Almaxanım: "Onlar hər kəsi təhqir edən klaviatura canavarlarıdı" - Müsahibə

Xanəndə Almaxanım

Xanəndə Almaxanım

28 mart 2024
# 12:45

Kulis.az müğənni Almaxanım Əhmədli ilə müsahibəni təqdim edir.

- Sonuncu konsertiniz nə vaxt olmuşdu?

- Keçən il mayın 29-da, Heydər Əliyev adına Sarayda.

- Ürəyinizcə oldumu konsert?

- Mən razı qaldım. Məncə, tamaşaçıların da ürəyincə oldu. Televiziyalarda yayımlandı, anşlaqla keçdi. Daha nə olmalıdı? Zal tam dolu idi. Biletlərin satışı çox uğurlu keçdi. Televiziyada yayımlanandan sonra sosial şəbəkələrdə də geniş müzakirə olundu. Bu, əslində, mənim ilk yox beşinci solo konsertim idi. Sadəcə, Heydər Əliyev Sarayında ilk dəfə idi. İlk dəfə 16 yaşımda, sonra 18 yaşımda konsert vermişəm. Sonra iki gün ardıcıl Beynəlxalq Muğam Mərkəzində konsertim baş tutub. Onlar da çox uğurlu olub.

- Siz daha çox bəstəkar mahnıları ifa edirsiniz. Ancaq ümumi götürsək, xanəndələr bəstəkar mahnılarına nadir halda müraciət edirlər.

- Yox, mənim janrım fərqli olub. Mən səhnəyə çıxdığım ilk günlərdən bəstəkar mahnıları ifa etmişəm.

- Kimlərdən nümunə götürmüsünüz?

- Təbii ki, ötən əsrin görkəmli musiqi nümayəndələri olub. Hazırda da onlardan bəhrələnirik. Xanım ifaçılardan ən çox Rübabə Muradovanın və Şövkət Ələkbərovanın ifasını bəyənirəm. Sara Qədimovanın da ifasını çox sevirəm. Çoxdu sənətkarlarımız. Ümumiyətlə, Azərbaycan musiqisi çox zəngindir və onu yüksək səviyyədə təmsil edən sənətkarlarımız çoxdu.

- Yeni bəstəkarlardan kimlərlə işləyirsiniz?

- Son mahnım “Sən olmasan” Mironun bəstəsidi. Uğurlu mahnı oldu. Artıq bir aydı ki, üçlükdədi trenddə. Çalışıram ki, bəstəkarlarla işləyim. Özüm də bəstələyirəm. Yeni mahnı gəlir artıq, klipi də hazırdı. Onun musiqisini özüm bəstələmişəm, sözlərisə Nəriman Həsənzadənindir. Tezliklə işıq üzü görəcək.

- Müğənnilik başqadı, bəstəkarlıq başqa. Bu hiss, duyğu sizə necə gəldi?

- Əslində, bir-birinə bağlı sahələrdi. İstər ifaçılıq olsun, istər bəstəkarlıq. Onsuz da konservatoriyada təhsilini alırıq. Bakalavr təhsilimi Milli Konservatoriyada, magistiratura təhsilimi Mədəniyyət və İncəsənət Unversitetində almışam. Mən demirəm ki, peşəkar bəstəkarlar kimi bəstələyirəm. Açığı, Nəriman müəllimin bir şeiri var, oxuyan kimi hiss elədim ki, musiqiyə çox yatımlıdı. Artıq mənim ağlımda bir nəğmə yarandı şeri oxuya-oxuya. Tez keçdim pianonun arxasına, başladım ifa eləməyə. Yaxın günlərdə, inşallah, işıq üzü görəcək.

- Mahnını yazanda kimlərlə məsləhətləşirsiniz, kimlərə göstərirsiniz?

- Musiqiçi dostlarım var, onlarla məsləhətləşirəm. Gərək musiqidən anlayışı olan insan olsun. Valideynimə, həyat yoldaşıma və ya həmin anda yaxınımda olan insanlara dinlədirəm ki, görün necədi?

- Vüqar (red. şair Vüqar Əhməd, Almaxanımın atası) müəllimin münasibəti necə oldu?

- Ailəm mənə həmişə dəstək olub. Atamın da sözlərinə bir mahnı bəstələmişəm, sevir məni. Bəlkə də, eşitmisiniz, klipi də var. Bir neçə bəstəm var, əsasən, özüm üçün etmişəm. Bunlar həvəskar bəstələrdir.

- Sizə qarşı başqa ifaçılar tərəfindən qısqanclıqlar olubmu?

