Cavanşir Məhərrəmov: “İndi məcburiyyətdən kloun olaraq çalışıram” – Müsahibə

Cavanşir Məhərrəmov:  “İndi məcburiyyətdən kloun olaraq çalışıram” – Müsahibə
12 aprel 2023
# 09:30

Kulis.az aktyor Cavanşir Məhərrəmovla müsahibəni təqdim edir.

– Aktyorluğa həvəsiniz necə yarandı?

– Bu yaxınlarda vəfat edən sənətkarımız Ramiz Novruz ilə qonşu olmuşam. Oğlu Cavidanla birlikdə böyümüşük. Məktəb vaxtımızdan Cavidanla aktyor olmağın xəyalını qururduq. Məhəllədə uşaqları bir yerə yığıb onlara tamaşa göstərirdik. Deyirdik ki, kaş biz də kinolardakı kimi məşhur aktyor olardıq.

– Bəs orta məktəbi bitirdikdən sonra aktyorluq təhsili ala bildiniz?

– Universitet oxumaq məsələsi o vaxt bir az qarışıq idi. İstedada önəm vermirdilər. Başqa şeylər istedaddan öndə gəlirdi...

– Yəni pul?

– Hə. 2004-cü ildə hazırlaşıb qabiliyyət imtahanı verdim. Rasim Balayev məndən imtahan götürdü. Bəhanədənmi, ya nədən, bilmədim, dedi ki, oğlum, arıqsan, gələn il kökəlib gələrsən. İndi düşünürəm, bəlkə də, kökəlməyi pul baxımından deyib. Beləcə imtahandan keçə bilmədim. Amma arzum olduğu kimi qaldı. Öz-özümə fikirləşirdim ki, görəsən, universitet oxuya bilməsəm, aktyor ola bilməyəcəm? İllər keçdikcə gördüm ki, bunun o qədər də önəmi yoxdur. Universitetə girə bilməsəm də, 2006-cı ildə Bakı Uşaq Teatrında işləməyə başladım.

– Teatrdan təklif aldınız?

– O vaxt Xalq Teatrında, indiki Şuşa teatrında çalışan Loğman Kərimov rejissorumuz idi. Loğman müəllim ilk kursdan hərəni bir teatra yönəltdi. Mənə isə dedi ki, səndə universitet alınmadı, amma teatrda işləmək istəyirsənsə, gəl səni Bakı Uşaq Teatrına göndərim. Dedim, lap yaxşı. Həvəslə getdim ki, orada aktyor işləyəcəm. Amma orada mənə işıqçı işləməyi təklif etdilər. Teatrı sevsəm də, işıqdan anlayışım yox idi. Dedim, eybi yox, işləyərəm. Əsas odur teatr mühitində olum. Beləcə orada işə başladım. 2 ay işlədim. Maaş verilmədi. İşıqçıdan sonra elə orada səhnə fəhləsi kimi də çalışdım. Bu işləri görə-görə məni səhnəyə də çıxardılar. 5-6 aydan sonra maaş yazdılar. Səhnədə aktyora tələbat çoxaldıqca isə mənə daha çox rol verməyə başladılar. 15 ilə yaxın orada işlədim.

– Hazırda teatrda çalışmırsınız?

– Yox. Son zamanlar seriallara çox çəkildiyim üçün teatrda müdiriyyət ilə sözümüz düz gəlmədi. Mənə hər iki işi birdən görməyə şərait yaratmadılar. Buna görə teatrdan uzaqlaşmalı oldum.

– Daha çox “İmtahan” serialından sonra tanındınız.

– Bəli. Amma ondan öncə 2011-ci ildə “Qayınana” serialına çəkilmişdim. Onda da bir az məşhurluq var idi. Amma “İmtahan” serialı daha çox məşhurluq gətirdi. Rejissorumuz Ramil Nəbiyevin bunda çox böyük əməyi oldu. Mənə istedadımı göstərmək üçün şərait yaratdı. Aktyor üçün belə şəraitin yaradılması vacibdir. Aktyoru sıxmaq, çərçivəyə salmaq olmaz. Bu serialı haradasa 80 faiz improvizə üzərindən oynayırdım. Uğurlu da alındı.

– Teatr üçün darıxırsınız?

– 4-5 il olar ki, səhnəyə çıxmıram. Səhnə üçün çox darıxıram. Ürəyim partlayır. Fəaliyyətimi teatrda davam etdirmək istəyirəm…

– Teatrdan kinoya keçid asandır, yoxsa kinodan teatra?

– Hazırda seriallarımızda və kinolarımızda yaxşı oynayan aktyorların çoxu teatrdan çıxıblar. Teatr görən aktyor həmişə bir addım öndə olur. Elə kino aktyorları var ki, teatrda işləyə bilmirlər. Hərəsinin öz çətinliyi var. Amma teatrda montaj, stop yoxdu. Nə oynadınsa, odur. Kinoda isə çaşanda, kadrı saxlamaq olur.

– Bildiyim qədər rejissorluq bacarıqlarınız da var...

– Teatrda quruluş verdiyim tamaşalar olub. Sadəcə paxıllıqdan şərait yaratmayıblar ki, bu bacarığımı üzə çıxarım. İndi qısa filmlər çəkib festivala göndərməyi düşünürəm. Hələki problemlərdən qurtula bilmirəm...

– Maddi problemlər?

– Həm maddi, həm də digər. 1-2 problem olsa eybi yox, amma 20 problem birdən adamın üstünə gələndə, artıq dözmək olmur.

– Neçə yaşınız var?

– 36.

– Maddi problem demişkən, 7 il bundan öncə maddi sıxıntılara görə böyrəyinizi satışa çıxarmaqla gündəmə gəlmişdiniz. Sata bildiniz?

– Yox, böyrəyim yerindədir. Fikrimi dəyişdim, satmadım. Bizdə belədir də. Gərək özünü öldürəsən, sonra dərdini anlasınlar. Aktyor desə ki, xəstəyəm, imkanım yoxdur, kömək edin, heç kim kömək etməyəcək. Amma özünü assa, intihar etsə, hamı yığılıb üstünə gələcək.

Bunu bir az da diqqət çəkmək üçün etmişdim. İstədim bəziləri aktyorun yaşayışını görüb utansınlar. Bilsinlər ki, onlar yaxşı dolanmır. Elələri var hətta qaldığı evin kirayə pulunu verə bilmir, cibindəki son qəpiyi avtobusa verib teatra məşqə gəlir.


– Ölkəmizdə aktyorlara göstərilən münasibətdən yaman narazısınız...


– Hər şey göz qabağındadır. Adicə televiziyaya baxanda, çox şeyi görə bilərik. Televiziya seriallarında aktyorlardan başqa hamını çəkirlər. Müəllimi, meyxana deyəni, tik-tokerləri və s. Bircə aktyor yaddan çıxır. Əvvəl peşəkar aktyorlarımız daha yaxşı yaşayıblar. Üç-dörd klipə çəkilib özünə aktyor deyənlər peşəkarlardan daha yaxşı yaşayırlar. İndiki zamanda peşəkarların nə hörməti, nə evi, nə də pulu olur...Bu peşəyə illərimi xərclədim. İndi isə əyləncə mərkəzində kloun olaraq çalışıram. Bizdə klounluğa da bir az yüngül yanaşırlar. Amma bu, dünyada ən çətin sənət hesab olunur.


– İndi seriallara dəvət alırsınız?


– Hazırda durğunluqdur. Hələki dəvət yoxdur. Hərdən elə şeylər görürsən ki, dəhşətə gəlirsən. Filankəs qəsdən səni hansısa serialdan kənarlaşdırır. İstəmir ki, sən də irəli gedəsən. Adamlar yatıb-durub pislik fikirləşirlər elə bil. Bizim sənəti yıxan da elə bu çirkin hisslərdir.


– Son vaxtlar “Əqrəb mövsümü”, “Körpü” kimi yerli seriallar çəkildi. Kifayət qədər də maraqla qarşılandı. Özünüz də “Əqrəb mösümü”nün bir bölümündə rol aldınız. Həm aktyor, həm də izləyici kimi sözügedən seriallar haqqında nə deyə bilərsiniz? Xoşunuza gəldi?


– İzləmişəm. Əslində “Körpü”də əsas qəhrəman mən idim, baş rola mən çəkilməli idim. Rol təsdiqlənmişdi, hətta ödəniş də almışdım. Sadəcə rejissorda bir az tələskənlik olub. Mənim üçün o rol maraqlı idi. Amma dostumuz Nofəl oynadı. Mən ssenarini oxuyanda bu obrazı daha çevik düşünürdüm. Amma sakit biri kimi göstərdilər. Yaxşı idi. Rejissor Emil Quliyev dedi ki, qərar verməyə bir az tələsmişəm. Üzrlü say. Səni başqa obraza dəvət edəcəyəm.


– Buna görə Nofəllə aranızda soyuqluq yarandı?


– Qətiyyən, yox. Olur belə şeylər. Rejissor var ki, 10 günlük məşq etdiyi aktyoru dəyişir. Qəliz bir rol da deyildi. Sadəcə maraqlı idi. Yenə də bu rejissorun seçimidir. Sayğı duymaq lazımdır. Emil Quliyev yaxşı rejissordur. “Buğlama”da rol almışdım. Orada da eyni ssenari problemi var idi.

Rejissorlarımızın əksəriyyəti obrazdan nə istədiyini bilmir. Aktyor ssenaridəki rolunu 50 variantda oynaya bilər. Rejissor deməlidir nə istəyir. Bizdə əksər rejissorlar aktyoru çağırıb soruşur ki, nə edə bilərsən? Belə şey heç yerdə yoxdur. “Stop”, “motor” sözlərini deməklə rejissor olmaq olmur.

“Əqrəb mövsümü”ndə bir bölüm çəkildim. O bölüm də səs saldı. Buna görə mənə yaxşı zənglər gəldi. Bir məsələ var ki, bizim millətə yaxşı şey yedizdirəndə, onu yeyir. Belə seriallara xaricilər baxanda onlara normal gəlir. Görün bizdə vəziyyət nə yerdədir ki, belə işləri böyük heyranlıqla qarşılayırlar. Öyrəşmişik bayağı şeylərə. Halbuki bunları çoxdan çəkmək lazım idi. Onda sağlam rəqabət də aparmaq olardı.


– Sizcə niyə vaxtında çəkilməyib?


– Çünki gözümüzü pul tutub. Heç vaxt keyfiyyəti düşünməmişik. Hamı pulun arxası ilə qaçıb, “necə fırladım ki, daha çox yeyim?” deyə düşünüb. Cənab rejissor, sən film çəkirsənsə, sənin işin gözəl və keyfiyyətli olmalıdır. Bu, sənin adındır. Filmə ayrılan pulun 80 faizini yeyib, 20 faizini filmə xərcləsən, təbii ki, ortaya yaxşı iş qoya bilməyəcəksən.


– Yaşar Nuri ilə qohumsunuz?


– Bəli, uzaq qohumuq. İlk dəfə universitetə sənəd verəndə o mənə xeyir dua verib. Aktyor Nicat Rəhimov da əmim oğludur.


– Nicatla demək olar ki, bir arada görünmürsünüz. Münasibətləriniz necədir?


– Yaxşıdır. İstiqamətlərimiz bir qədər fərqlidir.


– İndi klounluqla məşğul olursunuz. Uşaqları əyləndirmək necə hissdir? Bezirsiniz?


– Yorucu və məsuliyyətli bir işdir. Bir qədər də qəlizdir. Uşaqları aldatmaq olmur. Hər şeyi xırdalığına qədər incələyirlər. Böyükləri isə asanlıqla aldatmaq olur. Məsələn, bugünkü gündə Azərbaycan seriallarındakı aktyorlar çox asanlıqla, süni obrazlarla tamaşaçılarını aldadırlar. Tamaşaçılar da onların peşəkar olduğuna inanırlar.


– Qeyd etdiniz ki, xaricdə klounları da, aktyorları da yüksək qiymətləndirirlər. Onda niyə fəaliyyətinizi xaricdə davam etdirmirsiniz?


– Mən istəyirəm bizdəki problemlər həllini tapsın. Yoxsa getməyə nə var?! Hər yerdən bayağılıq fışqırır. Mən isə həmişə ciddi sənət arxasınca qaçmışam. Ona görə indi evdə “aboylara” baxıram.


# 7445 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #