Bizi qovan yekəpər mühafizəçi, müxbirimizi söhbətə çağıran satıcı, sirli taxta ev – Reportaj

“Soyuq əllər, isti ürəklər”

“Soyuq əllər, isti ürəklər”

31 dekabr 2021
# 10:00

Kulis.az Ayxan Ayvazın “Soyuq əllər, isti ürəklər” yarmarkasından yazdığı reportajı təqdim edir.

“Soyuq əllər, isti ürəklər”ə girən kimi iri cüssəli, yekəpər gözətçi bizi saxlayıb cod səslə soruşdu:

“Hara belə?”

“Gəzməyə”.

“Bəs əlinizdəkilər nədir? Jurnalistsiz siz?”

O an fotoqrafımız yerin dibinə girməyə hazır vəziyyətdə idi, çünki onun jurnalist olduğunu təsdiqləyən fotoaparatı gur işığın altında məsumanə tərzdə başını aşağı salıb danlaq gözləyən uşaqlar sayaq yerə baxırdı.

Vüqarla mən daha çox rayondan gəlmiş və qızlarla tanış olmaq üçün “Tarqovı”da elədən-belə, belədən-elə gəzən, tum çırtlayan yeniyetmələri xatırladırdıq.

“Gözləyin görüm burda...”

Yekəpər gözətçi bizi “Soyuq əllər, isti ürəklər”in girişində saxlayıb, irəlidəki taxtadan düzəlmə, əldəqayırma evə girdi. Adama bir siqaret yandırıb, onun çıxmağını gözlədik.

Yolkanın böyür-başına yığışan xeyli adam var idi. Onlar gah yolkanı videoya çəkir, çəkə-çəkə nəsə danışır, gah bir-birilərini səbəbsiz yerə vurub qaçır, gah da yolkanın budaqlarındakı rəngli oyuncaqları oynadırdılar.

İki qız ayaqlarını xaç şəklində əyib dodaqlarını büzərək selfi çəkdirirdilər. Ard-arda şəkil çəkəndə başları da ritmik olaraq sağa və sola çevrilir, təbəssümlərin yeri dəyişir, hərdən qaşları yuxarı dartılır, hərdən də gözlərini irilədib obyektivə süni sevgiylə baxırdılar. Selfi bir neçə dəfə alınmadı, qızlar əsəbiləşib ufuldadılar, təzədən ayaqlarını xaç işarəsi sayaq dartıb dayandılar və bayaqkı süni təbəssümü də üzlərinə qondurub domba gözlərlə obyektivə baxdılar.

“Gözləyin görüm. Zəng edim” – başım qızlara baxmağa qarışmışdı, gözətçinin gəlib çıxdığından xəbərim olmamışdı. O, harasa zəng elədi. Telefonda dialoq çox çəkmədi. Qarşı tərəf, deyəsən, çox əsəbi idi.

“Gedə bilərsiniz. Çəkilişə icazə var” – gözətçi bunu deyəndə hiss elədim ki, kədərləndi. Yəqin bizə icazə verilməyəcəyini düşünüb monoton keçən saatlarına maraq qatacağını zənn eləmişdi.

“Soyuq əllər, isti ürəklər”də seyrəklik idi, tək-tük adam gözə dəyirdi. Bir az əvvəl, biz siqaret çəkəndə yağış başlamışdı. Yağışı görən qızlar hay-küy salıb çıxışa doğru qaçışmışdılar.

İndi bayaqkı yağış azalmışdı, elə bil paltar asılandan bir-iki damcı üstümüzə tökülürdü. Mərmər döşənmiş yarmarka yağışın altında mirvari dənələrinə bənzəyirdi. Hər yeri tüstü bürümüşdü. Fotoqrafımız harasa yoxa çıxmışdı. Vüqar zəng eləyib onu çağırdı:

“Tüstü olan yerə gəl”.

Fotoqrafın qəzəbli səsi indi təzədən güclənən yağışa qarışdı:

“Ala, burda hər yer tüstüdü də...”

Şabalıd qovuranların yanında dayanmışdıq. Burdakı tüstü o biri tüstülərdən fərqlənirdi.

“Neçəyə satırsınız?”

“100 qramı 3 manat”.

“Alver var?”

“Belə də. Yağışa görə adam azdı”.

O biri tərəfdə “Südlü mısır” yazılan piştaxta vardı.

“Necədi ki bu?”

“Südlə mısırı qarışdırıblar da” – oğlan tərs-tərs cavab verdi.

