“Bişey-mişey var?” - Biri-birimizə verdiyimiz 14 sarsaq sual - Siyahı

“Bişey-mişey var?” - Biri-birimizə verdiyimiz 14 sarsaq sual - Siyahı
21 may 2021
# 17:34

Kulis.az Azərbaycanlıların bir-birinə verdiyi ən mənasız və zəhlətökən sualları təqdim edir.

Nə qulluq edim? – Ordan iki kisə un al, mümkünsə. Yəqin cavabı gözləmirdiniz. Çünki, heç kim belə bir cavab verməz. Nə yazıq ki, sualı verən də bunu bilir və elə buna görə verir. Buna el arasında bozbaş suyu ilə dost tutmaq deyirlər. Əslində, bu jestlə dost tutmaq da mümkün deyil. Çünki sualın ritorik, daha doğrusu saxta olduğunu hər kəs bilir.

Niyə tərpənmirsən? – Gec ailə qurnalara deyirlər. Və burdakı “tərpənmirsən” ifadəsi, əslində, məsələyə təhqiramiz dərəcədə laqeydliyin göstəricisidir. Bu qədər laqeyd olduğun bir məsələni niyə soruşursan? Həm də bəlkə sualı verdiyin adamın cinsi orientasiyası fərqlidir? Yaxud, səhhətində problem var? Ən vacibi, bu onun şəxsi, hətta intim işi deyilmi? Ailə nə qədər sosial institut olsa da ailədaxili münasibətlərin gizli, həssas, munis tərəfləri daha çoxdur. Sərhədi itirməmək nəzakət əlamətidir.

Nə qədər maaş alırsan? – 5 min yevro! Paxıllığın tutdu? Bu sual o qədər qeyri-etikdir ki, hətta onunla bağlı el məsəli də var. Seksist olsa da qeyd edək: Qadından yaşı, kişidən maaşı soruşmazlar.

Azərbaycanda ən çox maaş haradadır? - SİYAHI, MƏBLƏĞLƏR | Banco.az

Bişey-mişey var? – Dünyaya gələcək övlad haqda deyilir. Bişem-mişey! Yəqin rüşeymi soruşurlar. Bişey-mişey ifadəsinin özü də rüşeym sözünə oxşayır. Təsəvvür elə, kişisənsə, qadının, qadınsasa öz bətnində baş verməkdə olan, yaxud baş verməsi nəzərdə tutulan prosesi soruşmaq! Ağıla bax! Dərrakəyə bax! Adamın heç özü bilmir nə var, nə yox? Kiminsə dünyaya uşaq gətirmək istəyi və ya istəksizliyi o qədər özəldir ki, bu barədə düşünmək belə ayıbdır. Nəinki açıq-açığına sual vermək.

İkincini düşünmürsüz? – Yox hələ! İstəyirik səni də aparıb üçlükdə düşünək. Əstəğfrüllah! Adam hansısa cütlüyə bu sualı vermək üçün ya onların atası olmalıdır, ya da anası. Uzağı bacı-qardaş. Lap olsun əmuşağı-dayuşağı. Yetən-yetən soruşa bilir. Yetən-yetən yatağınıza xəyali kamera qoyur. İmkan olsa, neçə dəqiqəyə orqazm olduğunuzu da soruşarlar. Hətta belə: birlikdə olursunuz, ya ayrı-ayrı?

Keysəriyyə ilə doğuldu, yoxsa təbii? - Gərək, bu suallarla məşğul olan xüsusi instansiya olsun. Təxminən məhkəmə-fason bir şey. Sarsaq suallara görə müraciət edib təzminat tələb edirsən. Ya da cavab verirsən: “Keysəriyyə ilə!” Adam susmaz: “Deyirlər, keysəriyyə ilə doğulan uşağın sonralar dərisində xəstəlik yaranır”. Allah sən saxla! Hələ bu yaxşıdır. Dalınca, “fiqura saxlayır” deyib dodaq büzənlə də ola bilər.

Korona tutmuşdun? – Günün aktual sualı. Hətta dalınca belə deyənlər də olur: “Tutmusan, boynuna almırsan! Hahaha!” Nə deyəsən? Qardaş, TƏBİB-də işləyirsən, yoxsa Operativ Qərargahda? Şübhəlisənsə uzaq gəz, qorun. Əgər bu sualla mənim və ətrafın qeydinə qaldığına əmin olsam, narahat olmaram, bilirəm ki, belə deyil. Səninki sadəcə bir “çuşka” əyləncəsidir. Bir az mədəni ol.

Ayrı nə var nə yox? – Nə sualı verən bilir nə soruşur, nə də sualı alan. Ayrı nə olasıdır? Ən mürəkkəb vəziyyəti belə iki-üç dəqiqədə izah eləmək mümkündür. Nəyin peşindəsən? Sözün yoxdursa, bir az susa da bilərsən. Bəzən, sükut ən yaxşı ünsiyyətdir.

Sevgilin var? – Yuh bə! Evli adama verilirsə: Yuh bə! Yuh bə! Yaşlı və evli adama verilirsə: Yuh bə! Yuh bə! Yuh bə!

Üzünü niyə qırxmırsan? – Sevgilim belə xoşlayır. Deyir, hardan təmas edirsən, qıdıqlayır, həzz verir. Razı qaldın? Heç düşünmürsən, mənə bu cür görünmək xoş ola bilər. İstəyirəm saqqallı olum. Qadağandır?

Saçını niyə kəsdirmirsən? – Gey olacam yaxınlarda. Ciddi fikrimdir. Planlamışam. Hələ diqqətlə baxsan qulağımda sırğa da var. Yan, tökül.

Çak-çuk olur? – Rüşvətə mental dəstəyi nümayiş etdirən sualdır. Statistik azərbaycanlı iş yerində, vəzifə başında mütləq qanunun gözündən yayınan qazanc əldə etməlidir. Buna nəinki haqq qazandırır, hətta vacib sayırıq. Belə ifadələri hamımız eşitmişik: Filan qədər maaş alır, amma çak-çuku da olur! Çak-çuk deyəndə nadir hallarda halal yolla əldə edilmiş qazanc nəzərdə tutulur.

Öz burnundur? - Yox qonşunun! Lap plastik əməliyyat olunsa belə adamın öz burnu olur də. Harasa burun yağıb? Şükür Allaha, qəza-zad keçirib, burnumu itirməmişəm və kimdənsə mənə burun nəqli olmayıb. İkincisi, lap sualı düz vermisən, mənimlə bu sözü soruşacaq qədər yaxın deyilsən axı? Bir balaca etika! Olarmı?

Haralısan? – Naxçıvanlı! Əslimiz, “yeraz”dır amma. Belə cavab verin. Əmin olun, düz gedəcəklər.

Naxçıvan əhalisinin sayı açıqlanıb | Report.az

Bonus: Bir gün kimsə Molla Nəsrəddinə deyir:
- Bir qazan dolma aparırlar?
Molla cavab verir:
- Mənə nə?!
Adam deyir
- Qazanı sizə aparırlar?
Molla cavab verir:
- Sənə nə?!

# 3768 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #