Kulis.az ilk sayı ilə oxucuların marağına səbəb olan “Mücrü” uşaq jurnalının baş redaktoru Sevinc Elsevərlə müsahibəni təqdim edir.
- Sosial şəbəkələrdə hamı sizin jurnaldan danışır, necə etdiniz ki, bu qədər maraq yarada bildiniz?
- O mətnləri seçmişik ki, həm uşaqlar üçün maraqlı olsun, həm də uşaqlarda bədii zövq formalaşdırsın. Zövqlü müəlliflərlə işləmişik. Jurnalın dizayn, görüntü məsələləri ilə də Müşfiq Xan məşğul olurdu. Müşfiq müəllim illərdir kitab, nəşriyyat sahəsində çalışır. Uşaqların diqqətini kitaba, jurnala çəkmək üçün təkcə onun içindəki mətnlərin deyil, görünüşünün, dizaynının da çox rol oynadığını bilir, əlbəttə. Bilirsiniz ki, “Mücrü” jurnalından əvvəl “Yazı” ədəbiyyat jurnalının əlavəsi olan “Yemlik ” uşaq jurnalını hazırlayırdım. O jurnal “Mücrü”dən fərqlənirdi, daha qalın, rəngsiz idi. Ancaq “Mücrü”də də demək olar ki, eyni müəlliflərlə çalışdıq. “Yemlik” jurnalı uşaq ədəbiyyatına həsr olunurdu. Bizim fikrimiz təkcə uşaqların auditoriyasını cəlb eləmək deyildi. Həm də uşaq ədəbiyyatı üçün bir balaca meydan yaratmaq idi. İstər kiçik, istərsə də böyük uşaqlar, hətta yeniyetmələr üçün yazılmış mətnləri çap edirdik. Uşaq müəlliflərin də yazıları çap olunurdu. Yeri gəlmişkən, biz bu ənənəni “Mücrü”də də davam etdirdik. “Mücrü” də çap olunan iki müəllifin - Banu Məmmədlinin, Xanımzər Həsənovanın hekayələri “Yemlik” jurnalında da çap olunurdu. Nuray Bağırlı isə yeni kəşfdir. Bu uşaqlar mütəmadi olaraq yaradıcılıqla məşğuldurlar. Uşaqların mətnlərini çap eləmək çox yaxşı fikir idi. Həm balaca müəlliflərin özünə yaradıcılıq stimulu verir, həm də onların mətnləri ilə tanış olan başqa uşaqlara.
“Mücrü”də təkcə ədəbi nümunələr çap etmirik. Həmçinin maraqlı faktlara, təbiətdə və ətraf aləmdə uşaqları maraqlandıran mövzulara toxunuruq. Jurnal daha çox ibtidai sinif şagirdləri üçün nəzərdə tutulduğundan, I-IV sinif proqramına aid testlər də vermişik.
- Sizə fikir bildirənlər olurmu? Nə deyirlər?
- Daha çox müsbət rəylər alırıq, bu, olduqca sevindiricidir. Hətta, onu deyim ki, jurnal çox tələsik vaxtda hazırlandı. Pandemiya bizə çox mane oldu. Bəzi layihələri həyata keçirə bilmədik. Təqdimat eləməyi arzulayırdıq, o da olmadı. Jurnal 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi günü artıq əlimizdə idi. Həmin gün yaxşı bir təqdimat keçirə, uşaqları ətrafımıza toplaya bilərdik, qismət olmadı.
- Yəqin, pandemiya jurnalın balaca oxucularına yetişməsinə də mane olur?
- Əlbəttə. Jurnal hələ ki nəşriyyatın özündə satılır. İnsanlar çörək almaq üçün icazə ilə evdən çıxırlar. Az adam tapılar ki, uşağına jurnal almaq üçün icazə istəsin. Düzdür, marağında olan adamlar nəşriyyata gedir, jurnal əldə edirlər. Ancaq jurnal daha çox uşağa çata bilərdi.
- “Mücrü” jurnalı “Mücrü” nəşriyyatında çıxır. Jurnalın adı nəşriyyatdan götürülüb, ya əksinə?
- Jurnalın adı nəşriyyatdan götürülüb.
- Əslində, “Mücrü” daha çox uşaqları ifadə edir...
- O vaxt “Yemlik” jurnalının adını mən təklif etmişdim. O bitkinin xətri əzizdir mənə. 90-cı illərdə çətin keçən uşaqlıq dönəmində mənim üçün gah dondurmanı əvəz edib, gah şokoladı, gah ətirli almanı, armudu. Nənəm kiçik bağçamızda axtarıb yemlik tapırdı, o saat sevinclə çağırırdı məni. Necə dadlı gəlirdi mənə. Böyüyəndən sonra, bəlkə azı iyirmi beş il sonra təzədən yeyəndə o qədər dadlı gəlmədi. Sonra məlum oldu ki, şəhərli uşaqlar yemlik adlı bitkini tanımırlar. Hətta jurnal çıxandan sonra böyük adamlar yazıb soruşdular ki, yemlik nə deməkdir? Düzdü, bilməyənlərin də çoxu öyrənmiş oldu. Ancaq bunu deyənlər də haqlı idi: uşaq jurnalının adını elə seçin, uşaq mənasını bilsin. “Mücrü” simvolik anlam daşıyır. Mücrüyə insanlar qiymətli zinət əşyalarını yığırlar, adətən. Biz də qiymətli sözləri yığıb toplayırıq uşaqlar üçün.
“Mücrü” nəşriyyatının yarandığı barədə təsadüfən xəbər tutmuşdum. Cəlil Cavanşiri axtarırdım, təzə çap olunan kitabını alacaqdım. Onun sorağı ilə gedib çıxdım “Mücrü” nəşriyyatına. Həmin gün təzə tutduqları ofisə köçmüşdülər. Mənə dedilər, nəşriyyatın ilk qonağı sənsən. Mən də zarafatla uşaqlara dedim, güldabanam, ayağım düşərli olar nəşriyyat üçün. Güldaban nə anlamdadı bilirsiz? Məndən sonra ailədə iki oğlan uşağı doğulmuşdu. Ona görəmənə belə deyirdilər. Təsəvvür edin, qız doğulur, dalınca oğlan uşağı doğulursa, o qız güldaban sayılır, yəni ayağı sayalı. Dalınca gələn uşaq qız olursa, olur ağırayaq. Gülməlidir, hə? Amma məlum oldu ki, güldaban-zad deyilmişəm. Pandemiya başladı.
Nə isə, Müşfiq bəyə dedim, nəşriyyatın adı xoşuma gəldi, kitab üçün çox anlamlıdır. Cavabında dedi, uşaqlıqda hamımızın maraqla baxdığı məşhur televiziya filminin adından götürüb. Yadınızdadır də o film: “Açıldı mücrü, örtüldü mücrü...” Qadının həyat yoldaşı vəfat edir, dörd uşaqla dul qalır. Ərinin vaxtilə hədiyyə etdiyi zinət əşyalarını satır, uşaqlarını böyüdür, oxudur. Vaxt gəlir o mücrü uşaqların diplomları ilə dolur. Gülhüseyn Hüseynoğlunun ssenarisi əsasında çəkilmiş o telefilm çox yaxşı mesaj verir: dünyada ən qiymətli cəvahir təhsildir, oxumaqdır. Biz də uşaqlara, gələcək nəsillərə elə bunu demək istəyirik. Jurnalın adını da “Mücrü” qoyduq.
- Yeni nələr etmək istəyirsiniz?
- Pandemiyadan sonra çox şey eləmək istəyirik. Bəzi fikirlərimizi pandemiyaya görə həyata keçirə bilmədik. Sağlıq olsun, onların reallaşmasını istəyirik. İndiki vəziyyətdə jurnalın üç aydan bir işıq üzü görməsi planlaşdırılıb. Pandemiyadan sonra aylıq çıxartmaq istəyirik.
- Sizcə, uşaq ədəbiyyatı və uşaq jurnalları sahəsində əsas boşluqlar nədir?
- Uşaq ədəbiyyatı sahəsinə dövlətin dəstəyi, qayğısı olsa, daha yaxşı olardı. Jurnalların satışına, təbliğinə, uşaq ədəbiyyatı yazarlarının yaradıcılığına. “Mücrü”nü biz az tirajla çap eləməyə məcburuq. Jurnalı çıxarırıq, sonra deyirik bunu necə sataq. Sən bilirsən bu işi görmək lazımdır, vacibdir. Ancaq insanlar da düşünməlidir ki, uşaqlara jurnal, kitab almaq vacibdir. Sən gördüyün işi vacib bilirsən. Ancaq qarşı tərəfdə çox az adam belə düşünür. Fədakarlığı da bir yerə qədər eləyəcəksən, sonra gücün çatmayacaq. “Yemlik” cəmi üç nömrə çıxdı. Onun da çap xərcini gah Azad müəllim tapıb verirdi, gah mən. Nəşriyyata pul ödənirdi, sonra kitab mağazasına pul verilirdi hər jurnaldan, çoxunu da hədiyyə edirdik. Sonra da növbəti nömrənin çıxması üçün pul lazım olurdu. “Yemlik” jurnalını rəngli çıxartmaqdan söhbət gedə bilməzdi, rəngli jurnal baha başa gəlir. Ona görə o jurnalı vərəqləyən adamlar deyirdilər ki, içindəki mətnlər yaxşıdır, ancaq rəngli eləsəniz uşaqların xoşuna gələr. İçindəki mətnləri bir tərəfə qoyaq, “Mücrü” rəngarəngdir, maraqlıdır, cəlbedicidir. Əsl uşaqlar istəyən kimi. Ancaq yenə də satışı rekord qırmır axı. Düzdü, pandemiya vəziyyətində adamlar jurnal haqqında az fikirləşir. Mən bilirəm ki, başqa vaxtlar da elə belə idi. Ola bilsin, bir az bundan yaxşıydı. Kaş Təhsil Nazirliyi hər nömrədən məktəb kitabxanaları üçün ala. Hətta şəhər məktəbləri üçün almasalar da olar. Əyalətdəki, ucqar kəndlərdəki məktəblərin kitabxanaları üçün ala bilərlər. Mən demirəm təkcə “Mücrü” jurnalını. Ölkədə uşaq ədəbiyyatı adına çıxan bütün yaxşı kitabları. Həm yerli müəlliflərin əsərlərini, həm tərcümə ədəbiyyatını. Axı biz bilirik ki, valideynlərin çoxunun kitab almaq imkanı yoxdur. Və ya bunun vacibliyini dərk etmirlər. Biz ki, istəyirik yaxşı insanlar yetişdirək, vicdanlı uşaqlar böyüsün ölkəmizdə. Ona görə onlar üçün bu işləri görməliyik. Məsələn, Ayxan, Orxan çıxıb feysbukda yazdığı kimi, mədəniyyətə, təhsilə məsul şəxslərdən biri efirdə, yaxud sosial şəbəkədə deyə bilər ki, uşaqlar üçün belə jurnal buraxıblar, ay valideynlər alın, balalarınız oxusun? Halbuki, başqa ölkələrdə belə edirlər. İnanın, bunu eləmək elə də çətin deyil.
Uşaq ədəbiyyatına dövlət dəstəyi olsa, kitablar, jurnallar yaxşı satılsa, müəlliflər də yaxşı qonorar alar. Proses güclənər, müəlliflər daha yaxşı əsərlər yazmaq uğrunda yarışar. Həm də evinə çörək aparar. Çörək də vacibdir axı.
- Uşaq saytı necə, düşünmək olarmı sizcə?
- Əslində, çox yaxşı fikirdir. Nəşriyyatın eyni adlı saytı var. Gələcəkdə “Mücrü” jurnalının nömrələrini həmin saytda yerləşdirmək də olar.