- Əlbəttə, dəfələrlə. Əslində, kiminsə məni qısqanmağı mənim uğurumdur. Deməli, artıq mən uğur əldə etmişəm ki, kimlərinsə qısqanclığına səbəb olub. Səni qısqanmırlarsa, sənlə heç kim rəqabət aparmırsa, deməli, heç nə etməmisən sənətində, həyatında.

Ən ideal insanlar barədə danışmağa mövzu tapılır. Danışılanlara gərək fikir verməyəsən. Məsələn, sosial şəbəkələrdə yazılanları oxuyuram, - klaviatura canavarı deyək də, - insanlar var, boş-bikar oturub təhqir eləyir. Biz belə qərəzli tənqidlərin, təhqirlərin dərininə getsək, gərək həvəsdən düşək. Düşünürəm ki, elə insanlara fikir verməmək lazımdır.

- Maraqlıdır, sizi nə əsəbləşdirə, özünüzdən çıxara bilər?

- Məni ən çox yalan əsəbləşdirir. İnsan özünü axmaq kimi hiss eləyir. Gözüm görə-görə qarşımdakı yalan danışır. Əslində, çox mülayim insanam, amma əsəbiləşəndə çox sərt ola bilirəm. Həyatda ən sevmədiyim şeylərdən biri yalandır. İnsanların çoxu artıq vərdiş eləyib yalan danışmağa.

- Yaxın gələcəkdə yeni konsert gözlənilir?

- Gələcək planlarımız çoxdur. Ümumiyyətlə, ruhdan düşməyən insanam. Çalışıram, hər zaman başımı aşağı salıb öz işimlə məşğul olum. Yaradıcılıq tükənmir.
Konsert planı var, əlbəttə. Düşünürəm ki, bölgələrdə, rayonlarda, digər şəhərlərdə konsert verim. Sonra isə ölkə hüdudundan kənarda. Dünyanın hər yerində azərbaycanlılar var. Əslində, keçən il Amerikanın iki ştatında üç solo konsert verdim. Çox uğurlu, gözəl konsert keçdi. Mediada da işıqlandırıldı, yəqin ki, davamlı olacaq.

- Xaricdəki konsertləriniz tamaşaçılar tərəfindən necə qarşılanır?

- Mən deyərdim ki, Bakıda verdiyim konsertdən beş qat daha gülərüzlə qarşılanır. Qürbətdə yaşayan həmyerlilərimiz milli musiqiyə həsrətdirlər. Özü də, mən konsertlərdə canlı oxuyuram. Ümumiyyətlə, bütün solo konsertlərimdə.
Xaricdə bir azərbaycanlı görən kimi, istəyirlər, onun üçün nəsə eləsinlər. Elə Amerikanın özündə dəqiqəbaşı zənglər alırdım. Danışırdıq, deyirdilər, biz burada yaşayırıq, sizin üçün nə edə bilərik? Konsertdən sonra qonağımız olun, bir stakan çayımızı için.
Burda hər an bilet alıb konsertə gedə bilirsən. Amma xaricdə hər vaxt belə fürsət olmur.

- Sizin səsinizi, ifa tərzinizi ilk dəfə kim dəyərləndirib?

- Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova. 2017-ci ildə keçirilən muğam müsabiqəsindən danışıram. Onların qiyməti mənim üçün çox dəyərli idi.

- Kitab oxuyursunuz?

- Roman oxumağı sevirəm. Macəra romanları... Psixoloji kitablar çox oxuya bilmirəm, çünki beyni yorur. Bəzən insanı ruhdan da sala bilir..

- Bir neçə əsər tövsiyə edə bilərsiniz?

- “Tom Soyyerin macaraları”nı. Vulf Donun əsərlərini. Türk müəllifləri də oxuyuram.

- Bir sənətkar ailəsində böyümüsünüz. Ən çox kimlər gəlib-gədərdi sizə?

- Demək olar ki, doxsan faiz sənətkarlar gəlirdilər. O vaxtkı mahıları kasetlərdən disklərə köçürmüşük ki, yadigar qalsın. Mən onları bir-iki yaşlarımda görmüşəm. Bəziləri artıq həyatda yoxdular. Həyatda olanlara can sağlığı arzulayıram.

- Almaxanım necə insanlarla ünsiyyətdə olmağı sevir?

- Mən, ümümiyyətlə, pozitiv insanam. Deyib-gülməyi, yumoru sevirəm. Düşünürəm ki, həyatı bir dəfə yaşayırıqsa, gərək şən keçirək. Düzdü, elə anlar olur ki, məcburuq o kədəri yaşamağa. Bəzən insanın həyatında elə kədərli hadisələr olur ki... Çox həssas insanam. Bir həftə, on-on beş gün özümə qapana bilərəm. Amma bacardığım qədər çalışıram ki, Allahın bizə verdiyi ömrü faydalı yaşayım. Səmərəli keçirim.Pessimist insanları sevmirəm. Elə insanlarla təbii ki, yola gedə bilmərəm.

- Övladınız olarsa, bu sənətdə olmasını istərdinizmi?

- Qismət allahdan. Yəqin, mən qarışmazdım. İnsan həyatda özünü tapmalıdı. Məsələn, mən məcburən hüquqşünas olsaydım, yəqin ki, yaxşı hüquqşünas olmazdım. Ona görə hər kəs gərək öz sevdiyi işlə məşğul olsun.

Bilirsiniz, incəsənət genetik keçir. Fikir vermişəm, bir müğənninin ya atasının ya anasının, ya da dayısının yaxşı səsi olur. Bizdə hər iki tərəfdə də musiqi ruhlu insanlar var. Artıq onun ötürülməsi Allahın işidir. Hansısa övlada verir. Bu da mənə Allahın payıdı. Qardaşımda da ola bilərdi, amma onun musiqi istedadı yoxdu. Ona görə başqa sahəyə yönəldi.

- Nə vaxtsa bu sahədə olduğunuza görə peşiman olmusunuz?

- Hə, bu sahədə olduğuma görə peşman olmuşam, amma qısamüddətli. Hər insanın işində enmələr olur. Həmin anlar da bəzən peşimanlıqlar olub, sonra fikrimi dəyişmişəm.

Məsələn, təzə-təzə başlayanda hər tənqidə pis olurdum, hər şeyə həssas yanaşırdım çünki. Özümə qapanırdım. Sonradan anladım ki, bar verən ağaca daş atarlar. İnsan yüksələndə sevinən də olur, kədərlənən də. Ondan sonra o xasiyyətimi tərgitdim. Əgər məni tənqid eləyən peşəkar musiqiçidirsə, mən onu şərəf bilərəm. Amma boş-bikar insanların tənqidini qəbul eləmirəm.

- Hardasa on üç yaşından başlamısınız, artıq on ildir. Konsertlərə hazırlaşırsınız, səhnədə olursunuz. Bu qaydalar sizi yormur ki?

- Yox. Sənətimi sevirəm. Əksinə, mən konsertdə cavanlaşıram. İnsan öz sevdiyi işi görəndə ruhu yüksəlir.

- Elə gənc ifaçılar var ki, bir müddət sonra yoxa çıxırlar. O gərginliyə dözə bilmirlər.

- Bəli, var elələri. Sənət olmayandan sonra... tutalım, bir il qalmaqal yaradarsan, iki il, sonra? Axırda deyəcəklər ki, yaradıcılığında nə var? Biz sənin ifanda nəyi dinləyə bilərik?

- Sizcə, bu sahədə olmasaydınız, hansı sahəni seçərdiniz?

- Rəhbərlik etmək maraqlı gəlir mənə. Uşaqlıqda bəzən düşünürdüm, böyüyüb psixoloq olaram. İnsanları müşahidə etmək, onların düşüncələrini oxumaq... Yəqin, psixoloq olardım.

- Bir sənətçi üçün müşahidə qabliyyəti nə dərəcədə önəmlidir?

- Müşahidə qabliyyəti bir sənətçi üçün çox vacibdir. Çünki ifaçı səhnəyə çıxır, ilk növbədə publikanı müşahidə eləməlisən. Publikanı müşahidə eləyəndə anlayırsan ki, ifaçıdan nə istəyir. Bir dəfə baxan kimi başa düşürəm ki, məsələn, “Sevgili canan” oxusam, məni anlayarlar, yoxsa yox.
O qədər olub ki, getmişəm, anlamışam ki, ümumiyyətlə, bu publika məni anlayan publika deyil. Görmüşəm ki, mən oxuyuram, onu anlaya bilən yoxdur. Narahat olmuşam. Heç olmasa bir alqış, emosiya olmalıdı...

- Toylarda necə, siz özünüz seçirsiniz repertuarı, yoxsa sifarişlərlə? Elə müğənnilər var ki, yalnız öz repertuarını ifa edir.

- Səhnə konsert səhnəsidir. Toy mənim üçün peşəkar səhnə deyil. Amma müğənninin gəliri toydandır. Məcburən gedib toylarda ifa eləyirəm öz heyətimlə, musiqiçilərimlə. İstər yarım saat olsun, istər bir saat. Demirəm, gəlir ancaq toydan olur. Reklam təklifləri də olur, üstəlik, çalışdığım dövlət müəssisələri var, istər Azərbaycan Dövlət Televiziyası olsun, Muğam Mərkəzi olsun. Sumqayıt incəsənət kollecində müəllim kimi də fəaliyyət göstərirəm. Toya gələn adamlar əylənməyə, oynamağa, yeyib-içməyə gəlirlər. Toyda biz oynaq mahnılar ifa edirik ki, camaat oynasın, əylənsin.

- Müəllim kimi özünüzü necə hiss edirsiniz?

- Özümü bir az yaşlı hiss edirəm. Amma artıq vaxtı idi. Tələbələrin əksəriyyət yaşıdlarımdı. Elə tələbələrim var ki, birinci dəfədən qavrayırlar. Elələri var ki, bir neçə dəfəyə. Qısqanc deyiləm ki, bildiklərimi kimlərəsə öyrətməyim. Səmimi deyirəm, istəyərəm ki, kimlərsə də məndən bəhrələnsin.

- Səhnədə də səmimisiniz.

- Bəlkə də, tamaşaçı məni ən çox səmimiyyətimə görə sevir. Özüm olduğuma görə sevirlər məni. Bəzi ifaçılar səhnədən düşdülər, bambaşqa insana çevrilirlər. Aktyorlardan söhbət getmir, onların işi dondan-dona girməkdir. Söhbət ifaçılardan gedir. Müğənni var ki, artıq səhnəyə çıxanda özünü, kimliyini bir kənara qoyub, başqa rəsmi bir obraza girir. Amma mən elə deyiləm. Düzdü, tamaşaçı ilə dostlarımla etdiyim kimi zarafatlar etmirəm, amma səmimi ünsiyyət qurmağa çalışıram. Bu mənə də, tamaşaçıya da xoş gəlir.

- Mətbuatda çox az görünürsünüz...

- Mən seçici insanam. On beş dəvət gəlirsə, ikisini seçirəm. İstər veriliş olsun, istər toy olsun, istər media, sayt olsun. Heç yadıma gəlmir, hansısa sayta müsahibə verəm. Özümü harada dəyərli hiss edirəmsə, orada olmağı sevirəm. Məsələn, bu gün Azərbaycan Televiziyasında on beş dənə veriliş var. O on beş verilişdən yalnız beşinə gedə bilərəm. Aparıcıdan, kollektivdən özümə layiq bildiyim dəyəri görürəmsə, gedirəm.

- Necə oldu ki, muğam müsabiqəsinə qatıldınız?

- Əvvəl elə fikrim yox idi. Çünki mən artıq on üç yaşımdan oxuyurdum. Sonra ustadım Təyyar Bayramovla rastlaşdım. O, Milli Konservatoriyada müəllimim olub. Bir gün verlişlərin birində təsadüfən onunla rastlaşdıq. Mən də muğam təhsili almaq üçün özümə pedaqoq axtarırdım. İlk müəllimim Kamilə Abdullayeva olub. Daha sonra Təyyar müəllimlə görüşdük. Onda ona dedim ki, mən özümü təkmilləşdirmək istəyirəm. İstəyirəm, muğamı sizdən öyrənim. O da razılaşdı. Üç aydan sonra Təyyar müəllim dedi ki, müsabiqə başlayır, sənədlərini hazırla. Mən də sənədlərimi hazırlayıb təqdim elədim. O vaxt müsabiqə Beynəlxalq Muğam Mərkəzində keçirilirdi. Beş yüzə yaxın iştirakçı var idi. Cəmi iyirmi nəfər seçildi. Birinci də mən oldum.

- Finala kimlər qalmışdı?

- Pərviz Qasımovla qalmışdıq. 1-ci yeri o qazandı, baş mükafatı isə mən.

- Muğamla pop arasında balansı saxlamaq çətin olmur ki?

- Mən milli pop, milli estrada oxuyuram. Mənim fikrimcə, xanəndə üçün bütün janrları ifa etmək asandır.

- Xarici dildə mahnı oxumağı düşünürsünüz?

- Əslində, bir neçə dildə ifa eləmişəm. Hətta farsca oxuyandan sonra məni İran mediasında fars kimi qələmə vermişdilər. Mərziyyə adında bir fars müğənnisinin ”Rəftəm ke rəftəm” mahnısını ifa eləmişdim.

Adətən türk dilində ifa eləməyi sevirəm. İngilis dilində də bir neçə mahnı ifa eləmişəm.

Foto: İlkin Nəbiyev

# 5747 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #