#

Bir məmurun dilindən - Qorxmaz Şıxalıoğlu

Bir məmurun dilindən - Qorxmaz Şıxalıoğlu
27 avqust 2024
# 14:00

Kulis.az Qorxmaz Şıxalıoğlunun şeirlərini təqdim edir.

Mən elə bilirdim...

Mən elə bilirdim, sevdiyim qız
başqasına gəlin köçən gün,
üfüqlər “getmə” deyib qışqıracaq,
lərzəyə gələcək yer-göy
bu səsdən.


Mən elə bilirdim, gəlin aparan
o maşınların keçdiyi yol
qızıl ilan kimi qıvrılıb
qalxacaq yerindən.


Mən elə bilirdim, o payız gecəsi
kəndimizin üstündən keçən
durna qatarı
qışqıra-qışqıra enəcək
həyətimizə.


Mən elə bilirdim, o durnalar
insan kimi dil açıb
başlayacaqlar könlümü almağa.
Sonra da qoşulacaqlar
qaranlıq eyvanda sütuna söykənib
xısın-xısın ağlayan anama.


Mən elə bilirdim... Mən...

2003

*


Sabaha baxmaq olmur...

Sabaha baxmaq olmur,
təsəlli tapmaq olmur,
Nə bu ömürlə,
nə ölümlə,
nə də ki evdəki uşaqla.
Allah, sənə qurban olum,
bəlkə bir az da işığından verəsən bizə,
Ya da bir az bilmədiklərimizdən.
Çünki olmur!
Vallah, bizə verdiklərinlə
daha yaşamaq olmur.

2003


*


Salam, savadsız adamlar...

Salam, savadsız adamlar,
Salam, yekə adamlar!
Gözünüzdə köləliyin
Arktika buzları, gözləyin.
Qorxmayın, indi vertolyotlar gələcək,
Hərənizi aparıb qoyacaqlar
bir zirvənin başına.
Oturub ordan zirvəyə
qalxan yollarda
ayağı qabar, dizi qançır adamlara
dərs keçərsiniz –
zirvəyə qalxmaq haqqında.

2003


Qəbiristanlıq

Qəbiristanlıq...
Bir sırada üç başdaşı-
baba,ata,oğul...
yazılara baxıram:
ərəb,kiril,latın...
Başdaşları çaşıb qalıb-
üç doğma adam
baxa bilmirlər bir-birinə.
Çünki nə söz var deməyə,
nə keçmişə əl çatır...
Qəbiristanlıqda ölülər yox,
üzüqara tariximizin
sükutu yatır.

2003

*


Bir məmurun dilindən:

Vaxtın ola,
arada bir vətəni də
sevəsən.
Lap belə beş-on adamın
içində də söyləyəsən:
“Vətən bizim anamızdır,
Hamı gərək sevsin onu”.
Kim eşidər, kim eşitməz-
özü bilər.
Lap elə bir bayram günü
baş çəkəsən bir şəhidin balasına.
Hətta ona bir köynək də
almaq olar.
Amma, vallah, neyləyəsən?
Gərək buna vaxtın ola.
Vaxt da yoxdur.

2006

*


Vəzifə kürsüsü

Vəzifə kürsüsü,
saray-saray evlər,
fəvvarəli bağlar,
qoşa-qoşa maşınlar,
pul, var-dövlət, üstəgəl
samovartək qaynayan
məşuqələr...
Daha sonra nələr, nələr...
Evin dağılmasın, nə olar, axı
sevdiyin bu siyahıya
bu Vətəni də salsan?

2006

*


Yaş əllini ötdü...

Yaş əllini ötdü...
Yaxşı, Qorxmaz,
bundan sonra
əlli dəfə də
kəndə get-gəl.
Hamı desin: bu da
kəndimizin fəxridir-
televiziyada işləyir,
özü də şer yazır.
Bəs sonra?...
Xoşlamadığın
Kürdəmir yolu
ömür yoluna
çevrildi sənin.
Niyə doğuldun, Qorxmaz?
Niyə yaşadın sən?...

2008

*


Sən o qalstuklu köləyə pul ver

Sən o qalstuklu köləyə pul ver,
o qartalı endirsin o zirvədən.
Sən o köləyə pul ver,
o qartalı döndərib
tutuquşu eləsin bir həftəyə.
Sən o köləyə pul ver,
Allah köçüb getsin üstümüzdən.
Sən o köləyə...
Sən, deyəsən, o köləyə
çoxdan pul vermisən.

2009

*


Aydın Canıyevə məktub

Pulsuz-parasız, evsiz-eşiksiz
necə yaşayırsan Moskvada,
Aydın Canıyev?
Sən başdan-ayağa qəzasan,
özün-özünə cəzasan.
Sən qəfil partlayan damarsan,
avqustun ortasında yağan qarsan.
Niyə yaşaya bilmirsən bu vətəndə?
Kim yerini dar eləyir,
lənkəranlı balası?
O başınla gərək,
Kremlin yanında evin olaydı.
Ancaq Bakıya gələndən
kirədəsən, küçədəsən, gecədəsən.
Nə vaxt işıqlı günə çıxacaqsan,
Aydın Canıyev?
Kənddə qoca ata-anan qalıb,
iki gözəl balan qalıb.
Hər axşam adını çəkib,
anan talışca bayatı çağırır...
Moskvada nə pul tapasısan,
nə xoş gün, lənkəranlı balası.
Qayıt vətənə!
Keçən həftə zəng etmişdin ki,
ucuz kirayə ev axtarıram
şəhər ətrafında...
Buz bağlamış Moskva küçələrində
külək qarı sovururdu-
axşam gördüm televizorda.
Ev tapdınmı, Aydın Canıyev?
İndi Bakıda gecəyarıdır,
çöldə külək əsir, yağış yağır.
Yəqin Moskvada da
qarlı küləyin uğultusu
pəncərələri titrədir indi.
Yaxşı qulaq assan,
o uğultunun içində
bir qəmli bayatı eşidərsən.
Eşidirsənmi, Aydın Canıyev?

2011

*


Vallah, yaxşıdır

Vallah, yaxşıdır,
hər şey yaxşıdır.
Gələn həftə pulum olacaq.
Pul alandan üç-dörd gün sonra
kəndə gedəcəyəm.
Bir az qardaşıma pul verəcəyəm,
bir az da dostlarımla
yeyib içəcəyəm.
Lap gələn həftə
pulum olmasa da,
yaşayacağam.
Vallah, yaxşıdır,
hər şey yaxşıdır.

2017

*

Mənə heç nə demə

Mənə heç nə demə,
bilirəm, nə deyəcəksən.
Sənin sözlərin
Günün qabağını tutur.
Hec nə demə,
qoy bir az
Gün düşsün üstümə

2017

*


Hər Bakıdan gələndə

Hər Bakıdan gələndə,
xəstə anasına söz verər:
“Gələn dəfə səni mütləq
özümlə aparacam,
yaxşı bir həkimə göstərəcəm”.
Anası da gözlərində gizli kədər,
baxar onun nimdaş paltarına,
rəngi getmiş ayaqqabısına,
ürəyi sıxılar.
Hər dəfə də şəhərə,
anasını yox, onun verdiyi
dolu zənbili aparar.

2018

# 555 dəfə oxunub

Oxşar xəbərlər

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

13:27 5 oktyabr 2024
Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək

Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək

12:43 5 oktyabr 2024
Mən türk qadınıyam, amma öz dilimdə oxuya bilməmişəm - Fəriba Vəfi ilə müsahibə

Mən türk qadınıyam, amma öz dilimdə oxuya bilməmişəm - Fəriba Vəfi ilə müsahibə

12:00 5 oktyabr 2024
Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot

Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot

11:07 5 oktyabr 2024
"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
# # #