Canlanan müqəvvalar - Kişilər niyə narazıdır?

Canlanan müqəvvalar - Kişilər niyə narazıdır?
3 iyul 2024
# 10:48

Kulis.az Jalə İsmayılın "Ametis xanım və Apatit bəy" pyesi əsasında hazırlanmış "Love butik" tamaşası haqqında Aliyənin "Qazax teatrında Love butik" yazısını təqdim edir.

Elə bilirəm, “dükan” sözü poetik dilə elə də çox gətirilməyib, olsa-olsa aşıq ədəbiyyatında olar. Butik hələ heç. Teatrın da öz dili var, hətta bu günlərdə bu "poetik ifadə"ni teatrda gördüm.

Qazax dram teatrında dramaturq Jalə İsmayılın "Ametis xanım və Apatit bəy" pyesi əsasında hazırlanmış "Love butik" tamaşasında. Ki, bu tamaşada insan duyğuları, xatirələri, xəyalları bir dükan kimi açılır. Bu yerdə hardansa eşitdiyim iki misranı xatırlayıram: "...gah dükanını bəzərsən, gah salarsan talan sən.."

Bizim tamaşanın qəhramanı da dükanını bəzəyir; müqəvvalara paltarları tutuşdurur, geyindirir. Birdən bu müqəvvalar canlanıb bizə gənc qadınla gənc kişinin - sevgili cütlüyün sevgi və ayrılıq əhvalatını anladır. Necə demişdi şair, ayrılıq da sevdaya daxildir. Bəs niyə anladır, çunki qəhrəmanlar bir-birini, münasibətlərinin dərin qatlarını anlamağa çalışır, deməli, əhvalat duyğularla, qoşun kimi gələn fikirlərlə, şübhə, məyusluq, sevinc, təşviş, tərəddüdlə doludur. Məlum olur ki, qadın və kişi arxeoloqdur, qazıb çıxardığı süxurlar onların həyatına həm birbaşa, (təbii daşların insanlara, davranışlara və birbaşa hayata təsiri qədim zamandan bəri müzakirə mövzusudur) həm də sirli xüsusiyyətilə təsir edir. Bu yerdə çoxları başıni tərpədəcək; bəli, qadın münasibətlərdə qazıntı aparıb min dürlü məna, fikir, xırdalıq xüsusiyyət çıxarmağa meyllidir. Amma narazı olan qadın yox, kişidir. O, istəyir ki, qadın üçün hamıdan birinci, mərkəzdə olsun, qeyd-şərtsiz sevilsin. Hər iki tərəf tam sahiblənə bilməmək dərdindən əziyyət çəkir, xəyali xəyanətlər uydurur, şübhə içində qovrulurlar.

Butikin sahibi kişidir (ki, rejissor çox güman ki, öz həmcinsini bu düşüncə, xatirə, xəyal, təhlilin sahibi eləmək istəyib), canlanmış kişi müqəvvanın, yəni xəyalındakı özünün nitqindən bəzi duyğusal qənaətləri qapıb özü söyləyir, ya da onun əvvəlini başladığı cümləni tamamlayır: "...Bilirsən, mən həmişə səni gözlədim..."

Münasibətləri aydınlaşdırmaq cəhdi, sıradan bir qadın-kişi, ər-arvad dartışması kişinin qadının təbiətini araşdırmağadək gedib çıxır.
Jalə İsmayılın pyesinin bədii keyfiyyəti də bu dərinliyində, çoxqatlılığındadır...

Bu səbəbdən həmin bu "Ametis xanim və Apatit bəy" pyesi bir neçə ay əvvəl keçirilən Characters Milli Dramaturgiya müsabiqəsində ən çox bəyəndiyim pyes idi.

Çoxqatlılıq bədii əsərin ən ümdə keyfiyyətidir. Pyesdə geoloq cütlüyün - kişinin və qadının təbiətinin fiziki kimyəvi xüsusiyyətləri, münasibətlərdəki qarşılıqlı təsiri elə geoloq kimi axtarılır. Həm də müəllif davranışları cinsə görə tipikləşdirmir (bəzən qadında sərt, rasioal, emosiyadan uzaq davranışlar görürük, kişidəsə əksinə), bununla insan təbiətinin cinsi, sosial identiklikdən daha dərində olduğuna eyham edir. Deməli, bəlli xüsusiyyətlər davranışlara aydınlıq gətirsə də, çox suallar yaradır.

Niyə Ametis xanım? Ametis gözəlliyi ilə qadına daha yaxındı, harmoniya və xoşbəxtlik gətirir, həm də sərxoşluqdan ayıltmaq kimi xasiyyəti var.
Niyə Apatit bəy? Apatit nə qədər sərt görünsə də, tərkibcə yumşaqdır, poligen mineraldı, hərfi tərcümədə aldadıcı deməkdir.

Həm bu mineral daşlar geoloqların həyatlarına birbaşa daxil olub. Kişi qadının diqqətini çəkmək üçün ona ametis daşı tapıb gətirib və s.

Pyesdə əhvalatlar real zamanda (indiki zaman), real məkanda (hotel) baş verir. Rejissorsa əhvalatı xəyaliləşdirib. Xəyanət motivini azaldıb. Aktyorlar da bunu xüsusi vurğulamır. Hərçənd Qazax teatrının aktyorları Yusif Qoca (Canlanmış müqəvva Kişi) , Zəmanə Dərviş (Canlanmış müqəvva Qadın) heç də zəif oyun göstərmirlər, əksinə, bədən dili, emosional diapazon rəngarəngdir. Xanım Məmmədova (Gerçək qadın) və Hacı Hacıyevin (butik sahibi) də yaşlılalara xas asta və həzin hərəkətləri ağlabatandır: hər sərt hərəkət, yeyin yeriş xatirələri perik sala, xəyalları ürküdə bilər.

Əlbəttə, bir tamaşaçı kimi, hətta peşəkar tamaşaçı kimi bəzi səhnələrin zövqünü yaşaya bilmirik, eləcə niyyəti oxuyuruq, niyyətə görə şükranlıq edirik.
Məsələn, mavi soyuq işığın fonunda asta-asta ön səhnəyə irəliləyən "müqəvvaların" - kişi və qadının - bir xəyal kimi aktyor Hacı Hacıyevin təxəyyülündən qopub düşməsi səhnəsində olduğu kimi. Musiqi aydın deyil, səs təmiz yox, qarışıq exo verir, işıqsa yalnız mavi rəngli işiq verən, deyəsən, yeganə qurğunun ümidinə qalıb. (Gözdən uzaq qalmış bölgə teatrının bəlli texniki çatışmazlıqları) Amma biz yenə də rejissor niyyətini duyuruq - bu müqəvvalar butik sahibinin mübhəm dünyasından qopub gəlirlər.

Lakin quruluşda da bəzi maneə məqamlar var. Məsələn, mətnin səhnə üçun bir az daha mürəkkəb olması. Bəlkə, kitabdan oxumaq üçün bu mətn çox yaxşıdır, amma səhnədə aktyorlar nə qədər çalışsa da, mətn özünküləşmir, ritorik tonda uzun cümlələr yorucu olur. Pyesdən ixtisarla saxlanılan xəyanət şübhəsi motivi itilənmir, bu vacib dramaturji vurğular yalnız aktyorun öhdəsinə buraxılır, İşıq, səs partiturasında nəzərə alınmır.

Tərtibat (Səyyat Məmmədov), quruluş, rejissor niyyəti isə pyesin ideya tutumunu daha da genişləndirib: tamaşa həm də yalnızlıq haqda əhvalat kimi oxunur. Qadınlıq və kişilik yalnız geyinilən geyimdir, insan sevgi həsrətindədir, tənhadır, gecələr kimsəyə sata bilməyəcəyi bu geyimləri (xatirələri) əzizləyib səhər dükanını “gedən sevgili gələr” deyə bir umidlə bağlayır (tamaşanın finalında bu ümid doğrulur).

Bu yozum, bu sadələşmə - dərinləşmə əhvalatı daha duyğusal və toxunaqlı edir. Ki, bölgə teatrının soraqladığı tamaşaçı teatrdan belə toxunuş gözləyir, məncə…

Hamımızın sənətə, teatra ehtiyacı var. Səhnənin dərinliklərinə işləyən o qaranlıq yalnızlıq əvvəl-axır ağzını bizə tərəf açır. Onunla üzbəüz qalmaq üçun cəsarətli olaq! Teatrın cığırı itməsin deyə, bir-birimizin hənirini duyaq, yalnızlığına inanaq....

Həm "Love butik" tamaşasından, həm də Qazax teatrı ilə tanışlıqdan aldığım təəssüratı bir söz ifadə edə bilir. O söz niyyətdir. "Love butik"də bu, bütun texniki çatışmazlığa, peşəkarlığa zərbə vuran amillərə baxmayaraq, duyulan rejissor niyyətidir. Sən olmayan imkanlarla rejissorun nə demək istədiyini görürsən. Teatrdasa bu, yaradıcı heyətin və idarə heyətinin teatrı diriltmək, dirçəltmək niyyətidir.

Aktyorların qəlbinin odunu tamaşaçıya çatdırmaq yanğısıdır. Ki, bəzən bu, oynadıqları obrazın yaşantılarını üstələyir. Direktorun məhrumiyyətlərdən daha çox imkanlar və perspektivlər haqda düşünməyi, baş rejissorun söhbəti fikir-düşüncə müstəvisinə aparması, mədəniyyət işçilərinin yaradıcı adamları səmimi diqqətlə dinləməsidir. Yerli müəllifin yeni, uğurlu pyesinin gənc rejissor tərəfindən ilk dəfə bölgə teatrında hazırlanması da bir ayrıca gözəllik!

Qaldı teatrın növbəti premyeralarını izləmək...

# 2005 dəfə oxunub

Oxşar xəbərlər

Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

09:26 21 noyabr 2024
Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

17:20 20 noyabr 2024
Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı

Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı

10:38 15 noyabr 2024
"Cəhənnəm sakinləri"  tamaşası Şəkidə nümayiş olundu

"Cəhənnəm sakinləri" tamaşası Şəkidə nümayiş olundu

17:40 12 noyabr 2024
Kim deyir ki, Simurq quşu var imiş? - Zəhra Həşimova

Kim deyir ki, Simurq quşu var imiş? - Zəhra Həşimova

17:00 12 noyabr 2024
Azərbaycan Qazaxıstanda keçirilən IX Beynəlxalq Teatr Festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda keçirilən IX Beynəlxalq Teatr Festivalında təmsil olunur

13:26 9 noyabr 2024
# # #