"Bütün anaların gözü o qapıda qalmışdı... " - "Açar"ın təqdimatından reportaj

"Bütün anaların gözü o qapıda qalmışdı... " - "Açar"ın təqdimatından reportaj
29 aprel 2025
# 15:00

Kulis.az Natəvan Dəmirçioğlunun "Açar" romanının akademik müzakirəsinə həsr olunmuş "Zəfərimizin "Açar"ı" adlı elmi sessiyadan Ülvi Bahadırın reportajını təqdim edir.

“Bu açarları itirməkdən qorxan Qaçqın Qoca didərginlik dövründə “dağlar qar, bağlar bar, xəstə nar, könül yar istəyən kimi, bu açarların bağlı qapını açan səsini eşitmək istəyir”.


- Deyəsən, buradı.

Fotoqrafımızla asta addımlarla Natəvan Dəmirçioğlunun “Açar” romanının elmi sessiyasının baş tutacağı zala doğru gedirik.

Mərkəzi Elmi Kitabxananın Akademik zalına…

Bir qadın uzaqdan bizi görür:

- “Kulis”dən gəlmisiniz?

- Bəli

Qapını açır:

- İki yer qalıb, keçin əyləşin.

İçəri giririk. Zalda uzun masada insanlar əyləşib. Yavaş-yavaş çıxışlar başlayır.

Əyləşib “Açar” romanını vərəqləyirəm.

Yadıma gəlir, roman çıxandan sonra Natəvan xanımla ilk müsahibəni mən eləmişdim.

Natəvan Dəmirçioğlunun yaradıcılığında Qarabağ mövzusu qırmızı xətt kimi keçir.

“Açar” üç nəslin ağrılı taleyi haqqındadır. Bu günümüzdən tariximizə, tariximizdən bu günümüzə boylanacağımız evin açarı müəllifin, sənin, mənim – bizim əlimizdədir.

Gəlib çatmışıq o qapıya.

İllərin qəmli yuxusu bitdimi? Bitdimi göz yaşları? Bitdimi ağ-qara şəkilləri həsrətlə qucaqlamaq?.. Bitdimi qabarlı əllər, qubarlı ürəklər?..

***

Yavaş-yavaş çıxışlar başlayır.

“Natəvan xanımın bu romanında onun qohumları, yaxınları iştirak eləyib. Yaxından tanıdığı insanlar və hadisələri o qədər dəqiqliklə təsvir eləyir ki, əsərin inandırıcılığını gücləndirir. Əsərdəki həyatilik onun təsir gücünü daha da artırır. “Açar” bir rəmzdir. Keçmişlə gələcəyin rəmzi”.

***
Gördüyün, tanıdığın insanlardan yazmaq… Qarabağdan, itirilən nəsillərdən yazmaq…

Qapını azca aralayıb baxanda nələr görürük?

Sevgisini doya-doya yaşaya bilməyən adamları…

Əsəri xatırlayıram: Bir zabit evinə qayıdır. Yoldaşı sevinir ki, nə yaxşı, Novruz bayramı ərəfəsində həyat yoldaşı evə gəlib. Hər işi görüb, bircə pərdələri dəyişə bilməyib. Fikirləşir ki, o gəlib pərdələri asmağa kömək edəcək. Ancaq yoldaşı deyir ki, onları qoy qırağa, müharibə qurtarsın, sonra asarıq. Həyat yoldaşı da deyir ki, müharibəni gözləyə-gözləyə ömrümüz əldən getdi.

“Müharibəni gözləyə-gözləyə ömrümüz əldən getdi…”

Belə getmədimi illərimiz?

Şəhid xəbərləri qılınc kimi kəsmədimi gülüşlərimizi?

***


Romanı vərəqləyib fikrə dalıram. Elə bu an təqdimata Türkiyədən canlı bağlantı ilə bir alim qoşulur:

“Romanı hələ oxumamışam. Ancaq danışılanlar mənə təsir elədi. İlk fürsətdə oxuyacağam. Romanı daha da dəyərli edən sənədliliyi bədii dildə çatdırmaqdır”.

***

“Yanınca gələn qonağı özündən əvvələ ötürdü. Gələn adam belə bir mənzərə görəcəyini bilməzdi heç. Qapıdan girəndə sağ tərəfdəki stula zabit paltarı geyindirilmişdi. Stulun qarşısında bir cüt döyüşçü çəkməsi yanaşı qoyulmuşdu...”


Bu mənzərə bizə necə də tanışdır. Əsgər övladlarını gözlərindən tanıyıram. Əllərindən, çatılan qaşından, yerişindən…

Hər gün əsgər paltarındakı şəklinə baxan şəhid analarını hansı söz ifadə eləyə bilər?

***

“Natəvan Dəmirçioğlu bu romanda erməni vəhşiliyini və Azərbaycan xalqının vətənpərvərliyini, eyni zamanda, keşməkeşli taleyi göstərməyə çalışıb. Romanda müəyyən hadisələrdən sonra personajların özü tarixi faktların izi ilə əsəri davam etdirir. Bu isə oxucu üçün əsəri maraqlı və axıcı edir”.

Elə bu vaxt hiss eləyirəm ki, uzaqdan kimsə şəklimi çəkir. Bildirmirəm. Asta-asta kitabı vərəqləyirəm. Balaca oğlan uşağı mənə maraqla- baxa-baxa yanımdan ötüb keçir.

***
“Bir yerə gedəndə pencəyin cibindən çıxarıb ev paltarının cibinə qoyur, qayıdan kimi yenə yerinə qaytarır”. Bu açarları itirməkdən qorxan Qaçqın Qoca didərginlik dövründə “dağlar qar, bağlar bar, xəstə nar, könül yar istəyən kimi, bu açarların bağlı qapını açan səsini eşitmək istəyir”.

Romanı vərəqlədikcə 30 illik qanlı-qadalı günlər fraqment-fraqment gözümdə canlanır.

Qulağımda güllə və ağı səsləri…

Yazıçı özü də deyirdi… Deyirdi ki, mən bir yerdə yazıçıyam, bir yerdə vətəndaş.

Natəvan Dəmirçioğlu romanı 2013-cü ildə yazmağa başlayıb. Onda hələ Qarabağlı günlərimiz bir yuxu idi. Bir gün o yollarda, cığırlarda gəzmək… Ancaq ümidimiz heç vaxt ölməmişdi. İnanırdıq… İnanırdıq ki, bu ağrılı-acılı günlərin bir sonu var. Bir gün hər şey bitəcək. Bir gün qələbə sevinci ağladacaq bizi… Bir gün əlimizə qələmi qələbə romanları yazmaq üçün alacağıq… Bir gün qələbə romanlarının imza günlərində görüşəcəyik. Bu ilə, bu aya, bu günə qismətmiş…

***

Sən demə, bayaq mənə maraqla baxan o uşaq Natəvan xanımın nəvəsi imiş… O da, onun yaşında olan uşaqlarımız da artıq başqa bir ölkədə yaşayır. Başqa bir səmada, başqa bir sabahda…

“Ulu Tanrı şahiddir ki, mən bu romanı ürəyimin qanı ilə yazmışam. Torpaqlarımıza şədlərimizin qanı tökülən kimi… Mənim üçün çox çətin, çox ağrılıdır. Mən bu əsəri tək yazmamışam. Mən birinci növbədə Ali Baş Komandan cənab İlham Əliyevə, ondan sonra canı, qanı bahasına vətən torpağının bir parçasına çevrilən şəhidlərimizə minnətdaram. Mənim üçün çox ağrılı idi. Dedim ki, ay Allah, sən mənə imkan ver, bu əsəri sağ-salamat yazıb qurtarım”.

Bu, həm də Birinci Qarabağ müharibəsində “Vəfadar” adı ilə kişilərlə çiyin-çiyinə vuruşan Dəmirçi kişinin qızı Vəfanın hekayəsidir.

Bu hekayə hamımızın – bu torpağın üstündə, bu səmanın altında yaşayan hər kəsin hekayəsidir.

***

Təqdimatdan sonra pilləkənlərlə aşağı düşə-düşə romandan bir hissəni xatırlayıram:

Bir yerdə Məhəmmədin yadına İmran düşür. Deyir, can, ay İmran. Mənim əlimdə əlac olsa, erməniləri öldürmərəm. Çünki onların da sevdiyi qızın şəkli döş ciblərindən çıxır. Onların da anasının gözü qapıdadır. Onların da üzündən öpüb bura gəldiyi körpəsi var.

“Açar” elə budur.

O qapının açarı…

Dünyanın bütün analarının gözünün qaldığı qapının açarı…

# 346 dəfə oxunub

Oxşar xəbərlər

Bir nəslin həyatını alt-üst edənlər kimlərdir? - Rəvan Cavid

Bir nəslin həyatını alt-üst edənlər kimlərdir? - Rəvan Cavid

18:41 29 aprel 2025
Ölkəmiz Özbəkistanda Qran-pri mükafatını qazanıb

Ölkəmiz Özbəkistanda Qran-pri mükafatını qazanıb

18:20 29 aprel 2025
"Yeşilçam"ın məşhur aktrisası vəfat edib

"Yeşilçam"ın məşhur aktrisası vəfat edib

17:00 29 aprel 2025
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

16:36 29 aprel 2025
Rusiyanın Əməkdar artisti vəfat etdi

Rusiyanın Əməkdar artisti vəfat etdi

16:00 29 aprel 2025
Azərbaycanda ICESCO-nun regional ofisi yaradılır

Azərbaycanda ICESCO-nun regional ofisi yaradılır

15:30 29 aprel 2025
#
#
# # #