Kulis.az Lənkəran Dövlət Universitetinin II kurs tələbəsi Mirələmov İlkinin hekayəsini təqdim edir.
Dəniz dalğaların içində
Gizlətmişdi təlaşını…
Bəzən heç olubmu ki, özümüzü başqa birinin yerinə qoyaq? Və ya başqa biri kimi hiss edək bir anlıq? Yəqin ki, hər birimizin başına gəlib... Oğlanlar adətən məşhur futbolçu Ronaldo kimi olmaq xəyalını qurur, özünü onun yerinə qoyur, ona bənzəmək istəyir, qızlar isə bəzən məşhur bir aktrisa, ya da foto model olmaq arzusunda olur. Və ya özünü onun kimi təsəvvür edir. Bu ondan irəli gəlir ki, biz insanıq deyə, daim yeni kəşflər arxasınca qaçır, inkişaf etmək istəyir və bəzən də xəyallarımızda özümüzü bir başqasının yerinə qoyur, ona oxşamaq istəyirik.
Bəs, indiyənə kimi, görəsən, neçə nəfər özünü cansız bir əşyaya, boş cismə bənzətsin?
– Hər halda çox az adam tapılar ki, özünü saralmış yarpaq, qurumuş ağac, səma, dağ, buludla müqayisə etsin. Çünki bu kimi varlıqlar canlı deyil. Etiraf edək ki, biz bəzən cansız əşyalara qarşı çox biganə, laqeyd yanaşırıq. Amma hər şeyi qoyaq bir qırağa. Düşünək, xəyal gücümüzün dərinliyinə varaq:
– Bu qeyri-adi kainatda, əsrarəngiz təbiətdə, bəlkə, elə quru cisimlərə görə biz canlı deyilik? Bəlkə, onlar bizim üçün yox, biz onlar üçün bəzək, suvinerik?
Deyilənə görə, Mavi adlı bir dəniz illər öncə öz yatağında xoşbəxt ömür sürürdü. Ta ki, onun içində olan dalğaların şər, pis, xudbin əməllərinə qədər... Mavinin dörd yanında şıltaq dalğalar bəzən mahir rəqqas kimi rəqs edir, bəzən balaca uşaqlar kimi qaçdı-tutdu oynayırdılar. Onlar dünyanı vecinə belə almırdılar. Böyük dənizin özündən razı, ərköyün ləpələri üçün həyat yalnız köpüklənmək, sahilə çırpılmaq və qürrələnməkdən başqa bir şey deyildi. Bu ləpələrin isimləri: Eqo, Kin, Nifrət və Savaşdı.
Bəli, bu dalğalar önünə çıxan maneəni məğlub edir, aradan qaldırır, məhv edirdilər. Bəzən olurdu ki, dəryadakı böyük, sal qayaları yıxır, aşırır, bəzən isə sahilə çıxaraq önünə çıxan nə varsa özü ilə birgə dənizə gətirirdilər.
Eqo adlı dalğa daim özünü öyür, tərifləyir fəxrlə öz qırıq qulplu uğurlarından danışırdı:
– Mən hər zaman daha güclüyəm, çünki qarşıma çıxanı yox edirəm!
Kin buna qarşılıq köpüklənə-köpüklənə cavab verdi:
– Mən daha möhkəməm! Ona görə ki, hamıdan öz qisasımı, intiqamımı alıram! Heç kim mənimlə cəngə çıxa bilməz!
Nifrət tez Kinin səsini kəsdi:
– Sus, axmaq! Mən hamınızdan çox daha qüdrətli, uca, üstünəm. Ondan ötrü ki, hər kəsdən nifrət edirəm, hamıdan zəhləm gedir! Nifrətim hər kəsi məhv edəcək, yandıracaqdır. Ha, ha, ha...
Savaş sakitcə onlara qulaq asır, səsini çıxartmırdı. Eləcə digər dalğaların mübahisəsini dinləyir, ayrı-ayrılıqda onlara qaz verirdi ki, dava bir az da qızışsın, qəzəblərini alov kimi püskürərək yeni-yeni müharibələr törətsinlər.
Bəzən ləpələr lal sahili təhqir edir, onun səssizliyi ilə lağ edirdilər. Sahilin adı İradə idi. İradə heç zaman ərköyün dalğalara baş qoşmurdu. Çünki bilirdi ki, onların sonu çox yaxındır...
Dalğaların törətdikləri fəsadlar, faciələr ərşə dirənmişdi. Onların şıltaqlığı, özbaşınalığı həddi aşırdı.
Bir gün dənizdə ağ rəngli sərnişin gəmisi öz axarında üzürdü. Deyəsən, hansısa döyüş bölgəsindən insanları onunla kənarlaşdırırdılar.
Bunu görən Savaşın daxilində qatil, cani bir instikt oyandı. Bu müharibə ehtirası idi. İllər, əsrlərdir ki, insanlarda da mövcuddur bu şövq. Həmin həvəsdir ki, bəşəriyyətin sonunu yaxınlaşdırır, planetimizi məhvə doğru aparır. Dərhal digər dalğaları və Fırtınanı bir araya yığdı:
– Görürsünüz hər biriniz bu gəmini. İndi gün həmin gündür. Öz daxilinizdəki gücü, hünəri indicə sübut etmək zamanıdır. Bu balaca gəmini, içindəki adamları məhv edin və şəxsi potensialınızı və hünərinizi meydanda göstərib isbat edin!
Savaşın sözlərindən sonra dənizdə fırtına qopdu, dalğalar dəli bir ehtirasla gəmini o tərəf bu tərəfə beşik kimi sallamağa başladı. Gəmidəki sərnişinlər acı bir təşvişə düşmüşdülər. Onlar havanın birdən bu qədər dəyişməsini gözləmirdilər. Can qorxusu hər kəsi qala kimi əhatəyə almışdı. Hamı öz canının hayında idi. Hətta analar öz övladlarını unudub ölüm həyəcanında boğulurdular. Sanki qiyamət qopmuşdu... Sərnişinlərin içində 11 yaşlı kimsəsiz bir qız uşağı vardı. Öz atasını, təəssüf ki, müharibədə itirmişdi. İndi isə dalğalar imkan versə, uzaq bir qohumunun yanına gedib orada həyatına davam edəcəkdi. O, gəminin batma təhlükəsi ilə göz-gözə qaldığını hiss edib ağlaya-ağlaya Tanrıya yalvardı:
– Uca Tanrı, atamı, anamı aldın məndən. Əgər bu həyat üçün artığamsa, mənim də canımı al. Amma burada olan körpələrə qıyma nə olar...
Elə bil ki bir möcüzə baş verdi. Allah bu kimsəsiz qızın səsini eşitdi elə bil. Günəş böyük bir lampa kimi dənizə parladı. Fırtına və dalğalar Ədalət adlı parlaq lampanın işıldaması ilə parazitlər kimi öldülər. İnsanlar dalğaların qanlı caynağından xilas oldu.
Bir neçə ay Ədalət Mavini cəzalandırdı və onu quruyub yox olmağa məhkum etdi. Çünki Mavi öz daxilində Eqo, Nifrət, Kin və Savaş bəsləyirdi. Elə əslində onlar da dənizi məhvə sürgün etmişdi... Dəniz ölüm ayağında, son nəfəsində idi. Birdən onun fikrinə Ağıl adlı dostu okean gəldi. Dərhal Ağıldan yardım istədi. Dostu da ona öz şəfqətli yardım əllərini uzatdı. Ağıl nə qədər çalışsa da, Mavini tam həyata qaytara bilmədi. Sanki onun həyata qayıtması, təzədən dalğalanması üçün nələrsə çatmırdı.
Ağıl tez-tələsik Ümiddən, yəni küləkdən kömək istədi ki, yaxın dostunu ölmümlə pəncə-pəncəyə buraxmasınlar. Ümid də onun sözünü yerə salmadı. Güclü şəkildə əsərək buludları göy üzündə qovmağa başladı. Buludlar topalanır, toqquşur, lakin bunun da heç bir xeyri olmurdu dənizə. Son anlarını yaşayan Mavi üçün Ümid son çıxış yolu idi. Ümid əlindən gələni etdi. Lakin o bir şeyi unutmuşdu.
O, Sevginin gücünü yaddan çıxartmışdı. Sevgisiz ümid zülmətdə nur aramaq kimidir. Ümid dəniz üçün səma, yəni Sevgi ilə birləşərək savaşdılar. Səmanın icazəsi olmadan dəniz yaşaya bilməzdi. Gözlərini əbədi yummağa hazırlaşan Mavinin son ümidi qalmışdı. Son inam nöqtəsi...
Nəhayət, Ümidlə Sevginin savaşı öz barını verdi. Ona görə ki, bu müqəddəs savaşdı. Bu müharibə həyat xilas etmək üçün idi, məhv etmək üçün yox! Beləliklə, göydən dənizə nur ələnməyə başladı. Yağan güclü yağış sanki damla-damla ona həyat verirdi.
Xülasə, Mavi qurumadı, məhv olmadı, ölmədi. Ona görə ki, hələ də içində Ağıl, Ümid və Sevginin parıltıları vardı. Onlar dənizə təzədən həyat bəxş etdilər. Dəniz öz şad, xürrəm anlarına, geri qayıtdı. Lakin içindəki Kin, Nifrət, Eqo və Savaşı məhv etdi. Onların yerinə isə Ağıl, Ümid və Sevgi adlı sevimli ləpələr dənizdə daim xoşbəxt şəkildə, inamla dalğalandı...