“Neçəyədi?”

“Bir qabı 3 manat”.

Yeni il oyuncaqları ilə bəzənmiş piştaxtaya yaxınlaşdıq. Satıcı qız piştaxtanın tən ortasında qollarını qabağında şagirdtək birləşdirib darıxırdı.

“Neçəyədi bunlar?”

“Bizdə kofedi”.

“Bu oyuncaqları satmırsınız?”

“Yox”.

“Kofeler neçəyədi?”

“Orda var da” – menyunu göstərdi.

“Ən ucuzu hansıdır?”

“4 manatdan başlayır”.

“Aşağı yeri yoxdu?” – zarafat eləmək istədim.

“Yox”.

Qız bundan sonrakı suallarıma da ənənəvi cavabını verdi:

”Yox”.

“Yox” sözləri yağış kimi başıma çırpıldı və onda gördüm ki, fotoqrafımız deyinə-deyinə gəlib çıxır, ayağının su olduğunu deyib yeri-göyü söyür.

Onda fikir verdim ki, mənim də ayaqqabım su olub. Vüqardan soruşdum. Gülümsünürdü. Xoşbəxt görünürdü. Yağış onun vecinə deyildi.

Növbəti piştaxtanın yanına çatana qədər fotoqrafla mənim deyintilərim bitmək bilmədi. Dönər satılan yerdə dayanmışdıq və qışqırırdıq.

“Ay dədəm vay. Bu nədi, ala?”

“Bütün su oldu e ayağım”.

“Zibilə qalsın”.

Vüqar hələ də gülümsünürdü və xoşbəxt görünürdü. Dönərçi bizim bağırışmağımızı görüb əsəbiləşdi.

“A bala, nə qışqırıq salmısınız. Nolsun? Yağışdı da. Camaat dağlarda yaşayır. Bir az ayağınız su olub deyə nə çığır-bağır salmısınız?”

Vüqar dayının dediklərinə söykək durdu:

“Düz deyir də. Səhərdən mazqi eləmisiniz”.

Dönərçi dayı qəribə bir ləhcədə danışırdı, ya ləzgi idi, ya da avar. Onun dönəri də başqa cür gözümə göründü. Ac deyildim, heç ac olsam da dönər yeyən deyildim. Çünki axır vaxtlar dönərdən zəhləm getmişdi. Səbəblərini yazıb sizi yormaq fikrində deyiləm.

“Dönər neçəyədi?”

Dayı bunu eşidən kimi niyyətimizi göydə tutdu.

“Jurnalist?”

“Aha...”

“Aaa, gəl sən danış” – yanındakına, bəlkə də, oğluna qəribə tərzdə müraciət etdi. Yəqin ki, ibtidai dövrdə də bu cür səslərdən geninə-boluna istifadə olunmuşdur.

“Dönər 2 manat”.

“Nə yaxşı!”

“Bəlkə, yeyək” – fotoqraf ayağının birini yaş yerə döyəcləyib əsəbi-əsəbi dedi.

“Yox e, başını burax. Bəs bu kabab neçəyədi?”

“O dörd manat”.

“Qazanc var?”

Bu yerdə dayı özü səhnəyə çıxdı:

“Yox e, hardadı? Zəifdi. Yağış da yağdı, lap pis oldu...”

Dayının bizim deyinməyimizə qarşı çıxan sözlərini yadıma salıb uşaqları hayladım ki, qabağa gedək. Popkorn satılan yerdə dayanıb dincimizi aldıq. Fotoqraf fotoaparatını sazladı.

“Necə gedir işlər?”

“Qadan alım, aralı dur”.

“Niyə?”

“Aralı dur dana...”

“Niyə axı?”

“Ə, nə niyə? Bizlik döy dana”.

“Nə sizlik deyil?”

“Jurnalistsiz də siz?”

“Hə...”

“Bir xəbər elə də, bəlkə, razı deyilik. Niyə çəkirsiniz?”

“Çəkmədik vallah”.

“Yeriyin gedin burdan”.

Qaqaşın sonuncu sözləri çox vurucu oldu və biz yeyin-yeyin oradan uzaqlaşdıq.

“Bir dəqiqə dayan görüm...”

“Mən?”

“Hə...”

Sağ olsun, fotoqrafla Vüqar məni tək buraxdılar. Mən yekəpər, qəzəbli baxan bir qaqaşla təkbətək qaldım. Və təkbətək qaldığımız bu müddətdə aramızda tarixə düşəcək bir dialoq yaşandı:

“Nağarırsız siz, qaqa?”

“Nağarırıq ki?”

“Nə çəkirsiniz?”

“Heç nə”.

“Məni Yutuba qoyassan, qaqa?”

“Yox”.

“Düzünü de. Qoyub biabır eləyəcəksən, lağa qoyacaqsan. Ə, gedin düz-əməlli iş tapın özünüzə”.

Bu qaqaşa uzun-uzadı başa salmaq, sonra onun bu izahdan da qəzəblənib məni bu yağışlı gündə təpiyinə saldığını xəyal edib tez dilləndim:

“Qaqa, vallah, çəkmədik, billah, çəkmədik. Bu ölsün” – üzümə bərkdən, lap bərkdən şillə vurdum ki, sözlərimin təsiri daha da artsın.

Oğlan bir addım geriyə çəkildi, məni diqqətlə ayaqdan-başa süzdü və gülümsədi:

”Sənin qadan alaram, get...”

Təyyarəyə adam yola salan biri kimi mənə əl yellədi, sonra ürəyi dözməyib yaxınlaşdı, balaca bədənimi geniş, yumşaq sinəsinə sıxdı.

“Üzrlü say da, qaqaş”.

“Problem deyil”.

“Elə oğraşlar var ki, adamı dolamaq üçün...”

Onun sözünü kəsdim:

“Bilirəm... Sağ ol!”

Bu romantik dialoqdan sonra ayaqqabımın yaş olmasına fikir vermədən qaça-qaça Vüqarla fotoqrafın yanına çatdım. Onlar “Çubuq kartof” piştaxtasının yanında dayanmışdılar. Vüqar kartof çubuqlarına qeyri-adi nəsnə kimi baxırdı.

“Neçə dənə olur içində?” – soruşdum.

“Səkkiz ya da on ədəd olur”.

“Qiyməti?”

“4 manata. Öz reseptimizlə hazırlayırıq”.

Alıcı xanıma tərəf çöndüm. Bir az ürkdü, deyəsən, arxaya bir addım atdı:

“Buyurun” - əvvəl gülümsündü, sonra ciddiləşdi.

“Xoşunuza gəlir?”

“Hələ bilmirəm”.

“Niyə?”

“Birinci dəfə yeyəcəm”.

İrəli şar satanlar gözümə sataşdı, əllərindəki şarlar mənim uşaqlığımdakı şarlara bənzəmirdi, daha çox küçə fənərlərinə bənzəyirdi.

“Necə gedir işlər, qardaş?” – Vüqar yaxınlaşan kimi soruşdu. Əlində şarlar tutmuş adam bizi görən kimi geriyə çəkildi, gülümsündü və susdu.

“Nə lazımdı, qaqa?” – onun yanındakı həmkarı soruşdu.

“Qiymətlər neçəyədi?”

“Şarları deyirsən?”

“Hə...”

“Adamına görə dəyişir...”

“Necə ki?”

“Baxır adamına...” – papaqlı qardaş yumor hissinə söykənib gülümsündü.

“Məsələn, mənə nə qədərə verərsiniz?”

“Bax bu şar 3 manatdı. – Mişkalı şarı göstərdi – Amma sənə 5 manata verərik”.

Yanındakı həmkarı şarları yelləyə-yelləyə güldü. Biz də ona qoşulduq. Çox gülməli zarafat idi.

“Əvvəlki kimi deyil heç nə – şar satan gülüşünü üzündə dondurub ciddiləşdi – camaatı da qınamaq olmur. Pul yoxdur. Kasıbçılıqdır.”

“Günə nə qədər satırsınız?”

“Allah-taala nə qədər buyurub o qədər?”

“Nə qədər buyurur bir gündə?”

“Nə bilim...”

“Təxmini...”

“Təxmini yüz dənə...”

“Yüz?”

“Hə...”

“Onda işlər pis getmir ki...”

Yanındakı həmkarının çiyninə vurur və ikisi də bir yerdə gülürlər. Öz aləmlərində bizi doladıqlarını zənn edib xoşbəxt olurlar.

Şar satan Həsən gülmək mərasimləri bitəndən sonra kədərli deyir:

“Qabaq iki yüzünü, üç yüzünü satırdıq e...”

Qabaqda dondurma satılan yer görüb dayandım və uşaqlara səsləndim:

“Dondurma!”

Hiss elədim ki, onları səsləyəndə əlində xoruz şirnisi tutan balaca bir uşağa çevrildim.

“Ə, dondurma deyil e”. – Vüqar mənim əlimdən tutub piştaxtaya yaxınlaşdırdı. Onda gördüm ki, əllərim tüklənib, boyum bir balaca artıb.

“Salatdı e bunlar” – deyib, gülümsündü Vüqar.

Qıraqdan dondurma kimi görünən salatları bizə göstərən türk oğlan yaman həvəsli görünürdü:

“Bizdə rus salatası var, çuğundur salatası, tavuk salatası...”

“Ancaq salatdı?”

“Yox, məzələr də var...”

“Rakıyla nə gedərdi...” – ağlımdan keçirtdim. Özümü İstanbulda, dəniz qırağında hiss etdim.

“Siz türksünüzmü?”

“Evet!”

“Harasından?”

“İsanbul, Kadıköy”.

“Nə qədər vaxtdı Bakıdasınız?”

“Dörd senedir...”

Bu yerdə qol-qola girmiş xanımlar yaxınlaşır piştaxtaya və türk oğlandan soruşurlar:

“Kartla ödəniş var?”

“Yox, hayır” – türk oğlan iki dildə də cavab verib gülümsünür.

“Şokolad evi” yazılan yerdə üç xanım dayanıb. Onlar bizi görən kimi göyərçinlər kimi hərəsi bir tərəfə uçur. Sual veririk, cavabları qısa olur. Aralarında biri nisbətən yaşlıdır, o maskasını daha da yuxarı çəkir. Mənə yaşmaqlanmış dağ kəndlisi kimi gəlir.

Oyun oynanılan yerə çatırıq. Qıraqdan baxırıq, ancaq bu oyuna anlam verə bilmirik. Mənə bovlinqi xatırladır. Bir oğlan sakitcə çömbəlib telefonda “iqra” oynayırdı.

“Qardaş, neçəyədi bu oyun?”

“Qaqa, gedin...”

“Necə?”

“Cavab vermək istəmirəm”.

Yanındakı yaşlı qadın da onun dediklərini təkrarlayıb bizi yola verir.

Sırayla kabab, dönər, kartof fri satılan yerlərdən keçib “3D” kitab yazılan yerə çatırıq. Deyəsən, elə bu yerdə sulu qar yağmağa başlayır. İşıqlı, parıltılı “Soyuq əllər, isti ürəklər”in üstünə yağan sulu qar, uzaqdan eşidilən Amerika mahnısı Yeni il filmlərini xatırladır.

“3D” kitabdakı satıcılar da bizi görəndə pərən-pərən düşürlər, biri deyir, mənlik deyil, o biri üzünü gizlədir. Bircə hicablı xanım suallarımıza cavab vermək üçün irəli atılır.

“3D kitab necə olur?”

Xanım arxasındakı “3D” kitablardan birini götürüb açır və mən onda balaca, üstündə quşların uçduğu, hovuzlu bir ev görürəm.

“Necə gözəldir!” – Vüqar heyrətini gizlədə bilmir.

Hicablı xanım isə narazıdır:

“Kitaba maraq zəifdir. Hamının əlində kartof çubuqları, şabalıd” – gülümsünür.

“Endirim var?”

“Bəli. Kitab alanlara öz xüsusi hədiyyələrimiz olur. Özü də uşaqlar üçün”.

Qadınla sağollaşıb çölə çıxanda yumruq aparatı ilə qarşılaşırıq.

“Bəlkə, bir dənə vurum?” – uşaqlardan soruşuram.

“Ə, sən yazıçısan e. Ayıbdı” – ikisi də eyni vaxtda deyir və qırımlarından hiss edirəm ki, ciddidirlər.

Bu yerdə girişdəki gözətçiyə oxşayan başqa bir gözətçi bizi görüb qolumuzdan tuta-tuta (üçümüzün də qolumuzdan necə tuturdu, indinin özündə də mənə aydın deyildi) həmin taxta evlərin birinə aparır. İçəridə bizin nəyi gözlədiyini bilmədən sirli-sirli susuruq.

“Gəlin görüm...”

Və biz ora girəndə sulu qar bir az da güclənir. Hamımız qorxa-qorxa içəriyə keçəndə ayaqqabımın altında nəyinsə qımıldadığını hiss edirəm. Ayaqqabımı çıxaranda balaca bir balıq məni görüb tələsik qarşıdakı gölməçəyə tullanır və mən onu tutmaq üçün irəli atılanda gözətçinin cod səsi arxadan od kimi kürəyimə batır.


# 3322 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #