm ki, tələsməsinlər, işləsinlər. Axı hər teatrda işləyən aktyora da dərhal ev, fəxri ad vermək doğru deyil. Hərdən bizim ittifaqdan da gileylənirlər ki, gənclərə maddi yardım etmirlər. Bizim ittifaq maliyyə təşkilatı yox, ictimai təşkilatdır. Yığılan üzvlük haqları elə həmin üzvlərin müalicəsinə, müxtəlif sosial yardımlara sərf olunur. Mədəniyyət nazirliyi üç ildir bizə maddi yardım göstərir. Bu yardım bizim indiki fəaliyyətimizə kömək edir.

- Hacı müəllim, prezidentlə olan görüşdən sonra teatrdakı bəzi həmkarlarınız arasında inciklik baş qaldırdı. Teatrdan təkcə sizin dəvət olunmağınız digərlərinin diqqətdən kənarda qalması kimi yozuldu. Sizcə bu fikirlər nə dərəcədə əsaslıdır?

- Onların çoxu məsələnin mahiyyətini düzgün başa düşmür. Məsələ burasındadır ki, mən orada Akademik Milli Dram Teatrının adından dəvət olunmamışdım. Nazir Əbülfəz Qarayev şəxsən özümə zəng vuraraq məni Azərbaycan Teatr Xadimlər İttifaqının sədr müavini kimi dəvət etmişdi. Hərçənd mən istəsəydim heç bizim teatr haqqında yox, ittifaqın gördüyü işlərdən danışardım. Amma mən qəlbən o teatra bağlıyam, oranın yetişdirməsiyəm. Ona görə də teatr haqqında nə dedimsə, sırf öz istəyimdən, arzumdan irəli gəldi.

- Onda belə çıxır ki, siz də protokoldan kənar danışmısınız.

- Bəli. Elə çıxır. Hətta nazir mənə dedi ki, sən çıxışında teatrlara məktəblilərin cəlb olunması məsələsini də qeyd et. Yəni bizdə bu problem var. Məktəblərlə teatrların əlaqələri sıx olmalıdır. Mən də çıxışımda misal gətirdim ki, orada əyləşən hər bir incəsənət xadiminin incəsənətə marağı məktəb illərindən başlanıb. Bu səbəbdən də biz məktəblilərlə, yəni sabahın yetkin tamaşaçıları ilə sıx işləməliyik. Onlar bu gün tamaşalara gəlməsələr, sabah ümumiyyətlə teatrı unudacaqlar.

- Uşaq tamaşaları məsələsinə də toxundunuz. Mətbuatda uşaq tamaşalarının milli dram teatrına aidiyyəti olmadığı haqda fikirlər səslənir.

- Bu barədə də yalnış anlaşılma var. Bizim teatrda məktəblilər üçün hazırlanan tamaşaların hamısı dünya klassiklərinin əsərləri əsasında səhnələşdirilir. Misal üçün, neçə illərdir “Qaraca qız” tamaşası nümayiş olunur. Bu tamaşaya uşaqlarla yanaşı böyüklər də gəlir. Yəni hazırlanan tamaşalara böyüklər də baxa bilir. Sözsüz ki, biz “Cırtdan”, “Göyçək Fatma” kimi uşaq nağıllarını repertuarımıza sala bilmərik. Bunun üçün başqa teatrlar var. Digər tərəfdən, hər tamaşadan əvvəl məktəblilərə hara, hansı sənət ocağına gəlmələri, özlərini aparmaları barədə müraciətlər də olunur.

- Həmin tamaşalarda hansı yaş həddi əsas götürülür?

- Burada yaş həddi yoxdur. Uşaq da gəlir, böyük də. Amma məsələ burasındadır ki, teatra gələn uşaqlar da səhnədə baş verənlərə aludə olub, iştirakçıya çevrilirlər. Öz nəvəmi iki dəfə teatra tamaşaya gətirmişəm, indi məndən əl çəkmir, yenə həmin tamaşaya baxmaq istəyir.

- Hacı müəllim, rəsmi işiniz aktyor həyatınıza mane olur?

- Xeyir, mane olmur. Ola bilər, çəkilişlərimə mane olsun. Dörd ildir ittifaqda işləyirəm. Sözün düzü, əvvəllər bu işə razı deyildim, sonra razılaşdım. İndi buna heç də peşman deyiləm. Çünki bu dörd il ərzində keçirilən tədbirlər, yubileylər, kitab təqdimatları mənim teatr həyatımın üstünə başqa bir həyat da əlavə etdi. Dörd ildir faktiki olaraq iki həyat yaşayıram.

- Yəni teatrsız yaşamaq mümkün deyil?

- Teatr mənim nəfəsimdir. Mən ora ilə böyümüşəm. Bəzən heç işim, məşqim, tamaşam olmayanda belə teatra gedirəm. İndikiləri deyə bilmərəm, bizim nəslin aktyorları öyrəşmişik ki, istirahət günləri də teatra gələk, repertuara baxaq, teatrın divarlarının hərarətini hiss edək. Teatra gəlmədiyimiz günləri ömrümüzdən itirilmiş gün hesab edirdik.

- Sizin nəsil demişkən, üç nəfərsiniz: Rafiq Əzimov, Ramiz Məlik və siz...

- Niyə ki? Rafael Dadaşov da bizim nəsildən hesab olunur. Rafael də, başqaları da mənim prezidentlə görüşümə qısqanc yanaşdılar. İndi kimsə bir nəfər danışmalıdır də.

- Nə mənada qısqanclığı nəzərdə tutursunuz?

- Yəni, biz yox, Hacı İsmayılov. Amma mən yenə də qeyd edirəm, ora rəsmi nümayəndə kimi dəvət olunmuşam. Yəqin məsləhət bilsəydilər, teatrdan başqa aktyorlar da dəvət edərdilər. İnanın, mən bundan nə inciyərdim, nə də ürəyimə salardım. Bizim teatrdan da kimlərsə gedib dövlət tədbirlərində çıxışlar edir. Onda mən də küsüm, qınayım ki, niyə məni çağırmırlar? Bu, bir qədər aşağı düşüncə tərzidir. Əgər məni çağırıblarsa, deməli, məsləhət bu cür olub. Hər halda mənim həmin görüşə getməyim, teatrımızdan danışmağım və möhtərəm prezidentimizi bizim teatra dəvət etməyim teatrımızın xeyrinədir.

- İncəsənət sahəsində bir çox rəsmi qurumlara yaşlı nəsil nümayəndələrinin rəhbərlik etməsi birmənalı qarşılanmır, daha çox gənc, yenilikçi gənclər arzu olunur...

- Əksinə, yaşlı və peşəkar insanların işləməsi lazımdır. Mən də gənc rejissorun film çəkməsinin əleyhinəyəm. Rejissorluq çətin sənətdir. Burada həyat təcrübəsi, insan münasibətləri barədə məlumatın geniş olması çox vacibdir. Kino təkcə lentin fırlanmasından ibarət deyil. Son vaxtlar da hiss edirəm ki, gənc teatr rejissorlarının çoxu kinoya daha çox meyl edirlər.

- Bəlkə teatr aktyorları ilə işləmək çətindir, ona görə?

- Bəli. Teatrda işləmək üçün xeyli peşəkar olmaq lazımdır. Yoxsa peşəkar aktyora nəsə deyə, göstərə bilməzsən. Ona görə də çoxu kinoya qaçır. Allaha şükür kinomuzun da uğurları çoxalır.

- Siz prezidenti teatra dəvət edərkən məşhur obrazınız Mustafa müəllimin Şəki ləhcəsində kino sahəsinə də göndəriş etdiniz.

- Elədir. Gördüm tədbir çox rəsmi və quru keçir, istədim bir az duz qatım (gülür). “Həm ziyarət, həm ticarət” filmindəki obrazımın dilindən prezidentə müraciət etdim. Möhtərəm prezidentimizin də çox xoşuna gəldi.

- 10 mart - Milli Teatr Gününə necə hazırlaşırsınız?

- Teatr gününün istirahət gününə düşməsinə baxmayaraq, mütləq qeyd edəcəyik. Biz bu günün tədbirini bəzən foyedə keçiririk. Bu dəfə isə qərara gəldik ki, böyük səhnədə keçirək. Fərqlənən, uğur qazanan aktyorlarımız Mədəniyyət Nazirliyinin döş nişanları, mükafatları və ittifaqın təsis etdiyi sənətkar medalı ilə təltif olunacaqlar. Və iki festivala yekun bayram günü yekun vurulacaq.

Söhbətləşdi: Samirə Əşrəf

# 15564 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #