Müşfiq Abbasov: “Yutub videolarına şərh yazanlar avaralardır” - Müsahibə

Müşfiq Abbasov: “Yutub videolarına şərh yazanlar avaralardır” - Müsahibə
7 iyul 2021
# 17:17

Bu gün “Bu şəhərdə” prodakşnın prodüseri, yazar, ssenarist Müşfiq Abbasovun doğum günüdür. Kulis.az bu münasibətlə Müşfiq bəylə müsahibəni təqdim edir.

- Müşfiq bəy, ad gününüzü təbrik edirik. Ad günü sizin üçün nəyi ifadə edir?

- Çox sağ olun. Mənə belə gəlir ki, insanın həyatından bir il də ötüb keçir və insan daha da ağıllanır, müdrikləşir, ötən illərə baxanda daha az səhvə yol verir. Yəni belə deyək də, ad günləri ilə gələn yaş artımı insanı həm də növbəti səhvlərdən qoruyur.

- Ad gününüzü necə keçirirsiniz?

- Əsasən, ailə üzvlərimlə keçirirəm. Bəzən elə olub, qismət elə gətirib, məclislərə, “Bu Şəhərdə”nin konsertlərinə düşüb və yaxud da Azərbaycandan kənarda olmuşam. Misal üçün, bu gün də ad günümü keçirə bilməyəcəm. Çünki yaxın dostumun övladının toyudur, ora dəvət olunmuşam. Amma sabah ailəmlə birlikdə qeyd edəcəm. Keçən ilki ad günüm karantin günlərinin sərt vaxtına düşsə də, yaddaqalan günlərdən biri oldu.

- Ad günü həm də insanın özü-özünə hesabatıdır. “Bu şəhərdə” sizin üçün bu mənada nə deməkdir?

- Həyatımın təxminən yarısı “Bu şəhərdə” ilə bağlıdır. Bu il 21 yaşı tamam olur. Qismət olsa, noyabrda qeyd edəcəyik. Mən “Bu şəhərdə”dən əvvəl rəhmətlik Anar Məmmədxanlının rəhbərliyi altında “Bakılı oğlanlar” komandasının ssenaristi olmuşam. Bilirsiniz, o vaxt daha gənc idim, 20 yaşım vardı. O yaşda mən komandanı ölkədən kənarda təmsil edirdim. İndi bu haqda fikirləşəndə, həqiqətən də qürur hissi keçirdirəm. Çünki 2000-ci ildə 22 yaşım olanda “Əsrin çempionu” adını qazanan “Bakılı oğlanlar”ın sevincinə, qələbəsinə mən də şərik idim. Bundan başqa, orada mənə “Əsrin ən yaxşı ssenaristi” diplomu verilmişdi. Sonralar ailə qurdum, şəxsi uğurlarım başlandı. Oğlumun, qızımın təhsil uğurları... Qızımın şahmat üzrə Azərbaycan çempionu olmasını da öz uğurum hesab edirəm. Bilirsiniz, mənə elə gəlir ki, hər yaşın öz gözəlliyi var. Pis yaş olmur. Hesabat səhvlərin və düzlərin analizindən ibarətdir. Mənim elə səhvlərim var, onu yaxın adamlar bilir, eləsi də var, ancaq özüm bilirəm və çalışıb bu səhvləri bir də təkrar etmirəm. “Bu şəhərdə” isə mənim həyatımın fizioloji mənada yarısıdır. Bu layihə ilə biz həm pul qazanmışıq, həm tanınmışıq, həm dünyanı gəzmişik, həm də təcrübələr toplamışıq. “Bu şəhərdə” bizə şərəf, şöhrət, xalqın sevgisi gətirib. Sabah “Bu şəhərdə” olmasa, yenə mənim həyatımda, ömrümdə əbədi qalacaq. Bu ad mənim bioqrafiyama elə hərflərlə yazılıb ki, heç vaxt silinə bilməz.

- İndi verəcəyim suala prodüser kimi obyektiv cavab verəcəyinizi bilirəm. Amma istərdim şəxs olaraq cavab verəsiniz. Həyatda Rafaeli özünüzə daha yaxın bilirsiniz, ya Coşqunu?

- Məncə, bu fərqi qoysam, balans pozular. Mənsiz də onlara kənardan baxsanız, görəcəksiniz ki, bir-birlərini tamamlayırlar. Onların ikisinin də mənim ürəyimdə ayrı-ayrı, fərqli və əvəzolunmaz yeri var. Tam fərqli adamlardılar, amma mənim üçün əvəzolunmazdırlar. İkisini də həm insan, həm aktyor kimi çox istəyirəm. Onlar üçün ssenari yazanda da bilirəm ki, Coşqun nəyi bacaracaq, Rafael nəyi. Onlara uyğun yazıram və gözləntimin cavabını alıram. Eləcə də həyatda mən onlara inanıram və şükür ki, heç vaxt yanılmamışam.
- Elədirsə, bir eksperiment edək. İraq olsun, küçədə maşınınızı vurdular. Hansına zəng edəcəksiniz?

- İlk zəng etdiyim Rafael olacaq. Çünki Rafael özü maşını daha yaxşı sürür və o, daha tez çatacaq yanıma. İkisinə də eyni vaxtda zəng vursam, Coşqun Rafaeldən gec çatacaq. Bunu mən sizə yüz faiz deyirəm (gülür). Amma 99 faiz Rafael Coşqunla bir yerdə gələcək. Tək gəlsə, başı ağrıyar.

- Necə?

- Coşqun onu bağışlamaz.

- Son zamanlar “Bu şəhərdə”ni tamaşaçı zövqünə həddindən çox işləməkdə ittiham edirlər... Sizi səviyyəni aşağı salmaqda qınayanlar var.

- Kim nəyi görmək istəyirsə, onu da görür. Təkcə “Bu şəhərdə”nin repertuarına görə demirəm. Misal üçün, əgər siz saytınızda dünya şöhrətli alim Lütfi Zadə və onun ixtirası haqqında yazı yazdınız. Eyni vaxtda hansısa müğənninin boşanmasından, ərə getməsindən, yaxud harasınısa əməliyyat etməsindən yazdınız, inanın mənə müğənni ilə bağlı xəbər yüz qat çox oxunacaq. Əgər mən bir oxucu kimi girib saytınızda hansısa müğənninin əməliyyatı haqda xəbər axtarıramsa, artıq bu, sizin yox, mənim problemimdir.

May be an image of 3 people

Sizə konsertlərimizdən onlarla link yollaya bilərəm. Burada Nizami Gəncəvi ilə Puşkindən, Ağa Məhəmməd şah Qacarla Molla Pənah Vaqifdən, "Otello" və “Bizim Cəbiş müəllim”dən bəhs edən səhnələrimiz ətrafında müzakirə getməyib, Sirtuş olan səhnələr kütlə üçün daha maraqlı gəlib. Yəni bizdə hamısından var. Əgər mən bütün səhnələri Mola Pənah Vaqifdən və Şah Qacardan etsəydim, sizin üçün maraqlı olmazdım və siz bu gün məndən müsahibə almazdınız. Eləcə də Rafael və Coşqun... Biz maksimum çalışırıq ki, bütün tamaşaçıların könlünü xoş edən səhnələr hazırlayaq. Düzdür, izləyicilərimizin çoxu qadın olduğundan onlarla bağlı məsələlərə üstünlük veririk və obrazlarımızın da çoxunu qadınlar təşkil edir.

- Yeri gəlmişkən, sizi bu qadın obrazlarına görə də tənqid edirlər. Niyə elə ssenarilər yazırsınız ki, aktyorlar qadın paltarları geyinməyə məcbur qalırlar?

- “Bu şəhərdə”nin səhnələrində qadınlar olmasaydı, maraq doğurmazdı. Tamaşalarda qadın və kişilər olduğu üçün, obrazlar da onların üzərində yaranır.

- Üçüncü aktyora, aktrisaya ehtiyac hiss etmirsiniz ki? Mehriban Xanlarova sizin bir səhnənizdə iştirak etmişdi, maraqlı alınmışdı...

- Biz bu haqda dəfələrlə düşünmüşük, bir neçə dəfə də cəhd etmişik. Bizim səhnələrimizdə Mehriban Xanlarova da, Xuraman Əlizadə də oynayıb. Həmin səhnəciklər o aktrisaların fakturasına uyğun yazılmışdı. Amma daimi aktrisanı tamaşaçı qəbul etmir. İllərdir qəbul edib ki, bu iki nəfər hər kəsin obrazını yaratmağı bacarır. Bu barədə çox adamlarla, sənətkarlarla müzakirələr aparmışıq. Hətta bir dəfə Yaşar Nurigildə bu haqda söhbət etdik. Yaşar müəllim dedi, boş-boş danışmayın, hamı sizi belə görüb, belə də qəbul edib.

- Kamilə Babayeva sizin bir çox konsertlərinizin aparıcısı olub. Onunla aktrisa kimi işləyərsiniz?

- Kamilə xanım bizim səhnələrimizin birində iştirak edib. O, başqa seriala da çəkilib, özünü aktrisa kimi sınayıb. Mənə elə gəlir, o, “Bu şəhərdə” səhnəsində aktrisa kimi çıxış etməsə də olar.

- Sizcə, Azərbaycan tamaşaçısı ilə nə çətindir?

- İşimizlə əlaqədar Azərbaycanın qırxdan çox bölgəsində, xalqın içində olmuşuq. Bizim ölkəmizin mətbəxi çox zəngindir. Eləcə də bizim bölgələrimizin özünəməxsus psixologiyası var. Bu baxımdan səhnədə olan bir səhvi bir çox bölgənin insanı qəbul edə bilər, amma bir başqa bölgədə qıcıq yaradar və həmini bölgə səni heç vaxt bağışlamaz. Bir məsələni də vurğulayım. Bizim illərdir qazandığımız uğurun sirri ondadır ki, insanlar bizə etibar edib, bizim konsertlərimizə ailəvi gəlirlər. Evin kişisi gələ bilməsə belə, öz ailəsini - anasını, balalarını rahatlıqla göndərib. Bölgələrimizdə bu fakt çox qabarıqdır. Ona görə, bölgələrdə konsertlərimiz anşlaqla olanda çox sevinirik. Pis çıxmasın, ona görə də Heydər Əliyev adına saray tikilən gündən bu günə qədər orada ən çox konsert verən biz olmuşuq. Bizim qədər tarixdə heç kim orda konsert verməyib. Bir ailədən bizə bir nəfər gəlməyib, hamı ailəvi gəlib. 2014-cü ildə biz iyirmi gün ard-arda konsert vermiş.

- Sizə elə gəlmir ki, azərbaycanlı tamaşaçı ən çox baxdığı şeyi səviyyəsiz hesab edir?

- “Yutub” linklərinin altına nələrisə müzakirə edən insanlar, mənə elə gəlir, avara insanlardır. Sanballı, məsuliyyətli adam nəyə baxmasından asılı olmayaraq, heç nəyin altında şərh yazmaz. Amma avaranın biri gəlib şərh yazır, ondan betər ikinci avara ona cavab verir, digər üçüncü avara onların hər ikisini səhv çıxarır. Nəticədə baxırsan ki, bunların hər üçü baxdıqları şeyi səviyyəsiz hesab edirlər. Kimsə baxdığı səhnəni səviyyəsiz adlandırıb, ona baxan digərlərinə də səviyyəsiz deyirsə, deməli, özü də onlarla bir ağıldadır.

- Bəzi qələm adamlarının fikrincə sizin şəxsinizdə həm də bir yazıçı itirmişik. Bu baxımdan yumoristik hekayələr, pyeslər yazmağı düşünürsünüzmü? Bəlkə yazmısınız xəbərimiz yoxdur.

- Mən dəfələrlə şeirlər, hekayələr, novellalar yazmışam, amma heç yerdə çap etdirməmişəm. Fikirləşmişəm ki, qismət olsa, nə zamansa kitab dərc etdirərəm. Bunları heç kimə oxumamışam, deməmişəm də. Elə öz arxivimdə qalıb. Düzdür, bəzi şeirlərimə mahnılar bəstələnib, amma bu işlə o qədər geniş məşğul olmamışam. Kitab çap etdirmək fikrim var. Sadəcə, sanballı olmalıdır. Gəlir məqsədi ilə yox, imic üçün istərdim.

- Ad gününüzdə xüsusi təbrik gözləmisiniz?

- Mən hər ad günümdə öz ata-anamı təbrik edirəm. Bu gün də onları təbrik etdim. Dedim, sizi təbrik edirəm, 43 il bundan əvvəl ata, ana olmusunuz. Rəhmətlik Rüfət Mehdiyevlə bir gündə doğulmuşam. Həmişə onu təbrik etmişəm. Bundan başqa Elza Seyidcahanı təbrik edirəm. Xüsusi olaraq heç kimdən təbrik gözləməmişəm. Əksinə, gözləmədiyim adamlar məni təbrik ediblər. Bunların içərisində Milli Qəhrəmandan tutmuş, məktəb illərində mənə dərs deyən müəllimlərə qədər hamı olub. Son bir neçə ildə Coşqunla bizim təbriklərimiz üst-üstə düşür. Bu gün onun nəvəsi Mikayılın da ad günüdür. Mənim adımı atam Mikayıl Müşfiqin şərəfinə Müşfiq qoyub, o biri qardaşımın adını isə Hüseyn Cavidin şərəfinə Cavid. Atam Xəlil Rza Ulutürkün tələbəsi olub, şeirlər yazıb. Coşqun hər dəfə mənə zəng vuranda, deyir, Mikayıl Müşfiqin ad gününü təbrik edirəm. Və yaxud da mən ona zəng vurub nəvəsini təbrik edəndə, deyirəm, Mikayıl Müşfiqin ad günü mübarək! Amma yenə də deyirəm, fövqəladə olaraq kimdənsə təbrik gözləmirəm. Bəlkə də uşaqlıq, gənclik illərində gözləmişəm, indi yox. İnsan bir uşaq olanda ad günlərinə sevinir, bir də yaşa dolanda. Böyük yaş hələ bizə qismət olmayıb. Olsa, qeyd edəcəyik.

- Çox sağ olun. Bir daha təbrik edirik.

- Siz sağ olun. Mən də sizə təşəkkür edirəm.

# 5624 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #