Astarada oğurlanan 20 minlik balıq

Astarada oğurlanan 20 minlik balıq
19 may 2023
# 11:40

Kulis.az Vüsal Bağırlının "Tor səbət" adlı yazısını təqdim edir.


Son zamanlar informasiya saytlarına, xəbər portallarına girmək, nəyisə oxumaq mümkün deyil. Hər yerdə xəbər yalnız bədniyyət mövzular ətrafında gərdiş edir. Hansı saytı açırsan qəzavü-qədər, faciə, ölüm.

“Təcili yardım maşını aşdı, ölənlər var”
“Körpə uşaqlar Maştağada quyuya düşüb, boğuldular”
“Təmir sexində təkər parladı, usta öldü”
“30 yaşlı kişinin başına budaq düşdü, həlak oldu”
“Qardaş bacısını boğaraq öldürdü”
“Toyda çıxış edərkən ürəyi dayandı”

O gün psixologiyanı pozan, adamı depressiyaya salan, sarsıdan, nevroz edən bütün bu söhbətlərdən can qurtarmaq və yeni, pozitiv nəsə tapmaq ümidi ilə telefonumda xəbər saytlarından birini barmağımla aşağı-yuxarı hərəkət etdirdim.
Amma mövzu dəyişməmişdi. Yenə eyni şey. Dostunu kəsən kim, atasını doğrayan, övladını baltalayan kim. Yenə qan, yenə cinayət, yenə həbs. Yenə ölüm, itim, qətl.

Birdən kriminal xəbər lentinin arasında diqqətimi bir hadisə cəlb etdi.
“Astarada hovuzdan qiyməti 20 min manatlıq balıq oğurlandı”.

Nə? İyirmi minlik balıq?

Xəbəri oxuyunca beynimdə qeyri-ixtiyari sual yarandı. O nə balıqdır ki, qiyməti iyirmi min manat olsun. Ya balıq qeyri-adidir, sehrlidir, adamın üç arzusunu yerinə yetirir, ya da nadir növdür, adı Qırmızı Kitaba zada düşüb.

Xəbəri tıklayıb, açdım. Məlum oldu ki, həmişə olduğu kimi xəbər, informasiya yükü bu dəfə də düzgün əks olunmayıb. Saytın redaktoru, jurnalisti yenə qeyri-peşəkarlığa yol verib.

Sən demə, oğurlanan balığın sehri gücü, qeyri-adiliyi yox imiş (heyif ki..) və hovuzdan bir balıq deyil, hər biri 100 manatdan, ümumilikdə 200 nərə balığı oğurlanıbmış.

Şirkət rəhbərliyi oğurluğu aşkar edən kimi, polisə məlumat verib və araşdırma aparılır. Hadisə mənə uşaqlığımla bağlı bir əhvalatı xatırlatdı. Doqquz, ya on yaşım olardı. Yay, tətil günləri rayonda məhəllə uşaqları ilə gəzir, veyillənirdik. Vaxtımız çox, özümüz boş-bekar, enerjimiz bol. Bir yerdə dayanmır, qayır-qayır qaynayır, daim ora-bura gedirdik. Başqa tinlərə, küçələrə kəşfiyyat səyahətinə çıxırdıq. Bir də görürdün qonşu məhəllə ilə dalaşır, daşlaşır, yaxud başqa bir rəqib məhəllə ilə futbol oynayırdıq.

Bir sözlə, hər günümüz macəra, hər saatımız sərgüzəşt.

Bir dəfə axşamüstü, belə gəzintidən geri qayıdarkən, qarşımıza salxım söyüdlərlə əhatələnmiş hasarlı bir yer çıxdı. Dəstəmiz istidən, bürküdən pörtmüş halda, bədənimiz qan-tər içində, dodağımız susuzluqdan cadar-cadar, bizi məkanın sərinliyi, səfası, naməlum, sirli görünüşü cəlb etdi. Elə sevindik ki, sanki səhrada vahə tapmışıq. Qapını dartdıq. Amma bağlı. Üstündən ağır, paslı kilid asılıb.
Hasar, qapı, kilid bizim üçün maneə deyildi. Hasarı asanlıqla adlayıb, həyətə keçdik. Məlum oldu ki, məkan adi kafedir. Kafe həmin gün nədənsə işləmirdi, içəridə ins-cins yox idi. Kimsəsizlik, tam sakitlik, müvəqqəti yiyəsizlik hökm sürürdü. Mühafizəçi də ola bilsin hər hansı təhlükə hiss etməyib, harasa getmişdi. Ağaca bağlanmış iri köpək isə bizi görüncə bir az hürüb, sonra sakitləşdi.
Biz əsrarəngiz sərinlikdə, çayırlığın, ağaclığın arasındakı skamyada oturub, qorxusuz-ürküsüz dincəlir, ordan-burdan söhbət edir, hərə bir lətifə danışır, hərdən də yaxınlıqdakı hovuza daş atırdıq.

Birdən səs eşitdik, hovuzda nəsə tərpəndi, su şapılldadı. Ətrafa su damlaları səpələndi. Yaxına gələndə, nə görsək yaxşıdır. Hovuzun içi irili xırdalı, müxtəlif balıqlarla dolu. Karp, farel, sazan, çəki. Bəh-bəh. Dərə xəlvət, tülkü bəy. Gözümüzün qarşısında bu cür qənimətlər. Ələ düşən fürsəti qaçırmaq, bizi saxlamaqmı olar?

Cəld suya atıldıq. Əvvəl əlimizlə işə girişdik. Amma suda, öz yaşayış arealında sürüşkən balıq elə güc, elə reaktiv sürəti yığır ki, onu ələ keçirmək mümkünsüz olur. Üst-başımız, libasımız, bütün bədənimiz cumculuq su, yarım saat çapalasaq da, bircə balıq belə tuta bilmədik. Əziyyətimiz hədər getdi. Ümidsizliyə qapıldıq. Bir tərəfdən də, mühafizəçi hər an gələ, özünü cinayət yerinə yetirə bilərdi.
Birdən çıxış yolu tapıldı. Biz hovuzun içində perimetr boyu düzülərək, yavaş-yavaş irəliləyib balıqları küncə sıxışdırdıq və onları əllə tutmağa çalışmadan, eləcə qamarlayıb, kənara atdıq. On dəqiqənin içində hovuzda bircə balıq da qalmadı.
Biz ayaqdan başa suyun içində, yorulmuş, əldən düşmüş, təngnəfəs halda. Balıqlar otun üstündə atılıb-düşür, çapalayır. Biz nə görsək yaxşıdır. Hasarın yanında taxta tutacaqlı tor səbət. Balığı onunla tuturmuşlar.

Səhəri gün isə ələ keçirilən qənimət, təxminən otuza yaxın balıq dəmir yolu idarəsinin arxa həyətində qaladığımız tonqalda şişə çəkilirdi.

# 1599 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
Con Lennonun itmiş gitarası tapıldı

Con Lennonun itmiş gitarası tapıldı

15:00 25 aprel 2024
“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

14:30 25 aprel 2024
Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

14:00 25 aprel 2024
# # #