Azad Qaradərəli - Xeyrat - Səkkizinci hissə

Azad Qaradərəli - Xeyrat - Səkkizinci hissə
29 iyul 2023
# 10:00

Kulis.az Azad Qaradərəlinin "Xeyrat" adlı uzun hekayəsinin növbəti hissəsini təqdim edir.

Əvvəlki hissə burada

Artıq mürgüdən ayılmış qonaq nədənsə özünü pis hiss etməyə başladı və üzünü Məsumə xanıma tutub dedi:

— Mən ayaqyoluna gedə bilərəmmi?

Həyətdə təmirsiz bir tualet vardı ki, ora ən çox Əpiş gedərdi, bir də Məsumə xanımın evində işləməyə gələn qız-gəlin oradan istifadə edərdi. Amma içəridə, zalın qarşısındakı hamamın düz sağında iki gözlü tualet vardı. Birinə ancaq Məsumə xanım özü gedərdi əvvəllər, o birinə də evə gələn hörmətli qonaq-qara. Amma gözləri tutulandan sonra bu fərqlilik pozulmuşdu.

— Əpiş, qonağa bələdçilik elə… - Məsumə xanım Əpişi səslədi.

Əpiş qonağı içəri ötürüb özü bir az gözlədi. Onun gecikdiyini görüb, istədi qayıdıb otursun yerində. Məsumə xanım bunu sövq-təbii hiss edib dilləndi:

— Əpiş, qonağı tək buraxma… Birdən ona bir şey lazım olar…

Eeee, a Masuma xanım, orda mən onun nəyinə lazımam?.. – Əpiş narazı halda qayıtdı evin qapısına tərəf. Bu vaxt bayaqkı oğlanın eyni olan bir uşaq girdi içəri, gəlib durdu Məsumə xanımın qabağında. Məktəb direktoru onu görüb qışqırdı:

— Ay uşax, sənin burda nə işin var?!

Uşaq gözlərini yerə dikib mızıldandı:

— Masma xanım çağrıp…

Aralıdan Əpiş qışqırdı:

— A Masuma xanım, Mısıdı e, Mısı! Bı dəfə, doğrudan Mısıdı… Onun şirinniyin ver, getsin…

Qadın əlini qoynuna uzadıb bir xeyli eşələdi, axırda bir sarı beşlik çıxardıb, əli ilə yoxladı və oğlana uzatmaq əvəzinə, qarşısında outran kitabxana müdirinə tərəf uzatdı:
— Al, mənim balam, al.

Kitabxana müdiri beşliyi alıb, oğlanın cibinə basdı və onu itələyib məclisdən uzaqlaşdırmaq istədi. Amma aralıda dayanan Əpiş qoymadı gedə. İri bir toyuq budunu aş dolu qabın başından götürüb lavaşın arasına qoydu, verdi uşağa. Yalnız bundan sonra oğlan qapıdan çıxıb getdi.

Məsumə xanım məmnun halda yerini rahatlayanda masaya qoyulmuş kitaba toxundu və bayaqkı söhbət yadına düşdü. Öz-özünə danışırmış kimi ozalandı:
— Mən bu əsəri çox sevirəm… Orada prokurator Ponti Pilatla İsa, saykak sürülərini vertolyotdan pulemyotla qıranlar, balası oğurlanan dişi canavar… hələ də gözümün qabağındadır…
— Ay, ay, ay!.. Ay qonaq yıxıldı… Dedim axı, çox içir… Nooldu bına?! Ay Masuma xanım, bu can verir ki!.. Köməy eliyin…
—Nu… Bağırma, çudak!.. Uxadi, çoban!.. – Qonaq yerlə sürünə-sürünə Əpişi söyməyə başladı. Qız-gəlin qıyya çəkib qışqıranda

Məsumə xanım məsələdən agah olub, dilləndi:
— Əpiş, apar onu içəri, yeri aç, qoy uzansın… Bir saata-zada düzələr… Siz də qışqır-bağır salmayın…

Məclisin dadı qaçmışdı. Qız-gəlin süfrəni yığışdırmağa başladı. “Qiyamət” ayaq altına düşmüşdü… Hamı onu ayaqlayıb keçirdi.

Onun mənasını bilən adamların biri içəridə hallanmış vəziyyətdə yatırdı, digəri isə kor idi…

***

Hamı getmiş, həyətdəki masada yalnız Əpiş, qab-qaşığı yığışdıran Nazlı, təzəcə ayılmış qonaq və Məsumə xanım vardı. Qonaq bu dəfə alçaq səslə danışır, sanki elədiyinə görə peşmançılıq çəkirdi.
— Biz indi o icmada söz sahibiyik. Dostum Tiqran Rasiyada, toyes Kazakistanda – Rusiyayla Kazakistan eyni şeydir əslində - tanınmış simadır, nu bizə münasibət hələ də dəyişməyib. Bizi ciddiyə almırlar... Tak şto... Tiqran dedi ki, əvvəl sən get, xalama de ki, mənim icmam üçün nimnoşka...

Məsumə xanım özünə gəlmişdi daha. Əlini qonağın üzünə tərəf aparıb ağzını tapdı, sonra əli ilə ağzını yumub rusca dedi:
—Yasno... Skolko?

Qonaq utanırmış kimi görkəm aldı:
—Nimnoşka... Pyat tisiç... Azərbaycan manatı…

Nazilə içini çəkdi. Əpiş əsgərlikdə olanda “ras-dva” eləmişdi deyə, bu “pyat tisiç”i anladı, amma fikrində hesablayırmış kimi görkəm aldı. Sonra Məsumənin ona uzanan əlindən tutub içəri otağa apardı. Təxminən yarım saat sonra onlar bayıra çıxdılar. Məsumə xanım əlindəki qəzet bükülüsünü qonağa verib nəfəsi tıncıxmış halda stula çökdü. O, bükülünü alan kimi özü ilə gətirdiyi və bayaqdan yanından aralı qoymadığı kiçik yol çamadanına qoyub şən halda dedi:
— Nu, icazənizlə, mən gedim...
— Bəs Dıqran nə vaxt gələcək? – Bunu Nazlı dedi. Masadakılar da onunla həmrəy imiş kimi görkəm alıb, ağızlarını qonağın gözlərinə dikdilər.
— Naverno, bir aya-zada... Toes, iki aya... Toşnu bilmirəm... Çesni qovarya... Ola bilər... Hər halda, o özü xalası ilə əlaqə saxlayacaq…– deyib qapıdan çıxdı.

Qəribədir ki, o qapıdan çıxan kimi bayaqkı tanış olmayan siqnal səsi yenidən eşidildi. Məsumə xanım istədi qalxıb nəsə deyə, amma nəyisə xatırlayıb aşağı çökdü. Boş əllərini dilənçilər kimi irəli uzadıb nəsə demək istədi. Amma səsi içində batdı. “Nənəm demiş, elə bil kıtılım kəsildi. Bu dünyaya əli boş gəlmişdim, əli boş da gedəcəm…”

Aralıda, bayır mətbəxində qab-qaşığı yuyan qadınlar gəlib Əpişdən pullarını alıb getdilər. Nazilə isə güclə əyninə soxduğu damdar donunu çıxartmaq üçün evlərinə doğru yönəldi.

Dəmir qapının dibində bir uşaq ağlayır, başını qapıya döyürdü. Kimsə dedi ki, ekiztayı qardaşı üç dəfə gəlib bunun adına da muştuluq alıb, aparıb marketdə konfetə verib, buna verməyib…

***

Deyirlər, yaz gəlib.

Eyvandan çölə baxıram. Buludlar qaş-göz atır. Qumru qarşıdakı tut ağacının budağında şəstlə oturub heç vaxt sevmədiyim nəğməsini bu dəfə elə ötür, elə ötür, heyrətdə qalıram ki, mən bunu niyə indiyəcən duymamışam? Gözəlmış vallah! (Bu quşlar boğazı gələn, angina olmuş adam kimi cığıldayar, səslərini eşidəndə ətim tökülərdi.)

Ürəyim atlanıb yerindən çıxmaq istəyir. Bu zəhrimar pandemiya kəsdi kələyimizi. Nə qədər içəridə qalmaq olar?! Geyinib evdən çıxıram. Həyət qapısının ağzında qonşu ilə üz-üzə gəlirik. Ağızlığını* yuxarı çəkir, başı ilə salam verib ötür. Yadıma düşür ki, yenə ağızlığı vurmamışam. Qayıdıb, bu arvad yaşmağına oxşayan şeyi götürürəm, ata buruntaq vuran kim uclarını qulaqlarımın ardından keçirib, ağız-burnuma bərkidirəm, ağır nəfəs ala-ala düşürəm küçənin canına.

Köhnə Yod zavodunun yerindən xeyli aralıda bir dəstə qarışqa məni qarşılayır. Min illər necəydisə, indi də eləcə yol qırağından öz çığırları ilə başlarını aşağı salıb işgüzarcasına çalışmaqdadırlar. Bir az durub baxıram: minlərlə bu kiçik həşarat bir-birinə toxunmadan, ciddi-ciddi harasa gedir, əllərinə keçən qənimətlə yuvalarına dönürlər. Təsadüfən, kimlərinsə ayaqlamalarını nəzərə almasaq, bunlara qarşı çıxası bir məxluq görmədim... (Deyirlər, qarışqayeyən adlı bir canlı var, amma çox baxsam, o da gözə dəymirdi. Yadıma düşür ki, onu yalnız kitablarda görmüşəm – biz tərəflərin canlısı deyil...)

Elə beş il əvvəl hay-həşirlə tikilən, milyonlar xərclənən Ekolənd parkının xarabalıqlarından təzəcə aralanmışdım ki, iki göyərçinin akasiyanın budağında sevişdiyini gördüm. Xoruz fəriyin könlünü almaq üçün min oyundan çıxırdı. Fərik də onu razı salmaqdan ötrü gah boynunu onun sinəsinə söykəyir, gah qanadını onun qanadına çırpır, gah da... Qəfil xoruz göyə qalxır, qalxır və ölüm ilgəyi vurub, ehmalca fəriyin üzərinə qonur, amma qonsa da qanadlarını çalır ki, ağırlığını salıb onu incitməsin.

Sevişdilər sonda... Və xoşbəxt-xoşbəxt bir-birinin dimdiklərini sığallamağa başladılar... Nadinc uşaqların daş atmasını düşünməsək, onların da xoşbəxtliyinə qarşı çıxacaq qüvvə yox idi... Min ilin göyərçiniydilər...

İki pişik də köhnə fabrikin tərk edilmiş binasının qabağındakı dalda yerə çəkilərək mırrov çəkirdilər. Bir-birilərinə caynaq atsalar da, az sonra onlar da min ilin pişikləri necə eləyirdisə, eləcə movuldaşa-movuldaşa kefə baxmağa başladılar. Bunların ədəbsiz hərəkətinə bu may havasında baxmağın etik olmadığını düşünüb irəli – təndir çörəyi bişirilən yerə doğru yortmağa üz qoydum.

Yox canım, bu gün qarşıma çıxmayan canlı qalmayacaqmış. Biri ala, biri sarı iki it sol əldəki evlərin tinindən çıxıb mənə doğru yüyürdülər. Yol dar, xilas olmaq müşkül. İkisi birdən qapsa, nə olacaq halım?!..

Bu dəm yaxınlaşdılar və baxdım ki, xanəxarablar mənə dəyəcək halda deyilmişlər. Min ilin itləri kimi bir-birilərinə necə giriblərsə, indi aralana bilmirlər. Qancıq köpəyi arxasınca sürüyürdü – məni iki addımlıqda heç görmədilər belə... Dar macalda qapdığım daşı utanmış halda divarın dibinə buraxanda qancığın böyrüncən şütüyən köpəyin həzdən ekstaz vəziyyətə düşdüyünü gördüm və əlimi üzümə aparıb salavat çevirdim... “...salavat... şükür rəhminə... min illərdir bu heyvanların könül mülkünə kimsənin əl aparmasına izn verməmisən... çox şükür...”

(Babamın bir may günü xəfif-xəfif nənəmə pışıldadıqları yadıma düşür:”İt-pişiyin kürsək vaxtı bütün canlıların zəif, amma həm də zərif vaxtıdır. Dişilər gözəlləşər, nəcimləşər, arı-duru olar, erkəklər yazın od-közünnən, hava-suyunnan güc toplayıb, dağı dağ üstə qoymağa qadir olarlar. Onlara toxunmasan, səninlə işləri olmaz, bəlkə heç səni görməzlər... Elə insan da belədi. İki könül bir olanda yazın biçdiyi yaxası dar köynəkdə bir can, bir bədən olarlar, gözləri kimsəni görməz, könül verib, könül alar, ruhları birləşər, üçüncü bir canlının gəlişinə yol açarlar…”

Allah sənə rəhmət eləsin, ay baba, hanı ki?! Elə bir dərd alıb ki, üstümüzü, sabaha gümanımız yoxdu. Bütün canılar gözümüzün qabağında kefdə, biz kişilər də dişimizin yanında dişi kimiyik. Ağzımızda qadın yaşmağına bənzər bu ağızlıqla ürəkdolusu nəfəs belə ala bilmirik…)

Köhnə Neft Maşınqayırma zavodunun yanındankı gecəqondulara çatanda gördüm hay-küydür. İstədim baxmayam, olmadı. Ləhcəsindən biz tərəflərdən olduğu anlaşılan yaşlı bir qadın bir dəstə adamla 13-14 yaşlarında oğlanı araya alıb çırpırdılar. Ağzımı açıb “Niyə bu yazığı döyürsünüz?” demək istəyirdim ki, arvadın gözü məni aldı, ağzını dolayı tutb (guya heç məni görməmişdi), əlindəki oxlovu (anlaşılan çörək bişirirmiş, əlləri də unnu idi) gədənin başına çırpa-çırpa dedi:
— Əməlim, ay əməlim, içıa çöməlim... Yetimidi, anası karonadan öldü, dedim özü acınnan ölməsin, gətirdim çörək verdim ki, get gir mənim oğlumun tükanınnan oğurluğ elə?! Hıy, hıy, hıy! Ala, ala! Köpəy oğlu!

Arvadlı-uşaqlı ona yaxın adam uşağı o ki var çırpdılar. Özümü saxlaya bilmədim, girdim araya...

Uşaq güclə yerdən qalxıb bir mənə, bir uzaqlaşan dəstəyə baxıb ağladı. Burnunun qanını qolu ilə silib mızıldandı:
— Yalan deyillər, öz nəvəsi oğurluq eliyir dayısının dükanınnan hər gün... maa da verir oğurladıqlarınnan...

Sonra məndən buna bir fayda gəlməyəcəyini düşünüb, belindən düşən şalvarını çəkə-çəkə dəstənin ardınca yortdu...

Mən də qədimi küçə gülqabısının içində vağanımış güllərə baxıb qabağa keçmək istəyirdim ki, daş gülqabına dirsəklənib yarıuzalı vəziyyətdə olan orta yaşlı bir kişi başını yerdən qaldırdı, müdrik görkəmlə dedi:
— Sizdə, təsadüfən iyirmi köpük olmaz ki?..

Cibimi qurdalayıb iki on qəpikliyi daş gülqabının böyrünə qoyub, turş çaxır iyi verən bu dəmkeşdən uzaqlaşdım. Arxamca turş çaxır dadan səsi qulağımı cırmaqladı:
— Ölənlərinin ruhuna bir salavat...

Fikir məni aparıb. “Deyirlər, korona virus ucdantutma hamını qırır. Bəs bu piyanskaları niyə öldürə bilmir?..”

...Yan-yana düzülmüş təndirlərə şappaşap çörək yapan qadınların alovda bərkiyib qızarmış əllərinə baxa-baxa ağızlığımı düzəltdim, onların da bu odun-alovun içində ağızlıqlarını bərk-bərk ağızlarına yapışdırdığını görüb, nədənsə mən də salavat çevirmək istədim, əlim üzümdə qaldı – təndirin odu məni beş metrdən qarsırdı, bunlar o atəşin içində ağızlığı niyə bərkitsinlər ki?!

...Qoltuğumda təndir çörəkləri zibil tiyanlarının yanından keçəndə bir kişinin əyilib başını tiyanın içinə soxduğunu gördüm. Ayaqları quşatan qolları kimi göydə aralı qalmışdı. Ağızlığımı ağzıma-burnuma daha bərk sıxdım, çörəkləri qoltuğumdan qoynuma soxdum və qaçmaq istəyirdim ki, gördüm “quşatan”ın qolları aşağı endi, tiyandan çıxan baş əlində kirli para çörəklə yuxarı dikəldi. Qənimətini bərk-bərk tutaraq yerdəki torbaya soxdu, bir də əyildi tiyana.

Bayaqdan qaçmaq istəyirdim, indi ayaqlarım yerimir. Eləcə havada oynaşan ayaqlara baxıram.

Baş yenə çıxdı – bu dəfə əlində iki yarıçürük alma...

Bir də girdi, bir də çıxdı... Bu dəfə əlində kirli bir ağızlıq vardı... Onu da torbaya qoyanda içim dağıldı. Elə bil torbasına qoymadı, gətirib mənim ağızlığımın üstünə yapışdırdı. Baş çatladan iy-qox ağzıma, burnuma, ordan da qarnıma doldu. Ürəyim ağzıma gəldi – qusacağımı görüb, ağızlığı yana çədim və cağıltı ilə yolun qırağına qaytardım…

Ağızlığımı əlimlə tutub, xəstə qoyun kimi içimi döyə-döyə ordan necə uzaqlaşdığımı heç Allah da bilmədi.

Min ilin canlılarının yazı belə gəlirdi...

Salavat çevirməyə də halım qalmamışdı. (Bu salavat hardan çıxdı axı?!) Zatən nəyə və niyə salavat çevirməli olduğumu da anlamırdım ki...

Bu vaxt telefonuma zəng gəldi. Əpişin adını görən kimi üşürgələndim. Məsumə xanımın tapşırığı olmasa, o heç kimə elə-belə zəng etməz. Görəsən, nə baş verib. Korona virusun şüdd elədiyi, adamların ölüsünün belə urvatsız olduğu bu günlərdə (indi yas da, toy da qadağandır) bu məni niyə arasın ki?
— Alo, Əpiş kişi, eşidirəm… Necəsiniz? Məsumə xanım necədir?

Əvvəl hıçqırtı eşidildi. Sonra hönkürtü. Bir xeyli belə qalandan sonra xırıltılı səslə dedi:
— Əlo, məllim, Masuma xanım… Masuma xanım…
— Xəstədimi? Bəlkə həkim, ya dəmana ehtiyacı var?! Danış, Əpiş, danış…
— Yox məllim, yox… Day heş nəyə ehtiyajı yoxdu… Onun işığı söndü… Yox, Masuma xanım işıx kimi sönmədi, gün kimi batdı…

Heç yaxşı olmadı. Bütün ömrü bir heçlik üzərində qurulan və heçliklə də sona çatan qəhrəmanım min ilin ölülərinə tay oldu. İşə bax ki, bir abırlı yas keçirmək, təziyə tutmaq, ehsan vermək də mümkün olmadı…

İçimi sızladan xəbərdən sarsılsam da, içimə söylədiyim bu sətirlərdən təskinlik tapdım, yüngülləşdim elə bil… “Dünən yox, srağa gün aktyor Rafael Dadaşov da karonadan öldü. Bir uzaq qohumumuz da bir həftə əvvəl vəfat etdi. Qardaş bacının yasına (yas var ki?!) gedə bilmədi. “Diringə” adlı hekayəmin qəhrəmanının prototipi olan gözəl bir xanım da vəfat etdi. Əri də xəstəxanada yatır. Heç sevgili xanımının öldüyünü bilmir…”

Bütün bu olar-olmazın fonunda bir mühüm xəbər də var: ordumuz düşmənə ağır zərbələr endirir. Bu dəfə, deyəsən, tanrı bizim tərəfdədir…

***

Kefim sazdır. Korona virusun at oynatdığı zaman olsa da, ordumuz düşməni torpaqlarımızdan qovur. Virusa yoluxmuşam, amma ordumuzun hücumundan ruhlanaraq hər gün yeni hekayələr yazır, şəhidlərimizi, qazilərimizi, arxa cəbhədəki vətənpərvər insanlarımızı oxucularıma tanıdıram. Paralel olaraq müharibənin gənc və əfsanəvi qəhrəmanı Cəbrayıl Dövlətzadənin həyatından və qısa döyüş yolundan bəhs edən roman üzərində işləyirəm…

İcazə almaq üçün müvafiq qruma mesaj göndərib razılıq cavabını alandan sonra ağzımda ağızlıq yenə təndir çörəyi almağa gəlmişəm. Və baxıram ki, təndirxananın yanında hündürboylu, enlikürək bir kişi dayanıb, əllərini ölçə-ölçə ucadan danışır:
— Bax, siz yaxşı işdəsəız, mayışıız da artajax, hələ belə pis vaxtda əviıza təndir şörəyi də aparassıız… Bizim çörəy Xızıda adnandı… Bırda da aşmışıx ki, işimiz xod getsin…

O idi! Əpiş idi!

Yaxınlaşıb salam verirəm və adam yerindəcə quruyub qalır. Sonra əlini uzadır, tez də geri çəkir. (Korona virus vaxtı adamların əllə görüşməsi yasaqdır.) Bu nəhəng adamın bircə anda belə haldan-hala düşməsi mənə pis təsir edir. Heç nə danışmadan maşınına əyləşir, mən də yanında otururam.
— Sür qabağa, orda bir SNQ adlı restoran var, indi işləmirlər, amma həyətində oturub dərdləşək bir az…

(O maşını işə salanda öz-özümə donquldanıram: “Sözə bax də - SNQ! İt əl çəkdi, motal əl çəkmədi… Yox bir, elə SSRİ restoranı yazaydılar! Gic usagı gic!”)

***

— Burda nə edirdin, ay Əpiş? Olmaya o təndirxana da sizindir?
— Buranı neçə ildir biz almışdıq, hələ Masuma xanımın sağlığında… Burdan bir az o tərəfdə bir məhtəb var, ştrafnoy uşaxları orda oxudellər… Türməfason bir yerdi… Masuma xanım bir dəfə hələ gözdəri görəndə qazetdən oxumuşdu bu məhtəb haxda… Maa dedi ki, Əpiş, gedersən, ora yaxın bir yerdə təndirxana açersən, hər gün oranın çörəyini pulsuz verersən… Qazancı da nə olar, olar… Olmazsa da canın sağ olsun…
— Ay Əpiş, ay Əpiş, bir işə bax, mən neçə illərdir ki, bu təndirxananın çörəyini yeyirəm… Hər səhər burdan iki çörək alıram… Eyzən nənəmin çörəyini xatırladır… Ətri, qoxusu, dadı… Ay allah… İşə bax…
— Hə, məllim, heylə olup…
— Məsumə xanımnan danış… Necə xəstələndi? Necə vəfat elədi? – Həyəcanla dillənirəm.

Bircə anda rəngi qaralır. İri əllərini qoymağa yer tapmır – titrəyib, əsir, adamı daha da pis vəziyyətdə qoyurlar. Nəhayət, başını qaldırıb, üzümə baxır və əzabın rəngini ifadə edən gözlərini əsən əllərinə dikib danışır:
— Mən də hər yerə maskaynan gedirdim. Evə gələndə sabınnanırdım, spirtdəyirdim özümü ki, evə virusdu, nədi onnan gətimiyim… O da evdə tək təkanaydı… Umutduydux ki, tutmarıx xəstəliyi… Amma tutdux… Nazlı messestradı axı, iynə-dərmanımızı əskiy eləmədi… Maa nə var ki, öküz kimiyəm, heş vejimə də dəyildi… Amma Masuma xanım zarıyırdı, zarıdıxcan da ürəyimi qırıb aparerdi… Bir gün çağırdı ki, a Əpiş, çıx çölə, gör nar çiçəhliyib? Nə bilim… Biləm… Üüüüü-ühüüüüü… Mən heyvan, gərəy deməzdim çiçəhliyib… Elə “hə, Masuma xanım, çiçəhliyib” deyən kimi…

Hönkürüb ağlayır. Mən də qəhərlənmişəm…
— O vaxtlar, həştad səkkizdə Ermənistannan qaşqınnar gələndə bir nüvədili aylə Masuma xanımnan evini çıxartmaxda köməy istəmişdi. Masuma xanım iki maşın göndərdi, üstlərində də iki milisiyə. Evlərini çıxardıp gələndə evin sahibi Masuma xanıma “çox sağ ol” demək üçün raykoma gəler. O da deyir ki, gedin Armuttuya, mənim evimdə yerləşin, bir az dincinizi alın, sohra hara lazımdı, ora da gedərsıız. Düz bir ay Masuma xanım o ayləni təzə tihdirdiyi evində qonax saxladı… Gedəndə aylənin başçısı Həsən kişi mənnən icazə alıp, bağdakı nar ağacının dibinnən bir-iki şitil çıxartdı ki, Bakıda, Mərdəkan qəsəbəsində erməniynən dəyişdiyim evin bağçasında əkəjiyəm… Sohra biz qaşqın oldux. Onda Həsən kişi ora – Xızıya gəlmişdi, bizə baş çəhməyə. Əlində də iki-üç nar şitili. Dedi ki, a Masuma xanım, öz narıızın sortunnandı, Əpiş burda əksin… Hər il o nar kolları çiçəhliyəndə bir görəydıız Masuma xanım nejə uşax kimi sevinərdi… Demiyəsən, devin canı şüşədə olan kimi mının da canı o nar çiçəyindəymiş… Mən heyvan da ki, bını qanmamışam… Masuma xanımı o narın gülləməyi öldüdü… Qoluna girib, apardım həyətə, əlini nar kollarına sürtdü, çiçəyləri qoxladı…Üüüüüüü-ühüüüüü…

Yenə hönkürüb ağlayır.
— Harda dəfn etdiniz?
—Harda edəsiyiy ki? Həlbəttə özünün istəyi ilə orda, Giləzidən bir az yuxarıdakı təpənin üstündə… İrəhmanın qəbrinin yanında basdırdıx… Baş daşına da bu şeyiri öz vəsiyyətiynən yazdırdıx.

(Ciblərini qurdalayır, axırda qat kəsmiş bir vərəq çıxarıdıb mənə uzadır. Kiril əlifbasıyla yazılan misraları ürəyimdə oxuyuram):

Yanıq torpaq qar istəyər, gözəlim,
Xəstə könlü nar istəyər, gözəlim.
Yar yarından bar istəyər, gözəlim,
Qaytarma qapından mehmanı, quzum…**

— Bilersən, məllim, onnar bir-birini o xəntənə ki, isterdilər, niyə heylə zülüm verdilər bir-birilərinə, baş açayilmirəm… Hələ bı nar-zad… Apardım, iki qəbirin ortasına bir nar çubuğu bitidim ki, bəlkə urufları şad ola… Bitip, çiçəy də açıp… Bir şeyə də mat qalmışam… Öləndə tamam ağlı yerindəydi. Dedi, ordumuz Armutduya çatseydi, bəlkə ölməzdim…
— Əpiş, Tehrannan nə xəbər var?
— Dıqran? Dıqran, deyilənə görə, arada gəlip Bakıya… Masuma xanımın qəbirinin üstündə hökümət adamlarının qoyduğu yekə gül zadı var ha, bax, onnan da qoydurub qəbirə… Amma day məni axtramıyıb… Kişinin qızına söz vermişəm axı, nəyi var, yığıp, yığışdırıp Dıqırana saxlıyajam… Hə vallah!.. Amma ki gələ dana! Gəlermi ki?!.

Birdən ağlamağa başlayır. Əlini uzadıb nə isə göstərirmiş kimi vəziyyət alır və ağlaya-ağlaya deyir:
— Bizim irayon alınan günü getdim qəbirinin üstünə… İnanersən, sinə daşı ortadan çat vermişdi!.. Qəbirdən çıxmax istiyirmiş Masuma xanım!..


***

DTK-nın Türkiyədəki şəbəkəsi Sənubəri qətlə yetirəndə onun bloknotundan qopub düşən bir vərəqi ya görməmişdi, ya da orada Stalinin adı olduğuna görə götürməyə ürək etməmişdilər.

Bəs Sənubərin bloknotundan qopub düşən son vərəqdə nə vardı?

“Neçə gündür izləndiyimi hiss edirəm. Buradakı dostlar gizləndiyim yerdən çıxmamamı tövsiyə etsələr də, dayana bilmədim. Bu kiçik paytaxt şəhərinin Rəsulzadələr ailəsi yaşayan caddəsində bir nəfərlə görüşməli idim. Bülənd Danışoğlu adlı o adam mənə böyük Məhəmməd Əmin Rəsulzadə və onun polyak həyat yoldaşı Vanda xanımdan söz açacaqdı. Onun sözlərini olduğu kimi bura köçürürəm: “Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona “madam” deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimizə dəvət etdi.

Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili əri “Leyli və Məcnun” əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Əri, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cumhurbaşkanı Məhəmmədəmin Rəsulzadə...”*

Sabah böyük Rəsulzadənin ad günü idi və mən bu münasibətlə Bakıdakı dostlara məlumat ötürməliydim. Bülənt Danışoğlu ilə orada görüşüb geri dönəndə yadıma düşdü ki, bu gün martın 5-i o bığlı rəhbərin, o qəddar cəlladın gorbagor olduğu gündür. Biz məktəbli olarkən müəllimlərimiz onun şəninə yazılmış şeirləri bizə zorla əzbərlədirdilər. Hələ bir xalq şairinin yazdığı misraları ömrüm boyu unutmaram.
Xalqımızın görülməmiş bayramıdır bu şanlı gün,
Stalin tək bir atan var, öyün, xoşbəxt xalqım, öyün!
Ömür güldü bu ellərə, qızıl günəş axdı gəldi,
Tərlan könlüm, nə durmusan, qanadlanmaq vaxtı gəldi!..

Bir xalq şairinin bütün enerjisini və sevgisini səfərbər edib qələmə aldığı bu şeirdə Müsavat firqəsi, türklər, Azərbaycan fədailəri təhqir olunur, rus xaqı və Stalin vəsf edilirdi.
Sabah Əsri məzarlığına gedəcəyəm. Rəsulzadənin qəbrini ziyarət etmək üçün. Dilimdə Umgülsümün bu misraları:
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidini qırma dedilər… ”



SON

Bu roman bitmək üzrədir.

Düz olmadı.

Bu roman bitmişdir.

Əsərin qəhrəmanı Məsumə xanım, onun sevgilisi Rəhman ölmüşlər. Hətta Giləzidə, bir təpə başında yan-yana qəbirləri də var...

Armudlu işğaldan azad edilib...

Lap təsadüfən eşitdiyim bir iş də baş verib: Əpişlə Nazlı Məsumə xanımın vəsiyyəti ilə evləniblər...

Hə, oxucunun gözlərində sual görürəm: bəs adı Dıqran, yaxud Tiqran, yaxud Tehran olan adam nə oldu? Onun axırı necə qurtardı?..

Yadımdadır, Məsumə xanımla son kəz görüşə gedəndə Dıqran, Tiqran, yaxud Tehran adlı bacısı oğlunun bir şəklini istəmişdim ki, onun necə birisi olduğunu, nəhayət görmüş olum. Heç ağılagəlməyən cavab almışdım:”Hanı ki?! Nə qədər yazdım, zəng etdim ki, heç olmasa, bircə şəklini göndər, göndərmədi ki... Zarafata saldı, lağ-luğaza qoydu məni ki, o saat bilinir ki, köhnə kommunistsən, materialistsən... Artıq çıx o “Kapital” iyerarxiyasından, Leninofobiyadan!.. Dünyaya bir az da idealistlərin gözüynən bax!.. Sənin kommunizmin süqut etdi. Dünya bir də o şər məngənəsindən keçməyəcək... Şəkil isə absurddur. Nəyinə lazımdır mənim şəklim? Kiməsə bacın oğlunun sağ olduğunu sübut etmək üçünmü? Elə isə, məni sağ bilmə. Mən daha böyük ideallarçün yaşadım, xalacan. Bu gün bizim son məqsədimiz dünyada şərin son qalası olan Putin diktaturasını da çökdürmək və meydandan çəkilməkdir... Bax, onda mən Vətənimə dönəcəm, sənin dizinə baş qoyub saatlarla uyuyacam...

Belə...

Heç şəkili belə olmayan birisi üçün romanı uzatmağa nə hacət?


SON DEYİLMİŞ

Əpiş zəng vurmuşdu. Deyir, Ukrayna-Rusiya müharibəsi (bu müharibə artıq başlamışdır və acı bağırsaq kimi uzanmadadır) başlayan günün səhəri antirusiya çıxışlarına görə Dıqranı Moskvada həbs ediblər. O da xalasının telefonuna Ələsgər vasitəsi ilə zəng edərək vəkil tutulmasına maddi yardım üçün kömək istəyib.

Yazıq Əpiş gileylənərək dedi ki, ay məllim, mən isterəm ki, bu adam özü gəlsin, xalasının ona ayırdığı varidata sahib çıxsın. Bu isə beş min dollar istəyir... Masuma xanımın xatirəsinə mənə atdıqları bir karta beş mini yüklədim. Nə ola, ola...

Belə...

Nə ola, ola...

Ay səni! Tamam unutmuşdum.

Mısıynan Pısı Məsumə xanımın onlar üçün ayırdığı vəsitlə Səkkizinci kilometr qəsəbəsindəki Kimya-biologiya təmayüllü məktəbi bitirərək İstanbul Mərmərə universitetinin tibb fakültəsinə qəbul olunmuşlar. Əpiş deyir ki, biri yaxşı oxuya bilmerdi, amma biri əlaçıydı. Ona görə biri bir il girdi, o biri imtahannan kəsildi. Sohra o həmən bilikli təkrar girdi imtahana (onsuz da anasınnan başqa onları ayıra bilən yoxdu), qardaşının əvəzinnən də test yazdı, qəbul olundu. İndi İstanbulda da Mısı Pısının (yaxud tərsinə) da əvəzinnən imtahana girer... İndi bilerəm maa güləssıız, ama vallah fikir məni aparıb: bax, bunnarın ikisi də xirurq olajaxlar, hımı? Bəs operasiya eliyəndə Mısı Pısının da əvəzinnən operasiya eliyəjək?..

Gördüyünüz kimi, heç bu da son deyilmiş.

Səhər adı Dıqran, Tiqran və yaxud Tehran olan o adam haqqında bir təzə xəbər eşitsəniz, bilin ki, romanın o hissəsi heç vaxt bitməyib, bitmir və Əpiş demiş, bitmiyəjəy...

?..

(Sovet höküməti dağılsa da, yerində bizim Azərbaycan da daxil, müstəqil ölkələr yaransa da, o hökümətin hirsi, hikkəsi adamların canından çıxmayıb. Guya 15 müstəqil respublikaya çevrilən bu ölkələr, əslində 15 balaca-balaca SSRİ deməkdir. Adamlarda müstəqillik duyğuları çox gec yaranır. Ölkələr hələ də böyük qardaş axtarır. Ermənistan hesab edir ki, Rusiya olmasa, onlar məhv olarlar. Ona görə də Rusiyaya arxalanıb bizim torpaqları 30 il işğalda saxladılar. Azərbaycan elə bilir ki, Qarabağın açarı Rusiyadadır. Gürcüstan bir az müstəqil olmaq istəsə də, son anda bir İvanaşvili tapdılar və yenə Rusiyaya yıxıldılar. Orta Asiya respublikaları heç deməli deyil. Bu yaxınlarda Qazaxıstanda baş verənlər lap gülməli idi. Nazarbayev müxalifəti əzmək üçün rus qoşunu çağırmışdı…

Adamlar da belədir. Məsumə xanım 25 ilə yaxındır müstəqil ölkədə yaşayırdı, amma partiya biletini qoruyub saxlayırdı. Hələ sevdiyi insanı, sevgisini partiyaya qurban vermək!.. Bacısı oğlu Dıqran, Tiqran, Tehran adlı adam isə gedib Rusiyada, Qazaxıstanda oturub, müxalif dəstə yaradır ki, Rusiyanı devirsin…

Bu cür adamların romanı da belə anormal oldu. Heç cür rahatlıqla bitirə bilmirəm bu romanı. SSRİ-nin dağıntıları altında qalan adamlar nə ölüb qurtara bilir, nə bir adam kimi yaşaya bilirlər…

Əsərin yeganə qəhrəmanı Əpişdir ki, heç nəyə baxmadan, heç nə qanmadan, zırrama gəlib, zırrama da gedir, amma dünya kefindən qalmır… Gah özündən həm yaşca, həm başca qadınla evlənir, gah da özündən yaşca çox kiçik bir qızla ailə həyatı qurur… Və birinci katib Məsumə xanımın yığdığı pullar hesabına biznes şəbəkəsi yaradır…

…Və… Və… Deyəsən, bu sindromu Ukrayna sındırmaq istəyir…

Ukrayna-Rusiya müharbəsi davam etsə də, ukraynalılar köhnə SSRİ ənənənəsini dağıdaraq Rusiyaya qarşı dirəniş göstərirlər… Bir gün eşitsək ki, Ukrayna Rusiyanı məğlub edib, təəccüblənmərik. Amma bunun sonunda o əli diplomatlı adamın da nələr törədəcəyi məchul məsələdir…

Xülasə ki, bu əsər bitmək üzrə olsa da, qəhrəmanların dərdi bitmir ki, bitmir…)

***

Xəbər saytları, televiziyalar iki gündür dağılır: Ukraynada Kaxovka Su Elektrik Stansiyası partladılıb! Xerson vilayəti də daxil olmaqla böyük bir ərazi su altında qalıb. Bölgədə böyük ekoloji fəlakət yaşanır. Minlərlə ev, təsərrüfat obyekti suya təslim olub. Ən dəhşətlisi isə bu fəlakətin daha qorxunc bir faciəyə yola aça biləcəyi qorxusudur: Zaporejye Atom Elektrik Stansiyası bu hadisədən ziyan görə bilər …

Elektrik stansiyasının bəndinin partladılmasını ruslar Ukraynananın, Ukrayna isə rusların üzərinə atır. Bunu kimin edə biləcəyi isə uşaqlara da məlumdur…

“Xəbər-Qlobal”da türk müxbirin Xersondan reportajına baxıram. Böyük bir şəhər suya təslim olub. Dünənəcən maşınlar şütüyən, insanlar gəzişən küçələrdə indi qayıqlarda xilasedicilər şəhər sakinlərini boğulmaqdan qorumaq üçün ora-bura üzür, adamları içinə doldurub təhlükəsiz yerə aparırlar. Gördüyüm bir mənzərədən sarsıldım. Qayığa mindirilən yeddi-səkkiz yaşlarında bir oğlan bir anda qayıqdan tullanıb evlərinə tərəf üzdü. Az sonra başı üzərində tutduğu balaca bir köpəklə üzə-üzə geri döndü. Qadınlar bu mənzərəyə baxıb ağlaşırdılar…

***

Köhnə Yod zavodun yanınnan ötüb Neft Maşınqayırma zavodunun böyründəki təndirxanaya yönəlirəm ki, isti təndir çörəyi alım...

Eyzən nənəmin bişirdiyi təndir çörəkləridir ki var...

Artıq yüz metrdən ruhumu oxşayan ətir duyulmaqdadır.

Həmişə fikirləşmişəm ki, təndir çörəyinin ətri kommunizmdən irəlidir.

2010-2023

# 1406 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
Lermontova həsr edilmiş tədbir olacaq

Lermontova həsr edilmiş tədbir olacaq

13:23 25 noyabr 2024
Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

09:38 25 noyabr 2024
Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

09:34 25 noyabr 2024
# # #