Düşmən nəyi hesablamayaraq uduzdu? - Qarabağa qayıdışın kod yaddaşı

Düşmən nəyi hesablamayaraq uduzdu? - Qarabağa qayıdışın kod yaddaşı
7 may 2025
# 17:40

Kulis.az Səbinə Əvəzqızının "Qarabağa qayıdış fiziki köç deyil – Bizi ora çəkən kod yaddaşı" yazısını təqdim edir.

Hər dəfə Qarabağa köç karvanı yola salınanda diqqətimi gənclər, uşaqlar çox çəkir. Bəli məhz onlar. Uşaqlıqlarında öz evlərini məcburən, zor gücünə, düşmən vandalizmi ilə qoyub çıxanlar, hazırda yaşını-başını almış insanlardı və onların emosiyası anlaşılandır. Amma biz baba yurdu haqqında yalnız söhbətləri dinləyən, internetdən, kitablardan oxuyan, verilişlərdən izləyən gənclərin üzündəki sevincin daha böyük olduğunu görürük. Əslində heç vaxt yaşamadıqları evlərinə gedirlər. Bəs niyə belə sevinclidirlər, bu duyğunun adı nədir? Evindən qovulub didərgin düşənlər, indi ora daha çox xatirələrinə qovuşacaqları üçün sevinir. Gənclik nə tapacağına ümid edir? Axı orda nə qoyub gəlib?

Qarabağa “tapan” gəncliyin SİRRİ

Əslində bu, sevincin də, ümidlərin də izahı var. Millətin alt şüurundakı kod yaddaşı. Düşmən işğal etdiyi torpaqlarımızı dağıdıb viran etsə də, tarixi şüuru, qanımıza hopan yaddaşımızı məhv edə bilmədi. Tədqiqatçıların fikrincə, genetik yaddaş belədir ki, bu alt şüur özünəməxsus və görünməz ritmlə impulslaşır. İnsan şüurundakı ən alt qatı elm hələ də tam izah edə bilmir. Amma o var və yaşamaqda davam edir. İnsan yuxularda, nevrotik patologiyalarda və sair hallarda alt şüurun oyunları, işarələri ilə rastlaşa bilir. Alimlər yaradıcı insanların xüsusi qabiliyyətini alt şüurla ünsiyyət qura bilmək bacarığı ilə izah edir. Biz buna yaradıcı, bədii ilham deyirik. Sözüm ondadır ki, hər bir etnosun, xalqın kod yaddaşının şüurun üst qatına qalxdığı xüsusi anlar olur. Və bununla da insanlar atalarından onlara miras qalan torpağına, əmanətinə sahib çıxır. Onun sadiq mühafizəçisi olmağı özünə vəzifə bilir. Nəzərə alaq ki, gəncliyin ataları arasında Koroğlu, Cavidan, Babək, Cavanşir, Nəbi və sairə kimi şəxsiyyətlər dayanır.

Millətin silinməz KOD YADDAŞI

Bizlər inandığımız həqiqətləri əzbərləyib və bunu yeni nəslə də ötürürük, bu milli düşüncə və tarixlə bağlı alt şüuru formalaşdırır, və beynin aşağı qatında toplanmağa başlayır. Faydalı şərait yetişəndə isə oyanış baş verir. Bunun qarşısını isə heç bir qüvvə ala bilməz. Bizim üçün həmin şəraiti Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev yaratdı. Müzəffər Prezidentimiz torpaqlarımızı işğaldan azad etmək üçün mübarizəyə başlayaraq özünün və xalqının gücünə, qan yaddaşına güvəndi və qalib oldu. Beləliklə, Azərbaycan tarixinə bir sərkərdənin çağırışı ilə başlayan İkinci Qarabağ müharibəsi bir şərəf nümunəsi kimi və silinməz olaraq həkk oldu. Biz bu savaşa “TARİXİ UĞUR” deyəndə heç də yanılmırıq.

Ona görə də, Şuşa qalasını işğaldan azad etmək üçün ölümü belə gözə alan gəncliyi anlamaq o qədər də çətin deyil. İndi Şuşaya, Xocalıya, işğaldan azad olan digər yurdlarımıza sevinclə gedən övladlarımızı da bu səbəbdən anlamağa çətinlik çəkməməliyik.

Ən sadə misal çəkmək istəyərdim. Əsrlərlə yaşı olan “Novruz” insanların şüuraltında necə yer aldığını düşünün. Heç bir sistem, siyasət insanların qanına-canına işlədiyi, dəyər kimi qəbullandığı bu bayramı sıradan çıxara bilmədi. Elmi araşdırmalar Novruz bayramının tarixini çox əski çağlarla – Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. İndi bu qədər tarixi kodu silməyə sizcə hər hansı bir qüvvənin gücü çatarmı? Eləcə də Qarabağın Azərbaycanın bir parçası, evimizin bir hissəsi, ruhumuzun cuşa gəldiyi bir yurd olduğunu unutmaq qeyri mümkündür.

Düşmən nəyi hesablamayaraq uduzdu?

Bundan başqa, tədqiqatçıların fikrincə türk ictimai şüuru bütün tarixi dövrlərdə zaman-zaman özünü daha bariz göstərib. Bu yaratmaq, inkişaf etdirmək və yaratdıqlarını qoruyub saxlamaqla bağlıdır. Tədqiqatçılar bu fikirdədirlər ki, oğuzlar yaradanlar, qıpçaqlar inkişaf etdirənlər, hun və uyğurlar qoruyanlar olublar. Separatçı, vandal düşmən iradəolunmaz bu emosiyaları hesaba qatmadan savaşa başlayanda artıq uduzmuşdu.

Ona görə də, indi yalnız evini qoyub gələn insanlar və onların övladları, hətta nəvələri belə, Qarabağa mülk dalınca getmir, tarixinə, torpağına, atalarının yurduna sahib çıxmağa gedir. Bunu hər hansı bir məqsədlə yox, kodlarından gələn enerji ilə edirlər.

Dağlarda yalnız qalan qalanın dedikləri

Bir dəfə Kəpəzə yaxın yüksəkliklərin birində idim. Diqqətimi vüqarla dayanan bir qaya parçası çəkdi. Qeyri-iradi gedib ona sarıldım. Qulaq verdim, sanki mənə nəsə danışacaqdı. Bir ilıqlıq, sanki doğmalıq var idi. Bəlkə də, günəşin isitdiyi daşın istiliyidir, onu hiss edirdim, yəni adi bir fiziki prosesdir. Bunu deyə bilmərəm. Amma hiss edirdim ki, qollarım ondan ayrılmaq istəmir. Ondan istiliklə bərabər gələn başqa bir enerjini də hiss edirdim. Sanki deyirdi ki, biz yad deyilik, sənin atalarının atasını belə tanıyıram. Doğurdan, bəlkə atalarımdan kimsə buralardan keçəndə dincəlmək üçün bu qaya parçasına söykənib, bəlkə kölgəsində özünə bir süfrə açıb? Ola bilər ki, atını ona bağlayıb bir az dincəlib? Bu fikirlərə daldıqca o qaya mənə elə əziz gəldi ki... Təsəvvür edin biz baharda, yayda istirahət, gözəllikləri görmək üçün o yüksəkliklərə gedirik. Amma o qışda qarın altında, şimşəklər çaxanda, sellər gələndə belə heç hara getmir, elimizə, yurdumuza keşikçi olub. Ətrafdakılar görməsin deyə gizlicə onu öpdüm. Dedim birdən görənlər deyərlər ki, bu havalanıb, daş-kəsəyi öpür. Həmin an keçirdiyim hissləri kimə və necə izah edə bilərdim ki? Mənə elə gəldi ki, o qaya ilə birlikdə, onun şahid olduğu millətimin tarixini, ölən atalarımızın ruhunu öpürəm. O da məni sevdi, buna əminəm. Qollarımı ondan ayıranda paltarım ilişdi, sanki “getmə” deyirdi. Hər dəfə xatırlayanda onun üçün darıxıram, etibarsız, mənəviyyatsız birindənsə, daha faydalıdır “dilsiz tarix”.

Qarabağa qayıdış təkcə fiziki köç deyil


Bu səbəbdən də nəzərə alınmalıdır ki, azərbaycanlıların Qarabağa qayıdışı təkcə fiziki köç deyil, həm də mənəvi və emosional bir dönüş nöqtəsidir. Bu milli kimliyin yenidən dirçəlməsidir. Qarabağlılar təkcə evlərinə yox, köklərinə, tarixlərinə, adət-ənənələrinə qovuşurlar. Toy mağarları yenidən qurulur, Novruz tonqalları yandırılır, ağaclar gələcəyə ümid kimi yeni pöhrələr verir. Bu qayıdışla bütün dünyaya, düşmənlərə meydan oxuyuruq – “Biz burdayıq, öz evimizdə, ata torpaqlarımızda və əbədi olaraq qalacağıq!”

# 148 dəfə oxunub

Oxşar xəbərlər

"Cavid tez tutulan idi" -  Məmməd Rahimin Hüseyn Cavid xatirəsi

"Cavid tez tutulan idi" - Məmməd Rahimin Hüseyn Cavid xatirəsi

18:42 7 may 2025
Türkiyəli yazıçı evində yanaraq öldü

Türkiyəli yazıçı evində yanaraq öldü

16:25 7 may 2025
Kitabsevərlərə şad xəbər:  70% endirimdən siz də yararlanın!

Kitabsevərlərə şad xəbər: 70% endirimdən siz də yararlanın!

15:40 7 may 2025
"Dedim ki, 3-ə qədər sayıram, avtomatları endirməsəniz, hamınızı biçəcəm" – Nəriman Həsənzadə ilə müsahibə

"Dedim ki, 3-ə qədər sayıram, avtomatları endirməsəniz, hamınızı biçəcəm" – Nəriman Həsənzadə ilə müsahibə

14:21 7 may 2025
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

14:05 7 may 2025
Rejissor İlker Canikligil sərbəst buraxıldı

Rejissor İlker Canikligil sərbəst buraxıldı

12:22 7 may 2025
#
#
# # #