Hacı Əbdül: "Böyük övladım balacasından əlli yaş böyükdür" - Müsahibə

Hacı Əbdül: "Böyük övladım balacasından əlli yaş böyükdür" - Müsahibə
6 aprel 2020
# 10:00

Kulis.az bu gün dünyasını dəyişən “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün vaxtıyla saytımızın “İşdən kənar” layihəsinə verdiyi müsahibəni təqdim edir.

- Hacı, şeirə, ədəbiyyata münasibətiniz necədir?

- Bismillahir-rəhmanir-rəhim. Şeirə, ədəbiyyata münasibətim həddən ziyadə gözəldir.

- Kimləri oxumağı sevirsiz?

- Mən vaxtıykən sevmişəm Bəxtiyar Vahabzadənin şeirlərini. Niyə onun şeirlərini? Onun şeirlərində o dövrdə bir az vətənpərvərlik, inqilabi ruh vardı. Ondan sonra sevərdim Mikayıl Müşfiqin lirikasını, Qasım bəy Zakirin qoşmalarını, heç belə misli olmayan qoşmalarını.

- Bəxtiyar Vahabzadə ilə şəxsi tanışlığınız da olub.

- O mənim müəllimim olub. Mən universitetin filologiya fakültəsini bitirmişəm. Arabir evinə də dəvət edirdi.

- Tez-tez şeir deyirsiniz?

- Əlbəttə. Şeir deməkdən xoşum gəlir. Bəxtiyar Vahabzadənin bir şeiri vardı: Arazın o tayı vətənim, bu tayı vətənim... Onun təsirindən “Sərhəddə” adlı bir şeir yazmışdım:

Baxıram, gözlərimdən duman keçir, çən keçir,

Elə bil ki, Araz da gəlib sinəmdən keçir.

- Şeirlərinizi çap etdirməmisiniz?

- Bir vaxtlar uşaqlar üçün yazdığım şeirləri çap elətdirirdim. Misal üçün, “Göyərçin” jurnalında da çıxıb, “Kukla” şeiri yazmışdım:

Ay mənim, gözəl kuklam,

Dur yanıma gəl, kuklam.

Yavaş-yavaş ayaq aç,

Özün yeri, özün qaç.

Bax, bu fildir, bu dəvə,

Apar onları evə.

Vannaya sal, çimizdir,

Görən desin təmizdir.

- Bu şeirləri evdəki uşaqlara görə yazırdınız?

- Bunları yazanda özüm də uşaq idim (gülür). Hələ evlənməmişdim.

- Nə əcəb şeir kitabı çap etdirməmisiniz?

- Bir vaxtlar rəhmətlik Cabir Novruz mənə dedi ki, şeirlərini götür gəl, kitab çap elətdirim. Nəsə alınmadı. Alınmamağının səbəbi də bu idi ki, onların çoxu inqilabi şeirlər idi. Bilirdim ki, çap olunmaz, o səbəbdən vermədim. Ancaq məhəbbətə aid şeirlərim də çoxdur. İndi-indi fikrim var ki, hamısını yığıb çap edim.

- Mərsiyə, dini şeirlər yazmısınız?

- Yox, yazmamışam. Mərsiyə yazmaq asan deyil. Hazır deyiləm ona. Mərsiyə yazmaq çox ağır işdir.

- Qəzəl də yazmamısınız?

- Az miqdarda yazmışam.

- Filologiya fakültəsini bitirmisiniz, şeirlər yazmısınız. Heç düşünmüsünüz ki, şair, ədəbiyyatşünas kimi də tanına bilərdiniz, ancaq siyasətçi kimi tanındınız?

- Bir çoxları deyir ki, siyasət pis şeydi. Ancaq mən siyasətə pis baxmıram, siyasət düz yol göstərmək deməkdir. Bıçaq qatilin əlində çox pis, cərrahın əlində çox gözəldir. Siyasət vətənini sevən adamların əlində olsa ondan yaxşı nə var?! Mən siyasətçi kimi tanınmağıma peşman deyiləm. Niyə peşman deyiləm? Bir Allah bilir ki, səmimi qəlblə vətənə, xalqa bağlıyam. Bacardığım qədər düz yol göstərirəm.

- “Tövbə” cəmiyyətinə gələn gənclərə kitab tövsiyə edirsiniz?

- Yox, etməmişəm. Həmin gənclər gərək əvvəl özlərini saflaşdırsınlar, pis yollardan çəkinsinlər, sonra kitab oxusunlar. Bunlar təmiz yola keçməmiş nə təbliğ edəsən? Bizim yanımıza gələn gənclərə heç dini də təbliğ etməmişik, çalışmışıq içkidən, narkotiklərdən uzaq dursunlar. Təmiz olsunlar, saf olsunlar. Təmiz olmayan adama nə din, nə ədəbiyyat öyrədəsən?! Mənim məqsədim olub ki, onlar sağlam olsunlar.

- Sağalan gənclərə kimləri oxumağı məsləhət görürdünüz?

- Məsləhət görmüşəm Cəfər Cabbarlını oxusunlar. Onun gözəl əsərləri var. “Almaz”, “Oqtay Eloğlu”, “Od gəlini”...

- “Od gəlin”ində İslamın əleyhinə yerlər var.

- Yox, yoxdu.

- Deyirlər, guya Cəfər Cabbarlı atəşpərəst olub.

- Tövbə, əstəğfürullah.

- Hüseyn Cavid və Sabir haqqında da bəhai, babi deyilir və Bakıdakı bəhailər də bunu təbliğ edir.

- Mən nə eşitmişəm, nə də onların əsərlərində babiliyi, bəhailiyi görmüşəm. Sırf müsəlmandırlar, şiədirlər. Adam haqqı deyəndə bəyəm bəhai olur?

- Kitabxanaya gedirsiniz?

- Mənim bir kitabxanam var, 11 metr uzunluğunda, 6 metr enində. İndi ancaq dini kitablarla maraqlanıram, oxuyuram. Qabaqlar isə Rəşad Nuri Güntəkinin əsərlərini oxumağı sevirdim. Və ya Rabintdranad Taqor. Onu oxumamaq olar?

- Teatra necə, gedirsiniz?

- Son zamanlar teatra getmirəm.

- Axırıncı dəfə nə vaxt getmisiniz?

- Yadıma gəlmir.

- İyirmi il olar?

- Bəlkə də olar. Mənə elə gəlir ki, Azərbaycanda daha teatr yoxdu. Elə bilirəm “Azdrama” daha işləmir.

- “Azdrama”da maraqlı tamaşalar olur. Birini deyim, Fuad Poladovun oynadığı “Müsyö İbrahim və Quran çiçəkləri” tamaşası göstərilirdi.

- Fuad Poladovun atası bizim məktəbin direktoru olub – Ağa Poladov. Gözəl tanıyıram onu, özünü də, valideynlərini də. Hətta bibisi bizim məktəbdə dərs deyirdi.

- Hacı, belə başa düşdüm teatra həvəsiniz yoxdur.

- Həvəsim çoxdur. Sadəcə mənə elə gəlir ki, müstəqillikdən sonra ölkədə kino, teatr yoxdur.

- Xeyli yeni filmlər çəkilib, heç birini görməmisiniz?

- Yox, görməmişəm.

- Televizora baxırsınız?

- Televizora baxıram, ancaq kinoteatrlara getmirəm. Mənə elə gəlir ki, müstəqillikdən sonra kinoteatrlar da söküldü, teatrlar da dağıldı.

- Amma dağılmayıb, sizi əmin edirəm.

- Hə?... Çox şadam (gülür).

- Hansı filmlərə baxırsınız?

- Hansı oldu.

- Bir dindar adam incəsənətə münasibətdə necə davranmalıdır? Dediniz hansı film oldu baxıram. Yəni dindar seçim etməlidir, ya yox?

- Biri var filmi əvvəldən görmüsən, bilirsən ki, ona baxmaq olmaz. Biri də var görməmisən, bilmirsən. Baxırsan, görüm o nə demək istəyir. Mən heç vaxt kinolara ötəri baxmamışam. Bir də görürsən hansısa film dinin, xalqın əleyhinə gedir.

- Açıq-saçıq səhnələr olanda necə edək?

- İçində açıq-saçıq səhnənin olduğunu bilirsənsə gərək baxmayasan, yox, qabağına qəfil çıxdısa, əlində pult var, çevir başqa yerə. Sovet vaxtı kinoda bir yerdə öpüş olanda yazılırdı ki, 16 yaşından aşağı uşaqlar bu verilişə buraxılmır. İndi isə elə deyil. Bu baxımdan sovet dövründəkilər indikilərdən əxlaqlıdır.

- Dinin rəsmə münasibəti necədir?

- Çox gözəldir.

- Dindar adam evindən rəsm əsəri asa bilərmi?

- Niyə asmasın?

- Nəzərə alaq ki, orta əsrlər rəssamlarının əksəriyyətində obrazlar çılpaq və yarıçılpaq verilir.

- Bax, burda korlanır. Çünki əxlaqa toxunan əsərlərdən qaçmaq lazımdır. O əsərləri evdən yox, muzeylərdən asmaq lazımdır. Ancaq evlər var ki, asırlar və mən buna pis baxıram.

- İran rejissoru Məcid Məcidi Məhəmməd peyğəmbərin uşaqlığından film çəkib. Baxmısınız?

- Yox, baxmamışam.

- Bəs peyğəmbərdən bəhs edən əvvəlki “Çağrı” filminə?

- Ona baxmışam.

- O filmin maliyyə xərclərini Qəddafi çəkib.

- Allah rəhmət eləsin.

- Qəddafiyə rəhmət düşür?

- Əlbəttə düşür, böyük rəhmət düşür.

- Bu filmə pul ayırdığına görə?

- Yox, xalqına elədiyi yaxşılıqlara görə.

- Peyğəmbərlərdən, imamlardan çəkilən filmlərdə onların üzlərinin göstərilməsinə münasibətiniz necədi? Məsələn, Qərbdə belə problem yoxdu, rahat şəkildə göstərirlər.

- Əvvəla, onu nəzərinizə çatdırım ki, Avropada öz dinlərinə qarşı çox laqeyddirlər. Öz peyğəmbərlərinə, din xadimlərinə qiymət vermirlər. Yəni peyğəmbərə layiq olmayan şeylər göstərirlər.

- Tutalım İmam Əli haqqında çəkilən filmdə üzü görünə bilər, ya yox?

- Görünə bilməz. O sifətin nuru var. O nuru sən verə bilməyəcəksən. Ona görə peyğəmbərlərin, imamların üzünü göstərməsən yaxşıdı. Bu bir, ikincisi, misal üçün səni çəkirlər peyğəmbər roluna. Sabah da başqa bir rolda oynayırsan. Bu alınmaz axı. Əgər bir adam peyğəmbər roluna çəkildisə onun həyatı bağlandı o rola “krest”! Qurtardı. Ondan sonra başqa rola çəkilməməlidir.

- Bizdə əgər dini film çəkilsə hansı aktyor istərdiniz , peyğəmbəri, imamı canlandırsın?

- Baxır hansı imamdan film çəkilir. Tutalım İmam Əlinin roluna çəkilmək üçün elə bir oğul olmalıdır ki, ona layiq olsun. İmam Əli roluna aktyorlardan məsləhət görməzdim, ancaq bir idmançı var, adını unutmuşam, dünya çempionu olub. İstəyirəm İmam Əli roluna o idmançı çəkilsin. Ver qılıncı əlinə, oynasın. İmam Rzanı oynaya bilər Nəsimini oynayan.

- Rasim Balayev?

- Rasim Balayev.

- Son vaxtlar din haqqında təzadlı, əvvəllər rast gəlmədiyimiz fikirlər səsləndirilir. Misal üçün, ilahiyyatçı Elşad Miri iddia edir ki, Merac hadisəsi olmayıb.

- Elşad Miri haqqında bir kəlmə bunu deyim ki, o, şeytandı. Yəhudilərdə islam dinini elə gözəl bilənlər var ki, heç müctəhidlər o qədər bilmir. Hamısının məqsədi dinimizi məhv etməkdi.

- Dində elə bir hadisə, ya hədis varmı ki, onun həqiqiliyinə şübhə edirsiniz? Yoxsa oxuduqlarınızın, eşitdiklərinizin hamısını qəbul edirsiniz?

- Çox hədislər var ki, onlar heç qələmə alınmalı deyil, heç oxunmalı deyil, heç yaxın gəlməli deyil. Elə İslamı bu saxta hədislərlə parçalayırlar. Hədis var, deyir ki, peyğəmbər salavatullah, Aişə ilə bir otaqda idi, başını dizinin üstünə qoymuşdu, Əbu-Bəkr gəldi, qalxmadı, Osman gəldi qalxmadı, Ömər gələndə qalxdı. Aişə soruşdu ki, noldu, bunlar gələndə qalxmadın, Ömər gələndə qalxdın? Peyğəmbər də deyir ki, onun həyası məni basdı. Bu hədisi söyləyəni Allahın lənətinə gəlsin. Yəni peyğəmbər elə əxlaq sahibi idi ki, başını qoymuşdu xanımının dizinin üstünə, uzanmışdı, başqa kişi gələndə qalxmırdı? Heç adi bir adam bunu eləməz. Bax, belə hədislər də var. Onun üçün hər bir hədisi qəbul etmək olmaz.

- Hacı, heç yandırmaq istədiyiniz kitab var?

- Bizim Türkiyədə “Tövbə” cəmiyyətimiz vardı, indi də var İstanbulda. Dostum Rafiq Savalan Türkiyədə olanda cəmiyyətdə ona çoxlu kitablar veriblərmiş. O da gələndə kitabları gətirmişdi. Ordan özü üçün bir kitab da gətirmişdi. Kitaba baxıb gördüm, adə, burda nə istəyirsən var, cadu ilə, dua ilə doludur. İstəyirsən birinin ölməyi üçün filan ayəni, filan qədər oxu, istəyirsən kimsə sənə aşiq olsun, filan surəni bu qədər oxu... Mən, qardaş, kitabı görüb dəhşətə gəldim. Yalvar-yaxarla, xahiş-minnətlə o kitabı Tofiqdən bir gecəlik aldım. Dedim, ilahi, mən nə edim ki, bu kitabı Tofiqə qaytarmayım. Mənə elə gəlirdi ki, bu kitabı oxusalar Azərbaycan qarışacaq bir-birinə. Neyləyim? Mən o kitabı yandırdım. Səhər gəlib istədi, dedim, yandırmışam, istəyirsən məni öldür.

- Salman Rüşdi haqda eşitmisiniz?

- Eşitmişəm. O vaxt Təzə Pirdə onun kitabı ilə bağlı aksiya keçirib lənət oxumuşduq. İstəyirdik ki, çap olunmasın, ləğv olunsun. Mən sənə kitabla bağlı bir söz deyim. O vaxtı mən tələbə olanda bir kitab da çıxmışdı – “Dekameron”.

- Bokaççonun əsəri...

- Hə, Bokaççonun əsəridi, “Dekameron”. O kitabın çapdan çıxmasına nə qədər ağıllı adamlar etiraz elədilər. Bizim xalq bu səviyyəyə enməyib.

- “Dekameron”u oxumuşdunuz?

- Əlbəttə, oxumuşdum.

- Bununla belə cavanlara məsləhət görmürsünüz.

- Bu kitab gənclər üçün deyil. Bu cür kitablar oxunmasa yaxşıdır. O kitabın mənfi cəhəti o idi ki, şeytanlığın yollarını göstərirdi.

