Dörd şirkətin sahibi ilə necə sevgili oldum? - Oğuz Ayvaz

Dörd şirkətin sahibi ilə necə sevgili oldum? - Oğuz Ayvaz
9 yanvar 2025
# 12:00


Kulis.az Oğuz Ayvazın “Mənim keçmiş sevgililərim” adlı silsiləsindən qələmə aldığı sonuncu yazını təqdim edir.

Qəzaya uğrayan sevgilər

I

Ədəbi mühitin, qələm əhlinin tanıdığı bir qız vardı. Bir-iki hekayə yazan kimi özünü yazıçı hesab edən gənc istedadlar dəstəsindən o qıza sevgi məktubları yazmayan qalmamışdı. Maraqlısı o idi ki, qız heç birinə üz verməmişdi. Bir gün yazar dəstəsindən bir nəfər mənə dedi ki, bəlkə, o qıza sən də yazasan, tanış olasan. Və beləcə o sirli qıza ilk mesajımı yazdım: “Uzun saç sizə yaraşmır”. Bu mesaj onu əməlli-başlı qıcıqlandırdı və biz beləcə virtual aləmdə tanış olduq. İki saat sonra isə sabahkı gün üçün görüş təyin etdik. Gənc yazara xəbəri çatdırdım, inanmadı, skrin göndərdim, təəccüb smaylikləri ilə inboksumu bombaladı.

Günəşli bir gündə onunla görüşdüm. Uzun zil qara saçları, fındıq burnu, boyu-buxunu, üzündəki qəmzələri, mavi gözləri məni haldan-hala saldı. Öz-özümə “tilova böyük balıq keçib” dedim, sonra qımışdım. Sən demə, bu qız çox varlı imiş. Dörd şirkətin sahibidi, dörd də dil bilir. Məni bir Çin restoranına apardı. Dedi, bilirsən, dünyanın ən gözəl mətbəxi Çin mətbəxidir. Mən də, təbii ki, özümü intellektual göstərmək üçün razılaşdım. Menyu gəldi, heç nə seçə bilmədim. Dilimi sürüdüm ki, sən nə yeyirsən, onu yeyərəm. Həm də sənin kimi gözəl bir qız varkən yemək nəyə lazım. Gülümsündü. Bir azdan adını bilmədiyim bir yemək gəldi. İştahım küsdü, eləcə qaşıqladım. Qız da dedi ki, sonra gedərik italyan restoranına, orada şərab içərik. Ona tez-tez zənglər gəlirdi, gah ingilis dilində, gah türk dilində, gah da fransız dilində danışırdı. Zənglərdən sonra dodağına qırmızı boya sürtür, güzgüdə kipriklərinə baxırdı. Varlı qız özündən çox danışırdı: hər səhər tezdən oyanırmış, fitnesə gedirmiş və s. və i (düzü, qalanlarına qulaq asmadım).

– Qidalarıma çox diqqət edirəm, siqaret çəkmirəm, – deyib üzümə baxdı. Mən o an ona qulaq asmadığımı bilib tez özümü cəmlədim. – Ümid edirəm sən də çəkmirsən, elədir?

Qəfil gələn sual məni özümə gətirdi:

– Siqaret çəkirəm, elə indi birini yandırmaq istəyirdim.

– Xahiş edirəm, mənim yanımda çəkmə, get çölə.

Sonra yenə özündən danışmağa başladı:

– Kariyera qurmaq bir qadın üçün böyük naliyyətdir. Mən də o yoldayam və demək olar ki, zirvəyə yaxınlaşıram. Həyatımda yeganə boşluq evlənməkdir. Özümə uyğun birini tapa bilmirəm. Bu kişiləri anlamaq çox çətindir.

– Məncə, qadınları anlamaq çətin işdir...

– Aaa, yooox, biz sevgi, hörmət istəyirik, vəssalam.

– İnan daşa dönsün, sizin istəklərinizi yazmağa kağız yetməz.

– Biz, deyəsən, səninlə anlaşa bilməyəcəyik!

Elə bu yerdə qıza yenə zəng gəldi. Dəhşət darıxdım, gizlicə dostuma mesaj yazıb göndərdim, sağ olsun, o da iki dəqiqə keçməmiş zəng etdi. Qızı restoranda qoyub qaçdım... Dostumla sınıq-salxaq kafedə oturdum, masanın üstü it günündəydi. İstədim kafe sahibini qucaqlayıb ağlayım. Kasıblıq nə gözəlmiş deyə düşündüm.

II

Yağışlı bir gündə küçədə gəzirdim. Külək boş və kimsəsiz parklarda vurnuxurdu. Belə bir kədərli gündə yağışda islanan, saçlarına küləyin sığal çəkdiyi üşüyən qız dayanacaqda avtobus gözləyirdi. Uzun yaşıl plaşına elə bürünümüşdü ki, sanki sevgilisindən ayrılmışdı. Qulaqlarımda Elvisin (Elvis Presley) səsi, qarşımda üşüyən bir qız. Yanına yaxınlaşdım. İstədim əllərindən tutum. Susum. İstədim plaşın yerində olam. Qız göz süzdürür, plaşına sarmaşıq kimi sarılırdı. Qulaqcığı çıxardım, Elvisin səsi yağışlı havaya qarışdı. Qızın həzin səsi gəldi:

– Nə gözəl mahnıdı...

– Evlis Presli oxuyur...

Araya sükut bombası düşdü. Elvisin “İndi ya da əsla” mahnısı hələ də öz hüznünün ömrünü davam etdirirdi. Bir yandan da yağış asfaltda gölməçələr yaradırdı.

Qız avtobusa mindi. Avtobusun pəncərəsindən baxışdıq. Elə baxırdı ki, deyirdi, əllərini uzat mənə (Yoldaşım oxuyub qısqanmasa yaxşıdır). Bu alovlu baxışlar məni də avtobusa apardı. Qızın yanında oturdum. Yenə susurduq. Yenə Elvis oxuyurdu. Beləcə qızla yol boyu baxışdıq. Biz o gün gözlərimizlə danışırdıq. Fonda isə Elvis demək istədiklərimizi oxuyurdu.

Sonradan bu qızı bir neçə dəfə də gördüm. Biz, bəlkə də, uzaqdan-uzağa sevgili olmuşduq. Bir-birimizlə baxışa-baxışa, əslində, sevgi yaşayırdıq. Sadəcə, nə mən ona yaxınlaşıb içimdəkiləri deyə bilirdim, nə də o. Bu haqda dostlarıma da danışmışdım. Onlar qıza yaxınlaşıb ürəyimdəkiləri deməyimi məsləhət gördülər. Lakin mən istəyirdim ki, bu qız orada qalsın. Hekayəmiz elə beləcə də bitsin.

III

Bir gün feysbukda çox gözəl bir qızın fotosu qarşıma çıxdı, baxdım ki, bu qız dostluğumda var. Sevindim, profilini analiz etmədən, birbaşa mesaj yazdım. Qısa zamanda onunla görüş üçün vədələşdik. Bir neçə gün o qızı görəcəyimin xəyalı ilə yaşadım. Vaxt gəlib çatmışdı. Qızla görüşəcəyim yerə yarım saat tez gəlmişdim. Gözüm hər yerdə onu gəzirdi. Birdən kimsə arxadan mənə səsləndi.

– Necəsən?

– Bağışlayın, tanımadım.

– Üç gün əvvəl feysbukda danışmışdıq. Mənəm də, Aydan.

– Aydan, sənsən?

– Nə oldu bəyənmədin?

– O mənada demədim, yəni makyajsızsan, ona görə tanıya bilmədim.

İçimdə vulkanlar püskürür, bir yandan da feysbukun qarasınca deyinirdim. Aydan 1.45 boyunda, 90 kq ağırlığında, ayaqları Roberto Karlosun ayaqları kimi əzələli, burnunda böyük sızanaqlar, dişləri sapsarı... Tez bir zamanda qızdan ayrılmalı idim. Yolda gəzişirdik, daha çox o danışırdı. Aradan çıxmaq üçün bəhanələr düşünürdüm. Aydan zoomarketə girəndə bəhanəni tapdım. Telefonumdan zəngli saat funksiyasını işə saldım, 15 dəqiqə sonra guya mənə bacım tərəfindən zəng gələcəkdi. Guya evi su basıb.

Aydan dükandan çıxdı. Mənə özünü tərifləyir, dadlı yeməklər bişirməsindən gen-bol danışırdı. Onun danışdıqları zərrəcə mənə maraqlı gəlmirdi. Fikrim telefonun yanında idi. Elə bu yerdə telefon ciyildədi:

– Alo? Nə, evi su basıb? Gəlirəm, narahat olma!

Aydan əlimdən tutdu:

– Can, evinizi su basıb? Gedək mən də kömək edim sənə.

– Yox, özüm həll edərəm.

– Yaxşı, canım.

Aydanı avtobusla yola saldım. Bir də ona nə mesaj yazdım, nə də zəng elədim.

# 1032 dəfə oxunub

Oxşar xəbərlər

Tiktoker "Xan" ilə bağlı yeni məhkəmə qərarı

Tiktoker "Xan" ilə bağlı yeni məhkəmə qərarı

18:02 9 yanvar 2025
MEMİM 2024-cü ildə - Hesabat

MEMİM 2024-cü ildə - Hesabat

17:28 9 yanvar 2025
Ombudsman Aparatında Xalq şairi Vahid Əziz ilə görüş keçirildi

Ombudsman Aparatında Xalq şairi Vahid Əziz ilə görüş keçirildi

17:06 9 yanvar 2025
"Üzüklərin hökmdarı"nın aktyoru gizli evləndi

"Üzüklərin hökmdarı"nın aktyoru gizli evləndi

17:00 9 yanvar 2025
Əməliyyat zamanı ad günü keçirdi - Həkimlərimizin növbəti hoqqabazlığı

Əməliyyat zamanı ad günü keçirdi - Həkimlərimizin növbəti hoqqabazlığı

16:25 9 yanvar 2025
Məşhur müğənni xəstəxanaya aparılıb

Məşhur müğənni xəstəxanaya aparılıb

15:45 9 yanvar 2025
#
#
# # #