Əsl sevgi – ayrılıqmış, sən demə... – Əlişirin Şükürlü yazır...

Əlişirin Şükürlü

Əlişirin Şükürlü

22 yanvar 2022
# 15:00

Kulis.az Əlişirin Şükürlünün “Yüksəliş və eniş haqqında” essesini təqdim edir.

Yüksəliş dəyişmə göstəricilərindən biri – hərəkətdir.

Yüksəlmə ilk baxışdan inkişafdır.

Varlığın mövcud olduğu elə bir an yoxdur ki, o anda inkişaf baş versin.

İnkişaf – dəyişmə olaraq zamanla müşayiət olunur ki, keçən hər zamanla da sona yaxınlaşmaqdır.

Yüksəlmə yalnız məsafədir, hansısa nöqtədən aralanmadır. Sadəcə, bu aralanma üzüyuxarı baş verir. Üzüyuxarı hərəkət isə cazibə qüvvəsinin əksinə olduğundan digər istiqamətlərdə olan hərəkətlərə nisbətən daha çətindir. Çətin olduğundan az-az müşahidə olunan vəziyyətdir. Elə bu da onu həm fiziki, həm də sosial-fəlsəfi mənada fərqli edir və üzüyuxarı hərəkətə “yüksəklik” kimi məna bəxş edir. Müxtəlif sahələrdə uğur qazanan insana “yüksəldi” – deyirlər.

Yüksəklik çoxluqdan aralanmaqdır, çoxluqdan azlığa keçiddir.

Azlıqda isə təcridolma var. Təklik – azlıqdır, çoxluqdan təcridolmadır. Təklikdə uzunmüddət duruş mümkün deyil. Çünki yaradılan özünü digər yaranmışlarla əlaqədə “qurur” və bu qurulma nəticəsində tanıyaraq ifadə edir. Təklikdə bu “qurulma strukturu” pozulur. Ona görə də təklikdə sıxıntı, darıxma var, “özünüifadə” imkanı məhduddur. Bu mənada fiziki yüksəlmə bir aldanışdır, yalnız görüntüdür, əslində, tükənmə, azalmadır.

Yalnız idraka xas məziyyətdir “yüksəlmə”. Başqa bütün vəziyyətlərdə fiziki hərəkət olaraq hər an enişə hazırdır.

Eniş üzü aşağı hərəkətdir, yuvarlanmadır, daha dərinə – zülmətə istiqamətdir.

Fiziki yoxolmada üzüaşağı dartınma var, yerə doğru cəzbolunma var.

Quş ölümü – yer dartır onu özünə sarı.

Yarpaq ağacdan ayrıldı – üzüaşağı məhvə məhkumdur.

Yerdə daha çox “ölüm qoxusu” var. Bu səbəbdən hər bir yaranmışda üzüyuxarı hərəkətə - sıçrayışa, dırmaşmaya, uçuşa qeyri-ixtiyari meyil var.

Üzüyuxarı hərəkətdə daimilik gizlənir. Lakin hər bir yaranan fəzanın hansı nöqtəsində qərar tutmasından asılı olmayaraq varlıq və yoxluq arasındakı nazik pərdədən azad deyil. Yaranmış müəyyən məqamlarda müəyyən vasitələrlə yüksəkliyə nail olsa da, yüksəklikdə uzün müddət tab gətirməyə qadir deyil, enişə məhkumdur.

Yalnız idrakda baş verən sıçrayışlar enişə məhkum deyil. İdrakda baş verən yüksəliş dinamikdir, uzunmüddətli, bəzən də əbədi duruşa malikdir. Bu baxımdan yüksək idrakın yaratdığı, bəşəriyyətə bəxş etdikləri qərinələri adlaya bilir. İdrakın yüksəklik – şöhrət bəxş etdiyi varlıq isə fiziki yoxluğa məhkumdur. İdrakın büründüyü pərdədir cisim və hər an dartılmağa hazırdır.

İdrakınız işıqlı olsun!

Onu su pərisi sevirdi

(şeir)

O

çox güclü adam idi.

Məhv edə bilmirdi onu

nə ağır xəstəlik, nə xəyanət, nə də

tez-tez qarşılaşdığı biganəlik.

Harda, nədə məhv olmurdusa, elə o an, orada

yeni uğur çıxırdı qarşısına gözlənilmədən. Sığallayıb

uğurun başını, təbəssümlə ötüb gedirdi yanından:

“bütün yüksəlişlər enişə məhkum”

O

çox güclü adam idi. Məhv edə bilmirdi onu

yaşadığı cürbəcür bədbəxtlik – tez-tez rastına çıxan.

Qırılsa da içindən

təbəssümlə yola salır xəstəliyi, xəyanəti, biganəliyi,

gülə-gülə keçirdi hər dəfə yanından səadətin:

“xoşbəxtlik – astar üzüdür bədbəxtliyin”.

Bir dəfə

dəlicəsinə sevdalandı. Sevdi su pərisini. Əvvəlcə

su pərisi vurulmuşdu ona doğrusu; özü tapmışdı onu

tez-tez üz aldığı dəniz sahilində. Bir günsə ölümünə

sevdilər bir-birini dənizin qumlu sahilində. Bu, ilk və son

sevgisi oldu su pərisinin. Eynən ququşunun nəğməsi kimi.

Qəfil peyda olduğu kimi qəfil də yox oldu dəryada.

“Biz cəmi bir dəfə sevərik” – vida məktubunu

sahilə yollanan dalğalar pıçıltıyla çatdırırdı ona.

İllərlə dayandı o, dəniz sahilində üzündə təbəssüm:

“əsl sevgi – ayrılıqmış, sən demə”.

O

çox güclü adam idi.

Bir gün yenə də üzündə təbəssüm

uzanıb yerinə sakitcə yumdu gözlərini.

Öldü. Öldü gülümsəyə-gülümsəyə.

Öldü həyatında cəmi bir dəfə. Öldü…

Oldu. Olanlar oldu.

Nə omalıydısa o da oldu.

İndi arabir

dənizdən gözəl bir oğlan çıxıb gəlir

məzarının üstünə.

Dəniz adlı bu oğlan, deyirlər – oğludur

daim həyatın üzünə gülümsəyən adamın.

# 2541 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər