Dünyanın ən möhtəşəm yeri – Beyza Alkoçun imza günündən reportaj

Dünyanın ən möhtəşəm yeri –  Beyza Alkoçun imza günündən reportaj
12 iyun 2023
# 14:00

Kulis.az türkiyəli yazıçı Beyza Alkoçun LİBRAFF kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında baş tutan imza günündən reportajı təqdim edir.

– Qardaş, bu, sizdən düşdü?

– Çox sağ olun.

Kim bilir neçənci dəfə telefonumu cibimdən çıxaranda metro kartım yerə düşür. Hələ bu yaxşıdır, keçən dəfə pulqabım itmişdi. Əşi, elə onun da içində metro kartı alacaq qədər pul var idi, ya yox.

Köşkdən su alıb üzü LİBRAFF-a doğru yol alıram. Mağazanın qarşısı oxucularla doludur. İçəri keçirəm. İzdiham o qədər böyükdür ki, rəli getmək mümkün deyil. Qabaqda türkiyəli yazıçı Beyza Alkoçun imza gününün posteri görünür. “Madriqal” qrupunun mahnısı mağazanı bürüyüb. Oxucuların çoxu yenə də qızdır, ancaq keçən səfərkindən fərqli olaraq adda-budda oğlanlar da var.

Ortayaşlı və yaşlı insanlar da var. Əsasən övladlarını və nəvələrini gətiriblər. Açığı, çox xoşuma gəldi. Hələ bir qızcığaz barmağı ilə nənəsinə kitabdan hansısa yeri göstərir, sonra ikisi də gülüşürlər.

Bir qadın diqqətimi çəkir. Hamilədir. Deyəsən, son aylarıdır. Hiss olunur ki, çox narahatdır. Hardasa 14-15 yaşlı qızı tez-tez əlində müəllifin kitabı ilə anasının yanına gəlir, qulağına nələrsə deyir, o da narazı-narazı ona baxıb başını bulayır.

Sərxan Rüstəmov müəllifi dəvət eləyir. Salonda səs-küy pik həddə çatır. Əllərdəki pankartlar qalxır.

İnsanlar bir-bir, sıra nömrəsi ilə müəyyən olunmuş yerdən keçərək kitab imzaladır, qarşı tərəfdən çıxırlar.

İmza günündə diqqətimi başqa bir maraqlı məqam da çəkdi. İnsanlar mağazanın girişindəki müxtəlif kitablara meyillənirlər. Açığı, mənim də diqqətimi çəkənlər oldu. Türk dilində Hermann Hessenin “Ağaçlar” kitabın aldım. Salondakıların üçdə biri burdan 1 kitab alsa, ölkə qazanar. Nədən ki, müxtəlif sahələrdən xeyli sayda kefiyyətli kitab var. Hə, bahadır, hətta bəziləri çox bahadır, ancaq düşünürəm ki, ayda 1 dənə belə kitab almaq o qədər də çətin deyil.

Beyza Alkoçun kitablarının olduğu stendə yaxınlaşıram.

Əvvəldən sıra nömrəsi almayanlarla sıra nömrəsi almadan sadəcə kitabı alıb imzalatmaq istəyənlər bir-birinə qarışıb.

Bir nəfər ortayaşlı qadın balaca oğlunun əlinə şax 20 manat verib qulağına deyir ki, apar bunu ver o qıza, bizi keçirtsin.

Hara?

Niyə?

Bir belə adam necə olsun?

Ah bizim insanlar… İmza günündə də belə əməlbetərliklərindən qalmırlar. Burda belə pul basıb iş aşırmaq istəyirlər.

Tək burda deyil. Bizim hər işimiz belədir. Baxırsan ki, adam çıxıb hansısa verilişdə rüşvətin ölkəni necə məhv eləməyindən danışır, amma işə rüşvətlə girib. Dostu ilə görüşür, göz vurub deyir ki, özümüzük də. Belə bir ölkədə yaşayırıq.

Nələrisə dəyişmək üçün özümüzdən başlamalıyıq. Sonra ətrafımızı dəyişməyə çalışmalı, alınmayanda onlardan uzaqlaşmalıyıq.

Bu fikirlərlə ətrafıma göz gəzdirirəm. insanların bütün hallarda kitablaşması, kitabları müzakirə etməsi çox gözəldir.

Qabaqda 5 nəfər toplaşıb. Hərəsinin əlində Səbahəddin Əlinin bir kitabı var. Qızğın müzakirə gedir. Biri ona “solçu” deyib tarixin tozlu səhifələrinə vıyıldadır, başqası ordan götürüb üstünün tozunu çırpıb gözünün üstünə qoyur. Əslində, belə də olmalıdır. Birrəngli, birdüşüncəli toplum heç vaxt irəli gedə bilməz. Bacardığımız qədər fikir müxtəlifliyi, söz və ifadə azadlığı, demokratik mühit yaratmalıyıq. Ən azından, mədəniyyət sahəsində.

İnsanlar 10-10 sıra nömrəsi ilə çağırılır. Kitab imzaladan adamların üzündəki gülüşü, gözündəki işığı görmək əvəzsizdir.

Açığı, kitab müzakirələrini, oxucu klublarını-filan çox da sevmirəm. Nədən ki, davamlılıq və məsuliyyət olmur.

Yadıma gəlir, tələbə vaxtı bir dəfə toplaşıb dedik ki, “Don Kixot”u müzakirə eləyək. 10 gün sonra yığışdıq. Xoş-beşdən sonra müzakirə başladı. 2 saat qızğın müzakirə getdi. Sona 10-15 dəqiqə qalmış müzakirənin “təşkilatçısı” nə desə yaxşıdı?

– Don Kixot orda Sançoya minib gözdən itəndə çox kövrəldim.

Dulsineyanın kürəyindəki əjdaha döyməsinə and olsun ki, belə də dedi.

İstədim qalxıb ağzının üstündən birini ilişdirim, Servantesdən utandım.

Dünən kitab sərgisində idim. Bir neçə dəfə getmişəm. Elə LİBRAFF-ın yanındadır. Ancaq orda bunun yarısı qədər adam yox idi. Çünki reklamı getməyib, təşkilatçılıq zəifdir və s.

Növbə ara-sıra pozulurdu. Ancaq növbədəkilərə görə yox, onları gətirən valideynlərə görə. Bir daha başa düşdüm ki, ailə təməldir. Ata, ana zorla uşağını qabağa dürtüşdürmək istəyir. Hələ acıqlanır da:

– Keş daa. Başını əy qoluun altından keşginən. Keçən səfərki kimi. Di tez ol görüm. Uff... Çöldə də od yağır eee…


Sonra da deyirlər ki, indiki cavanlar elədi, belədi. Budur da. Nə danışıq var, nə növbə mədəniyyəti. Kaş, heç olmasa, belə mədəniyyət, ədəbiyyat, kitab tədbirlərində daha sivil davrana bilsək.

Ancaq bir arıq, saçının qabaq hissəsi tökülmüş bir kişi növbəsini keçmək istəyən oğlunun qolundan tutub dala çəkdi. Qulağına nəsə dedi. O da atasına baxıb gülümsünür.

Mağazadan çıxıram. Yolun o biri üzündə, parkın içində kitab və ədəbiyyat festivalı keçirilir. Yaşıl ağacların arasında kitablar düzülüb, adamlar əllərinə kitab alıb səhifələyirlər, oxuyurlar.

Bir anlıq elə təsəvvür edirəm ki, dünyanın ən möhtəşəm yerindəyəm. İndicə yüzlərlə adamın olduğu kitab təqdimatından çıxmışam və bizdən yüzcə metr o tərəfdə də adamlar kitaba toplaşıb. Tez yolu keçib sərgiyə tərəf tələsirəm.

# 2160 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #