Füzuli oğlundan niyə imtina etmişdi?

Füzuli oğlundan niyə imtina etmişdi?
21 iyun 2023
# 10:20

Kulis.az Fərid Hüseynin "Təbiət aynası..." yazısının təqdim edir

(Məhəmməd Füzulinin oğlu “Fəzliyə nəsihət” qəsidəsi haqqında)


Qızıl çağ

Orta əsrlər bəlkə də, bəşəriyyətin tarixində ən maraqlı dövrdür. Çünki həmin əsrlərdə insan şüuru nə lap qədimlərdəki kimi primitiv idi, nə də indiki qədər ultra-müasir. Sanki orta əsrlər həm də bəşəriyyətin qızıl orta idi. O çağlarda insan nə təbiəti ram etmək barədə çox əlləşib-vuruşurdu, nə də günümüzdəki qədər təbiəti ram edib ona qarşı marağını itirmişdi. Ona görə də insanlar çox zaman özünü təbiətlə eyniləşdirməyə can atırdı, bir sözlə, Adəm oğlu özünü daha çox təbiətdən sayırdı. Bundan başqa orta əsrlər həm də dinlərin insan həyatında, dünyagörüşündə oturuşması baxımından olduqca əlverişli dövr idi. Dinlərin cəmiyyətdə mövqeyi gücləndikcə insanın təbiətə ehtiramı da artırdı. Əgər qədim insan bir sıra hallarda təbiəti önəmsəmirdisə, yaxud müasir insan təbiəti dağıdıb onun mini modellərini yaratmağa üstünlük verirsə, orta əsrlərdə bunların heç biri demək olar ki, yox idi. Ona görə də təbiət “müqəddəsləşdirən” orta əsrlərdə ədəbiyyatın və incəsənətin başlıca qəhrəmanlarından sayılırdı. Həmin çağlarda demək olar ki, insan öz mahiyyətini təbiət vasitəsi ilə anlayırdı.

Daniel Çamovitzin “Bitkilərin bildikləri” kitabında bitkilərin rəng tanıması, hərarəti hifz etməsi, bir-birləri ilə mübarizə aparması və sair kimi faktları oxuduqca dünya içində başqa bir dünya olduğunu düşünürsən. Müasir insanın cahilliyi ondadır ki, çox zaman adamlar təbiətin gözəlliklərini kənardan seyr edərək duya bilmirlər. Əfsus ki, bu gün meşə ağaclarını həyətlərə, ov quşlarını qəfəslərə, çəmənləri asfaltların yanına gətirməklə gözəllik yaratdığımızı düşünürük. Halbuki təbiətin dekorasiyasından aldığımız həzlərdən qat-qat daha artığı təbiətin özündə var. İnsanın ən böyük səhvlərindən biri yaradılışlar arasında ancaq özünün şüurlu olmasına inanmasıdır. Əgər bu qənaət əsrlər əvvəl aradan qalxsaydı, onda insan indikindən qat-qat daha qabil varlıq olardı, nəinki günümüzdəki qədər aciz və təkəbbürlü.

Qurani-Kərimin hikməti...

Əgər Qurani-Kərimə – orta əsrlərin əsas dini kitabına fikir versəniz, günəşin göydəki hərəkəti, gecə ilə gündüzün əvəzlənməsi, habelə heyvanların və ağacların yaradılmasının hikməti barədə bu müqəddəs kitabda insanı heyrətlənməyə “dəvət edən” çoxsaylı ayələr var. İnsan orta əsrlərdə təbiəti Yaradan tərəfindən insanlara bağışlanmış bir hədiyyə kimi dərk edirdi. Ona görə də insan ona bağışlanmış təbiətin üstünlüklərini dərk etməyə, lazım gələndə özünü onunla eyniləşdirməyə, bir sözlə, təbiətin aynasında güzgülənməyə çalışırdı. Məsələn, “Yer üzünü döşədik və orada möhkəm dağlar yerləşdirdik. Orada hər şeydən müəyyən ölçüdə (hər cür bitkidən) bitirdik”. ƏL Hicr surəsi 19-cu ayə. Yaxud əl-Rəhman surəsində Allah buyurur: “O, göyü ucaltdı və mizanı (tərəzini) qoydu ki, tərəzidə həddi aşmayasınız”. Qurani-Kərimin bu cür ayələrində insanlardan tələb olunur ki, Allahın yaratdığı möcüzələrə sadə nəzərlərlə yox, minnətdarlıqla baxsınlar. Bu halda, insan təbiəti daha dürüst anlayar və onda həqiqətən də bəşərin əşrəfi olar.

Onun zamanında

Füzuli də orta əsrlərin dini inanc sisteminə, islam dininə bağlı bir şair idi deyə, onun üçün təbiət Tanrının yaratdığı hikmət ünvanlarından, ibrət dalğaları ilə coşub-çağlayan ümmanlarından idi. Təsadüfü deyil ki, “Fəzliyə nəsihət” əsərində şair sadəcə öz başına gələnlər əsasında, yaxud bildikləri xüsusunda oğluna nəsihət vermir. O, təbiətdən aldığı dərsi övladı ilə bölüşür: beləcə həm Füzuli, həm də Fəzli təbiətin ibrət dərsindən pay götürmüş olurlar. Təbiətə ibrətli olmağı, insanlara lazım gələndə yol göstərməyi Allah məqbul görüb, təbiətdən isə Füzuli ibrət alıb və aldığı öyüdü, nəsihəti, nəticəni oğlu ilə bölüşür. Dolayısı ilə bu ibrət təkcə təbiətə deyil, dərin qatda Allahın yaradılış hikmətinin xəzinəsinə aiddir. Yəni məsələnin kökü Allahın doğru bildiyi məsələyə gedib çıxır.

Bağın ibrəti

Füzuli oğlu Fəzliyə nəsihətində yazır ki, bir gün bir bağa getdim, orada bir ağaca baxdım və onun meyvəsinin necə böyüməsini izlədim. Bu tamaşadan, müşahidədən sonra valideyn-övlad münasibətləri, mənim səninlə haçansa ayrılacağımızın labüdlüyü mənim üçün aydınlaşdı. Necə ki meyvə ağacdan ayrılır, elə gün gəlir ki, o sayaq da, övlad valideyndən ayrılmalı olur. Bu mənzədən belə bir nəticə hasil olur ki, deməli, insan ən böyük təsəllini bizdən qat-qat daha çox bəhrə verən təbiətdən almalıdır.

Təbiətin aynası...

Ağac böyüyür, qol-budaq atır, çiçəkləyir, sonra isə yarpaqlayır. Ancaq ağacın məqsədi nə böyümək, nə qol-budaq atmaq nə də çiçəklənməkdir. Heç yarpaqlamaq, kölgə salmaq da ağacın məqsədləri sırasına daxil deyil. Ağacın məqsədi meyvə yetişdirmək, bar verməkdir. Çünki Tanrı meyvəni ağacın missiyası – dəyəri təyin edib. Allahın müəyyənləşdirdiyi missiyasından kənarda isə təbiət öz mənasını itirir. Əgər meyvə ağacı meyvə gətirmirsə, onun varlığının ciddi mənada anlamı qalmır. Amma söyüd ağacı bar gətirməsə də dəyərli sayılır, çünki Allah söyüd ağacına bar vermək kimi bir missiya həvalə etməyib. Biz insanlar ya şüurlu, ya da təbiətən bu cür missiyaların mahiyyətyini duyduğumuza görə söyüd ağacından bar gözləmirik, onun qol-budaqlarının şaxələnib, kölgəliyinin böyük olması bizə bəs edir. Yəni Yaradanın varlıqlar üçün müəyyənləşdirdiyi öhdəliklər həm də insanların təlabatlarına uyğun nizamlanıb. Eyni zamanda unutmayaq ki, insanlar ağaca həm də ona görə qulluq edirlər ki, onun meyvəsi, bəhrəsi yetişsin, yəni bu missiya təbiət-insan vəhdəti ilə tamamlanır. Su, gübrə, münbit torpaq ağacın ruziləridir. Necə ki, ağaca meyvəsi olsun deyə, Tanrı ruzi yetirir, eləcə də valideynlərin övladlarına görə Yaradan nemət paylarını artırır. Qayıdaq əvvəlki məsələyə, ağacın mahiyyətinin meyvədə olmasına və meyvə yetişəndən sonra ağacdan ayrılmasının labüdlüyü məsələsinə.

Ziddiyyət çələngləri

Ağac ətirsizdir, amma elə ki, onun meyvəsi olur, bu məqamda ağacla onun meyvəsi arasında ziddiyyət yaranır. Ətirsiz varlıq olan ağac, ətirli varlıq olan meyvəni yetişdirir. Eyni zamanda hər ağacın meyvəsinin rəngi də, o ağacın gövdəsinin, budaqlarının rənginə bənzəmir. Bu da bir başqa ziddiyyəti meydana çıxarır. Deməli ağac, həm rəng, həm də ətir baxımından fərqli bir varlıq yaradır. Füzuli bu ziddiyyəti belə təsvir edir:

Həddi-kəmalə çatmadan o, meyvə daima.
Üstündə idi, ol ağacın, şad, kamiran.

Dəydi, ağacla bir-birinə zidd oldular.
Rəng ilə ətri verdi bu ziddiyyəti nişan.

Meyvə tam yetişdikcə bu ziddiyyətlər daha da artır və sonda ayrılıq tamamilə qaçılmaz olur. Əgər meyvə ağacdan dərilməsə, bu halda insanlar ona ya daş atıb yerə salacaqlar, ya da hava onları çürüdüb heçə döndərəcək. Yəni meyvənin ağacdan ayrılmamaq kimi bir yolu yoxdur. Ayrılıq dünyanın mahiyyətində var: Ona görə ayrılıq ya təbiətin əli ilə olmalıdır, ya da insanın. Bir sözlə, ziddiyyətli qütblərin haçansa ayrılması labüddür.

Yükün ağırlığı

Eyni zamanda meyvə ağacda qaldıqca ona yük olur, sanki ağacın təbiətə baxan gözlərinin qarşısını kəsir. Övlad da əgər gecə-gündüz valideynin yanında olsa, valideyn onun böyüdüyünün fərqində olmaz, beləcə ata-ananın dünyaya, həqiqətə baxan gözləri baş verənləri bütün mahiyyəti ilə görməz. Övladın valideyndən müəyyən qədər uzaqlaşması valideynin dünyanı, təbiəti daha yaxşı görməsinə, anlamasına səbəb olur. Bu da bir hikmətdir ki, həsrət insanın gözlərini dünyaya daha geniş açır.

Həqiqət aləmi

Füzuli təbiət-insan eyniləşdirilməsi fonunda oğluna deyir ki, mən ağacam, sən meyvəsən, dünya bağdır, fələk isə qoca bağbandır. Yarpaq, budaq, ağacın çiçəkləri isə arvadımla mənim mal-mülkümdür. O mal-mülk isə meyvənin böyüməsinə, yəni sənin həddi-büluğa çatmağına sərf olunur. Necə ki ağacın çiçəkləri meyvənin yetişməsi üçün bir vəsilədir.

Salsan həqiqət aləminə yaxşı bir nəzər
Sən meyvəsən, mən isə ağac, dəhr busitan.

Dünya bağında hər ağacı bəsləmək üçün
Qəddibükük fələk özüdür piri-bağiban.

Yarpaq, şükufə, şaxə əgər bilməsən nədir
Arvadla mal-mülküm idi, ey, əzizi-can.

Meyvələrin sümükləri...

Meyvə töküləndən, ağacdan ayrılandan sonra, ağacların budaqları sür-sümük kimi görünür. Sanki sümük ətdən ayrılır. Uşaqlardan – öz meyvələrini yetirəndən, onlar dəriləndən sonra valideynlərin də canları əriyir, ömürləri gedir. Övladları dəymiş meyvə həddinə gətirən, tam böyüdən valideynlər az qala, bir ovuc sümüyə dönürlər. İnsanın sümükləri öləndən sonra, ağacın sümükləri, yəni budaqları meyvələr ondan qopandan sonra tam görünür. Füzuli bu misaldan sonra oğluna deyir ki, biz ayrı yaşamalıyıq, çünki həyatda məqsədlərimiz başqadır. Hər insanın dili – təbiətlə danışması, həm də onun arzusudur. Şair oğluna deyir ki, biz “həmzəban,” yəni eyni dildə danışan insanlar deyilik. Hər insan çalışır ki, dünya ilə öz arzusunun dilində danışsın. Arzuları fərqli olan insanların dilləri də bir ola bilməz.

Ziddiyyətin ziddiyyəti

Meyvənin də məqsədi yetişməkdir, ağacında məqsədi də meyvəni yetişdirməkdir. Bəs burada ziddiyyət nədədir? Ziddiyyət ondadır ki, ağacın məqsədi meyvəsini böyütməkdir, meyvənin məqsədi isə budaqlardan şirə, yarpaqlardan nəfəs çəkərək özünü böyütməkdir. Həyatın gedişatı budur ki, valideyn övlad üçün nələrsə edir, övlad isə özü üçün nələrsə edir, amma çox zaman övlad elə bilir ki, valideynin onun üçün etdiklərini, əslində, özü üçün edir.

Təbiətin təsəllisi

Füzuli təbiətdən misal gətirməklə, əslində, insanlığa bir təsəlli vermiş olur. Əgər ağaclar bu labüd ayrılığı həyat tərzinə çeviribsə, deməli, insan da, bu aqibətdən pəjmürdə, narahat olmamalıdır. İnsan təbiətə baxaraq yaşayarsa, özünü daha yaxşı anlayar. Əgər “bəşərin əşrəfi” deyərək özümüzü digər canlılardan əlahiddə üstün sayırıqsa, bu halda biz təbiətin bir hissəsi olmaqdan çıxır, ən pisi isə özümüzü yaradılışdan ayırmış oluruq. Frensis Bekon deyir ki, “Təbiəti ram etməyin ən yaxşı yolu ona tabe olmaqdır”. İnsan təbiəti anlayaraq, ondan əks olunanları öz həyatına yansıdaraq, dünyanın mahiyyətini daha yaxşı anlaya bilər.

Zəmanəyə susmaq

Hər meyvə ağacının qoxusunu daşımadığı, rəngini öz üzərində əks etdirmədiyi kimi, hər valideynin özəlliklərinə də onun övladı sahiblənmir. Maraqlıdır ki, əsərlərində dünyanı tez-tez qınayan, yaşadığı dövrü günahlandıran dahi Füzuli bu ziddiyyətlərdən danışarkən zəmanənin adını çəkmir. Bu əsərdə zəmanə ümumi mənada sanki təbiəti simvolizə edir.


Yaradılışın dili

Əgər Füzulinin alleqorik əsərlərinə fikir versək, görərik ki, müəllif bu tipli əsərlərində həm cansızları – tiryək və şərabı (“Bəngü Badə” – “Tiryək və şərab”), həm canlıları, – bədən üzvlərini, (“Səhhət və Mərəz” – “Sağlamlıq və Xəstəlik”), meyvələri (“Söhbətül-əsmar” – “Meyvələrin söhbəti”) danışdırır, onların surətlərini canlandırırdı. Necə ki canlıları Allah öz nəfəsini verərək yaradıb, eləcə də cansızları insan öz nəfəsini verərək “yaradır”. Bu mənada, əslində, dünyadakı çox şey canlıdır. Sadəcə insan ətrafındakı yaradılışlarla dil tapmağı öyrənməldir. İnsan yaratdığı cansız təbiətin “dilini tapanda” onu diriltmiş olur, Allahın yaratdıqlarının dilini tapanda isə insan özündən başqa varlıqların da canlı olduğunu qəbul və idrak edir.

# 2835 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #