Bulvarda soyqırımı haqda filmlər göstərilir

"Unudulmuş mart" filmi

"Unudulmuş mart" filmi

31 mart 2022
# 16:00

AzTV-nin mart soyqırımı ilə bağlı filmləri bulvardakı monitorlarda nümayiş olunur

Kulis.az xəbər verir ki, Azərbaycan Televiziyası 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı 2 bədii-sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Unudulmuş mart” və “Hökm” adlı filmlərdə 1918-ci il mart qırğınları müxtəlif istiqamətlərdən göstərilir.

“Unudulmuş mart” filmi Şamaxıda və Lənkəranda törədilən erməni vəhşiliyinə həsr olunub.

Mart qırğınları Azərbaycanın qocaman vətəndaşları - Şamaxı sakini 102 yaşlı Mərifət İslamova və Lənkəran sakini olan 100 yaşlı Kamal Kələntərlinin dilindən eşidilir.

Filmdə düşmənin əl atdığı ən amansız cinayətlər detalları ilə əks olunub. Erməni vandallarından qaçan əhali məscidə sığınıb, lakin mənfur işğalçılar dini məbədlərə də od vurub yandırıblar. Yalnız etnik mənsubiyyətinə görə öldürülən, işgəncə görən soydaşlarımızın yaşadığı ağrı-acılı o günlərin obrazlı formada yer aldığı film kənd sakinlərinin xatirələri əsasında çəkilib.

“Unudulmuş mart”da tarixçi alimlər Cavid İslamov və Kamal Mahmudov sözügedən faktları tarixi nöqteyi-nəzərdən şərh edirlər.

Filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatoru Elşən Bədəlov, montaj rejissoru Cabir Əlizadədir.

Film bu gün – 31 mart saat 21:00-da AzTV-də nümayiş olunacaq.

AzTV-nin mart qırğınlarına həsr olunmuş digər filmi isə “Hökm” adlanır. “Hökm” adlı filmdə hadisələr Bakıda cərəyan edir. 1918-ci ilin mart ayının ağır günlərindən bəhs edən ekran işində mülki əhalinin birləşərək erməni-daşnak dəstələrinə müqaviməti əks olunub. Belə ki, türk ordusu gələnə qədər Bakıda əsas yük qoçuların üzərinə düşürdü. Onlar şəhər əhli arasından könüllü dəstələr toplayaraq son güllələrinədək döyüşür, daha sonra isə xəncərləinə sarılaraq düşmən üzərinə hücuma keçirdilər.

Bu yükü üzərinə götürən Bakı qoçularından biri də Nəcəfqulu adlı gənc idi. Filmdə onun erməni-daşnak dəstələrinə müqaviməti xüsusi olaraq vurğulanır.

Sovet hakimiyyəti qurulandan sonra isə Nəcəfqulu və daha 12 Bakı qoçusu inqilabçı Əli Bayramovun qətlində ittiham olunur. Onlara qarşı haqsızlıq edilir və barələrində ölüm hökmü verilir.

Bədii-sənədli filmdə qoçuların həm də qadın və uşaqları öz canları bahasına qoruduqları, uduzacaqları təqdirdə qadınların düşmən əlinə keçməməsi üçün plan qurduqları səhnələşdirilib. Filmin rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, operatoru Aqşin Rzayev, layihə rəhbəri isə Həmid Əsədzadədir.

“Hökm” martın 31-i saat 18:30-da AzTV-də yayımlanacaq.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktları 20-ci əsrin əvvəllərindəki hadisələrlə yekunlaşmır. Mənfur düşmən 20-ci əsrin sonuna yaxın – Birinci Qarabağ müharibəsi zamanı da xalqımıza qarşı soyqırımı aktları törədib. “Azərbaycantelefilm” bu qətliamlardan biri – Edilli faciəsi ilə bağlı film hazırlayıb.

“Edilli şahidi” adlı sənədli filmin qəhrəmanı 1993-cü ilin avqust-sentyabr aylarında ermənilərin girov götürdüyü 3890 azərbaycanlıdan biridir. Söhbət 565 gün erməni əsirliyində qalan Şəmsi Şıxəliyevdən gedir. Əsirlikdə olduğu müddətdə o, ac-susuz saxlanılıb, təhqir olunub, söyülüb, döyülüb. Lakin ən dəhşətlisi odur ki, o, Edilli qətliamının şahididir. Ş.Şıxəliyev Edillidə ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıları heç bir qaydalara riayət olunmadan basdırmağa məcbur edilən girovlardan biridir.

Edilli şahidi 20-yə yaxın azərbaycanlının kütləvi şəkildə basdırıldığı yerin 30 il sonra aşkara çıxarılmasında böyük rol oynayıb.

Pərviz Həsənovla və Eldar İskəndərzadənin birgə ssenarisi əsasında çəkilən “Edilli şahidi” sənədli filminin rejissoru Pərviz Həsənov, operatoru Elşən Bədəlovdur.

Film 31 mart saat 14:30-da AzTV-də yayımlanacaq.

Bundan başqa, hər üç film Bakı bulvarında böyük monitorda nümayiş olunur.

Qeyd edək ki, Azərbaycanın ilk və ən qocaman televiziya kanalı olan AzTV 1956-cı il fevralın 14-də yayıma başlayıb. 24 saat yayımlanan televiziya kanalına bu gün dünyanın bir çox ölkələrində baxmaq mümkündür. Azərbaycan Televiziyasının Avropa, Türkiyə, Şimali Kipr, Rusiya, Ukrayna, Amerika, Kanada, Orta Asiya, Gürcüstan, Şərqi Asiya və Çində müxbir məntəqələri fəaliyyət göstərir. 2013-cü ildən isə Ərəb ölkələri və Şimali Afrika bürosu fəaliyyətə başlayıb.

2004-cü ilin fevralından AzTV-nin Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edilib. “Teleradio” İstehsalat Birliyi mütəxəssislərinin teleqüllə kompleksində rəqəmsal TV-Up-link stansiyasını quraşdırması nəticəsində Azərbaycan Televiziyasının verilişləri Avropaya “Hot Bird” və “SESAT”, Şimali Amerikaya “Galaxy 25”, Asiyaya “Turksat 1C” peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası “Avropa keyfiyyəti” medalına layiq görülüb.

2021-ci ildən AzTV HD formatında yayıma başlayıb.

# 1430 dəfə oxunub

Oxşar xəbərlər

ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub

ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub

18:00 19 sentyabr 2024
Laçın şəhərində “Arşın mal alan”  filminin nümayişi baş tutacaq

Laçın şəhərində “Arşın mal alan” filminin nümayişi baş tutacaq

17:10 19 sentyabr 2024
Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi

Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi

16:30 19 sentyabr 2024
Yaponiyada yaşayan ukraynalı Polina hamını təəccübləndirir – Ekstra Müsahibə

Yaponiyada yaşayan ukraynalı Polina hamını təəccübləndirir – Ekstra Müsahibə

15:41 19 sentyabr 2024
"Musiqinin gücü"  layihəsi Milli Musiqi Gününə həsr olundu

"Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olundu

15:21 19 sentyabr 2024
Antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlandı

Antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlandı

15:04 19 sentyabr 2024
# # #