Ehtiyat etməli olduğumuz düşmən hansıdır? - Türk toplumunun gələcəyi

Ehtiyat etməli olduğumuz düşmən hansıdır? - Türk toplumunun gələcəyi
1 iyul 2024
# 18:18

Kulis.az Sevinc Qəmbərlinin "Ən qorxulu düşmən, yaxud “Fivin mübarizəsi” yazısını təqdim edir.

- Bəs danışmasam əgər məndə ən gözəl olan nədir?

- Saçların gözəldir...

Sözlərinlə toxundun saçlarıma, barmaqlarınla toxuna bildin ruhuma. Bəstələr yaratdın gözəl-gözəl, mən onları eşidə bildim, duya bildim, sadəcə, onları nota köçürə bildim. Müəllif sənsən, hər kəlməmsən, sən həm müasirliksən, həm milliliksən, müasirliklə milliyin vəhdətisən. Sözlərinin izi qaldı saçlarımda. Heç sözün də izi qalarmı saçda, görəsən?! Qalar, çünki hər aynaya baxdığımda o izi görürəm, o dərin izi çox gözəl görürəm mən. Bir möcüzəmi oldu, görəsən, nə baş verdi. Saçlar sözmü anlayır, saçlar xoş sözü anlayırmı yoxsa, canlıdırmı onlar?! Sənin xəyalından bunu eşidəndən sonra, qaçdım güzgünün qarşısına tez, mən onları tanımadım heç, bu nə uzanma, bu nə parlaqlıq, görəsən. Ömrümün beşinci onilliyinə doğru gedirəm artıq, amma mən onları heç görməmişəm ki, mən onları heç sevməmişəm ki. Bilsən, nə qətliamlar eləmişəm, nə kökündən kəsmələr, nə nifrət eləmələr. Mən onların gözəl olduğunu bilmirdim, mən elə bilirdim ki, ta balacalığımdan eşitdiyim kimidir onlar, “qıl kimidir, pişik tükü kimidir, doğulanda yaxşı imiş, yaşımda qırxandan sonra çox pis çıxıblar”. Nə elədin sən, həyatımda heç bir cümlə məni bu qədər kövrəltməyib hər yadıma düşəndə: “Saçların gözəldir”.

Məşhur uşaq romanının qəhrəmanı olan Balaca özünü bu dağ boyda dünyada çox tək-tənha hiss elədiyi üçün xəyali bir “dost” uydurmuşdu-damda yaşayan Karlsonu, yoxsa səni də mənmi uydurdum, Göy Adamı ya xəyalsan ya gerçəksən, bir az xəyal, bir az gerçək. Amma o dəqiqdir ki, sən bir “insan” deyilsən, yerli deyilsən, Yerdən deyilsən. Çünki Sən bir planetsən (əzizim (icazə ver bunu sənə yazılarımda deyim heç olmazsa), inkar eləmə, etiraz eləmə, çünki bu belədir). Saturn kimi bir planet həm də. Bu planetin halqaları onu digər planetlərdən möhtəşəmliyi ilə fərqləndirir. Eynən sənin kimi. Hələ milyon illər əvvəl Saturn bügünkü formasını alan zaman ətrafında olan hər şeyi öz cazibəsinə salmışdır. Sənin kimi olsunmu?! Arzuya bax, sevgilim, tellərindən incəmi, söylə ürəyincəmi (Müşfiq)?! Bilirsənmi, mən indiyədək oxuduğum bütün əsərləri, eşitdiyim bütün mahnıları, bildiyim bütün şeirləri yeni-yeni dərk eləməyə başlayıram, rənglərində olan bütün tonları, keçidləri, ən incə çalarlarınadək duymağı istəyirəm..

Cinayət üstündə tutulub məhkum olunan mən, səbəbkar Sən. Səbəbsən, günahkar mən. Cəzam ağır oldu, ömürlük oldu, ölümlük oldu, məhkumluğum sənə həmişəlik oldu, peşmanammı, əsla, narazıyammı, deyiləm, bəlkə son sözüm var. Mən deyərdim ki, cəzamı artıq eləsin, amma yeri yoxdur ki daha. Sən hakimə belə seçim qoymadın, nəinki mənə. “-Fəzilətlə gülümsə, yanağındakı batıqcanla...-Fəzilət nə deməkdir ki, batıqca nədir? -Güzgüyə bax, görəcəksən. -Baxıram, amma görmürəm, mən xeyli vaxtdır ki, özümü görə bilmirəm”. Mükalimə də tez bitdi, xəyalın tez gedən kimi, mən isə istəyirəm ki, bitməsin o heç, sonsuz olsun, sonsuz. Daha deyə bilmədim ki, “ay zalım (niyə gülürsən, yalan ki deyil), mən güzgüyə baxıram baxmağına, amma özümü görmürəm, səni görürəm, Səni. Surət mənimdir, əks sənin. Sənsən mən, bəs mən kiməm görəsən. Sağdasan, solda sən, gecə sən, gündüzsən, qübbə sənindir, yer mənim, sözlər sənin, mətn mənim, olsunmu, olmasınmı?! Firon taxt-tacının varisi, doğmalarının və bütün Misir xalqının yeganə ümid yeri şahzadə Ahmos həyatda ən böyük düşməni olan hökmdar Apopinin gözəl qızı Amenridesi belə güclü bir sevgi ilə sevirdi, çox-çox aşiq idi ona, həm aşiq idi, həm də heyran. Ayrılığın labüd olduğu anda kim olduğunu belə unudub ağlını itirəcək qədər əzab çəkirdi:

- Amenrides...ayrılıqdan danışma. Sənin asanlıqla dilinə gətirdiyin bu söz qanıma kimi işləyib, məni dəli vəziyyətinə salır. Amenrides...atanın qapısına kimi bütün qapıları açmağa və atandan səni istəməyimə izin ver.

- Təəssüf ki, sən dediklərini dərk etmirsən. Sənə elə gəlir ki, atam onu məğlub edən, doğulub boya-başa çatdığı, taxtına oturduğu ölkəsindən sürgün edən müzəffər hökmdara öz qızını verməyə razı olacaq?..Mən atama səndən daha yaxşı bələdəm və bilirəm ki, o, bu işə razı omayacaq. Bizim səbr etməkdən başqa çarəmiz yoxdur...

Bəzi eşqlər ayrılığa məhkumdur. Məmməd Arazın dediyi kimi, “bir taleyin oyununda cütlənmiş zərik, yüz il qoşa atılsaq da qoşa düşmərik”. Məsələn, o qədər çətinlikləri dəf edə bilən, cəmiyyətin diktə elədiyi bütün “qaydalara” qarşı duraraq hər bir maneəyə sevgiləri ilə qalib gələn böyük Azərbaycan oğlu Əli və gürcü gözəli Ninonu qovuşdurdumu həyat, ayırdı, ölüm ilə ayırdı (Qurban Səid), Əli həm Vətəni, həm sevgilisi qarşısında dürüst və mərd hərəkət elədi. Ürəkdən sevdiyi, namərd erməni “dostu” (bu fakt qarşısında təəccüb hissinizin olmadığına əminəm) tərəfindən qaçırılıb adı ləkənmiş Ninonu ortada qoymadı, atmadı, kənarda saxlamadı (Qurd Seyidin xristian qızı Şuranı etdiyi kimi), evinin xanımı elədi, başına tac elədi, övladının anası olmağını istədi. Eyni böyüklüyü və mərdliyi daha böyük eşqi olan Vətəni qarşısında da elədi, düşünmədən özünü ona qurban edərək. Yaxın keçmişdə şahidlik elədiyimiz müharibənin şəhidləri kimi. Ruhları qarşısında baş əyirik, onlar evdən getmədi, onlar eldən getdi, biz həmişə onlara borclu qalacağıq.
Mənim üçün eşq “Leyli və Məcnun” əfsanəsi deyil, “Romeo və Cülyetta” uydurması da deyil, mənim üçün eşq “Şəhidlər xiyabanı”nın ən baş tərəfində əbədi olaraq qoşa uyuyan İlham və Fərizə sevgisidir. Heç bir şeyi düşünmədən özünü uğruna fəda edəcək qədər böyükdür eşq. Əllərinin ayrı, gözlərinin ayrı, ürəyinin isə bir ayrı darıxmasıdır eşq. İlham ilə Fərizəni intizarla, sevgi ilə yolunu gözlədikləri körpələrinə atalıq eləmək, analıq eləmək sevincini yaşamağa imkan verdimi tale, məşum 20 yanvar gecəsi günahsız qurbanlardan oldu İlham, sevdiyinin ayrılığına dözə bilməyib intihar elədi Fərizə. Mən intihara haqq qazandırmıram, kaş ki, övladını dünyaya gətirib böyütsə idi Fərizə, nə özünə, nə ona qıymasa idi.Amma insanların nə hiss elədiklərini, nə yaşadıqlarını bilmədən müzakirə eləmək, mühakimə eləmək də ayrı bir günahdır, bilmirdinizmi?! Hökmdar Ahmosun və şahzadə Amenridesin qadağan olunmuş eşqi də belə idi, ayrılığa məhkum. Onlar niyə ayrılmalı idilər, bu qədər sevərkən ayrılıq niyə? Bunun bir çox səbəbləri var idi. Birincisi, Ahmos onu çox-çox sevən, sədaqətli, sevgi və şəfqət dolu kraliça Nefertari ilə evli idi. Ata-baba torpaqlarını səhralardan gəlmiş vəhşi hiksosların işğalından azad edərkən Ahmos oğul atası olması barədə sevincli bir xəbər də alır. Bir hökmdar olsa belə, Ahmos evli olduğu xanımdan sevgilisinə olan hisslərini və xiffətini gizlətməyə çalışırdı, onun heysiyyətinə toxunmaqdan, onu incitməkdən çox çəkinirdi. Həm də şahzadə Amenrides onun ən qatı düşməni və babası Misir hökmdarı Sekenenranın qatili Apopinin qızı idi.

Reyhan. Çoxmu təəccübləndin?! Ki, eşq hara, reyhan hara (gülürəm, parlaq və içdən bir gülüşlə, sən də güldün, gördüm bunu mən, bil yəni, bil ki, sənin ətrafında olan güclü, geniş enerji halqalarını görürəm mən, səsində olan ay işığını həmçinin. Sən dadına doyulmayan söhbətlərini bitirəndə belə mən səni eşitməkdə davam edirəm. Səsinin havada yaratmış olduğu dalğaların aram-aram vurduğu ləngərləri duyuram, ən sonuncu zərif və cəsarətsiz titrəyişlərinə qədər iliklərimdə hiss edirəm onları mən.Gülməyin də gözəldir, gülümsədinmi sən yenə. Görürsənmi yazının sehrini, Göy Adamı, məsafədən belə səninlə o dialoqu yarada bilirəm mən). Romanın bir neçə yerində bu bitkinin adına rast gəlirik: “Kəndlilər ən uzaq zəmilərdən əllərində palma şaxları, reyhanlar və pivə bardaqları ilə axışıb gəlmişdilər”; “Firon kəcavələri nizə atanların cərgələri arasından keçib şəhər qapısından keçəndən sonra qala gözətçiləri onların üzərinə gül-çiçək və reyhanlar yağdırdılar”.

Bu məqamda misirlilərin və türk toplumunun eyni bir bitkinin məişətdə istifadəsi və ona yüklənən məna ilə bağlı yanaşmaları çox fərqlənir. Azərbaycan mətbəxinə nəzər yetirsək görərik ki, ətirli bir bitki növü olan reyhan göyərtisindən ancaq müəyyən içəcəklərin (şirə, ayran) və bəzi yeməklərin (badımcan dolması, doğramac) hazırlanmasında istifadə edilir. Hesab edirəm ki, ümumilikdə türk dünyası mətbəxində nanə daha çox uğur qazanıb, reyhan uduzur ona. Məsələn, desək ki ayran nanəlimi olsun, yoxsa reyhanlı? Nanə udar. Badımcan dolmasında olan mövqeyini də reyhan Qarabağ zonasında uduzur nanəyə. Yəni ki, biz nə mətbəximizdə, nə də ki məişətimizdə önəm vermirik ona misirlilər qədər. Amma bizi birləşdirən cizgilər də az deyildir:

- Ahmos, ehtiyatlı olmalı olduğumuz düşmən hansıdır?

- Ümidsizlik...

Babası özündən çox bağlandığı kiçik nəvəsi Ahmosu özünə tərəf çəkib gülümsünərək soruşdu və oğlan o an dediyinin mənasını dərk etmədən cavab verdi. Hökmdar Sekenenra sevimli ölkəsini boyunduruqdan azad etmək üçün mübarizəyə getməzdən qabaq ailəsi ilə vidalaşmaq üçün öz xüsusi iqamətgahına yollandı. Ailə üzvlərini ətrafında əyləşdirdi və daxilindən axıb gələn şəfqət hiss etdi. Qəlbinə ən yaxın üzlərə baxmaqda davam etdi. Sanki, o, onları eyni bir üz kimi görürdü, aralarında yeganə fərq isə yaş fərqi idi. Lakin onlar arasında elə üz yox idi ki, orada qara gözlər parlamayaydı, üst tərəfi qabağa çıxmış həmin ağız olmayaydı, sağlamlıq və gözəllik rəmzi olan həmin şərab rəngli qarayanızlıq olmayaydı:

- Gəlin getməmişdən qabaq bir saat bir yerdə oturaq...Gəlin bir-birimizi bağrımıza basaq...

Bu məqamda türk toplumunun tarixin ən dərin qatlarına işləmiş köklərindən gələn, südlə gəlib sümüklə çıxan, qanımıza hopmuş, həm milli, həm bəşəri bir dəyər olan ailəyə, ailə bağlarına, ailə üzvlərinə olan münasibətimizdə düşüncələrimiz, duyğularımız birləşir. Bütün xoşbəxtliklərin mənbəyi və mənşəyi ailə xoşbəxtliyidir (Lev Tolstoy). Mehriban ailə, möhkəm ailə və doğmalıq bağları, isti ailə ocağında tapdığın sevgi, rahatlıq, hörmət və qayğı çox önəmli bir dəyərdir bu həyatda. Ailə üzvlərin sən həm uğurlara imza atanda, həm uğursuz olanda yanındadır, sevincinə sevinir, kədərinə şərik olur. Sən mələk deyilsən, sən mükəmməl deyilsən, insansan, səhvin olar, düzün olar. Amma ailən hər məqamda yanındadırsa sənə zaval yoxdur.
Ailən səni olduğun kimi sevən, olduğun üçün sevinən, üstünlüklərinlə, çatışmazlıqlarınla qəbul eliyəndir. Həmişə müşahidə eləmişəm, alınmaz qala kimi möhkəm bir ailəyə sahib olan insanlar, düçar olduqları bədbəxtlik, uğursuzluq, ya haqsızlıqdan daha rahat çıxır, itmir, batmır. Amma bunun əksi olanda çox-çox daha çətin olur. Odur ki, əziz valideynlər, uşaqlarınızı sevgi ilə doyurun, onlara hər an hiss elətdirin ki, istənilən situasiyada yanlarındasınız. Çünki istər oğlan, istər qız uşaqlarının yol verdiyi bir çox səhvlər doğmaları ilə münasibətlərində olan bu kimi boşluqlardan qaynaqlanır. “Yer üzündə olan bütün səadət çöplərini dimdiyinizlə yığın, özünüzə həmişəlik bir yuva tikin (Yuvanı dişi quş yapar...“Oğuznamə”dən). Çünki siz həyatın qaranlıq, gizlin yerlərində bundan ayrı heç bir inci tapa bilməyəcəksiniz” (Viktor Hüqo).

“Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə” Nobel mükafatına layiq görülmüş ilk ərəb yazıçısı Nəcib Məhfuzun dörd romanını (“Məhəlləmizin hekayətləri”, “Liderin qətl günü”, “Möhtərəm cənab”) oxusam da məhz bu roman barədə yazmaq istəyi yarandı məndə. Çünki oxuduqca bəzi bənzər hissləri yenidən yaşadım, torpaqlarımızın işğal altında olan dövrləri, 44 günlük müharibə boyunca hiss elədiklərimizi. Firon döyüş meydanında öldürüldükdən sonra sərkərdə Apopinin ilk işi onun ailəsini qorumaq oldu, ələ keçməsinlər deyə onlar mümkün qədər tez bir zamanda buradan uzaqlaşmalı idilər. Çünki o, bilirdi ki, nə qədər ki fironun ailə üzvləri sağdırlar, hiksoslar ilə mübarizə davam edəcək və illər sonra olsa belə, ölkənin azad edilməsinə, qələbəyə ümid var. İllərlə hazırlaşdıqları böyük bir mübarizədən sonra onlar öz ata-baba yurdlarına qovuşa bildilər. Böyük zəhmət, əzmkarlıq, itkilər hesabına qazanılan qələbədən sonra gəmi ilə Vətənə doğru yol aldılar. Doğma şəhərlərinə yaxınlaşarkən dayanmadan gözlərindən minnətdarlıq yaşları süzülürdü, dodaqları astadan “Fiv, Fiv” deyə pıçıldayırdı. Bu an kraliça Ahhotep titrək səslə dedi: -Aman tanrım, bu divarları bir daha görəcəyimi təsəvvür etmirdim. Eyni hissləri biz də otuz il boyunca həsrəti ilə ürəklərimizin bir yerdə vurduğu Şuşanın qala divarlarına qarşı keçirmədikmi?!

# 416 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - Günün hekayəsi

Hamı bir nöqtədə - Günün hekayəsi

14:00 29 iyun 2024
Misilsiz canavar - Sevinc Qəmbərli

Misilsiz canavar - Sevinc Qəmbərli

11:00 29 iyun 2024
Kişilərə dur deyin! -  Günel Natiqin romanı - Yeddinci hissə

Kişilərə dur deyin! - Günel Natiqin romanı - Yeddinci hissə

10:00 29 iyun 2024
Sonuncu dərs - Alfons Dodenin hekayəsi

Sonuncu dərs - Alfons Dodenin hekayəsi

18:11 28 iyun 2024
Müharibə - Günün hekayəsi

Müharibə - Günün hekayəsi

13:00 28 iyun 2024
Evdəki - Günün hekayəsi

Evdəki - Günün hekayəsi

13:00 27 iyun 2024
#
#
# # #