Dünyanın ən məhrəm düşməni – Mir Çingiz Ağazadə yazır...

Dünyanın ən məhrəm düşməni – Mir Çingiz Ağazadə yazır...
1 sentyabr 2022
# 13:20

Kulis.az Mir Çingiz Ağazadənin “Dünyanın ən məhrəm düşməni” yazısını təqdim edir.

Ona görə ən məhrəm ki, bu düşmənliyin özəyində siyasət də dayanır, sosiallıq da durur, fəlsəfə də əyləşir, fərdiyyət də yatır, bəşəriyyət də oyanır. Və belə düşmənliyin meydana gəlməsindən çox onun yoxluğuna aparan ən ümdə mübarizə üsulu millətlər üzərindən qurulmuş təbliğatdır. Dini, fəlsəfi, siyasi məcmuların özül etibarilə bütün insanlığa xitab etməsi bu kontekstdə heç nəyi dəyişmir. Hətta üç İbrani dinin (Yəhudilik, Xristianlıq və İslam) bütün külli-aləmə göndərilmiş olması onların bətnindəki “tək millətlik” meyarı çıxarmır aradan. Əksinə, qabardır. Ki, “cinsindən, irqindən, millətindən asılı olmayaraq” ifadəsi həm də “tək din, tək cins, tək millət” ifadəsiylə sinonimləşir. Nəticədə biz zəruri olaraq həmin təklikləri harada, necə dəyərləndirməli olduğumuzu bilməliyik. Məsələn, tək cins anlayışı yeni dövr qərb psixologiyasında ciddi dəyişikliklərə rəvac verib.

Modernizmdən ekzistensializmə kimi əksər cərəyanlar, hətta Erix From, Ziqmund Froyd kimi psixodühalar da tək cins qavramını müdafiə edib. Səbəbi də hansısa mənəvi dəyərlər yox, kapital olub, kapital. Parçalanmış cinslər arasında daha öz və daha əlaqəli dəyərlər yaranır axı. Sonra bu dəyərlər nəhəngləşib bəşəri meyarlara çevrilir. Qadın-kişi münasibəti kimi təzahür etməyə başlayır. Və biz dinlərin timsalında həmin bölgünün gələcəyə ötürüldüyünün şahidi oluruq. Beləliklə, məlum parçalanma prosesi kapital kimi fiziki, maddi anlayışları mənəviyyat önündə dəyərsizləşdirir. Modern kapitalizm öz məhsulunu dəyərə mindirməyi bacarmayanda məcburən mənəvi keyfiyyətləri adiləşdirməyə başlayır. Və çox da əla bacarır böyük nisbətdə.

Məsələn, inandırır ki bizi, əslində seksual qavramları mənəviyyatsız da yaşamaq olar. Adına flört deyərsiniz, fakbadiləşdirərsiniz, vəssalam, qurtardı, getdi. Daha nə ehtiyac var min-bir əziyyətə? Di gəl, bu tənbəllik dolu fikirlərin güc qazanmasında Şərq basırığının da rolu az olmayıb. Şərq insanı gələcəyə yükləyib hər şeyi. Buddisti reinkarnasiya, müsəlmanı axirətə sığınır, xristianı İsaya bel bağlayır. Nəticədə “məsul insan”lıq anlayışı qüvvədən düşür. Hansısa qərb ölkəsində başladılan xeyriyyə aksiyasına milyonlar yatırılanda şərq insanı “amin” deməklə kifayətlənir. Çünki təsiretmə yönünü düzgün müəyyənləşdirməmişik. O cür ki, “amin” – “İlahi, sən görənsən, bilənsən, özün o şəxsə yardım et” duasının ədatına çevrilə bilər. Amma bir halda ki, əsas nitq hissəsi olmaq mümkündür, niyə köməkçi nitq hissəsiylə kifayətlənəsən? Bu sual şərq insanını uzaq başı, gələcəkdə düşündürə bilər. “Amin” deyib keçməksə indi və burada ən gözəl seçimdir.

