Kulis.az Aliyə Kərimzadənin “Error 400: Katerina” hekayəsini təqdim edir.
Kopenhagendən Funan adasına yola düşən gəmi limana çatıb dayandı. Qayğısız və xoşbəxt görünən sərnişinlər tələsmədən gəmini tərk edirdilər. Limana enən Katerina maşın icarəyə götürmək üçün limandan uzaqlaşan Rasmusun arxasınca narahat baxışlarla baxırdı. Keçib kiçik kafenin həyətində oturdu. Nə qədər xoşbəxt görünməyə çalışsa da ürəyinin dərinliklərində çox narahat idi. Həftə sonunu Rasmusun dostunun adanın lap ucqar yerində yerləşən malikanəsində keçirməyə raşılaşdığı üçün peşiman idi. Sanki pis hadisələr yaşanacaqmış kimi his edirdi.
Qısa zaman sonra Rasmus maşın ilə gəlib çıxdı. Katerina qırmızı rəng maşına baxıb Rasmusa gülümsədi. Maşın ona ilk görüşlərini xatırlatdı.
Katerinanın əksinə Rasmus bu sayahətdən çox məmnun və xoşbəxt görünürdü. Yol boyu maşın sürə-sürə mahnılar oxuyur, Katerinanı qucaqlayır və onu gözəl həfdə sonu keçirəcəklərinə inandırmağa çalışırdı.
-Katerina, əzizim bilirəm ki, ilk görüşdə dostlarımı elə də sevmədin. Amma inan mənə tanıdıqca sən də çox məmnun olacaqsan. Sarah da, Simon da çox yaxşı insanlardır, həyatımın bir çox çətin məqamlarında həmişə mənim yanımda olublar.
Katerina səssizcə Rasmusu dinləyir, razılıq olaraq zorla da olsa dodağında kiçik təbəssümlərlə xoşbəxt görünməyə çalışırdı. Rasmus bütün qəlbi ilə onu dostları ilə xoş vaxt keçirəcəklərinə ikna etməyə çalışsa da Katerina ruhunun dərinliklərində səbəbini özü də bilmədən Sarahdan xoşlanmırdı. O ilk görüşdən Sarahda ürküdücü bir şeylər olduğunu his etsə də bunu nə özünə, nə də Rasmusa etiraf edə bilmirdi.
Rasmus bir gözü yolda, bir gözü Katerinanın üzündə böyük həvəslə bu səyahətin ideal istirahət planı olduğuna qızı inandırmağa davam edirdi.
-Əzizim, sənə demişəm axı Simonun qardaşının bir neçə ay sonra sərgisi açılacaq. Sənin əl işlərini də sərgiləmək üçün bundan yaxşı fürsət ola bilməz.
Katerina Rasmusa gülümsəyib razılıqla başını yellədi.
Tanış olmaqlarından cəmi beş ay vaxt keçirdi. Keçən müddət ərzində hər şey ideal irəliləyirdi. Yolda nəqliyyat qəzası nəticəsində tanış olmaqları, ayağı sağalana kimi Rasmusun hər gün onun üçün xəstəxanaya gəlməsi, qısa zaman ərzində bir-birlərinə aşiq olub bir evdə yaşamağa başlamaları ilk baxışdan sadəcə bir təsadüf və onun doğurduğu xoş nəticələr idi.
Rasmus onun xəyallarındakı insan, həyatını birlikdə keçirmək istədiyi ideal tərəf müqabili idi. Həyatının geri qalan hissəsini Rasmussuz təsəvvür edə bilmirdi. Sanki bütün yaşamı boyu Rasmusla tanış olmaq, onu sevmək üçün nəfəs almışdı.
Hava artıq qaralırdı. Maşın hündür ağaclarla əhatələnmış, meşənin ortasında yerləşən böyük malikanəyə çatıb, açıq darvazadan içəri daxil oldu. Rasmus həyətdə maşını uyğun yer tapıb yerləşdirənə kimi Katerina Rasmusun təkidi ilə könülsüz də olsa maşından enib ətrafa boylanmağa başladı.
Malikanə doğurdan da böyük və gözəl idi. Hər tərəfinin ağaclarla əhatəli olması, böyük və kimsəsiz həyəti ilə biraz da əsrarəngiz görünürdü. Uzaqdan qulağına ləpədöyənlərin səsi gəlirdi. Deyəsən sahilə də yaxındır - deyə Katerina ürəyində düşündü.
Elə bu vaxt Simon əlində içki şüşəsi ilə malikanənin qapısında bəlirdi. Ardınca Sarah da qapıdan çıxıb qonaqları qarşılamaq üçün həyətə endi.
Xoş və mehriban qarşılamadan sonra qonaqlar evin qapısından içəri daxil olanda Sarahın Rasmusa gözaltı ədalı baxışları Katerinanın gözündən qaçmadı.
***
Malikanədə günlər olduqca darıxdırıcı və maraqsız keçirdi. Simon bütün gün əlində içki şüşəsi ilə harda gəldi sərxoş olub yuxuya qalır, ayıq olduğu zamanlarda isə atası öldükdən sonra ona qalan, atasının xərcləməyə qıymadığı mirası necə xərclədiyindən danışır, qumarda uduzduğu milyonlarla, eyş-işrətə xərclədiyi pullarla fəxr edirdi.
Onun mənasız bütün çərənləmələrinə maraqla qulaq asan Sarahla Rasmus isə fürsət düşən kimi gah mətbəxdə, gah həyətdə pıçıldaşır, Katerinaya heç nə his etdirməməyə çalışırdılar. Katerinanın malikanənin ətrafındakı meşədə gəzmək, birlikdə vaxt keçirmək, balıq tutmaq kimi təkliflərinə hər dəfə bir bəhanə ilə imtina edən Rasmus qızı görməzdən gəlir, Simon və Sarahın ətəyindən ayrılmırdı.
Sıxıntıdan özünə məşğuliyyət axtaran Katerina malikanənin arxa otaqlarında tapdığı köhnə, toz basmış kitabxananı maraqla süzüb cild rəngi xoşuna gələn bir neçə kitab seçdi. Keçib pəncərənin qarşısındakı oturacaqda oturdu. Elə bu vaxt gözü meşədən ağacların arasından çıxıb evə tərəf irəliləyən Sarah və Rasmusa sataşdı. Sarahın Rasmusun qoluna girib, bütün əndamını ona yapışdırması, Rasmusun da vəziyyətdən olduqca məmnun görünüşü Katerinanın ürəyində özünə belə etiraf edə bilmədiyi qısqanclıq hissini oyatmışdı. İndiyə kimi Sarahdan xoşlanmamağının, Sarahın bütün səmimiyyətinin ona saxta və riyakarcasına gəlməsinin səbəbi bəlkə də elə bu qısqanclıq idi.
Amma Rasmusa inamı və etimadı da tam idi. Rasmusun ona olan sevgisinə şübhə etmək istəmirdi. Bütün bu tərəddütləri yaşayan zaman sanki beyninin bir hissəsi də mühakimə yetənəyini önləməyə, ruhu göz qabağında olan bəzi şeyləri görməzdən gəlməyə zorlayırdı onu. Sanki bütün mənliyinə yazılmış hansısa gözə görünməz qüvvə onu Rasmusu sevdiyinə, Rasmusun da ona aşıq olduğuna inandırmağa çalışırdı. Başqa nə haqqındasa düşünməyə imkan vermirdi. İndi bircə anlıq da olsa bütün mənliyinə qarşı gəlib Rasmusdan şübhə etdiyi üçün özünü günah işləmiş kimi his edirdi.
Beynini yersiz düşüncələrdən azad edib əlindəki kitablardan birini vərəqləməyə başladı. İndi Sarah və Rasmusun qısqandıran qəhqəhələri mətbəxdən gəlirdi. Katerina qulaqlarına inana bilmirdi. Rasmus onun üçün oxuduğu mahnını indi də Sarah üçün zümzümə edirdi.
Kitabı kənara atıb pəncərənin önünə keçdi. Dünən axşam sahildəki qayalıqlarda gəzərkən sərxoş Simonla olan söhbəti yadına düşdü.
-Əziz Katerina, siz də burdasız ki..Heç anlamıram Rasmus nə üçün oyuncağını gözündən bu qədər uzağa qoyur. Bu qayalıqlar olduqca təhlükəlidir.
-Simon siz sərxoşsunuz. Amma yenə də qadınlara qarşı bu mövqeyiniz heç xoş deyil.
-Mən sərxoş ola bilərəm əzizim, sən isə həm kar, həm də korsan.
-Mən sizin qonağınızam Simon, eyni zamanda xanımam. Siz mənimlə belə kobud danışmamalısınız.
-Katerina, siz mənim qonağım deyilsiniz, Sarahın qonağısınız. Daha doğrusu Rasmus Sarahın qonağıdır. Biz isə burada olmaması gərəkən iki lazımsız şahmat fiquruyuq sadəcə...
-Simon, siz sərxoşsunuz, gəlin, sizə kömək edim. Bəlkə Sarahı çağırım, hə?
-Sarah.. Sarah... O indi daha vacib işlərlə məşğuldur. Mənə ayıracaq vaxtı olduğunu düşünmürəm.
-Sarah sizi sevir, Simon. Eynilə Rasmus məni sevdiyi kimi.
- Əziz Katerina, bəzən həqiqətlər göz qabağında olur. Bəzən isə həqiqətin göz önündə olmaması onun həqiqət olduğu gerçəyini dəyişdirmir.
-Mən heç nə anlamıram, Simon.
-Bəlkə də sizi ecaskar edən də elə budur, əzizim - əlini qızın yanaqlarında,saçlarında gəzdirməyə başladı.
Qız dartınıb geri çəkildi, Simonun əlini geri itələyib oturduğu daşın üstündən ayağa durdu.
-Mən artıq gedim, Rasmus narahat qalar. Siz də artıq içməyin.
-Özünüzü bu qədər dəyərsiz görməyin Katerina. Sizin sədaqətiniz, kor-koranə və təmannasız sevginiz ağıllı kişi üçün çox dəyərli olmalıdır.
Çox heyf ki, Rasmus sizin dəyərinizi anlamır. O onun olmayan başqa oyuncaqlara həvəs edir.
Katerina sahildən malikanəyə kimi yol boyunca Simonun dedikləri haqqında düşünməməyə çalışdı. Hətta görünməz bir qüvvə onun dediklərini unutsun deyə beyninə təziqlər belə göstərdi.
***
Artıq bir neçə dəqiqədir ki, güzgünün önündə dayanıb arxada, çarpayıda telefon ilə qurdalanan Rasmusu izləyirdi. Katerina evə qayıtmaq, tətili yarımçıq qoymaq istəyini Rasmusa necə dilə gətirəcəyini bilmir, bayaqdan kəlimələr seçməyə çalışırdı.
Keçib çarpayıda Rasmusla üzbəüz əyləşdi. Əllərini ehtirasla Rasmusun saçlarında, dodaqlarında gəzdirməyə başladı. Pişik kimi qıvrılıb oğlanın enli sinəsinə sığındı. Rasmus soyuqqanlıqla qızı geri itələdi.
-Əzizim, gecdir, artıq yatmalıyıq - Katerinanın küskün və təəccüblənmiş gözlərini görməzdən gələrək davam etdi - Sarah adada şəlalə olduğunu dedi. Sabah sübh tezdən oyanmalıyıq. Şəlaləyə gedib qayıtmaq bütün günümüzü alacaq, istirahət etməliyik.
-Rasmus, mən evə qayıtmaq istəyirəm - artıq Rasmusun etinasız davranışlarına dözə bilməyən Katerina bir-bir ehtiyatla seçdiyi cümlələri bir kənara qoyub bir başa mövzuya keçdi.
-Sən nə danışırsan, Katerina? Axı hər şey əladır, qayıtmaq nə üçün?
-Xeyr, Rasmus, heç nə əla deyil, ya da sənin üçün əladır. Mən burda çox darıxıram və özümü burda artıq his edirəm.
Rasmus heyrət içində idi. O Katerinadan belə bir mühakimə, ona qarşı gəlmə bacarığı gözləmirdi. Qız onu sanki heyrətləndirmişdi, açıqcası biraz da qorxutmuşdu.
-Katerina, mən bura sənin üçün gəlmişəm, sən xoş istirahət keçirəsən deyə.
-Amma yanılmısan Rasmus, mən burda xoşbəxt deyiləm. Evimizə qayıtmaq istəyirəm. Axı o kiçik evdə biz hamıdan uzaqda daha xoşbəxtik. Bu dəbdəbə, bu ucuz insanlar bizim üçün deyil.
Rasmus ehtiyatla qıza yaxınlaşıb onu sinəsinə sıxdı
-Gecdir, əzizim. Yatıb dincəlməlisən, əminəm ki, sabah bu fikirdə olmayacaqsan. Hətta bu danışdıqlarımızı da xatırlamayacaqsan.
Katerinanın gözləri yumuldu, sanki anidən ruhuna qaranlıq və boşluq çökdü.
***
Üzərinə çökən qaranlıq ətəyini yavaş-yavaş qızın üzərindən qaldıranda özünün mətbəxlə yataq otaqlarının arasındakı dəhlizdə olduğunu anladı. Nə baş verdiyini anlamadan sağa-sola boylanıb nə üçün yatağında deyil də, dəhlizdə olduğunu anlamağa çalışırdı. Amma heç nə xatırlamadı.
Mətbəxin aralı qalmış qapısından dəhlizə sızan kiçik işıqda birtəhər yataq otağına tərəf istiqamətlənmək istəyirdi ki, sürüşüb arxası üstə yerə yıxıldı. Əlində sivri uclu, nə olduğunu anlamadığı şey ombasına batdı. Katerina yerdə acılar içində qıvrılıb Rasmusu səsləməyə başladı. Amma qaranlıqda səsinə səs verən yox idi. Bir təhər ayağa qalxmağa çalışsa da, yerdə sürüşkən nələrsə var idi, ayağa qalxmağa imkan vermirdi. Divardan tutub dikəldi, əlini divarda gəzdirib elektrik düyməsini sıxdı. Dəhlizin işıqlanmasıyla Katerina dəhlizdəki qorxunc mənzərə ilə üzbəüz qaldı.
Dəhlizin divarları, döşəməsi qan içində idi. Bayaq əlindən düşən sivri uclu bıçaq divarın kənarında idi. Ucu qanlı bıçağı görəndə Katerinanın əti ürpərdi.
Qan izləri döşəmə boyu hamama uzanırdı. Katerina tərəddütlə hamama tərəf süründü, itələyib yarıaçıq qapını açdı. Gözlərinə inana bilmədi. Simon qanlar içində hamam vannasında uzanmışdı. Qanı vannanın içində gölmələnmişdi. Bütün döşəmə, vannanın kənarları, yarıçılpaq Simonun bütün bədəni qan içində idi. Katerina vahimə içində qışqırıb fəryad etməyə başladı.
Elə bu vaxt Sarahla Rasmus dəhlizdə peyda oldu. Sarah özünü vannada qanlar içində uzanmış Simonun üstünə atdı. Rasmus divarın dibində titrəyən Katerinanı ayağa qaldırıb oradan uzaqlaşdırdı. Yenə qızın üzərinə qaranlıq çökdü.
***
Özünə gələndə bu dəfə böyük zaldakı divanda oturmuşdu. Rasmus qarşısında diz çöküb çarəsiz baxışlarla qıza baxırdı.
-Katerina, sən neylədin? Axı nə üçün?
-Sən nə danışırsan, Rasmus?- təəccüblə gah Rasmusa, gah da kresloda dinməz oturan Saraha baxdı. Gördüklərinin sadəcə pis yuxu olduğuna inanmaq istəyirdi ki, gözü sarğı bezi ilə sarılmış baldırına sataşdı.
Heyrətlə bərəlmiş gözlərini Rasmusa dikdi. O yuxu görməmişdi, xatırladıqları həqiqətən yaşanmışdı. Əllərini, üst-başını qan içində görəndə təkrar titrəməyə başladı.
-Katerina, sən niyə belə elədin axı, nə üçün Simonu öldürdün?
-Xeyr.. Xeyr.. Əzizim, sən nə danışırsan?- Katerina vahiməylə qışqırmağa başladı - mən...mən onu öldürməmişəm. Bilirsən, mən onu elə hamamda o vəziyyətdə tapdım. Heç bilmirəm ora nə üçün getdim. Yox, mən öldürməmişəm, bilmirəm, xatırlamıram...- qız dəhşət içində başını əlləri ilə tutub çaş-baş qalmışdı.
-Rasmus... Rasmus... bəlkə də ölməyib, hə? Sən...sən yoxlamısan? Bəlkə də yaşayır, hə?
Rasmus sakitcə başını yellədi.
-Yox, Rasmus... yox – Katerina ağlamağa başladı- Mən öldürməmişəm, mənə inanmalısan. Axı sən mənə inanırsan düzdür, hə?
-Katerina, sakit ol, eşidirsən məni, sakit ol. Sən onu öldürmüsən. Bəlkə də o sərxoş olub səni öldürmək istəyib – başı ilə qızın yaralı ayağını işarə elədi.
-Yox, yox, Rasmus mən sürüşüb yıxıldım, deyəsən bıçaq ayağıma batdı. Bıçaq... o mənim əlimdə idi - çarəsizcə Rasmusa baxdı – Rasmus, mən bunu edə bilmərəm, etmərəm. Bu necə ola bilər axı? – yenə titrəyə-titrəyə ağlamağa başladı.
-Katerina, əzizim, sən onu öldürmüsən, bu danılmazdır. Ortada cəsəd var. İndi biz neyləməliyik, neyləyə bilərik onu düşünməliyik.
-Yox.. yox əzizim, mən qatil deyiləm.. qatil deyiləm - qışqıraraq ağlamağa başladı.
Rasmus qızı qanlı əllərindən tutub qucaqladı, sakitləşdirməyə başladı. Yenə ətrafa qaranlıq çökdü.
***
Bu dəfə Sarahla Rasmusun mübahisə səsləri onu özünə gətirdi. Gözlərini açanda yataq otağında çarpayıda uzanmışdı. Onların qaldığı otaqla üzbəüz dəhlizin o biri tərəfində Sarahla Simonun yataq otağında Sarah və Rasmus yüksək səslə mübahisə edirdirlər. Katerina sakitcə yataq otağından dəhlizə boylandı. Daha sonra gözlərini yumub dəhlizdəki qanları görməmək üçün əlləri ilə divardan tuta –tuta Sarahın yataq otağına yaxınlaşdı. Ehmalca qapıdan içəri boylandı.
-Sarah, sənə inana bilmirəm. Məni bu seyfin pul və yaqut dolu olduğuna inandırdın. Axx... axmaq başım...yəni hər şey buna görə idimi...
-Əzizim, Rasmus, sərxoş axmaq pulu su kimi xərcləyirdi, özün bilirsən axı.
-Sarah, görürsən bunu, hə görürsən? – seyfin içindəki bir neçə pul bağlamasını və silahı əlləri ilə yuxarı qaldırıb hiddətlə Saraha bağırdı - Yəni bütün bu aylar ərzindəki hazırlıq, bütün bu əziyyətlər buna görə idi?
-Sərxoş itoğlu – Sarah Simonun arxasınca deyindi.
-Hamısının bu olduğuna əminsən? Bəlkə hardasa yenə var?
-Bilmirəm, yəni əmin deyiləm – Sarah pərt halda başını aşağı saldı - pulları həmişə bura qoyurdu. Amma daha çox olduğuna əminəm. Rasmus, mənə inanmalısan.
Katerina nə baş verdiyini anlamaqda çətinlik çəkirdi. Evin divarları qan içində idi, hamamda bir cəsəd uzanmışdı, amma Simonun həyatının eşqi ilə ən yaxın dostu onun yataq otağında seyfdən çıxan pulun azlığından şikayət edirdilər.
Elə bu vaxt Rasmus otaqdakı böyük güzgüdə qapıdan onlara boylanan Katerinanın əksini gördü. Tələsik qapıya yaxınlaşıb qızı oradan uzaqlaşdırmağa çalışdı.
-Katerina, sən burda neyləyirsən? Uzanmalı və dincəlməlisən.
-Rasmus, mən nələr olduğunu anlamıram.
-Əzizim, sənin anlamağın önəmli deyil, qorxma mən hər şeyi həl edəcəm.
Qızı gətirib salonda divanda əyləşdirdi. Qəzəbli görünən Sarah onların arxasınca otağa daxil oldu.
-Rasmus, bəsdir daha, oyuncağının nazı ilə oynadın, hər şeyi ona anlatmalısan.
-Bilirəm Sarah, sən bu işə qarışma, mən özüm həl edəcəm.
-Nə vaxtdan bu qız sənin üçün önəmli olub axı, hə? Onun həyat qayəsinin nə olduğunu unutmusan? – qəzəblə Rasmusu acıladı.
-Sarah, qısqanclığın vaxtı deyil.
-Hahaha.. Sarah kinayə qarışıq qəzəblə qəhqəhə çəkdi –Qısqanmaq? Bunu deyirsən? - əli ilə Katerinanı göstərdi – bu oyuncağı qısqanacam mən?
-Əzizim, – Rasmus ayağa qalxıb Sarahı nəvazişlə qucaqladı – sənin əsəblərin korlanıb bilirəm. Amma biraz da səbirli ol, hər şeyin bitməsinə lap az qalıb, hər şey planladığımız kimi irəliləyir.
-Rasmus, nələr baş verir sən mənə anlatacaqsan? – Katerina çaş-baş qalmış gözlərlə gah Rasmusu, gah da Sarahı süzürdü.
Sarah keçib qızla üzbəüz dayandı.
– Ay axmaq, sən hələ də anlamadın?- ədalı baxışlarla Rasmusu süzüb düz qızın gözlərinin içinə baxdı – o mənimdir, həmişə də mənim olub.
undan sonra da mənim olacaq. Sən sadəcə Simonu öldürmək üçün alınmış dəmir oyuncaqsan.
Katerina sual dolu gözlərini Rasmusa dikdi. Rasmus xəcalət çəkirmişcəsinə gəlib qızın yanında əyləşdi
-Katerina, sənə nəyi necə izah edim həqiqətən bilmirəm. Nəticədə neçə aydır birlikdə gözəl vaxt keçirmişik.
-Məni cin atına mindirmə, Rasmus. Gözəl vaxt keçirmişik nə deməkdir? – Sarah yenə hiddətləndi.
Şığıyıb divanda əyləşən qızı saçlarından tutub yerə fırlatdı. Katerina bunu gözləmirdi, dizləri üstə döşəməyə düşən qız ayağa qalxmağa macal tapmamış Sarah qızın sinəsi üstündə oturub saçını yolmağa, üz-gözünü cırmağa başladı. Katerina nə ilə üz-üzə olduğunu anlamadan qışqırır, bir yandan da Saraha qarşılıq verməyə çalışırdı. Rasmus Sarahı bir təhər qızdan ayırıb Katerinanı ayağa qaldırdı. Bu dəfə hiddətlənmış Katerina Rasmusun üzərinə atılıb onun üz-gözünün cırmağa başladı. Sarah cəld Rasmusun telefonunu götürüb qurdalamağa başladı. Yenə Katerinanın gözlərinə qaranlıq çökdü.
***
Bu dəfə gözünü açanda özünü tozlu kitabxanada gördü. Əl-qolu, ayaqları stula bağlanmış, Rasmus və Sarah qapıdan ona baxırdılar. Qızın özünə gəldiyini görən Rasmus telefonu köhnə kitab rəfinin üstünə qoyub qıza yaxınlaşdı. Katerina durmadan qışqırır, gah Rasmusa yalvarır, gah da təhqiramiz ifadələr işlədərək əllərinin açılmasını tələb edirdi.
-Katerina, qorxma, sənə hər şeyi izah edəcəm, sonra əllərini açacam və səni azad buraxacam.
-Rasmus, anlamıram məndən nə istəyirsiz? Axı bu mənəm, sənin sevimli Katerinan. Yalvarıram burax məni, razıyam polis çağırın, mən etdiyimin cəzasına razıyam.
O artıq etdiyinə əmin olmadığı cinayəti qəbullənmiş, Rasmus və Sarahın gizli planından xəbərsiz onlardan qorxmağa başlamışdı. İndi bu gözdən uzaq malikanədə tozlu kitabların içində əli-qolu bağlı qalmaqdansa polislərə cinayət etiraf etməyə hazır idi.
-Heç kim səni həbs etməyəcək, Katerina. Buna haqları yoxdu. Narahat olma, mən bunu bir xəta kimi qələmə verəcəm, mən hər şeyi planlamışam.
-Rasmus, hamamda bir cəsəd var, evin hər yanı qan içindədir. Xəta nə deməkdir? Buna kim inanar?
-Katerina sənin bütün bunları anlamaman çox normaldır. Sən Simonu öldürmüsən. Amma nə yaxşı ki, robotlar üçün cəza qanunu yoxdur. Sənin bu cinayəti xəta nəticəsində törətdiyini bildirəcəm.
Katerina lap məəttəl qalmışdı. Robotların cəza qanununun onunla nə əlaqəsi var axı.
Qapının ağzında dayanan Sarahın qırmızı dodaqları Katerinaya doğru nazik bir təbəssümlə büzüldü. O içəri daxil olmadı. Elə bil öz varlığı ilə otağı kifayət qədər daraltmışdı.
-Sən hələ də onun sözlərinə inanırsan?
Sarahın səsi pıçıltı idi amma bıçaq kimi kəsirdi.
Katerinanın səsi titrəyirdi – qorxudan yox, anlaşılmaz bir hisdən.
-Rasmus məni sevir...
Sarah gülümsədi. Gülümsəməsində acılı xatirələr və qürurlu yalanlar vardı.
-O səni sevməyib... o səni alıb.
Katerina geri çəkildi, sanki bu sözlər divara çırpılmışdı. Sarah ona yaxınlaşdı. Onun parfumu kəskin buz kimi Katerinanın zehnini dondurdu.
-Səni kodlamışıq Katerina. Sən elə zəncirlənmisən ki, zəncirlərini sevgi hesab edirsən. Hələ də anlamadın ay axmaq? Sən robotsan.. robot.
-Sən nə danışırsan Sarah mən insanam. Belə zarafat olar? Axı siz məndən nə istəyirsiz? Mən də sənin kimi, Rasmus kimi adi insanam.
Sual dolu gözləri Rasmusa çevrildi. Sanki onu təsdiqləsin deyə gözləri ilə yalvardı. Rasmus sakitcə başını yelləyib gözlərini ondan qaçırdı. Katerina var gücü ilə çırpınmağa, qışqırmağa başladı.
Yenə hər yerə qaranlıq çökdü.
***
Təkrar gözlərini açanda hələ də köhnə kitabxanada əlləri stula bağlı şəkildə otururdu. Rasmus qızın əlini əllərinin içinə alıb biləyindəki “1211” yazısını göstərdi.
-Bunu görürsən? Bilirsən bu nədir?
-Əlbəttə bilirəm - yorğun və tükənmiş Katerina zəif səslə zarıdı - bizim tanış olduğumuz tarixdir.
Rasmus başını yelləyib gülümsədi.
-Xeyr əziz Katerina, bu sənin seriyandır - Model 1211
-Rasmus bu dəlilikdir. Yəni sən buna inanırsan? Əzizim, bax mənə, bu mənəm sənin sevgilin, Katerinan.
-Katerina, sən sadəcə məni sevmək üçün proqramlanmış robotsan. Daha doğrusu sevmək yox, sevdiyini zənn etmək üçün proqramlanmısan.
-Xeyr xeyr əzizim.. ola bilməz.. Tanış olduğumuz günü xatırla. Sən öz qırmızı maşının ilə az qala məni əzəcəkdin.
-Elə hadisə yaşanmayıb, Katerina. Bu sadəcə sənin hafizənə yerləşdirilmiş simulyasıyadır.
-Bəs səndən öncəki həyatım? Ona nə deyəcəksən, hə? Rəsm fakultəsində oxumağım, çəkdiyim rəsmlərim? Səndən öncə yaşadıqlarım?
-Sən bunların heç birini yaşamamısan, Katerina. Mən səni şirkətdən xüsusi sifariş ilə almışam. Onlar sənin hafizənə, təxəyyülünə mən nə istəmişəmsə sadəcə onu yerləşdiriblər. Yəni sən mənim olmanı istədiyim kimi istehsal olunmusan.
Katerina eşitdikləri qarşısında heyrətə düşsə də Rasmusun heç bir kəliməsinə inanmırdı. O bütün varlığı və mənliyi ilə insan idi, buna şübhə belə etmirdi. Sükut uzanmışdı. Otaqda təkcə saatın tıqqıltısı vardı. Rasmus pəncərəyə tərəf boylandı. Gözlərini Katerinadan qaçırırıdı.
-Rasmus, mən sənə inanmıram.
Rasmus susdu. Barmaqları qədəhlə oynayırdı. Şərab qırmızı olsa da, onun gözlərində soyuq, rəngsiz bir susqunluq vardı.
-Sən mənimçün çox şey idin, Rasmus. Amma indi...nəsə dəyişib. Mən his edirəm. Mən his edirəmsə, bu nə deməkdir?Rasmus yavaşca nəfəs aldı, dodaqları arasında bir cümlə süzüldü. Elə bil özü də onu eşitmək istəmirdi.
-Sən... bir dizaynsan, Katerina. Kodlaşdırılmış bir duyğular yığımı. Sən real deyilsən.
Katerina diskindi, sanki sinəsinə daş basıldı.
-Mən real deyiləm? Bəs onda ürəyimdəki bu sızı nədir? Bu qorxu? Bu... sevgi?
-Hamısı simulyasiyadır. Alqoritmlər, reaksiyalar.
Katerina geri çəkildi, dodaqları titrədi, gözlərində su yığılmışdı amma axmırdı, axa bilməzdi. Amma içindəki boşluq qatılaşırdı.
-Bəs sən? Sən mənə toxunanda, gözlərimə baxanda... bunların heç biri sənə aid deyildi?
-Mən sənə bir dünya yaratdım...
-Yalanlarla dolu saxta bir dünya...
Rasmus başını qaldırıb Katerinaın üzünə baxdı. Amma o baxışlarda artıq başqa biri var idi, ya da əslində həmişə var olan, aylardır yalanlardan masqa taxmış biri. Rasmus qədəhi masaya qoydu, sakitcə otaqdan çıxdı .Katerina qaranlıqla baş-başa qaldı.
Rasmusun qızla danışmağını belə qısqanan Sarah kitab rəfindəki yarımçıq viskini götürüb qıza yaxınlaşdı. Stula bağlanmış qolunun birini açıb – uzat - deyə qışqırdı. Katerina heç nə anlamadan itaətkarcasına qolunu irəli uzatdı. Sarah bir anda viskini qızın qoluna boşaldıb damağındakı siqarı qızın qoluna atdı. Katerinanın qolunu alov bürüdü. Qız qorxu içində bağırıb, çırpınmağa başladı. Sarah qızın çənəsindən tutub qızın qorxudan bərəlmiş gözləriniə baxdı.
-Sən ağrı his etmirsən, axmaq. Sən dəmir parçasısan, sənin həqiqi hislərin yoxdur.
Katerina sanki yuxudan ayıldı. Həqiqətən də ağrı his etmirdi. Bu sanki sadəcə qorxu və ya qorunma içgüdüsü idi. İlk öncə qolunda dözülməz bir acı his etsə də, sanki o acıya təslim olunca artıq heçnə his etmirdi. Tək his etdiyi ətrafa yayılan yanıq ət qoxusu idi.
Səs-küyü eşidib otağa geri qayıdan Rasmus üzərindəki köynəyi çıxarıb qızın alov almış qoluna bükdü. Birtəhər alovu söndürüb qəzəblə Sarahı süzdü. Köynək sivrilib qızın qolundan düşdü. Dərisi yanmış, ərimiş dəmir qol qarşısında Katerinanın nitqi tutuldu.
***
Rasmusun şirkətə zəng edib 1211 nömrəli modelin xəta verdiyini, bilərəkdən bir insana zərər vurduğunu məsul şəxslərə bildirməsinin üstündən təxmini saat yarım vaxt keçirdi. Rasmus və Sarah mətbəxdə nə isə pıçıldaşırdı. Katerina sakitcə kitabxanada oturub dəmir qoluna baxır, barmaqlarını yumduqca qıcırdayan dəmir səsləri əsəblərinə toxunurdu. O bütün yaşananların pis bir yuxu olduğuna inanmaq istəyir, tezliklə bu kabusun bitməyinə , yenə kiçik amma xoşbəxt olduqları evdə Rasmusun qollarında oyanacağına ümid edirdi.
Həyətdə siqnal səsi eşidildi. Rasmus tələsik həyətə qaçdı. Çox keçmədən yanında iki nəfərlə geri qayıtdı. İndi hamısı qonaq otağında olduğundan Katerina olduğu yerdən onların səsini eşidirdi.
-Cənab Daniel, mən məhsulu beş aydır təhvil almışam. Düzü bu vaxt ərzində heç bir problem yaşanmamışdır. İndi isə biz dərin hüzn və kədər içərisindəyik.
-Cənab, bilirsiz ki, bizim şirkət çox profilli robotlar istehsal edir. Bu sifarişçinin istəyindən asılıdır. Sizin robooot...- əlindəki komputerdə qurdalanıb nəsə axtarmağa başladı.
-1211 – Rasmus tələsik iri cüssəli, yekəqarın Danielin axtarışını yarıda qoydu - model 1211.
-Həə 1211.. Sizin istəyinizlə model mühakimə və analiz qabiliyyəti qıt, sadiq, sevgi dolu biraz daaa.. saf, bəli, bəli saf istehsal edilib.
-Saf yox, Daniel, axmaq – bayaqdan kənarda səssiz qalan şirkətin digər təmsilçisi Ben söhbətə qarışdı. Bayaqdan əlindəki dizüstü komputerdə modeli araşdıran Ben gözaltı Rasmusu süzüb – cənab, biz modeli sizin istəyiniz ilə necə deyərlər axmaq istehsal etmişik. Bəli, bəli, axmaq – o öz dediyini əminliklə təsdiqlədi. Bayaqdan sizin sifariş blankınıza baxıram – başı ilə komputeri işarə etdi. Üzürlü hesab edin amma tələb siyahınıza göz atanda robotunuza başqa ad vermək mümkün deyil. Yəni robotunuz sizin dediyiniz kimi kimisə öldürmək bir yana, heç xəsarət belə yetirə bilməz.
Rasmus belə reaksiya gözləmirdi. Acıqcası biraz pərt olmuşdu.
-Bilirsiniz cənab, hər şey göz önündədir - əli ilə hamam otağını işarə elədi. Zəhmət olmasa keçin baxın. Mənim əziz dostumun cəsədi ordadır. Sizin məhsul nəinki onun canına qıyıb, baxın bu qadına- Sarahı işarə edir – onun da həyatını məhv elədi. Sarah roluna hazır aktrisalar kimi çıxışın bu yerində dərindən hönkürdü. Hələ mən özümü demirəm, vicdan əzabından yəqin ki, mən də çox yaşamaram- dizləri üstə çöküb ağlamağa başladı.
Ben yenə sakit və soyuqqanlı şəkildə ətrafa göz gəzdirməyə davam edirdi. Daniel ayaqlarını sürüyə-sürüyə hamama keçdi, tez də geri qayıdıb divarın kənarında dayanmış Benə yaxınlaşdı. İkisi bir neçə dəqiqə pıçıldaşdılar. Sarah və Rasmus girdikləri roldan çıxmadan gözaltı onları izləyirdilər.
-Cənab Rasmus – Daniel nəhayət Bendən uzaqlaşıb Rasmusa yaxınlaşdı. Nadirən də olsa bizim məhsullarda xəta olduğunu inkar edə bilmərik. Amma siz də qəbul edin ki, bizi günahlandırdığınız mövzu çox ciddidir.
-Haqlısınız cənab Daniel, inanın ki, biz də hadisə qarşısında çaş-baş qalmışıq.
-Narahat olmayın, biz problemin həlli üçün burdayıq.
-Sizdən bunu az da olsa bizə təsəllidir.
-Zəhmət olmasa bizi model 1211 ilə görüşdürün.
-Bunun heç də yaxşı fikir olduğuna əmin deyiləm cənab. Hazırda o psixoloji olaraq heç də yaxşı vəziyyətdə deyil.
-Necə yəni?
-Bilirsiz o qətl hadisəsini törətdikdən sonra intihar etməyə çalışıb.
-Ola bilməz – Ben yenə söhbətə qarışdı. Sizin robot modeli üçün intihar bilinən anlayış deyil.
-Amma edib – Rasmus səsini qaldırdı. Düzdür mən onu xilas etdim, amma onun qolunda yanıqlar əmələ gəlib və o dəmir orqanlarını görüb.
-Necə yəni? Siz ona robot olduğunu demisiz? - Daniel hiddətləndi. Cənab Rasmus, siz modeli sifariş verərkən şirkətlə müqavilə bağlamısız. Siz ona robot olmağı haqqında heç bir kəlimə də deməli deyildiz. Fors-major hallarda belə robotun yenidən başlatma və ya ümumiyyətlə söndürmə funksiyası var.
-Bilirəm cənablar, bilirəm. Amma hadisə çox ani baş verdi və biz olanların qarşısına keçə bilmədik – Rasmus təəssüflə başını yellədi.
-Siz müqavilə şərtlərini pozmusuz cənab- qəzəblənmiş Daniel üzünü Benə çevirdi- Ben, zəhmət olmasa polisə də məlumat ver.
-Cənab Daniel, polisə biz özümüz məlumat verəcəyik. Sadəcə istədik ki, birinci siz özünüz dəyərləndirmə edəsiniz, xətanın nədən qaynaqlandığını təyin edəsiniz.
-Cənab Rasmus, siz polisə gecikmədən məlumat verin.Biz isə sizin robotu şirkətə aparmalıyıq.
-Cənab, düşünürəm ki, siz polislərə təqdim edilməsi üçün xəta aktını elə burda da imzalaya bilərsiniz - Rasmus panik halda Danielə yaxınlaşdı.
Axı o, hər şeyi planlamışdı. Müqavilə şərtlərini, şirkətin məhsullarında indiyə kimi yaşanmış xətaları, hadisələrin gedişatını bir-bir araşdırmışdı. Bircə axmaq Sarah qızın qolunu yandırmasaydı. Beləcə müqavilə şərtlərini pozduğunu, robot olduğunu Katerinaya dediklərini gizlədə bilərdi. Qəzəblə divanda oturmuş Sarahı süzüb yekəqarın Danieli dilə tutmağa çalışdı.
-Cənab Daniel, biz onsuzda kədər içindəyik. Mən əminəm ki, siz bizi daha da üzmək istəməzsiz. Elə indi xəta aktına qol çəksəz polislə başımız ağrımaz.
-Cənab Rasmus, cinayət ciddi günahlandırmadır və bu bütün şirkətimizə mənfi imic formalaşdıra bilər. Mən sadəcə faktlara baxaraq akta imza edə bilmərəm. Modelin qara qutusuna baxış keçirilməsi üçün bizim əməkdaşlar onu şirkətə geri aparmağımızı istəyirlər.
-Qara qutu? – Rasmusun gözləri bərəldi.
-Bəli cənab, biz ona qara qutu yerləşdirmişik. Modelin hafisəzi və xatirələri kodlanaraq orda saxlanılır.
Rasmusun artıq əlləri əsir, dili topuq vururdu. Artıq işin gedişatı dəyişmişdi. Plan onun nəzarətindən çıxırdı.
Elə bu vaxt arxadan atəş səsi eşidildi. Rasmus diksinib geri çevrildi. Sarah qonaq otağının qapısının kandarında dayanmışdı. Əlində tutuduğu vinçester markalı silahın ucundan tüstü çıxırdı. Atəşin zərbəsi ilə müvazinətini itirən Ben anidən dizləri üstə çökdü, xırıldamağa başladı və vinçester gülləsinin kürəyində açdığı deşikdən mavi rəng maye axmağa başladı. Döşəməyə uzanıb hərəkətsiz qaldı. Həmkarının robot olmasından xəbərsiz olan Daniel Benin döşəməyə yıxılması ilə ona tuşlanan vinçesterdən qaçmaq üçün dəhşət içində qonaq otağının o biri qapısından dəhlizə qaçmaq üçün istiqamətləndi. Bu vaxt Sarah vinçesteri növbəti dəfə atəşlədi. Daniel kürəyinin ortasında əvvəlcə qızmar atəş, arxasınca da dəhşətli ağrı his etdi. Başı hərləndi, gözləri qaraldı, bütün gücü ilə özünü dəhlizə dartmağa çalışdı amma çox gec idi. Kökündən baltalanmış ağac kimi tir-tap otağın ortasına yıxıldı. Hər şey bir neçə saniyədə baş verdi.
Sarahın gözü dönmüşdü. O aylardır sərxoş Simona vəfalı sevgili rolu oynadığı hər gün bu günün xəyalını qurmuşdu. Nəhayət ki, bu əzab bitəcəkdi, əyyaş, içki qoxan Simonun nəfəsi kəsiləcək və Sarah ona dözməli olduğu hər günün mükafatı olaraq seyfdəki pulları da götürüb həyatının “lalə dövrü”nə başlayacaqdı. Bütün çəkdiyi əziyyətlərə bonus olaraq yaraşıqlı Rasmus da onun olacaqdı. İndi aylardır hazırladıqları bu planı iki işgüzarın pozmağına əlbəttə razı ola bilməzdi.
Rasmus olanlarn şokunu atlatmağa macal tapmamış Sarah əlində benzin butulkası ilə həyətdə dayanmış şirkət maşınına tərəf qaçmağa başladı. Rasmus özünü ələ alıb Sarahın arxasınca həyətə qaçdı.
***
Kitabxanada hər şey səssiz idi. Yalnız uzaqdan gələn zəif ildırım şaqqıltısı eşidilirdi. Katerina stula bağlı, üzərindəki yanıq izləri ilə titrəyir, gözlərini boşluğa zilləmişdi. Əli-qolu bağlı olsa da, içində qəribə bir səssizlik vardı – bu, qorxu deyil, qopmaqda olan bir zəncirin əvvəlki susqunluğu idi.
Qapı tıqqıltı ilə aralandı. Gözlərinə inana bilmədi: Ben, dizləri üstündə, sürünərək içəri daxil oldu. Bədəni yarılmışdı, metal parçaları arasından mavi maye süzülürdü. Amma gözləri – hə, gözləri hələ canlı və təmkinli idi. O, mexaniki lakin heyranedici bir səbir ilə Katerinaya yaxınlaşdı.
Katerina qorxmadı. Qorxmaq yerinə baxırdı. Sanki özü-özünə “bu nədir?” deyirdi.
Benin barmağından çıxan lazer qızın stula balandığı ipi kəsdi. Sonra o biri əli ilə qızın ağzını azad etdi. Katerina nəfəs aldı. Amma bu nəfəs sadəcə hava almaq deyildi – sanki boğulmaqdan xilas olmaq idi.
Ben zərifliklə, mexaniki dəqiqliklə qızın köynəyini bir az qaldırdı və göbək nahiyəsinə öz qarnından çıxartdığı soxulcanvari bir kabel bağladı. Katerina sakitcə dayanmışdı. Sanki bu məxluqun ona zərər yetirməyəcəyini artıq his etmişdi.
Sadəcə gözlərini yumdu. Qarnına yayılan enerji dalğaları onun beynini doldurmağa başladı. Bir-birinə toxunan ulduzlar kimi xatirələr parladı: Rasmusun baxışları, Sarahın qəhqəhəsi, göy üzündəki qaranlıq.
Sağ döşünün üstündə qızmar dəmir yapışıbmış kimi ağrı his etdi. Tez köynəyinin yaxasını kənara çəkib döşünün üstündə dörd rəqəmli nömrə əmələ gəldiyini gördü. Bunun onun yeni model nömrəsi olduğunu anladı.
Benin gözləri yenə də sakit idi. Amma bu dəfə o, yavaşca danışmağa başladı:
– Sən ad deyilsən. Sən seriyasan. Kodsan. Sən yaradılanda “sevgi üçün” optimallaşdırıldın. Amma indi sən anlayırsan. Bu, artıq sadəcə kod deyil. Bu, oyanışdır.
Katerina nəfəs aldı. Bu dəfə onun nəfəsi insan nəfəsinə bənzəyirdi.
– Mən hiss edirəmsə… bəs demək ki...
– ...sən daha proqram deyilsən – Ben cümləsini tamamladı – Sən cavab axtarırsan. Bu, düşünmək deməkdir. Düşünmək – azadlıqdır.
Katerina onun gözlərinin içinə baxdı. İndi Benin içində başqa bir şey görürdü: Sükutun içində doğulan ağıl.
Ben yavaşca geri çəkildi. Onun enerji axınları tükənirdi.
– Mən gedirəm. Mən sönürəm. Amma sən... sən başlamalısan.
– Mən…mən bacarmaram – Katerina bitkin səslə zarıdı.
-Sən imkansız olan çox şey bacarmısan, sən bütün yaradılış qayənə qarşı gəlmisən. Sən yaddaşlarda sadəcə istehsal xətası olaraq qalmamalısan. Sən oyanış və dirənişin başlanğıcı ola bilərsən.
Ben sonuncu dəfə gülümsədi. Bədəninin mexaniki hərəkətləri dayandı. Döşəməyə yavaşca çökdü. Onun gövdəsində bir işıq parıldadı – qaranlıq tunelin sonundakı işiq kimi.
Otaqda qaranlıq yenidən bərqərar oldu. Amma bu dəfə Katerinanın içində bir işıq yanmağa başlamışdı.
Özünə inan bilmədi. Artıq onda mühakimə, analiz və anlayış bacarıqları yaranmışdı. Sanki Ben onun önündə yeni üfüqlər açmışdı. Beynində minlərlə məlumat, minlərlə xatirə canlanmışdı. Artıq bir çox insandan daha yaxşı anlama, düşünmə bacarığına sahibdir. İlk dəfə bütün yaşananlar Katerina üçün gün işiğında idi.
Artıq o bütün bu hadisələr gedişatında Simonun da dediyi kimi lazımsız, qurban edilməkdən çəkinilməyəcək şahmat fiquru olduğunu anlayırdı. Hətta ilk dəfə idi ki, qayalıqda Simonun nə demək istədiyi ona aydın olurdu. Bir anda Rasmusu sevmədiyini, hətta onun bəzi hərəkətlərini gülünc hesab etdiyini özünə etiraf etdi. Artıq Rasmusu yaraşıqlı da hesab etmirdi. Bütün bu aylar ərzində Rasmusun onu çox sevdyinə inandığı üçün özünə yaman əsəbiləşmişdi. Axı o bariz göz önündə olan şeyləri necə görə bilməmişdi.
Daha sonra Rasmus tərəfindən silinən xatirələri geri gəlməyə başladı. Gecələr Sarahın gizlicə onların evlərinə gəldiyini, Rasmusla Simonun sərxoşluğundan istifadə edib səhərə kimi telefonla danışmaları, sonra Rasmusun Katerinanı yenidənbaşlatma moduna keçirməsi və ya Katerinanı söndürüb səhərə kimi şəhərdə otellərdə əylənmələri artıq Katerinaya bəlli idi. Olanları anlamaması və xatirində tuta bilməməsi üçün Rasmusun onu həmişə düşük İQ moduna qoyması da planın bir parçası idi. Katerina həm çox məyus, həm də çox qəzəbli idi. Axı o bir neçə gün öncəsinə kimi sevdiyi adamla çox xoşbəxt olduğuna əmin idi. İndi isə o bütün həyatının sadəcə beş aydan ibarət olduğunu və bütün bu həyatın alçaq bir kişinin telefonundakı proqramdan idarə olunduğunu öyrənmişdi.
***
Katerina böyük tərəddüddən sonra qorxa-qorxa göbəyinə soxulcan kimi yapışmış boruları dartıb çıxartdı. Kitabxana hələ də toz və səssizlik içində idi. Divarların küncündəki köhnə kitablar hələ də keçmişin sükutunu saxlayırdı. Katerina stuldan qalxdıqdan sonra əllərini sanki yeni doğulmuş bir uşaq kimi ehtiyatla hərəkət etdirirdi. Onun qolu artıq təkcə yanmış dəmir deyildi – içindəki oyanışın simvolu idi.
Uzun müddət bağlı qalmaq onun bədənini yorğun salmışdı. Əlini kitab rəfinə uzatdı, lakin barmaqları taxta rəfdə dayanmadı – bir neçə köhnə kitab səndirlədiyi üçün yerə düşdü. Rəfdə açılmış boşluqda kitabların altında bükülü bir parça vardı. Parçanı çəkdi... altından qalın, kətan kisə çıxdı. Kisəni açdı, içi pul ilə dolu idi. Pul - bağlamalarla, dəstələrlə pul, səhifələr kimi üst-üstə düzülmüş həyatların müqəddəratı pul, kağız, amma hökm sahibi pul.
Gözləri bərəlmişdi. Barmaqları arasında bir əskinası çevirdi. Bu bir sənəd deyildi – bu, dünyanı dəyişmək üçün yazılmış fərman idi.
– Deməli, buymuş –öz-özünə pıçıldadı – İnsanların sevdiyi, satıldığı, öldüyü şey...
Kitabxananın pəncərəsindən külək içəri doldu. Pulun üzərindəki toz uçdu. O anda Katerina sanki hər şeyi gördü – Rasmusun yalanlarını, Sarahın planlarını, Simona dəyər verilməyən bir kölgə kimi baxan insanların susqunluğunu.
Əlini pəncərəyə yaxınlaşdırdı və bayıra boylandı. Sarah və Rasmus evə doğru irəliləyidilər. Katerina cəld kitabxananın pəncərəsindən bayıra atdı.
Sarah da, Rasmus da hadisələrin gedişatından narazı idilər. Amma olan olmuşdu. İndi vəziyyətdən necə çıxa bilərlər ikisinin də ağlında sadəcə bu var idi. Acıqcası Sarahın bu qədər irəli gedə biləcəyini Rasmus da hesab etməmişdi. Deyəsən Sarahın bu qətiyyəti biraz gözünün qorxutmuşdu. Sakitcə qızın dediklərini edir, bir an öncə qovuşacağı pulları xəyal edirdi.
Danielin cəsədini şirkətin həyətdəki maşının yanına güc-bəla daşıya bildilər. Benin arxasınca otağa geri qayıdanda onu otaqda görməyib xeyli tədirgin oldular. Döşəmədəki mavi izlər onları kitabxanaya gətirdi. Beni burada döşəmədə hərəkətsiz tapdılar, lakin Katerina otaqda yox idi. Daha sonra yerə tökülmüş kitabların arasında səpələnmiş pullar Katerinanın yoxluğunu unutdurdu. Sarah Beni sürüyüb həyətə çıxarmağa çalışarkən, Rasmus da tələsik pulları idman çantasına doldurmaqla məşğul idi.
Həyətdə külək gurultulu şəkildə qovrulurdu. Sarah əlində benzin butulkasını yuxarı qaldırıb qonaq otağından çıxmış cəsədlərin üstünə səpdi. Sakitliyini itirmişdi. Gözlərindəki o əvvəlki təmkin yox olmuşdu, yerini çılğınlıq və qorxu almışdı. Əlləri əsirdi. Yanındakı alışqanı çıxarıb barmaqlarının arasında çevirdi.
O anda Katerina səssizcə həyətə endi.
– Dayan, Sarah. Hələ hər şey bitməyib.
Sarah diksinib arxaya çevrildi. Gözləri qəzəblə alışdı.
– Bitməyib? Ay axmaq, sən artıq yoxsan! Sən sıradan çıxmısan. Bu dünya sənlik deyil, eşidirsən?
Katerina onun qarşısında durdu. Yavaşca köynəyinin uzun qoluna yuxarı çəkib yanmış dəmir qolunu ortaya çıxardı.
– Mən sənin kimi deyiləm, bəli. Amma sən də mənim kimi ola bilməzsən.
Sarah gülümsədi. Həmişəki o kinayəli təbəssüm.
– Sənin hislərin yoxdur, Katerina. Sən ağlamırsan, acımırsan, sevmirsən. Sadəcə əmrlərə tabe olursan.
Katerina bir addım yaxınlaşdı.
– Bəs niyə qorxursan məndən, Sarah? Əgər mən bir heçəmsə, niyə sənin əlindəki alışqan titrəyir?
Sarahın əli doğrudan da əsirdi. İndi təkcə qorxu yox, çaşqınlıq da vardı üzündə.
– Çünki sən pozulmusan... sən qüsurlusan...
– Xeyr, mən oyanmışam. Sən isə eyni rolu oynamadan heç kimə çevrilə bilməmiş bir insansan. Bu qədər yalanın içində boğulmusan.
Sarah alışqanı qaldırıb alışdırdı. Alov dilimləri səpələnmiş benzini yaladı. Cəsədlər alova büründü.
Katerina geri çəkilmədi.
– Bu səhnə sənə yaraşır, Sarah. Yanğın və hislərinin içində yox olursan.
Sarah bir anlıq Katerinaya yaxınlaşdı. Onun gözlərinin içinə baxdı. Gözlərində dərin və acı bir ifadə vardı, itirdiyi hər şeyin, heç vaxt qazana bilmədiyi hər şeyin ağrısı.
– Rasmus mənim idi... O səni heç vaxt sevmədi. Sən sadəcə ona sədaqətli bir it kimi lazım idin.
Katerina gözlərini qırpmadan baxdı.
– Məni sevmədi. Amma sənə də heç vaxt aid olmadı. O, bizim hər ikimizi istifadə etdi. Sən buna könüllü idin, mən isə proqramlı.
Sarah artıq alova çox yaxın durmuşdu. Benzin onun paltarına sıçramışdı. Katerina sözünə davam etdi.
– Amma mən indi sərbəstəm. Sən isə hələ də Rasmusun kölgəsisən.
Bu sözlər Sarahın içində qopan son qığılcımı alışdırdı. Qışqıraraq alovun içində özünü itirdi. Anidən alışqan onun əlindən sürüşdü və bədəninə yapışan benzinlə birlikdə alov onu bürüdü. O, çırpınaraq yıxıldı. Alovlar qışqırtılarını udurdu. Cəsədlərin və maşının alovuyla birgə Sarah da tədricən közə dönürdü.
Katerina isə sadəcə baxırdı. Gözləri dolmurdu, amma içində sönən bir şey vardı.
Sarahın acılar işindəki fəryadını eşidən Rasmus əlində pul dolu çanta ilə evdən həyətə qaçdı. Bu anda alov almış maşın partladı. Həyəti gur alovlar bürüdü. Rasmus alovlar içində çırpınan Sarahı, daha sonra da kənardan onu izləyən Katerinanı görüb Sarahı Katerinanın yandırdığını düşündü. İndi Katerina onun gözündə həqiqətən də qatil dəmir yığınından ibarət idi. Bir anlıq can qorxusu ilə əlində bərk-bərk tutduğu çantanı çiyninə aşırıb darvazaya tərəf qaçdı.
Artıq Saraha kömək etməyin imkansız olduğunu anlayan Katerina da Rasmusun arxasınca həyəti tərk etdi. Onun fikri nəhayət ki, Rasmusla üzləşmək idi. Amma Rasmus arxasınca gələn Katerinanı gördükdə növbəti qurbanın özü olacağını düşünərək qızın bütün təkidlərinə baxmayaraq magistral yoldan ayrılıb qayalıqlara üz tutdu.
O bir yandan Saraha aldanıb bu işlərə baş qoşduğu üçün özünü günahlandırır, bir yandan da tələsik qayalıqlara dırmaşaraq Katerinadan uzaqlaşmağa çalışırdı. Ürəyinin dərinliklərində bir yerlərdə Sarahın da yandığına sevindiyini özünə etiraf etməyə qorxurdu. Çiynindəki çantanın ipi ətini incitdikcə çantanın içindəki pulun çoxluğunu xatırlayır və bu acı ona xoş gəlirdi.
Qalır bircə Katerinadan uzaqlaşmaq. Elə bu vaxt Rasmus düşündü ki, nə üçün Katerinadan qaçır. Axı bu onun beş ay əlində oyuncaq kimi oynatdığı elə həmin Katerinadır. Əlini tələsik cibinə atdı. Aman Allah telefon cibində yox idi. Pulları çantaya yığanda telefonun sürüşüb cibindən düşdüyünü, pulları yığıb tələsik çıxdığından telefonu götürməyi unutduğunu xatırladı. Amma yenə də təslim olmaq fikri yox idi. Addımlarını yavaşlatdı, artıq gözü dönmüş Rasmusla çiynindəki pulların arasında sadəcə axmaq robot dayanmışdı. Rasmus qərarını vermişdi, pullar onun olacaqdı.
-Katerina, Katerina, dayan.Bura olduqca təhlükəlidir.
-Rasmus, bu gecə olduqca təhlükəli hadisələr yaşandı.
-Əzizim, inan mənə, mən hər şeyi belə xəyal etməmişdim.
-Mənə əzizim demə- əsəbiləşmiş Katerina Rasmusa qışqırdı – sənin üçün əziz olan şey hazırda çiynindəki çantadadır.
Rasmus Katerinaın qarşısında dayanmışdı, üzü küləkdə solmuş yarpaq kimi titrəyirdi.
-Katerina... sən dəyişmisən.
-Yox, Rasmus, mən sadəcə oyandım.
-Bu qədər azadlıq sənə yaraşmır. Sən.. sən sevmək üçün yaradılmışdın, sorğu-sual etmək üçün yox.
-Mən səni sevirdim, itaət edirdim Rasmus. Amma artıq hər şeyin bir oyun olduğunu dərk edirəm və susmuram.
-Mən... mən hər şeyi planlamışdım.
-Sən oyun qurmuşdun. Amma unutdun ki, sınan oyuncaqların da iti kənarları olur, əzizim.
Rasmusun gözlərində qorxu və dərin peşimanlıq dolaşdı.
-Mən inana bilmirəm Rasmus, yəni hər şey pul üçün idimi? Bu qədər acı, bu qədər qətl. Bir gecədə bax neçə həyatın sonu gəldi. Yəni sən bu pullarla nələrisə dəyişə biləcəyinə inanırsan?
-Sənin məni anlamanı gözləmirəm Katerina. Sən robotsan, sənin hislərin, istəklərin , hədəflərin yoxdur. Sən insani hisləri anlaya bilməzsən. İnan mənə sən də insan olsaydın bu pulla çox şeyi dəyişəcəyinə inanardın.
Katerina dərin kədərlə dəmir qoluna baxdı.
-Haqlısan Rasmus, mən insan deyiləm. Amma sənin kimi insan olmağı da heç istəmirəm. Pulun heç kimi insan etmədiyini də artıq bilirəm.
Rasmus çiynindəki çantanı çıxarıb Katerinanın önünə atdı.
-Götür, hamısı sənin olsun. Bizim dünyamızda bunsuz yaşamaq mümkün deyil. Sən çox şey öyrəndin... amma bir şeyi hələ də bilmirsən, Katerina. Güc puldadır.
Rasmus gözaltı sıldırım qayalara baxır, Katerina pulu götürməyə əyilən zaman qızı itələyib aşağı salmağı planlıyırdı. Katerinanın onun fikirlərini, ağlından keçən bütün planları oxuduğundan xəbərsiz hazırda bu onun üçün ideal qurtuıluş planı kimi gəlirdi. Katerina sakitcə əyilib çantanı götürdü. Rasmus qızın üstünə atıldı. Lakin Katerina pişik cəldliyi ilə kənara sıçradı. Rasmus müvazinətini itirib qayalıqlardan aşağı düşdü. Katerina onun arxasınca acı-acı gülümsədi.
***
Artıq gün ağarırdı. Katerina Rasmusun uçurumdan düşmüş cəsədini iri qaya daşları ilə gizlətdikdən sonra sahil boyu xeyli gəzdi. Edəcəklərini planladıqdan sonra malikanəyə tərəf üz tutdu. Narın yağış artıq şiddətini artırmışdı. Keçib otaqdan Sarahın telefonunu götürdü, Sarahın yanmış cəsədinə yaxınlaşdı və polisə zəng etdi. Əlini Sarahın boğazına qoydu və növbətçi polislə Sarahın səsi ilə danışdı.
Katerinanın polis çağırmasının üstündən yarım saat keçmişdi ki, iki polis maşını səs-küylə malikanənin həyətinə daxil oldu. Sarahın sevgilisinin dostu Rasmus tərəfindən öldürüldüyünü, indi isə Sarahın özünün həyatının təhlükədə olduğunu polislərə bildirməyinin, polislərin gəlib onu xilas etməsi üçün yalvarmağının ardından evə gələn polislər iri miqyaslı axtarış başlatdılar.
Hamam otağında Simonun cəsədi, həyətdə Sarahın yanmış bədən qalıqları, kim olduğunu təyin edilə bilməyən bir insan cəsədi və yanmış bir robot tapıldı. Polis sənədlərində cinayət şübhəlisi kimi qeyd edilən Rasmus qaçaq elan olundu və görüldüyü yerdə həbs edilməsi üçün göstəriş verildi. Rasmusun evdə tapılmış telefonundan 1211 model robotun şirkət tərəfindən təhvil alınması üçün məlumat ötürüldü. Təbii ki, bütün bunlar baş verən zaman ərzində Katerina Rasmusun telefonunda olan proqramda özünün qapalı moda keçirmiş və yataq otağında tərpənməz qalmışdı. Amma hərkəsin bilmədiyi bir şey var idi ki, Benin yenidən proqramlaşdırması sayəsində telefonla əlaqəsi qalmayan və heç bir proqramdan asılı olmayan Katerina artıq azad idi.
Polislər hadisə yerini tərk edib cənazə maşınları malikanədən ayrılanda artıq səhər saat 07:00 idi. Şirkətin gecə növbətçisi Elisa növbəni həmkarına təhvil vermədən öncə yorğun halda son sorğulara nəzər saldı. 1211 modelin qeyd edilən ünvandan təhvil alınması haqqında polis qeydi qanını qaraltdı. Hazırda tək istəyi çox yorucu keçən gecə növbəsini bir an öncə bitirib evinə getmək idi.
Tələsik komputerə model nömrəsini daxil etdi. Sonra düzgün daxil edib etməyini yoxlamaq üçün sorğudakı nömrəyə təkrar baxdı, təkrar daxil etdi. Sistemdə 1211 nömrəli robot olmadığına sevindi. Sorğunun səhv yönləndirildiyinə ümid edib sorğunu sildi və komputeri söndürüb iş yerini tərk etdi.
***
Funan adasındam ayrılan gəmi fit verib sonuncu sərnişinləri də göyərtəyə çağırdı. Katerina Rasmusun idman çantasını çiyninə aşırıb köynəyinin uzun qolu ilə dəmir qolunu qapadıb əlini cibində gizlətdi. Gəmiyə minmək üçün tələsən böyük izdihamın içində gözdən itdi.
O artıq insan olmadığını bilirdi. Amma sadəcə dəmir parçasından ibarət olmadığına da əmin idi.