Bu gün məşhur bəstəkar, skripkaçı Volfqanq Amadey Motsartın doğum günüdür.
Kulis.az bəstəkar Ağasəlim Pünhanoğlunun “Motsart – İtmiş qəbrin sirri” adlı yazısını təqdim edir.
Balaca Volfqanq Motsart təbiətcə gülərüz olduğundan yıxılanda ağlamazdı. Anası onun ağladığını cəmi bir dəfə xatırlayır, – o da atası Leopold çalğısını saxlayıb, körpəni otaqdan çıxardıqda.
...3 yaşında klavişdə çalır, 5 yaşında alətin virtuoz ifaçısı sayılır, 6 yaşında isə musiqi bəstələyir. 8 yaşında 3 simfoniyanın müəllifi,14 yaşında isə nüfuzlu Boloniya Musiqi Akademiyasının üzvü idi.
Zalsburqda Motsart muzeyi – “Motsarteume”də körpə Motsartın balaca not dəftəri indi də qalır. Ləkə düşmüş, kağızı bozarmış, not yazısında notların çubuğu silinmiş bu dəftərdə Leopold Motsart Volfqanq üçün musiqi çalışmaları yazardı. Bir dəfə heç 6 yaşı tamam olmamış Volfqanq atasından qulağına gələn melodiyanı nota yazmağı xahiş edir. Bu kiçik pyes Motsartın ilk əsəri kimi həmin bu dəftərdə yazılır. Motsart musiqi fikirlərini yazmağı bacarmasa da, musiqi dilində fikirləşməyi bacarırdı.
Belə uşağın musiqi istedadı ətrafa səs salmaya bilməzdi. Pul qazanmaq imkanını əldən buraxmayan atası Leopold konsert turnesiylə şəhərləri gəzməyə başlayır. Avropanın ən yaxşı musiqiçi və müğənnilərinin çıxış etdiyi zadəgan saraylarına yol tapmaq şəhərin rəğbətini qazanmaq demək idi. Zadəgan saraylarında isə kiçik möcüzə, vunderkind Motsartdan danışmaqdan bezmirdilər.
Avstriya imperatorlarının yay iqamətgahında imperator Mariya Tereza onları qəbul edir. Motsart bu qadınla salamlaşıb tələsik klavişinin arxasına keçməyə çalışır. Ancaq parıldayanacan sürtülmüş güzgü kimi parketin üstündə sürüşüb düz zalın ortasında yerə sərələnir. Hər dəfə qalxmağa çalışanda parik taxmış bu adamcığaz yenidən yıxılır və böyüklər gülməkdən uğunurlar. Mariya Tereza qızı Mariya Antuanettadan kömək etməyi xahiş edir. Nəhayət, Volfqanq xilaskarına gülümsəyib, bərkdən deyir: “Xeyirxahlığına görə səni alacam”. Amma üç onillik keçməmiş, Motsart kasıblıqdan öləcək, Mariya Antuanetta isə başını gilyotinə qoyacaqdı.
Volfqanqın çıxışları kənd yarmarkasında akrobatların, jonqlyorların çıxışına bənzəyirdi. Akrobatik hoqqalar beləydi: enlikürək, qartalburunlu bir kişi estradaya çıxıb camaata bir parça göstərir. Sonra həmin parçayla alətin klaviaturasını örtür. Gənc ifaçı alətin arxasına keçib klavişləri görmədən bir neçə rəqsi sürətlə ifa edir. Sonra atası uşağın gözünü bağlayır. Zaldan bir neçə adam klavişləri səsləndirir, cib saatının zəngini çaldırır, klavişin üstündəki badələri cingildədir. Motsart isə səsləndirilmiş notların adını deyir. Yaxud bir nəfər ağlına gələn bir melodiyanı çalır. İfaçı isə onun əsasında elə ordaca pyes bəstələyir. Səfərlərin uşaq sağlamlığına zərərini bilsə də, atası oğlunu əl meymunu kimi camaata göstərməkdən usanmırdı.
Amma uşaq böyüdükcə ona maraq sönməyə başlayır. Artıq 20 yaşına qədəm qoyanda həyat Volfqanqa çox şey öyrətmişdi. Alqışların, səfərlərin, görüşlərin dadını görmüş maestro indi Zalsburq sarayında kiçik əməkhaqqına sifarişlə musiqi yazmalıydı. Tabeliyində olduğu arxiyepiskopla münaqişəsi dərinləşirdi. Dəfələrlə kapellanın müğənniləri və ifaçıları qarşısında Motsart uşaq, avara və səfeh adlandırılır, aldığı pula heç dəymədiyi eşitdirilirdi. Maestronu konsertdə alqışlayanlar bilmirdi ki, qeyri-adi artist, insan qəlblərinə hakim olacaq bir adam kiminsə quludur. Hər konsertdən əvvəl o, çıxış etməkçün arxiyepiskopa dil tökməlidir. Arxiyepiskopsa izn verməməklə özünü hökmdar zənn edirdi.
Motsartın səbir kasası dolur. O, işdən çıxmaq ərizəsi yazır. Hər gün kinayəli gülüşləri və boş-boş sözləri dinləyib cavabsız qayıtmalı olur. Onun get-gələ salınmasının səbəbi var: kimi qovlamağı, kimi saxlamağı arxiyepiskop özü həll edir. Kiminsə ərizəni birinci yazmağı onun şəninə toxunurdu. Bir ay keçir. Motsart yenidən xahiş ərizəsiylə qəbula gəlməli olur. Katib Motsart haqqında deyilən “avara, uşaq” sözlərini öz qulağıyla eşitdiyindən cəsarətlənir. Motsart ərizəni masanın üstünə atıb çıxıb gedir. Katib onu pilləkəndə yaxalayıb arxadan təpiklə itələyir. Sonra bioqrafları yazırdı ki, arxasından aldığı bu təpik Motsartı azad insana çevirir.
Volfqanq pillələrlə diyirlənib yıxıldığı günü ömür boyu unutmayacaq. Yerdən qalxır, gözləri qaraldığından heç nə görmür, yol fənərinə söykənir. Ürəyi bulanır, qusduqdan sonra rahatlaşır. Səndələyə-səndələyə evə gəlib işığı yandırmadan yatağa düşür. Yorğunluq və yuxusuzluqdan gözünə çirkin üzlər, iyrənc ifadələr görünür. Volfqanqın beynində melodiya doğulur. Belə şey qabaqlar da baş verirdi. Bu melodiyadan canını qurtarmaqçün durub onu ya çalmaq, ya da yazmaq lazımdır. Melodiya çalındıqca reallaşıb qadın səsinə çevrilməyə başlayır. Sonra qapı açılır, döşəmə cırıldayır. Beynindən “birinci oktava, lya diyez” keçir. Yalın ayaqların yumşaq addımlarını eşidir. İki incə əl üzünə, isti dodaqlarsa dodağına toxunur... Bu onun ilk məhəbbəti Aloiziyanın bacısı Konstansadır. Gələcək ömür yoldaşı.
Georq Leopold Motsartın təkidiylə o, 15 il əvvəl maestroyla fəxr eləyən Parisə gedir. Amma 15 il uzun müddətdir. O vaxt onun cəmi 7 yaşı vardı. Paris möcüzə uşağı artıq unutmuşdu. Bu dəfə Parisə görkəmsiz, kifir bir gənc gəlmişdi. Belə musiqiçilər zadəgan evlərində iş axtarmaq ümidiylə bura axışırlar. 20 yaşlı Volfqanqın nə köməkçisi, nə də arxası vardı. Motsart iri şəhərin bir başından o biri başına qaçıb, dərsi dərsə calayıb günlərini yaşayır. Daim nəm ayaqları, ağırlaşmış bədəni, sanki parçalanacaq başının ağrısı vecsiz tələbələrinin verdiyi mənəvi əzablarla müqayisədə bir şey deyildi.
Azadlığa qovuşmasından 5 il keçir. Konstansa ilə münasibətləri Zalsburqa atasının qulağına qədər gedib çatır. Kanstansanın anası da qızını incidir ki, Motsartın ona yazığı gəlsin və tez evlənsin. Hətta Motsarta evlənmək haqqında borcluluq sənədi də imzaladır. Əgər evlilik baş tutmasa, Motsart Konstansaya hər il 300 florin verməyə borcludur. Sədaqətli Konstansa bu sənədi gizlincə oğurlayıb cırır. Motsart onunla sevdiyinə görə evlənir. Amma bu evlilik ona baha-başa gəlir. O, yenə də seçim qarşısındadır: azadlıq, sevdiyi qadın, yaxud Zalsburq, ailəsinin, xüsusilə, atasının sevgisi. O, birincini seçir.
İtalyan operalarının hakimliyi zamanında Motsartın təmiz alman operası yazmağı ona qarşı cəbhə yaratmışdı. “Fiqaronun toyu” yarananda teatrda 3 opera hazırlanırdı. “Fiqaronun toyu”nu xalq çox sevsə də, zadəganlara çox darıxdırıcı gəlirdi. Hər dəfə zalı doldurmasına baxmayaraq, bu opera həmin il cəmi 8 dəfə qoyulur və sonrakı il repertuardan çıxarılır. Onu ispan bəstəkarı Martinin “Nadir əşya” operası əvəz eləyir. Bu da taleyin bir oyunudur. Çünki bu operanı bir neçə tamaşadan sonra heç kim xatırlamayacaq. Amma Motsart “Don Juan” operasında həmin operadan bir neçə xanə sitat gətirdiyinə görə tarix bu operanın adını da unutmayacaq.
Motsartın həyatı heç vaxt rahat olmayıb. Amma “Don Juan”ın uğursuzluğundan sonra vəziyyət daha dözülməzdi. Ona sifariş verilmirdi, saraya dəvət olunmurdu. Motsartı unutmuşdular. Musiqidən qazandığı puldan savayı başqa gəliri olmadığıyçün bu durum dilənçilik səviyyəsinə enmək demək idi. Gecə-gündüz arvadı və oğlunu yedirməkdən ötəri pul tapmağın qayğısını çəkirdi. Tərs kimi onlar hər ikisi tez-tez xəstələnirdi. Əvvəl yeganə oğlunu, sonra doğulmuş daha iki uşağını torpağa tapşırır. İtkilər yaşadığı məhz bu dövrdə Motsart yaradıcılığının zirvəsi sayılan son 3 simfoniyasını, “Sehrli fleyta” operasını və sonuncu əsəri olan “Rekviyem”i yaradır.
Bütün gecəni ağrılardan yatmamışdı. Amma musiqi yazmaya da bilməzdi. Yazmayanda daha çox əzab çəkirdi. İçində qalıb əzab verən musiqidən azad olmaq lazımdı. Yuxusuzluqdan ağırlaşmış başı masaya tərəf əyilir. Başını qaldıranda qapı ağzında yarıqaranlıqda qara plaşlı, qara şlyapalı, qara qalstuklu, pudralı parikdə, qanı qaçmış solğun bənizli, boşluğa baxan ifadəsiz gözlü bir adam görünür. Bu adam dinmədən konvert uzadır və deyir: “Sifarişçi məxfi qalmağı arzulayır”.
Məktubda rekviyem yazmaq sifariş edilirdi. Motsart o zamana görə çox böyük sayılan məbləğ istəyir. Yad kişi həmin məbləği sayıb masanın üstünə qoyur. “Əsər hazır olandan sonra bu qədər də alacaqsız” deyib, qeyb olur.
Son zamanlar ölüm fikri onu rahat qoymurdu.
“Mənim başımda xaosdur. Fikrimi toplayıb yaza bilmirəm. Qara plaşlı kişi məni izləyir, işləməyi tələb eləyir. Mən artıq heç nədən qorxmuram. Bilirəm ki, istedadımı realizə etməmiş, axırım çatacaq. Amma taleyini dəyişə bilən varmı? Mən matəm musiqimi yazıb sonra öləcəyəm”.
Soyuq, yağmurlu noyabr günlərindən biridir. Motsartın evində üzücü səssizlik və dərman qoxusu hakimdir. Bu səssizliyi hərdən bir xəstənin otağından gələn qəmli musiqi pozur. Motsart şagirdi Züsmayerlə birgə rekviyem üzərində işləyir. Hər gün musiqi daha az, səssizlik daha çoxdur. Ölümündən bir az əvvəl Motsart müqəddəs Stefan kilsəsində kopelmeyster vəzifəsinə dəvət alıb. Eyni zamanda Macarıstan və Amsterdamdan sərfəli sifarişlər də gəlib. Onun həyatında ilk dəfə bir parça çörək axtarışından canını qurtarıb sakit yaşamaq imkanı var. Onun 36 yaşı hələ tamam olmayıb.
Arabir kəskin zarafatlarıyla və ən vacibi istedadını gizlədə bilməməsiylə Motsart ətrafındakıların çoxunu düşməninə çevirmişdi. Hətta şagirdi Züsmayerin Konstansa ilə eşq macərasından danışırdılar. Özünü bəstəkarlığa hazırlayan tələbənin yolunda Motsartın istedadı bir qaya kimi durmuşdu.
Müəlliminə bənzəməyə o qədər çalışırdı ki, illər keçəndən sonra not yazısında qrafoloqlar nəyin Motsarta, nəyin Züsmayerə məxsus olmasını ayıra bilmədilər. Üstəlik, Motsartın paxıllığını çəkən bəstəkar Solyeri ilə əlaqə saxlayaraq müəlliminin bütün sirlərini ona açırdı.
Solyerinin Motsartı zəhərləməsi barədə gəzən əfsanələrə baxmayaraq, sarayda daha məşhur olan bəstəkarın onu öz əliylə zəhərləməsi gülünc görünür. Amma bəzi bioqraflar Solyerinin ölümqabağı kilsədə yazılı etirafını əsas gətirərək bu versiyada təkid edirlər.
Rekviyemin sifarişçisi qraf Velzex Ştuppax civə yataqlarının sahibiydi. Solyeri, Züsmayerin əlbirliyi və bu qrafın məsləhətləriylə Motsartın civə ilə zəhərlənməsi versiyası hələ də dillərdən düşmür.
Otağın ortasında klavişinin yanında tabut var: kobud taxtadan yonulub, taxtaların arasından dəliklər görünür, qara rənglə səliqəsiz boyanıb. Motsart bu tabutdadı. Otaqda şam yanır. Şagirdi Züsmayer səhər tezdən qaçıb maestronun şamdanını sələmçidən alıb ki, otaqda işıq olsun. Kilsədə onu son mənzilə çox az adam yola salırdı. Nə orqan çalır, nə də oxuyan var. Monoton latın kəlmələri fonunda kimsə ərini donuz kimi dəfn edən Konstansanın dalıyca alıb-verir, kimsə evə gedib Motsartın əlyazmalarını gizlətməyi düşünür. Çünki başa düşür ki, tezliklə onların qiyməti olmayacaq.
Konstansanı ovudarkən dostları fikir eləməməyi məsləhət görürdülər. O da bu məsləhətə həvəslə əməl edir və fikri-zikri Motsarta görə təqaüd arxasınca qaçmaqdadı. Yüngül xasiyyətli olduğundan dahi insanla bir yerdə yaşadığını hiss eləməmişdi. Bunu ilk dəfə Motsartın əsərlərinin nəşrindən aldığı qonorarın həcmini görəndə başa düşmüşdü. Bəstəkarın ölümündən sonra arvadı yazıq dul qadın obrazına girmiş, qapı-qapı gəzmiş, indiki pulla təxminən, 5 milyon avro məbləğində qonorar toplaya bilmişdi.
Motsartın ölümündən 18 il sonra Konstansa axır ki, qəbiristanlığa getməyi qərara alır. Dahi bəstəkarı basdırmış qoca artıq ölmüşdü. Lap sağ olsaydı belə, ümumi qəbirdə Motsartın cəsədini tapmaq mümkün olmayacaqdı. Ona görə də bəşəriyyətin dahi musiqiçisinin qəbri insanlar üçün açılmaz sirr olaraq hələ də qalır...