Kulis.az Azərbaycanda istirahət edə biləcəyiniz yerlərin siyahısını təqdim edir.
1. Şuşa
Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərin adını bildirən “Şuşa” sözü bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan “şüşə” sözündəndir. Təbiət Şuşaya unikal bulaqlar və mineral sular bəxş etmişdir. Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaq adları bunu sübut edir. Şuşada memarlıq abidəsi sayılan 170 bina və 160 sənət abidəsi vardı. Məşhur “Gəncə darvazalan”, Qala divarları, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, Qarabağ xanlarının imarəti, Natəvanın ev-muzeyi, Port-Arturun müdafiəçisi, artilleriya generəlı Mehmandarovun evi, şair və rəssam Mir Mövsüm Nəvvabın evi, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, məşhur müğənni Bülbülün ev-muzeyi, şair Vaqifin məqbərəsi bu qəbildəndir.
2. Kiş, Şəki
Kənd Şəkidən 5 km uzaqlıqda Kiş çayının sahilində, dağətəyi ərazidə yerləşir. Qədim yaşayış məntəqələrindəndir. Kəndin ərazisi turizm üçün əlverişlidir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat" dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz sıra dağlarından götürən kəndin kənarından axan Kiş çayı meşə ilə əhatələnib. Kənddə çox sayda qədim tikililər mövcuddur.
3. İlisu, Qax
İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1356-1091 metr yüksəklikdə yerləşir. Kənddən 10 km şərqdə rayonun ən hündür zirvəsi Qaraqaya dağı var. Ərazidə bütünlüklə qışı rütubətli keçən soyuq iqlim tipi hakimdir. Qarla örtülü günlərin sayı 120-160 gündür. Kənd yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur. Hamamçay mineral bulağının temperaturu 40°C-dir. Bundan başqa, İlisuda Mohsu, Gözbulaq, Oğlanbulaq, Qızbulaq mineral suları da var. İlisu turistlərin ən sevimli istirahət yerlərindən biridir. Ərazidə bir çox gözəl bulaqlar var.
4. Katex, Balakən
Katex kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Xaldan-Balakən magistralı üzərində yerləşən kənd ərazisində 5-7-ci əsrlərə aid Qala divarları, 17-18-ci əsrlərə aid gözətçi qüllələri və qalalar, həmçinin 18-ci əsrə aid islam elmi mərkəzi və sair tarixi-memarlıq abidəsi kimi qorunur. Kənddəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalələrdən biridir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir.
5. Lahıc, İsmayıllı
Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Lahıc qəsəbəsinin ən görkəmli abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunub. Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.
6. Duruca, Qəbələ
Kənd Şahdağın ətəyində dörd tərəfi dağlar, sıldırım qayalar və meşələrlə əhatə olunmuş təxmini 120 evdən ibarətdir. Qəbələnin mərkəzindən 3 km məsafədə yerləşir. Kənddə eyniadlı çay axır. Burada 3 təpə dağını, bir çox yaylaqları gəzə, sərin bulaqlarından su içə bilərsiniz. Kəndin təbiəti olduqca zəngindir.
7. Xınalıq, Quba
Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir. Kəndə gələn turistlər təklif olunan kirayə evlərdə qala bilərlər.
8. Ləzə, Qusar
Ləzə kəndi Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval), dəniz səviyyəsindən 1300 m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndi gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır.
9. Xanbulan, Lənkəran
Kəndin ərazisi meşəliklə əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir. Xanbulan gölü isə görənləri heyran edir.
10. İstisu, Masallı
Kənd müalicəvi suları ilə məşhurdur. Yerin altından çıxan isti suyun təbii halda temperaturu 69 dərəcə olur. Rənglərin sıxlaşdığı İstisu meşələri rayon mərkəzindən 12 kilometr aralıdadır. İstisu şəlalələri ilə də məşhurdur. Meşənin dərinliyində gizlənən şəlalələrin ətrafı sərin olduğundan, yay aylarında insanlar şəlalələrə yaxın yerlərdə piknik etməyi xoşlayırlar.