- “Min bir gecə” necə kitabdır?

- Pis kitab deyil, oxumağın xatası yoxdur.

- Hacı, müsəlmanların milad bayramını qeyd etməsinə, yolka qurmasına necə baxırsınız?

- Çox gözəl. İsa bizim əziz peyğəmbərlərimizdəndi. Biz İsanı bəlkə də xristianlardan çox sevirik. Milad bayramını da qeyd edə bilərik, bir-birimizi bu münasibətlə təbrik də edə bilərik. Biz bütün peyğəmbərləri sevirik, hamısına məhəbbətimiz var.

- Bu yaxında bir övladınız dünyaya gəldi. Ona öz adınız verdiniz.

- Xeyr, ona Əbdülhüseyn adı vermişəm.

- Əbdül qul deməkdir?

- Bəli, Hüseynin, yəni imamın qulu. Öz adımı mən ondan böyük oğluma vermişəm, 7 yaşı var – Hacı Əbdül. Təmiz adımı ona vermişəm.

- Həccə gedib-gəlsə adı necə olacaq?

- O, ana bətnində Həccə gedib.

- 78 yaşında ata olmaq necə hissdir?

- Əvvəl onu nəzərə çatdırım ki, bu yaşda ata olmaq hər adama qismət deyil, bu, Allahın lütfüdür, mərhəmətidir. Bu yaşda mənim oğlum evdə əlimdən tutur, qızlarım çay gətirir.

- O biri övladlarınızın neçə yaşı var?

- Birinin yeddi, o birilərinin altı, beş, dörd, üç, iki, bir...

- Ən böyük övladınızın neçə yaşı var?

- 50. Balacadan 50 yaş böyükdür. Mən özümü indi əsl ata hesab edirəm. Onda cavan olmuşam. Bəlkə də atalığın nə olması o dərəcədə mənə çatmayıb.

- Nəvələr qısqanmır sizi?

- Bir yerdə oynayırlar, qısqanmırlar.

- Balaca övladlarla nəvələr arasında fərq hiss eləmirsiniz?

- Fərqi yerlə göy qədər hiss edirəm.

- Belə bir məsəl var: dövlətdə dəvə, övladda nəvə...

- Bu məsəli o adamlar çəkir ki, mənim yaşımda övlad görməyib. Bu yaşda övlad görəndən sonra nəvə yada düşmür. Mən açıq danışıram.

- Bu yaşda ata olmağı başqalarına da məsləhət görürsünüz?

- Məndən də yaşlılara məsləhət görürəm. Çünki ömrü Allah verib. Heç kəs bilmir ki, nə qədər yaşayacaq.

- Ömrün çoxu gedib, azı qalıb. İçinizdə bir narahatlıq yoxdurmu ki, birdən nəsə olar, bu körpələr başsız qalar.

- İnandırım səni ki, o barədə cüzi fikirləşirəm. Mənə elə gəlir ki, onların toyunu da eləyəcəyəm.

- Neçə dəfə Həcdə olmusunuz?

- 28 dəfə.

- Yenə getmək istəyirsiniz?

- Bircə bu il getməmişəm. Bizim məsciddə təmir gedir, ona görə gedə bilmədim. Sağlıq olsun, imkanım olduqca hər il gedəcəm.

- Yəqin pul ödəyib gedirsiniz.

- Əksər hallarda pul verməmişəm.

- Belə fikir var ki, Həcc ziyarətinə beş-altı min manat verənə kimi o məbləğ burda kasıb-kusuba xərclənsin.

- Bilirsən, onu gərək gedib ləzzətini görəsən. Hər kəs Həccə getməlidir. Özü də bir dəfə getməklə iş keçmir. Birinci dəfə gedəndə heç bilmirsən hara getmisən. Növbəti dəfə gedəndə başa düşürsən ki, hara gəlmisən, Allahın evindəsən. Ona görə də nə qədər imkanım çatacaq, ömrüm var Həccə gedəcəyəm.

2018

# 14070 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #