Alan razı, satan razı - Gecə klubunda baş verənlər

Alan razı, satan razı - Gecə klubunda baş verənlər
3 dekabr 2021
# 10:58

Karantinin ən kritik vaxtlarında tez-tez toy, nişan keçirilməsi xəbərlərini oxuyurduq. Deyəsən, bir dəfə də hansısa otelin həyətində dincələn şəxslər tutulmuşdu.

İndiyə kimi yadımdadır, polis bölməsinə aparılan həmin şəxslərin içindəki bir qızın dünya vecinə deyildi. Elə bil bir azdan hovuza tullanacaqdı. O qədər rahat görünürdü yəni.

Karantin və karantin qadağaları kasıblar üçün daha təsirlidir. Varlılar üçün qadağa elə də ciddi təsir buraxmır. Onlara cərimələr tətbiq olunanda elə rahat görünürdülər ki, sanki il ərzində yüzə yaxın cərimə ödəmişdilər. Bu rahatlıqdan kasıb balalarına da qismət olsun.

Bizim xalqın karantin qaydalarına uymadıqları və problemlər yaratdığı haqda şəhər əfsanələri dolaşır. Bu şəhər əfsanələrini dinləyəndə xalqımızın yaradıcı gücünə heyran olmuşdum. Şeytanın belə ağlına gəlməyən yollarla karantin qaydalarını pozur və bundan heç kimin də xəbəri tutmurdu. İnzibati qaydalar bizim yaradıcı qabiliyyətimizi zəiflətmədi, əksinə onu daha da cilalandırdı. Təbii, bunda qarşı tərəfin də “xidmət”ləri danılmazdır. Necə deyərlər, alan razı, satan razı.

O gün paytaxtın Yasamal rayonunda yerləşən “1033” gecə klubunda koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması aşkar olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbir zamanı gecə klubuna gələnlərin “COVID” pasportunun yoxlanılmadığı, masalararası məsafənin gözlənilmədiyi, müştərilərə qəlyan təklif edildiyi və bu kimi digər karantin qaydalarının kobud şəkildə pozulduğu müəyyən olunub.

Tədbir nəticəsində gecə klubunun rəhbəri, əvvəllər məhkum olunmuş Mehdi Abbasov və orada işləyən xidməti personal saxlanılıb. Gecə klubunun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Videolardan baxanda görürük ki, sanki koronovirus deyilən bir bəla yoxdur və hamı köhnə günlərdəki kimi rahat və asudə şəkildə rəqs edir, içir, deyib-gülür.

Həmin o kasıbda olmayan rahatlıq içəridə bardaş qurub oturmuşdu.

Karantinin ən pik vaxtlarında da bu cür hallar baş vermişdi. İnsanlar nə yolla olur-olsun köhnə, xəstəliksiz günlərin təəssübünü çəkirdilər. Bu gecə klubu isə hələ təzə-təzə ortaya çıxan söhbətdir və niyəsə bu söhbət mənə bir qədər absurd göründü.

Birincisi, bu qədər vaxtdır fəaliyyət göstərən və həmişə içərisi dolu olan gecə klubu nəyə görə həmin vaxt gözə batdı?

İctimai nəqliyyatda camaatın qol-boyun olduğu vaxtda bu cür sərt müdaxilə nəyə lazım idi?

Burda bir incə məqam da var. Deməli, polis əməkdaşları gecə klubunda əylənən müştəriləri də videoya çəkir və bir növ onları biabır eləyir. Bizdə bu videoya çəkmək dəb halını alıb. Yadınızdadırsa, yoldaşı xəyanət eləmişdi deyə onu əri videoya çəkmişdi və biabır etmək üçün sosial şəbəkələrdə paylaşmışdı. Sonra belə hallar artdı. Həmin adamlar cəmiyyətin avam nümayəndələridi. Amma dövlət bunu etməməlidir. Sənin qoyduğun qadağanı kimsə pozubsa, ona cəriməsini yazırsan, cəzalandırırsan, söhbət həll olunur. Yoxsa onu videoya çəkmək və “biabır etmək” nəyə lazımdır? Burası anlaşılan deyil.

Gecə klubunun rəhbəri polis bölməsində səhv etdiklərini anladıqlarını deyir və bir növ buna görə üzr istəyir. Bu üzr istətmək də təzə moda düşüb. Kimi harda, hansı şəraitdə tuturuq, aparıb qabağına bir kamera qoyub üzr istətdirib, təzədən buraxırıq.

Ümumiyyətlə, bizim karantinlə mübarizəmizin özündə absurd məqamlar var. Xəstəliyin yayılmamağı üçün bütün lazımi tədbirləri qeyd edir, camaatı buna səsləyirik. Ancaq o deyilən, tətbiq olunan qadağalar reallıqla toqquşanda ortaya absurd mənzərə çıxır.

Tamam, sizinlə razıyıq, pandemiyaya görə maska taxılmalı, məsafə qorunmalıdır. Bəs metroya, avtobusa nə etməli? Yaxud ucuz kafe və restoranlar? İnsanlara sıxlıqdan qaçın, təmiz havada gəzin, ictimai nəqliyyatdan az istifadə edin deyirik. Əla! Çox pakizə! Bəs kasıb üçün sıxlıq olmayan yer varmı?

Təmiz havada gəzmək kasıbın harasına yaraşır? Deməzlər ki, sən hansı gününə gəzirsən? Nəqliyyatdan da istifadə etməsən, işə gecikəcəksən. Qadağalar o zaman tətbiq olunmalıdır ki, reallığı nəzərə alasan. Yoxsa gecə klubunu bağlamaq, rəhbərini həbs etməklə koronavirusu ölkəmizdən qova bilmərik. O gecə klubunu karantin qaydalarını pozduğu üçün nümayişkaranə göstərmək də həll yolu deyil.

Həll yolu reallığa əl gəzdirməkdir!

Məncə, bu elə də çətin deyil.

Amma yenə də özünüz bilərsiniz.

# 1999 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #