Dünyanın ən böyük kolleksiyalarına malik Metropoliten İncəsənət Muzeyi

Dünyanın ən böyük kolleksiyalarına malik  Metropoliten İncəsənət Muzeyi
21 sentyabr 2025
# 15:00

Kulis.az Metropoliten İncəsənət Muzeyi haqqında maraqlı faktları təqdim edir.

Nyu - Yorkun Manhetten şəhərində, "Central Park"ın yanında yerləşən Metropoliten İncəsənət Muzeyi iki milyondan çox əsəri ilə dünyanın ən önəmli muzeylərindən biridir.

Şəhərin ən çox ziyarət olunan məkanlarından sayılan muzey təxminən beş min illik tarixi özündə ehtiva edir. Burada dünya mədəni irsinə aid dəyərli əşyalar və sənət kolleksiyaları qorunur.

İlk vaxtlar Morqan, Con Rokfeller, Ceykob Rocers, Qoras Xevmeyer kimi zəngin iş adamlarının könüllü ianələri hesabına fəaliyyət göstərib.

Muzeyə yardım edən mesenatlardan birincisi Ceykob Rocers olub. 1901-ci ildə o muzeyə böyük məbləğ - 4,5 milyon dollar bağışlayıb. Bu pula nadir şəkillər və kitablar alınıb.

İkinci mesenat Ketrin Vulf adlı qadın olub. O, həm də muzeyi təsis edənlərdən idi. Görkəmli rəssamların 143 şəkildən ibarət olan kolleksiyanı muzeyə bağışlayıb.

1917-ci ildə Con Morqan 20 il ərzində yığdığı 5500 rəsm əsərini muzeyə verib.

1917-ci ildə muzeyin yaranmasında xidməti olan sahibkarlardan biri Ayzek Fletçer vəfat edəndən sonra vəsiyyətinə əsasən, onun tətbiqi sənət nümunələri, rəsmlər və müxtəlif şəkillərdən ibarət kolleksiyası muzeyə bağışlanıb.

Muzeydə "Orta əsrlər", "Afrika mədəniyyəti", "Yaxın Şərq mədəniyyəti", "Qədim Dövr", "Qrafika" və digər şöbələrdə 3 milyona yaxın eksponat saxlanılır.

Bunların arasında üstünlük təşkil edən qədim Misir, Yunanıstan, Roma mədəniyyəti və Yaxın Şərq ölkələrinə aid olan eksponatlardır.

"İslam mədəniyyəti nümunələri kolleksiyası" dünyada ən böyük kolleksiya sayılır.

"Uzaq Şərq ölkələri" şöbəsində Çin dövlətinə məxsus rəsm əsərləri, heykəltaraşlıq nümunələri, gümüş və saxsı qablar nümayiş olunur.

"Qədim Misir mədəniyyəti" şöbəsində sarkofaq və mumiyalar (b.e.ə 1 minillik), məşhur Sfinks heykəli, sərdabələrdən götürülmüş bəzək əşyaları, ağacdan düzəldilmiş mebel, müxtəlif ayaqqabı və geyim əşyaları və s. nümayiş olunur.

"Qədim dünya mədəniyyəti" şöbəsində Yunanıstan və Roma, həmçinin Kipr adasından götürülmüş eksponatlar sərgilənir. Bunlara daha çox heykəltaraşlıq əsərləri aiddir. Məsələn, imperator Konstantinin büstü (325-ci il), yaralı amazonka heykəli çoxlu ziyarətçi cəlb edən eksponatlardır.

1872-ci ildə açılan muzeydə Afrika, Asiya, Avstraliya, Bizans, Hind və İslam incəsənətinə aid geniş kolleksiya mövcuddur.

Amerika Birləşmiş Ştatlarının ən böyük incəsənət muzeyi sayılan Metropoliten İncəsənət Muzeyinin binası illər ərzində böyüdülərək bu günkü görkəmini alıb və hazırda dünyada fiziki baxımdan dördüncü ən böyük muzeydir.

Muzeyin kolleksiyasında Antik Yunan və Roma incəsənətinə aid məşhur heykəllər, e.ə. 4500-dən eramızın 312-ci ilinə qədər yaradılmış əsərlər yer alır.

Dünyanın ən zəngin İslam incəsənəti kolleksiyalarından birinə sahib olan muzeydə musiqi alətləri, kostyumlar və aksesuarlarla yanaşı, həm Amerika müasir incəsənət nümunələri, həm də Avropa rəssamlarının əsərləri və dünyanın müxtəlif yerlərindən gətirilmiş döyüş alətləri nümayiş etdirilir.

Muzeyin ən çox maraq doğuran bölməsində Antik Misir sivilizasiyasına aid əsərlər yer alır.

Burada eramızdan əvvəl 300 min ildən eramızın IV əsrinə qədər uzanan dövrə aid, incəsənət, tarix və mədəniyyət baxımından önəmli təxminən 26 min eksponat sərgilənir.

Kolleksiyanın yarıdan çoxu 1906-cı ildə Misirdə başlanan və 35 il davam edən arxeoloji qazıntılar nəticəsində əldə edilərək muzeyə gətirilib.

Tam şəkildə günümüzə qədər qorunub saxlanmış yeganə Misir məbədi olan Dendur isə iki min illik tarixi, möhtəşəmliyi və bütün sirri ilə muzeyin ən populyar əsərləri arasında yer alır.

Muzeydə yalnız qədim sivilizasiyalara aid kolleksiyalar deyil, həm də müasir incəsənət əsərləri böyük maraq doğurur.

Abstrakt ekspressionizmin ən görkəmli nümayəndələrindən sayılan amerikalı rəssam Cekson Pollokun əsərlərinin nümayiş olunduğu bölmə isə ən çox ziyarətçi cəlb edən məkanlardan biridir.

Məşhur yapon rəssamı Hokusay Kacuşıkanın ən tanınmış əsərlərindən biri olan “Böyük dalğa”, təxminən 1831-ci ildə “Fuji Dağının Otuz Altı Görünüşü” adlanan taxtaqəlib çap seriyasının bir hissəsi kimi yaradılıb.

39 x 26 sm ölçüdə kiçik bir taxta üzərində hazırlanmış bu əsər, muzeyin ən çox maraqla izlənilən nümunələrindən biridir.

“Gertrude Steynin portreti” ispan rəssam Pablo Pikassonun 1905-ci ildə üzərində işləməyə başlayıb, növbəti il tamamladığı yağlı boya əsəridir.

Amerika yazıçısı və sənət kolleksiyaçısı Gertrude Steynin təsvir olunduğu bu tablo muzeyin önəmli əsərləri sırasında yer alır.

Pikassonun “Çəhrayı dövr” adlanan mərhələsinə aid olan bu portret, modern incəsənətin inkişafında mühüm təsirə malikdir.

Rəssamın 1905–1907-ci illərdə əsasən çəhrayı rəng və onun tonlarından istifadə etməsi səbəbindən həmin dövr “Çəhrayı dövr” kimi tanınır.

***

# 1224 dəfə oxunub

Oxşar xəbərlər

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

13:38 30 mart 2026
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

12:30 30 mart 2026
XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

11:30 30 mart 2026
Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

10:40 30 mart 2026
Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirildi

Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirildi

10:00 30 mart 2026
Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

16:42 29 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər