Fərda niyə Cem Yılmaz ola bilmədi...

Fərda niyə Cem Yılmaz ola bilmədi...
29 iyul 2024
# 14:00

Kulis.az Eminqueyin “Ala, siz neynirsüz?” adlı yeni yazısını təqdim edir.

Qara saç, qara saqqal, qara köynək, qara şalvar Fərda Xudaverdiyev. Ki, səhnəyə bu tərzlə çıxmağı da Cem Yılmazdan götürdüyü deyilirdi, “Tək səbir” dövründən xalqın isinişdiyi bir obrazdır (açığı, mən də bu yazını Fərdanı çox istədiyimə görə yazıram).

Dövrün barmağa gülməkliyi yeni-yeni obrazlar yetişdirirdi axı. Açığı, pis də alınmırdı. Azı beş-altı il güldülər Fərdaya. Stəndaplar elədi, gördü ki, xalqın gülüş arealı məhduddur, bir yerdən sonra mövzunu irəli aparmaq, insanlarla açıq danışmaq, güldürmək olmur, keçdi TV-yə. Fərda “Tam sərbəst” gəldi ekranlara. Veriliş uzunömürlü olmur, ardınca Fərda ilə Müşfiq birləşib film dili ilə yumorumuza “Niyə?” (2005) sualını verirlər.

Fərda yumorumuza “Toy” da eləyir, ona “İnterpapa” da tapır, “Xoxan”la da qorxudur. Bir yerdə dayanmır Fərda. Amma nə qədər etsə də, yumoru zirzəmidən çıxara bilmir. 2015-2017-ci illərdə “Selfinaz” adlı stəndap da eləyir, amma Cem Yılmaz kölgəsindən qaça bilmir. Elə həmin illərdə Türkiyədə çəkildiyi “Aşka gəldik”, “Yalnış anlama” filmləri də “Selfinaz”ın türkiyəlilərlə iş birliyi olmasına işarədir. Belə yazmağıma baxmayın, xalq Fərdaya gülməyə davam eləyir.

Sonra nə olur? Hər yerdə görünmək istəyinə qalib gələ bilmir Fərda. “Bacanaqlar”, “Qardaşlar” kimi bayağı seriallara çəkilir, sonra yeni mövzu tapmayıb, xalqın da nostalji damarından yapışıb “Niyə?” üzqaralığını gah seriala, gah da yenidən filmə çevirir. Bir növ, 80-ci illərin "nol on bir"ini yenidən yığdırmaq kimi.

Sadalamaqla nə başınızı ağrıdım, keçək əsas məsələyə. Heç türk qardaşlarımız da çaş-baş qaldıqlarına görə bilmirlər ki, Azərbaycanın Cem Yılmazı kimdir. Gah Elməddin Cəfərov Türkiyədə bir verilişdə qonaq olur, ona Azərbaycanın Cem Yılmazı deyirlər, gah Fərda Xudaverdiyev filmə çəkilir, ona deyirlər. Amma Fərdanın Azərbaycanın Cem Yılmazı ola bilməməyinə səbəb Elməddin Cəfərov deyil. Buna səbəb Fərdanın “stoyka”sını qoruya bilməməsidir.

Mən illərdir “Netçi”nin udmağını gözləyən, dəfələrlə qazdığı neft quyusuna özü düşən qumarbazlar kimi Fərda Xudaverdiyevin Cem Yılmaz olmağına pul qoyuram. Məni yandıran hər dəfə Fərdanın rəqibə uduzmasıdır. Fərdanın rəqibi isə xalqdır. Fərda illərdir bu xalqa uduzur. İllərdir xalqın önünə bir yumor ustası kimi yox, bir barmaq kimi çıxır. Barı işarə barmağı olaydı, yanmazdım. Yol göstərəydi bu xalqa, buna yox, buna gülmək lazımdır deyəydi. Göstərmədi, demədi.

Niyə? Niyə? Niyə?

Çünki Fərda kitabları özünə dost seçmədi. Heç “Selfinaz”ın səhnəsində də kitablar bir dekor kimi yox idi. Türk qardaşlarımız ona təşkilatçılıq etsə də, ona qara geyim geyindirsə də, ona Cem Yılmazın səhnəsindən düzəltsələr də, kitabları unutmuşdular. Çünki Fərda özü çoxdan kitabları unutmuş adamdır. Fərdanın yumorunda kitab çatışmır.

“Allahsız” deyiminin yanında bir də “kitabsız” deyimi var. Kiməsə Allahsız desən, mütləq kitabsız da deməlisən. Fərda da bu cür kitabsızdır. Kitabı olsaydı, xalqa uduzmazdı. Fərdanın kitabsızlığı məni ona görə yandırır ki, yumor üçün lazım olan çox şey onda var. Sima, danışıq qabiliyyəti, baxış tərzi. Amma Fərdanın kitabı yoxdur. Fərda Azərbaycan yumorunun əsl adını bilmir.

Əsl adı Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev olan Azərbaycan yumoru adı Məhəmməd olub doğmaları tərəfindən “Mosu” kimi çağırılan uşaq kimidir. Öz adı var, amma zaman-zaman başqa-başqa ayamalarla çağırılıb.

Sovet dövründə daha çox “zəhmətkeş olmayan”lar yumora, məzəyə gəlirdi. Sifariş bu idi. Xalqda onun “işləməmiş dişləyə bilməyən”, “işini düzgün yerinə yetirməyən”, “nəticə verə bilməyən” qisminə gülüş yaratmaq lazım idi. Müstəqillik dövründə isə Azərbaycan yumorunun əlindən qələmi aldılar, barmaqlarını saxladılar. Yazılana yox, barmağa gülməyə başladı insanlar.

Dövrün tələbatı bu idi. Ağır sınaqlardan keçmişdi xalq. Soyqırım yaşamışdı, torpaq itirmişdi, didərgin düşmüşdü. Onu mütləq güldürmək lazım idi. Bu barmaqların arasında qələmə söykənib güldürən yalnız və yalnız KVN idi. Və barmaqla sayıla biləcək televiziya tamaşaları, monoloq danışan aktyorlar - Telman Adıgözəlov, Ələkbər Hüseynovdan tutmuş tamadalığı və parodiyaları ilə məşhur olan İlhama qədər. Barmağa gülmək hələ yumorun ən aşağısı, dibi deyil. Biz yumorun zirzəmisini indi görürük. Zirvədən zirzəmiyə enmişik.

İndiki yumor divarları rütubətdən qaralmış, üfunət iyi verən “padval”larda kustar üsulla hazırlanır. Bir topa Cəlildən, Axundovdan, Hacıbəyovdan bixəbər adam oturub yekə-yekə ssenarilər yazır, komanda qurur, pul qazanır. Amma zirzəmidə qalan yumorun nəfəsi kəsilir, ilikləri sızıldayır, göynəyir.

Və Azərbaycan yumoru üçüncü dəfə ad dəyişib. Bu yumor nə Cəlil yumorudur, nə Sovet, nə də barmaq. Bu yumor alayı şeydir. Bu yumorda “bıy” eləsən belə bəsdir. Dombalaq aşmaq, tullanıb-düşmək isə müstəhəbdir. Eləsən, nə yaxşı, eləməsən, “bıy, bıy, bıy” bəs eləyir. İndi Azərbaycan yumorundan bozbaş düzəldirlər, buğlama düzəldirlər, külləmə düzəldirlər.

Görünür, bu da yeni dövrün sosial çətinlikləri ilə bağlıdır. Ki, insanların artıq nə Hacıbəyovun düşündürücü yumoruna tabı var, nə Sovetin “işləməyən dişləməz” yumoruna, nə də barmağa. Azərbaycan insanı yumorda da yemək-zad axtarır. Bozbaş axtarır, buğlama axtarır, külləmə axtarır. Ki, axşam evə yorğun-arğın gələndə yeyə bilsin. Səhnənin tamaşaçıdan yüksəkdə olmasını unutdu bu adamlar.

Bizim film ənənəmiz “Axırıncı aşırım”da dayananda türk qardaşlarımızın “Yeşilçam” dövrü idi. “Yeşilçam” filmlərinin nə qədər bayağı, nə qədər düşük ekran əsəri olduğunu türkiyəlilər özləri də qəbul edirlər. Hətta “Yeşilçam”ın insanlara kədərli film kimi dürtdüyü filmlərə də şaqqanaq çəkib gülürlər. Çünki indi onlar film və serial sektorunda böyük işlər görürlər. Hansı dövrdən keçdiklərini yaxşı başa düşürlər.

Çox təəssüf edirəm ki, biz isə tam əksinə, keçmiş filmlərimizə baxıb köks ötürürük ki, niyə bu qədər geriləmişik.

Çox təəssüf edirəm ki, musiqi ənənəsi olan biz bu gün musiqimizi altı-səkkiz ritmində təngnəfəs, qan-tər içində oynada-oynada bir dəri, bir sümük saxlamışıq.

Çox təəssüf edirəm ki, yumor ənənəsi olan biz bu gün yumorumuzun üzünü “qara” eləmişik.

Bütün bunları keçərdim, deyərdim ki, xalq kitabsızlaşdığı üçün vəziyyət bu yerdədir. İntellekti olmayan xalqa intellektual məhssul vermək kimin nəyinə lazım?! Amma yazını mənə yazdıran Fərdanın sonuncu dəfə “şot”umu daha da biabırçı vəziyyətdə yandırmağı oldu. Qarşıma çıxan videosuna hamı gülə bilər, amma məni ağlamaq tutdu. Göz yaşım çıxmasa da, içimdə ağladım. Adam verilişi üçün mahnı yazdırıb:

“Ala, siz neynirsüz?
Eşidirsüz?
Mən ölüm neynirsüz?
Elə bilirsüz, görünmürsüz?
Görünürsüz…
Hoqqa verirsüz aaa….
Yeyirsüz, içirsüz,
Əkirsüz, biçirsüz,
Keçirsüz, gedirsüz,
Siz gedirsüz, ya gəlirsüz?
Eşidirsüz?
Ala, siz neynirsüz?”

Rakka-çiko, çikka-çiko…

Məndəki yanğıya baxın ki, mahnının sözlərini bircə-bircə burada yazıram. Artıq mənim üçün bundan sonra Fərda Xudaverdiyev nə də eləsə, fərqi yoxdur. Bu gündən Fərdaya “şot” atmağı dayandırıram. Bundan ötəsi yoxdur! Fərda bunu etməməli idi. Barı, türk qardaşlarımızla məsləhətləşəydi, Cem Yılmazın musiqi fəaliyyəti ilə maraqlanaydı. Etmədi! Gəlib “ala, siz neynirsüz?” səviyyəsinə qədər düşdü… Ki, xalq izləsin, bir-birinə ötürsün, paylaşsın, gülməsin ha, hırıldasın.

Bəli, indiki yumor bu ali məqsədə işləyir. Sosial şəbəkənin qəhrəmanlarına, hırıltı mövzularına, zövqünə xitab edir indiki Azərbaycan yumoru. Başqa heç nəyə! İndiki yumor Bəşir Səfəroğlunu yandırmağa, Əliağa Ağayevi isə infarkt etməyə xidmət edir. Azərbaycanlıların ləhcələrini “yox” saysaq, indiki yumor da olmazdı. İndiki yumor xalqın zövqsüzlüyü üzərindən pul qazanır. Xalq isə bundan olduqca məmnun, olduqca şad-xürrəmdir. Çünki onu zorla təhsilli edən, onu zorla mədəniləşdirən Sovet yoxdur. Hər şey Fərdanın gülüşü kimi “Tam sərbəst”dir.

Sonda Fərda Xudaverdiyevdən və onun timsalında digərlərindən soruşmaq istəyirəm:

- Ala, siz neynirsüz?
Eşidirsüz?
Mən ölüm neynirsüz?
Elə bilirsüz, görünmürsüz?
Görünürsüz…

# 6115 dəfə oxunub

Oxşar xəbərlər

Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!.. - Aqşin Yenisey

Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!.. - Aqşin Yenisey

15:00 5 sentyabr 2024
"Əgər bir gün sən..." - Səməd Vurğun oğluna nə demişdi?

"Əgər bir gün sən..." - Səməd Vurğun oğluna nə demişdi?

15:00 4 sentyabr 2024
"Həmin adamı bağışlamayacam..." - Salam Sarvan

"Həmin adamı bağışlamayacam..." - Salam Sarvan

12:30 3 sentyabr 2024
Ürəkbulanma - Əli Zərbəlinin hekayəsi

Ürəkbulanma - Əli Zərbəlinin hekayəsi

09:00 3 sentyabr 2024
Qızı öldü, əri güllələndi, özünə qəsd etdi - Rəfiqəsini sevən şairin faciəvi həyatı

Qızı öldü, əri güllələndi, özünə qəsd etdi - Rəfiqəsini sevən şairin faciəvi həyatı

12:00 31 avqust 2024
Dəbdən düşmüş kişilik, namus və manat - Ən perspektivli valyuta yaltaqlıqdır

Dəbdən düşmüş kişilik, namus və manat - Ən perspektivli valyuta yaltaqlıqdır

15:00 30 avqust 2024
#
#
# # #