Müşahidə etmişəm, dindar dostlar “Allaha xatir yardım edin” tipdə yardımpərvər aksiyalar başladanda daha çox nəticə hasil edir. Dirənməyə yer qalmır çünki. Hamı aşkar görür ki, “amin”dən keçib. Daha əllə cibi qovuşdurmaq vaxtıdır. Qısası, din adamları dünyəvi məsələləri axirəvi yekunlara bağlamaq yerinə, elə dünyəvi sonluqlara yüklənsələr, daha effektiv uğur qazana bilərlər. Demirəm qazanacaq. Amma yenə də alınmaq ehtimalı var. Fəqət millət anlayışına, genoma hesablanmış fikirlər gec-tez yeni nəsillərin xarakterinə çevriləcək. Bu baxımdan istənilən siyasi ideologiya, fəlsəfi cərəyan, dini məcmu öz iddialarını millətlərə aşılamaq ehtiyacı duyur. İbrani dinlərin bütün bəşəriyyətə yönəlməsi boşuna deyil. Və bu, heç də kosmopolit anlayışların ümdə dəyərə sahibliyindən qaynaqlanmır. Əksinə, “kosmo”suz, filansız, bütün dinlər millətlərə, fərdlərə, hətta cinslərə ayrı-ayrılıqda xitab edir. Sözün açığı, məşhur ateist filosofların tanrı-insan münasibətlərini tənqid edərkən “o boyda yaradıcı niyə milyardlarla qalaktika içərisindəki toz zərrəsi boyda insana kitab göndərsin?” tipdə suallar verməsi də doğrulayır bu düşüncəmi. Çünki dinlər kollektivist xislətlə bərabər individlərə də sahibdir. Və bu, dinləri siyasi görüşlərdən həm ayıran, həm də üstünləşdirən ilk xüsusiyyətdir. Allah təkdir. Ondan başqa Allah yoxdur. Deməli, qeyri-allah olan heç nə tək deyil və ondan başqa da qeyri-allahlar ola bilər, ki olur da. Allahdan qorxmaq lazımdır. Deməli, heç bir qeyri-allahdan qorxmaq gərək deyil, hətta qadağandır belə qorxu. Şərik qoşmaq sayılır çünki tanrıya. Diktatorluq çıxdımı sıradan? Bəli. Çünki meyar tanrıdır. Anarxiya uduzdumu mübarizəni? Bəli. Çünki sistem ilahidir. Aristokratiya gəldimi gündəmə? Bəli. Çünki heç kəs bərabər deyil. Kimə nəzərən? İnsanlara. Bəs Allah qatında? Bəli, hamı eyni gözündədir tərəzinin. Hər kəs əməlləri boydadır. Lakin təkcə Allah qatında. Vəssalam.

Dünyəvi müstəvidə ilahilik çox uzaqlardakı mayak sayıla bilər. Nə bundan bir zərrə artıq, nə də bir zərrə əskik. Millət əsaslı Ümummillət anlayışını qabardan elə din yoxdur ki, millətçiliklə ziddiyyət yaşamasın. Həmin toqquşmaların səbəbi din və millətçilik arasındakı gerçək təzadlar yox, hər iki tərəfin iddiaçıların xətalı fikirləridir. Məsələn, biri “millətindən asılı olmayaraq” birləşməsini “Yəni millətlər önəmsizdir” kimi anlayır. Amma elə deyil! O biri “filan millətin filan millətdən başqa dostu yoxdur” deyəndə digəri “qeyri bütün millətlər düşməndir” kimi nəticə çıxarır. Amma elə deyil! Fərdləri milli kimlik əsaslı mövqe sərgisinə vadar edən real şərtlərdir. Şərq insanı milli qiyafəyə bürünməyə ona görə məcburdur ki, qarşısında qərb nasionalistləri dayanır. Özü də bütün beynəlmiləllikləri, bütün qloballıqları, bütün individuallıqlarıyla birgə. Qərb insanı millətçiliyi qiyafəlik halından şəxsiyyət halına çevirməyi bacardıqdan sonra soyundu öz qiyafəsini. Daha gərək yox idi nasizmə. Daha ehtiyac qalmamışdı faşizmə. Bu kimi ifadələrin terminoloji qüvvəsi fərdi müstəviyə keçməyi bacarmışdı çünki. İndi istənilən humanist, özünü dünya vətəndaşı adlandıran qərbli, genetikasından şəxsi həyatına, xarakterinə qədər xalis millətçi, hətta irqçidir. Onun meyarı millətçiliyin özü yox, içidir. O milləti sahibləndiyi dəyərlərin saxlanc yeri kimi qoruyub saxlayıb. Qərb insanı həyatı informasiya, milləti kitabxana kimi müəyyənləşdirməyi bacarıb çünki. Və təkrar-təkrar qabartmağa gərək duymur. İcra edir. Ancaq əlindən gəlməyəni belə edir ki, şərq insanı varmasın öz bazasının fərqinə. Qorumasın kimliyini. Sadəcə nirvanaya bəsləsin ümidini. Təkcə dua etməklə kifayətlənsin Allaha. Məsihin ruhuna and içməklə qane olsun. Qəti ayılmasın. Qəti istəməsin öz xalqını aliləşdirməyi. Qəti vuruşmasın müqəddəslik uğrunda... Bəs biz? Biz isə hələ öz saxlancımızın qədrini yeni başlamışıq dərk etməyə. Və görünür, o səbəbdən qaynaqlanır bütün pafoslu çıxışlarımız. Sükuta ərəcəyimiz günsə uzaqda deyil. Hiss edirik artıq. Dinimizin də, dəyərlərimizin də, mənəviyyatımızın da, xarakterimizin də deposudur milli kimlik. Onu qoruyub saxlamaq, gələcək nəsillərə daşımaq, nəhayət nəzəri müstəvidən praktiki şəklə salmaq öz varlığımızı qorumağın başlıca meyarıdır. Üstəlik, qeyd etdiklərim heç bir dini prinsiplə ziddiyyət təşkil etmir ki, nələrisə bəhanəyə çevirib dinlə inancları qarşı-qarşıya qoyasınız. Tarixin səhvlərini gələcək prinsiplərin üzərinə yıxmayaq, bəlkə? Ən məhrəm düşmənlərdən qorunmaq üçün. Heç deyilsə.

Bütün insanlar bərabərdir, lakin insanlar qarşısında yox!

# 2443 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #