"Ata oğluna vermir, amma o mənə evini bağışladı..." - Rəsulzadənin nəvəsinin əsərlərinin qorunduğu Xəzər muzeyindən reportaj

Xəzər muzeyi

Xəzər muzeyi

3 avqust 2026
# 15:00

Kulis.az Ülvi Bahadırın Xəzər muzeyindən reportajını təqdim edir.

İyulun son günləri… İstidən az qala asfalt əriyir.

- Salam. Biz ünvana çatmışıq.

- 5 dəqiqəyə gəlirəm.


Maşından düşə-düşə muzeyin direktoru Səyavuş bəylə danışıram.

Fotoqrafımız İlkin və işə yeni başlayan əməkdaşımız Sadiqlə bir kölgə tapıb gözləyirik.

Ətrafa baxıram. Nəinki adam heç milçək də gözə dəymir. Qınamıram, bu istidə milçəklər də özünə sərində yer eləyib. Ara-sıra maşınlar gəlib-keçir. Ancaq sanki onlar da burdan sürətlə keçir. Ayaqlarımın altı qızdıqca yerimi dəyişirəm.

Adam heç təsəvvürünə belə gətirmir ki, adi görünən bu həyətlərin birinin arxasında böyük bir tarix yatır.

Nəhayət, qarşısında dayandığımı göy darvazanın qapısı açılır. Səyavuş bəy bizi qarşılayır.

Həyətə giririk.

Xəzər muzeyi...

Muzey mütləq sütunlu, mərmər döşəməli, qapısında mühafizəçiləri olan nəhəng binalar olmaq məcburiyyətində deyilmiş…

Bəzən muzey adi həyət evində də ola bilər…

Səyavuş bəylə söhbətimizə elə muzeyin adı ilə başlayırıq.

Bu məkan həm Xəzər rayonunun, həm dənizin, həm də qədim Xəzər xaqanlığının adını özündə birləşdirir. Hətta muzeyin loqosu belə xəzər türklərinə aid qədim simvollar əsasında hazırlanıb.

Bura insanların öz keçmişi ilə qarşılaşdığı, xatirələrin, ailə yadigarlarının yığıldığı bir məkandır.

İçəri daxil olanda adamı ilk növbədə otaqlardakı mənzərə təəccübləndirir. Rəflərdə, divarlarda, xüsusi ayrılmış guşələrdə nümayiş olunan eksponatlardan başqa ətrafda xeyli qutu var. Bu qutuların hər birinin içində bəlkə də böyük bir tədqiqat mövzusu ola biləcək əşyalar, sənədlər, şəkillər yatır. Amma yer darlığı onları hələlik qaranlıq qutulara məhkum edib.

Muzeyin yaradıcısı, eksponatların toplayıcısı olan Səyavuş bəylə elə bu qutuların, köhnə əşyaların əhatəsində söhbət edirik. Söhbətimiz çox sərbəstdir, sanki köhnə bir dostun evinə qonaq gəlmişik. O da heç bir pafosa, lazımsız təmtərağa varmadan hər şeyi olduğu kimi danışır.

Hər şeyin necə başladığını soruşuram. Axı bir adamın günlərin bir günü səhər oyanıb "mən muzey açacağam" deməsi inandırıcı səslənmir. Məlum olur ki, hər şey o, hələ 12 yaşı olanda başlayıb.

Nənə-babanın danışdığı xatirələr, evdəki köhnə sandığın içində yatan yadigarlar onda keçmişə, tarixə maraq yaradıb. Təzə-təzə ailədən qalan köhnə pullar toplayırdı. Sonra bu maraq böyüdü, pullara poçt markaları, ordenlər, medallar əlavə olundu. Bir az da vaxt keçdikcə gənc kolleksiyaçının diqqəti mis qablara, görkəmli şəxslərin əsərlərinə yönəldi.

Bu gün muzeyin ən qiymətli köşələrindən birində həmin o ilk əşyalar, nənə-babadan qalan yadigarlar, o sandığın içindəki xatirələr, ilk toplanan poçt markaları dayanır.

O, 26 ildir bu işlə məşğuldur. Gəncliyini, vaxtını, enerjisini, bəzən isə son qəpiyini bu əşyaların toplanmasına xərcləyib.

Bu qədər əşyanı illərlə harada və necə saxlamaq olar? Sən demə, muzeyin indiki vəziyyətə gəlib çatmasında ən böyük pay sahibi məktəb direktoru, daha doğrusu, Səyavuş bəyin müəllimi olmuş Sevda Abdullayevadır.

2016-cı ildə Sevda müəllimə kolleksiyanın qutularda tozlandığını görüb ona məktəbdə xüsusi bir otaq ayırır. Muzeyin ilk açılışı da elə həmin il dekabrın 7-də olur. Səyavuş bəyin dediyinə görə, açılışa gələn tanınmış rəssamlar, sənətşünaslar təəccüblərini gizlədə bilməyiblər. Kənd məktəbində belə bir kolleksiyanın nümayiş etdirilməsi çoxları üçün gözlənilməz idi.

Amma hər şey həmişə yaxşı getmir. Bir müddət sonra Sevda müəllim direktor vəzifəsindən çıxır və kolleksiya da yenidən qutulara yığılaraq evə qayıtmalı olur. Bəlkə də hər şey elə o qutularda da bitə bilərdi. Amma günlərin bir günü Sevda müəllim eksponatların aqibəti ilə maraqlanır. Onların yenə evdə, qutularda qaldığını eşidəndə isə elə bir addım atır ki, bunu, necə deyərlər, qardaş qardaşa eləməz. O, öz evini, həyətini və torpağını muzey yaradılsın deyə təmənnasız olaraq şagirdinə hədiyyə edir:

"Beləcə, bu evi, həyəti və torpağı mənə tam təmənnasız hədiyyə etdi. İndiki dövrdə bəzən ata oğluna bir qarış torpaq vermir. Amma müəlliməm sırf muzey yaransın deyə bu ərazini mənə bağışladı."

Bu bina 2021-ci ilin dekabrın 7-dən muzey kimi fəaliyyətə başlayıb.

Bu tarix Azərbaycanda ilk muzeyin yarandığı gündür. 1919-cu ildə parlament binasında İstiqlal muzeyi yaradılmışdı. Səyavuş bəy simvolik olaraq muzeyin açılışını həmin tarixə salıb. Bunu da ona tarixçi Firdovsiyyə Əhmədova məsləhət görüb.

Sevda müəllimin bu fədakarlığı təkcə bir kolleksiyanı xilas etməyib, həm də bütün Şağan camaatı üçün yeni bir mədəniyyət ocağı yaradıb. Muzey direktoru söhbətimizdə onu Hacı Zeynalabdin Tağıyevlə müqayisə edir:

"Həmişə deyirəm ki, Hacı Zeynalabdin Tağıyevdən sonra öz evini könüllü şəkildə muzeyə bağışlayan nadir insanlardan biridir."

İndi Sevda müəllimi hətta heç vaxt şagirdi olmayan adamlar da tanıyır, ona hörmət edir, "müəllim" deyə müraciət edirlər. Muzey rəhbərinin öz dostları ona zəng edəndə bəzən zarafatla "Anaların necədir?" deyə soruşurlar. Çünki o, artıq Sevda müəllimi özünün ikinci anası hesab edir.

Muzeyi gəzdikcə diqqətimi çox fərqli eksponatlar cəlb edir. Məsələn, rəssam Tofiq Ağababayevin əsərləri və eskizləri burada xüsusi yer tutur. Səyavuş bəy düz 17 il Tofiq müəllimin yanında olub, onunla birlikdə işləyib, bir növ, onun emalatxanasında böyüyüb. 97 yaşında dünyasını dəyişən rəssam hələ sağlığında əsərlərinin qorunmasında göstərdiyi köməyə görə minnətdarlıq əlaməti olaraq işlərinin böyük bir hissəsini ona bağışlayıb.

Kolleksiyada təkcə bitmiş, bəzəkli çərçivələrə salınmış rəsmlər yox, həm də eskizlər var. O cümlədən, məşhur "Dədə Qorqud" və "Toy" əsərlərinin ilk eskizləri. Bunların muzeyə gəlişinin öz tarixçəsi var. Rəssam emalatxanasında işləyərkən gənc həmkarının həmişə eskizlərə, natamam işlərə maraq göstərdiyini görüb zarafatla deyərmiş ki, sən emalatxanaya gələndə həmişə ən maraqlı kağızları tapıb aparırsan. O isə hesab edir ki, eskizlərdə rəssamın ilkin düşüncəsi, enerjisi və yaradıcılıq prosesinin izləri daha canlı qalır.

30-a yaxın görkəmli insanın arxivi də məhz bu muzeydə qorunur.

Mərhum rəssam Cavid Bayramlı və onun atası Ədalət Bayramlının keramika və qrafika əsərləri, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin arxivinin bir hissəsi, akademik Hacıbəy Sultanovun materialları, yazıçı Ələviyyə Babayevanın bütün əlyazmaları, gənc yaşda vəfat etmiş şair Bəbir Məmmədzadənin illərlə itmiş hesab olunan qeydləri, Məşədixanım Nemətova, Əli bəy Hüseynzadə və onun övladları Feyzavər Alp və Səlim Turana aid materiallar…

Eksponatlara baxa-baxa fikirləşirəm ki, bütün bunların orijinal olduğunu necə bilmək olar? Axı antikvar bazarında və kolleksiyaçılıqda saxtakarlıq ən çox rast gəlinən hallardandır. Muzeyin rəhbəri çox rahat şəkildə, 26 illik təcrübəsinə arxalanaraq 99 faiz hallarda yanılmadığını deyir. Çünki o, heç vaxt küçədən, tanımadığı adamdan, müəllifi bəlli olmayan bir əsər almır. Eksponatlar birbaşa ya rəssamın özündən, ya da ailəsindən alınır. Şübhə yarananda isə ölkənin ən yaxşı xalça, tikmə, rəssamlıq, numizmatika ekspertlərinə müraciət edir. Onlar da öz köməyini və məsləhətlərini heç vaxt əsirgəmirlər.

Amma bəzən əşyaları axtarmağa belə ehtiyac qalmır. Adamlar özləri gətirib verirlər. Bəzi ailələr illərlə qoruduqları ən qiymətli yadigarlarını satmaq üçün yox, məhz etibar etdikləri üçün bu muzeyə təqdim edirlər:

"Bəzən deyirlər ki, niyə həmin eksponatlar dövlət muzeylərinə verilmir? Cavab sadədir. Həmin insanlar istəyirlər ki, ailə yadigarları ya öz ailələrində qalsın, ya da məndə. Çünki mənə etibar edirlər".

Səyavuş bəyin dediyinə görə, yay aylarında İtaliya, Kanada, Rusiya, İsraildən gələn qruplar olur. Bəziləri heç bələdçisiz, təsadüfən kənddə gəzərkən muzeyin qapısını döyür. Adi bir həyətə daxil olub içəridəki eksponatları görəndə isə təəccüblərini gizlədə bilmirlər.

Bura təkcə turistlərin deyil, elm adamlarının da üz tutduğu yerdir. İsveçdən, Böyük Britaniyadan, Rusiyadan gələn mütəxəssislər burada saatlarla təsqiqat işləri aparıblar. Rusiyadan gələn bir parça mütəxəssisi muzeydəki nümunələrə heyran qalıb. İsveçli dilçilər isə kənd sakinlərinin danışıqlarını, Şağan ləhcəsini lentə alıblar.

Elə muzey direktorunun özünün də "Bakılı belə danışır – Bakı ləhcəsi" adlı kitabı var. Kitabı yazmağa başlayanda çoxları "Bunu onsuz da bilirik, yazmağa nə ehtiyac var?" desə də, rəhmətlik Qılman İlkinin dəstəyi ilə uşaqlıqdan nənə-babadan eşitdiyi sözləri bir yerə toplayaraq kitab halına salıb. “Yazılmağına ehtiyac olmayan” kitab artıq dördüncü dəfədir nəşr olunur.

Muzeyin ən böyük problemi yer çatışmazlığı və maddi çətinlikdir. Amma bütün bunlara baxmayaraq, muzeyi Şağandan köçürüb şəhərin mərkəzində, daha çox gəlir gətirə biləcək bir yerdə açmaq fikri qətiyyən yoxdur.

"Əksinə, mən istəyirəm ki, muzey elə öz doğma yurdum Şağanda qalsın. Bura mənim ata-baba torpağımdır. Şəhərdə kifayət qədər muzey var. Kim istəsə, ora gedə bilər. Buraya gəlmək istəyən də gəlib görəcək”.

Əslində, bu muzey Şağan camaatı üçün sadəcə tarixi əşyaların qorunduğu yer deyil. Şağanlı direktorun sözlərinə görə, kənddə gənclərin, yaşlıların toplaşa biləcəyi normal bir park, asudə vaxt keçirmək üçün bir məkan yoxdur. Mədəniyyət evi isə yalnız iş saatlarında açıq olur. Belə bir vaxtda Xəzər muzeyi insanların axışdığı fərqli bir ünsiyyət məkanına çevrilib. Burada çay içilir, şeir deyilir, tarix müzakirə olunur. Qonaq çox olanda həyətdə samovar qaynayır.

Kənd uşaqlarının muzeyə marağı isə başqa bir sevindirici haldır. Onlar artıq eksponatları o qədər yaxşı tanıyırlar ki, gələn qonaqlara özləri bələdçilik edirlər. Muzeyin sahibi deyir ki, o, hətta bəzən muzeyin açarını da arxayınlıqla bu uşaqlara etibar edə bilir.

O, hər şeyi təkbaşına idarə edir. Kommunal xərclər, təmizlik, qonaqların qarşılanması, eksponatların axtarılması və qorunması… Hamısı bir nəfərin çiyinlərindədir. Sosial media menecerinə ehtiyac olsa da, maliyyə imkanı olmadığı üçün yalnız dostların köməyi ilə səhifələr idarə olunur. Ətrafında kömək edən, dəstək olan dostları çox olsa da, işin əsas ağırlığı onun üzərindədir. Soruşuram ki, bu qədər yükün altında heç yorulduğunuz anlar olmurmu?

"Düzünü desəm, hazırda özümü çox tükənmiş hiss edirəm. Həqiqətən də çox yorulmuşam".

Ən çox yorucu olan isə hər şeyi təkbaşına düşünməkdir. Eksponatın dəyərini, yerini, tarixçəsini ondan başqa bilən yoxdur. O, artıq bildiklərini kiməsə ötürmək, özü qədər bu işə can yandıran, arxayınlıqla işi təhvil verə biləcəyi bir ardıcılının yetişməsini istəyir.

Ailənin, xüsusən də valideynlərin bu işə yanaşması isə əvvəllər heç də birmənalı olmayıb.

Bəzən ondan soruşurlar ki, niyə bütün bunları edirsən, sənə nə verəcək? O isə hesab edir ki, bu, izaholunmaz bir daxili missiyadır. O da hamı kimi dincəlmək, özünə vaxt ayırmaq istəsə də, yeni bir eksponat görəndə hər şeyi unudur. Sanki gözəgörünməz bir qüvvə ona deyir ki, bunları qorumalı, gələcəyə çatdırmalısan.

"Mənim üçün muzey sadəcə eksponatların toplandığı məkan deyil. Bura insanların yaddaşıdır, ailələrin tarixidir, keçmişlə gələcək arasında qurulan körpüdür."

Yer darlığı ucbatından bir çox qiymətli kolleksiya muzeyin qapısından geri qayıdır. Hətta yaxın vaxtlarda çox tanınmış bir şəxsin arxivini məhz yer olmadığı üçün qəbul edə bilməyiblər. Həmin şəxs dünyasını dəyişib və arxiv də, necə deyərlər, əldən çıxıb. Halbuki o materiallarla böyük bir sərgi yaratmaq olardı.

Muzeyin ən nadir incilərindən biri XIX əsrə aid Zəngəzur gərdək başlığıdır. Bu eksponat o qədər unikaldır ki, hətta Xalça Muzeyində belə bir nüsxəsi yoxdur. Lakin onun qorunub saxlanması üçün çox ciddi konservasiya və elmi araşdırma lazımdır. Restavrasiya isə dünyada ən baha başa gələn işlərdən biridir. Kənddəki bu fədakar adamın büdcəsi buna imkan vermir. Nəinki restavrasiyaya, hətta yeni binanın tikintisinə belə. Lakin o ümidini itirmir. Yaxın vaxtlarda Azərbaycan tarixində ilkə imza atmış qadınlardan bəhs edən "101 imza silsiləsinədən: Azərbaycan qadını (İlklərə imza atan azərbaycan əsilli qadınlar)" kitabının çapdan çıxması gözlənilir. Kitabın satışından gələn bütün gəlir muzeyin yeni binasının tikintisinə sərf olunacaq.

Amerikadan, Türkiyədən, Fransadan bu muzeyə gələnlər var. Məsələn, İndiana ştatında yaşayan Teymur müəllim hər dəfə Bakıya gələndə çamadanında cənubi azərbaycanlı bir nəfərin ona verdiyi nadir plastinkaları gətirir.

Kolleksiyaçılıq asan məsələ deyil. Bir adam həyətinə üç-beş dənə köhnə mis qab yığıb ora muzey deyə bilər, amma əsl kolleksiyaçı eksponatın ən yaxşı, ən keyfiyyətli, tarixini ən dəqiq əks etdirən nüsxəsini axtarır. Muzey sahibinə bəzən dostları zarafatla "Azərbaycanın Tretyakovu" deyirlər:

"Bəzən mənə zarafatla deyirlər ki, Azərbaycanın Tretyakovu sənsən. Mən də gülərək cavab verirəm ki, Tretyakov heç olmasa imkanlı adam idi, istədiyi əsəri ala bilirdi. Mənim isə belə imkanım yoxdur. Amma imkanım çatdığı qədər bu işi davam etdirəcəyəm".

Bu muzey təkcə onun yox, bütün ölkənin yaddaşıdır. İndi əsas məqsəd elə bir böyük məkan yaratmaqdır ki, illərini bu işə həsr edən kolleksiyaçıların vəfatından sonra onların irsi ailələri tərəfindən satılmasın, itib-batmasın, məhz bu muzeyin tərkibində bütöv şəkildə qorunsun.

# 129 dəfə oxunub

Oxşar xəbərlər

Pompeydə antik irslə müasir popu birləşdirən layihə

Pompeydə antik irslə müasir popu birləşdirən layihə

15:30 3 avqust 2026
Rahat istirahət üçün 5 qızıl qayda

Rahat istirahət üçün 5 qızıl qayda

15:03 3 avqust 2026
“Spiderman: Brand New Day” açılış həftəsində "The Odyssey”i geridə qoydu

“Spiderman: Brand New Day” açılış həftəsində "The Odyssey”i geridə qoydu

14:30 3 avqust 2026
“Deadpool” dördüncü filmlə ekranlara qayıdacaq

“Deadpool” dördüncü filmlə ekranlara qayıdacaq

14:00 3 avqust 2026
Qonkur Akademiyasının ilk qadın prezidenti - Kolettin qalmaqallı həyatı haqqında maraqlı faktlar

Qonkur Akademiyasının ilk qadın prezidenti - Kolettin qalmaqallı həyatı haqqında maraqlı faktlar

13:30 3 avqust 2026
Xalq yazıçısı Elçinin adı Binəqədi rayonundakı küçələrdən birinə verildi

Xalq yazıçısı Elçinin adı Binəqədi rayonundakı küçələrdən birinə verildi

13:10 3 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər