Fəlsəfəmizin birinci problemi budur - Rəvan Cavid yazır...

Fəlsəfəmizin birinci problemi budur - Rəvan Cavid yazır...
21 noyabr 2022
# 14:30

Kulis.az Rəvan Cavidin "Fəlsəfəmizin birinci problemi budur" adlı yazısını təqdim edir.

1806-cı ildə Napoleon Almaniyanın Jena şəhərini işğal etməyə gələndə Hegel "Tinin fəlsəfəsi"ni, Höte isə "Faust"u yazırdı. Hötenin Hegelə yazdığı məktublardan hər iki dahinin almanların gələcəyi üçün nə qədər düşüncəli olduğunu oxuyuruq. Alman xalqının böyük mədəniyyəti sual altında idi. Napoleon döyüşlərinin nə ilə nəticələnəcəyi bilinmirdi. Xalqının genetik fəlsəfəsini araşdıran Hegeldən fərqli olaraq Höte pessimist idi. Bu pessimistlik "Faust"un bədii üslubuna, ondan sonra başlayan soyuqqanlı alman ədəbiyyatının gələcəyinə dair çox şey deyirdi. 1825-ci ildə Hegel Höteyə məktubunda ona dindar kimi tapındığını yazırdı. Amma nə olur-olsun, xalqın fəlsəfi kodlarını "Faust" kimi ağırtonnajlı kədərin içində axtarmamağı da məsləhət görürdü. Tarix və tarixin "ən qaraqabaq" filosofu Nitsşe Hegelin dediklərinin həqiqətə çevrildiyini göstərdi. Faciə və romantika arasında get-gəldə olan ədəbiyyat ironiya və tragikomediya sütunlarını qururdu. Günümüzün ədəbiyyatı Hötenin idealları və Hegelin analizlərinin iki yüz illik nəticələridir.

Almaniyanın keşməkeşli tarixində bu xalqı tərbiyə edəcək yazıçılarla filosoflar arasında həmişə bir bağlılıq olub. Alman ədəbiyyatı fəlsəfəyə, alman filosofları isə birbaşa ədəbiyyata təsir edə biliblər. Paris intibahı ilə alman metamorfozunun oxşar cəhəti bu idi: Ya xalqa kim olduğunu izah edəcəksən, ya da kim olduğuna inandıracaqsan.Azərbaycanda bu missiya ədəbiyyat tarixinin başlanğıcından bu günə kimi ədəbiyyatçıların çiyninə düşür. Xalqın prinsipial kodlarını araşdıran filosoflarımız varsa da, onların adı, təəssüf ki, mənim qarşıma, yəni yeni generasiyanın qarşısına çıxmayıb. Deməli, əgər bizim də tinimiz haqqında fikirlər varsa, əgər həqiqətən "Dədə Qorqud" dastanı bizim kim olduğumuzu izah edəcək yeganə mənbə deyilsə və bu mənbələrdən heç kimin xəbəri yoxdursa, mənim "milli və dini kimliyimizin yanında başqa bir "kimik?" sualına verəcəyimiz cavab yoxdur" deməyim problem deyil.

Cəlil Məmmədquluzadə fenomeni xalqın müəyyən mənada "kim olduğunu" göstərirdi. Təkcə hekayələri, yazıları yox, həm də "Molla Nəsrəddin" bumunun özü buna xidmət edirdi. Hətta bəzi məsələlərdə "Molla Nəsrəddin"in millət üçün tutduğu güzgü, məncə, "Dədə Qorqud"un güzgüsündən daha dəyərlidir. Bu gün yaşadıqlarımız və mətbuatın gündəmindən düşməyən məişət manşetləri də iddiamı təsdiq edir. "Dədə Qorqud" metafizik təsir gücünə malikdirsə, "Molla Nəsrəddin" milli fəlsəfə yaratmaq yolunda daha konstruktivdir.

Sual yaranır ki, bu, doğrudan da vacibdirmi? Xalqın fəlsəfəsini tapmaq nəyi dəyişəcək? Bu sualın da cavabını Hegeldən Nitsşeyə qədər zaman intervalında almanların fikirlərinin deformasiyası aydınlaşdırır. Nitsşedən sonrakı alman xalqı isə fəlsəfi traktatların sayəsində hələ də ayaqda dura bilirdi. Hegelin yaratdığı mütləq həqiqət anlayışını Nitsşe yerlə bir etmişdi. O, Hegeli fanatik bir teoloq kimi görürdü. Ona görə də, düşünürdü ki, Hegelin mütləq həqiqəti ilə kilsə həqiqətləri arasındakı bağ milli iradəni zəiflədir. Kilsənin təsiri altındakı zəif iradə inanclı Hötenin Hegelə təsiri idi və Nitsşe bu təsirə düşməmişdi. O, həqiqəti nəsnələrin üzərindən götürüb fərdlərin üzərinə atdı. Kamil insan anlayışı da buradan yarandı.

Qayıdaq özümüzə. Zəif iradə tərzi bizə Füzulinin geniş poeziya qübbəsi altında yaranan şeirdən yadigar qaldı. Hələ də poetik düşüncə tərzi həyata və onun ideallarına uduzmaqla məşğulkən nəsr təfəkkürü əcdadı Axundzadə kimi modern dünyanı daha yaxşı qavramağa kömək edir. Nitsşe ilə Hegel arasındakı anlaşılmazlıqla Füzuli-Axundzadə tərs qütbləri arasındakı mənəvi savaş eyni mahiyyəti daşıyır, əslində.Bu mənada "Allah, Allah" deyib düşmənlə davaya gedən oğuzlarla poçtun qabağında dayanan nökərin eyni genetikanı daşıdığını aydınlaşdırmaq lazımdır. Fəlsəfəmizin birinci problemi "Azərbaycanlı kimdir?" sualına cavab axtarmamaqdır. Bu sualın cavabı ilə başlayır bütün xalqların intibahı. Bu sualın cavabı ədəbiyyatı da, mətbuatı da, ictimai dünyagörüşünü də, sosial axını da pessimist ideallardan təmizləyir.

Fəlsəfə ilə ədəbiyyat arasındakı fərq təsvir və izah fərqidir. Milli kimliklərin təsviri ilə yanaşı, onların izahı mütləqdir. Bu izah inkişaf və mədəni dirçəlişə kömək edir. Ola bilər, fəlsəfə bir elm deyil və funksionallığı sənət qədər kütləviləşmir, amma kütləviləşə bilən hər şeyə təsir edəcək gücdədir. Fəlsəfənin iqtidarı sənətin daha ciddi problemlərlə məşğul olmasına səbəb yaradır. Mirzə Cəlilin filosofu özü idi, elə Axundzadənin də. Füzulinin filosofu Allah idi, Nizaminin filosofu insan və bütün bəşəri dəyərlər. Dədə Qorqudun filosofu yox idi. Sovet dövrü ədəbiyyatının filosofu Marks idi. Ondan sonrakı ədəbiyyatın filosofu isə sosrealizmin pafoslu iddiaları. Ədəbiyyatımıza yön verəcək bir filosofun adını çəkməkdə çətinlik çəkiriksə, bizim üçün fəlsəfi və ədəbi intibah hələ görünən deyil.

# 1462 dəfə oxunub

Oxşar xəbərlər

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
# # #