Kulis.az Fərid Hüseynin Adnan Özerlə Metin Kaçanın məşhur “Ağır roman” əsəri haqqında müsahibəsini təqdim edir.
– Metin Kaçan “Ağır roman”ın girişində yazıb ki, "Adnan Özer olmasaydı, bu kitabı yazmayacaqdım”. İstərdim ki, əsərin girişindəki bu cümlənin yazılma səbəbini oxucularla bölüşəsiniz...
– Mən Metinin qardaşı, məşhur karikatura ustası Həsən Kaçan ilə cavanlıqdan dost idim. Metini isə əsgərlikdən gələndən sonra tanıdım. Bir gün Həsən mənə dedi ki, qardaşım yumoristik hekayələr yazır. Onda Həsən “Qır-qır” dərgisini çıxarırdı, bu karikatura jurnalı məşhur “Krokodil” jurnalından sonra dünyada ən çox satılan karikatura jurnalı idi, 400.000 tirajla nəşr olunurdu. Həmin jurnalda Metinin iki yumoristik hekayəsi dərc olunmuşdu. Metin o zaman yumoristik hekayələr danışıb, səsini kasetlərə yazdırıb satardı. Onlara da qulaq asdım. Bir gün Həsən mənə dedi ki, kömək elə, Metin kitabların, qəzetlərin çap olunduğu “Babali”də işləsin. Çünki o, maşın ustası, yaşadığı məhəllə isə kriminal bir yer idi. Metin hər gün dava edir, bəlaya düşürdü. Uzunçuluq eləmirəm ki?
– Qətiyyən... Buyurun...
– Mən də “Metis” nəşriyyatındakı dostuma məsləhət gördüm ki, onu işə götürsün. Metin getdi, amma onu işə götürmədilər. O vaxt mənim balaca bir nəşriyyatım vardı, bir müddət orada işlədi.
Bir neçə ay sonra nəşriyyat iflasa uğradı, çünki Metin o qədər gülməli hekayələr danışırdı ki, gülməkdən işləyə bilmirdik. O vaxt mənə “Ağır roman”dan bəzi səhnələri danışırdı, deyirdim ki, bunları roman kimi yaz. Deyirdi ki, yazı-pozu mənlik deyil, mənimki elə danışmaqdır. O illərdə gedib Kasımpaşada çayxanada bu əhvalatları danışıb insanlardan çoxlu pul yığırdı, həm də kasetlərini satırdı. Ramazanda məddahlıq edirdi, dini hekayələr danışıb beş-üç manat qazanırdı. Mən onu axır ki, yola gətirib romanı yazmağa razı saldım. Əvvəl-əvvəl yazarkən çox darıxırdı. Bir yerdə otura bilmirdi. Bir dəfə ayaqlarını stula bağladıq ki, qalxa bilməsin, yazsın. Sonra ona bir qız köməkçi tutduq, o romanı diktə etdi, qız da yazdı. Bu romanı yazıb bitirənə qədər iki dəfə intihara cəhd etdi. Çünki dəhşətli dərəcədə darıxırdı. Bu romanın yazılması iki il yarımlıq möhtəşəm bir macəradır...
– Axır ki, yazıb bitirdi...
– Hə, nəhayət. Bir gün zəng etdi ki, romanı tamamlamışam, dur gəl. Getdim. Yekə kağızları divardan sancaqla vurub ki, açılmasın. Dedi, get bax. Gedib divardakı kağızlardan əsəri oxudum. Soruşdum ki, bəs niyə axırda nöqtə qoymayıbsan? Dedi “onu qəsdən qoymamışam, kənara çəkil, nöqtəni indi qoyacağam”. Tapançasını çıxarıb atəş açdı. Güllə düz son cümlənin axırına dəyib divara girdi. Bütün məhəllə ayağa qalxdı ki, görəsən, kimi güllələdilər. Metin çox sərrast nişançı idi. O qədər sərrast nişançı idi ki, Luna Parkda tir ilə hədəfi vurmaq istəyəndə həmin obyektlərin sahibləri razılaşmazdılar. Çünki gülləsi heç vədə boşa getməzdi, bütün hədiyyələri udardı. Heç kəs onunla qumar oynamazdı, çünki əldən pərgar idi.
– Amma əsər bir zaman onu işə götürməyən “Metis” nəşriyyatı tərəfindən çap olunur...
– Hə, o məsələdə də inad göstərdi ki, əsər o nəşriyyat tərəfindən çap edilməlidir. Apardım, oxuyub çox bəyəndilər. Və roman işıq üzü gördü.
– Əsərin yazılmasındakı təkidinizdən danışdınız, bəs yaradıcı baxımdan romanın meydana gəlməsində hansı rolunuz olub?
– “Ağır roman”ı üç dəfə redaktə etmişəm, amma ciddi dəyişikliklərdən söhbət gedə bilməz. Çünki əsərin verbal gücü çox möhtəşəm idi, onu poza, əl dəyə bilməzdim. Mən Metini roman yazmaq üçün hazırladım, ona çoxlu kitablar oxutdurdum, amma o da sürətlə çalışır, dediklərimi edirdi.
– Romanın arqo dili, məhəlli ifadələri türkiyəli oxucular üçün nə dərəcədə anlaşıqlıdır?
– Ümumən anlaşıqlı deyil. Amma Kasımpaşa, Karagümrük, Qazi Osmanpaşa, Topxana məhəllələrində yaşayanlar əsəri rahatca və tam anlayırlar, amma başqa yerlərdə yaşayanlar üçün bir sıra ifadələri başa düşmək çətindir.
– Məsələn, o əsərdə “git başımdan” ifadəsinə “yayıl burdan” deyirlər. Bu cür ifadələr əsərdə çoxdur... Belə ifadələr, bəzən lüğətlərdə rast gəlmədiyimiz söz birləşmələri, qısaltmalar romanın başqa dilə tərcümə olunmasında çətinlik yaratmırmı?
– Əlbəttə, yaradır. Eşitdiyimə görə bu romanı alman dilinə uğurla tərcümə ediblər. Çünki bu əsəri alman dilinə yaxşı çevirə bilmək üçün tərcüməçi bir müddət gəlib Kasımpaşada yaşadı, oranın məhəlli dilini öyrəndi, adətlərinə bələd oldu ki, tərcümə işi uğurlu alınsın.
– Əsərin baş qəhrəmanı – Salih müəllifin prototipidir?
– Bəli, əsərdəki baş qəhrəman – maşın ustası onun özüdür. Onun qəhrəmanları real şəxslər idi. Hamısını tanıyırdım, onlardan cəmi biri sağdır, qalanları rəhmətə gedib.
– Bəs əsər çap olunandan sonra bu romanda öz obrazlarını görən real insanlar M.Kaçana aqressiya göstərdilərmi?
– Əlbəttə, müəyyən narazılıqlar oldu. Amma Metin deyilənləri bu qulağından alıb, o biri qulağından buraxırdı.
– Tina xanım onun əxlaqsız obrazının ədəbiləşdirilməsinə necə reaksiya göstərdi?
– O qadını Metin uşaq olarkən tanımışdı. Sonralar məhəllədən köçmüşdü. Ona görə ciddi bir problem olmadı.
– Romanda təsvir olunan Korela məhəlləsi mənə təcrid olunmuş Latın Amerikasının kiçik modelini xatırlatdı. Müşahidəm nə dərəcədə müfəssəldir?
– Tamam doğru müşahidədir. Dəqiq tutubsan. Bilirsən niyə? Çünki Jorje Amadu bizim üçün nəsrin “peyğəmbəri” idi. Onun əsərlərini sevə-sevə oxuyurduq. Amma Metin tam mənada əsər oxuyub sonra roman yazacaq bir insan deyildi. Əslində, o, əsl məddah idi. Bəlkə də, əvvəlki həyatında məddah olmuş, sonra reinkarnasiya nəticəsində dəyişmişdi. Məddah deyərkən, tərifçiliyi nəzərdə tutmuram. Dini məclislərdə aramsız danışan məddahları nəzərdə tuturam. Üç gün yatmadan da danışa bilirdi. Bir ev tutmuşdu, o ev gün ərzində elə hey dolub-boşalırdı, insanlar gəlib-gedirdi. Özünə böyük bir kreslo düzəltdirmişdi, orada oturub gülməli əhvalatlar danışırdı. Gələnlərin çoxu qadınlar idi, daim onları güldürürdü. Qadınlar onları güldürə bilən kişiləri dəlicəsinə sevirlər.
– “Ağır roman”da hər kəs bir bəlaya mübtəladır, heç dinc günləri yoxdur, amma bütün bunlara baxmayaraq qəhrəmanlar nikbindirlər. Həmin məhəllənin insanları real həyatda da elədir, yoxsa bu, yazıçının inancının ifadə edən utopiyasıdır?
– Eyni zamanda Metin çox nikbin adam idi, heç əsəbiləşməzdi, dalaşanda da. Heç nəyi özünə problem etməzdi. Siyasətdən zəhləsi gedərdi. Daim insanları güldürərdi. Heç zaman da xəstələnməzdi. Fiziki cəhətdən çox güclü və qəmsiz adam idi. Öz düşüncəsi əsərə də hopub. Bir də ki, kasıb insanlar ümidli olurlar, onların böyük arzuları olmur deyə, ümidləri daha əlçatan olur. Ümidləri əlçatan olan adamlar isə nikbin olurlar. Arzularımız böyüdükcə, kədərlənirik, istəklərimiz qarşısında gücsüzlüyümüzü şüuraltı olaraq hiss edirik.
– Bu əsərdə Türkiyənin hüquq sistemi aciz durumda göstərilir. Sanki heç bir qayda-qanun işlək deyil. Bu məqam nə dərəcədə realdır?
– Ora – həmin məhəllə tam mənada Türkiyə deyil, ora öz qanunları olan xüsusi bir məhəllədir. Onlar hüququ tanıyırlar, amma saymırlar. Bu məhəllənin öz qaydaları var, o qaydaları pozanlar cəzalandırılır. Orada hər kəs qisasını özü alır, heç kəs başqasından polisə şikayət etmir. Orada kimsə kiminsə xanımına kəm gözlə baxmaz. Metin real həyatda da belə məsələlərə həssas idi. Məsələn, biri məclisə yanında bir xanım gətirirdi, kimsə ona gözaltı baxardı. Metin həmin adamı dərhal pərt edərdi. Yapışardı o xanımın qolundan və həmin şəxsə deyərdi ki, buyur, götür, al apar, sənin olsun. Çox qısqanc adam idi. Əsərdə də o cür qaydalarla yaşayan obrazlar var, onlar öz prinsipləri ilə ömür edirlər, onları tam hüquqsuz hesab etmək olmaz.
– M.Kaçan “Ağır roman”ı şöhrət qazansa da, sonralar az yazdı...
– “Ağır roman”dan sonra “Fındıq səkkiz” romanı, “Adaya gedən qayıq” və “Servantesin qardaşı oğlu” adlı hekayələr kitabı çap olundu. Yazmaq onun üçün çox çətin bir proses idi.
– Yazarların onun yaradıcılığına münasibəti necə idi?
– Yaşar Kamal onun yaradıcılığını çox sevərdi, Orxan Pamuk isə sayğı duyardı, çünki Metinin yaradıcılığı çox orijinal idi. Amma Metin belə şeyləri eyninə almazdı, onun üçün söyülməklə öyülməyin ciddi fərqi yox idi.
– Bu roman Metin Kaçan sağ ikən də indiki qədər məşhur idi?
– Hə, nə danışırsınız?! Çox məşhur idi. Bir neçə ay sonra məşhurlaşdı, əsər ulduz kimi parladı. Sürətlə satılırdı, haqqında çoxlu məqalələr yazılırdı, danışılırdı.
– Yəqin, bu romana görə normal qonorar da alırmış.
– Alırdı, amma iki gün, ən uzağı üç gün ərzində bütün pulların başına daş salırdı.
– Bəs “Ağır roman” filminin ssenarisini niyə özü yazmadı?
– Çəkilişlərdə iştirak etdi, ssenarini də onunla məsləhətləşdilər, ancaq özü yazmadı. Oradan da pul qazandı. Çox qazandı. Sonra bu əsərin əsasında balet yazıldı, oradan da qonorar əldə etdi.
– Bu əsəri oxuyan əcnəbi bir adam İstanbuldan qorxar, düşünər ki, bu şəhər insanı yeyib axırına çıxan müdhiş bir meqapolisdir.
– Hə, əksər meqapolislər elədir. Meqapolis insana çox şey təklif edir, amma əvəzində əlində olanları da alır. Şəhərdə yaxşı yaşamaq üçün etdiklərinin əvəzində nələr itirdiyini düşünəndə, bu məqamı daha yaxşı anlayırsan. Metinin təsvir etdiyi məhəllə real, əyləncəli idi, amma təhlükəli idi. Mən uşaqlıqdan Batmanda böyüdüyüm üçün qismən oranın dilini bilirdim, amma yenə də təhlükəli idi.
– Bu romanın Türkiyədə klassik romanlarla bir cərgədə dayanmasının səbəblərini nədə görürsünüz?
– İstanbul mədəniyyəti, bu şəhərin kənar məhəllələrinin dili, əsərin sosial yükü onun klassik əsər kimi qəbul edilməsinə gətirib çıxarır. Əlbəttə, Metin belə şeyləri, sosioloji qatı-filan düşünməzdi, o, sadəcə bildiyi kimi yazardı. Bu roman, həm də bir romansdır.
/kaspi.az/