Acunun iştirak etdiyi sünnət toyu

Acunun iştirak etdiyi sünnət toyu
23 oktyabr 2023
# 15:00

Kulis.az Ülvi Bahadırın "Gözləntilər" adlı yeni yazısını təqdim edir.

Uzun müddətdir ki, informasiyanın çoxunu Türkiyədən alırıq. Türkiyə və türk dili bizim üçün bir növ nəfəslik olub. Oxuduğumuz kitabların, baxdığımız filmlərin çoxu türk dilindədir.

Bu yaxşıdırmı? İdarə eləyə bilsək, yaxşıdır. Ancaq bacarmırıq.

Məsələn, deyirlər ki, türk dilində olan kitablar tərcümə olunmasın və ya türk dilində olan filmlər dublyaj olunmasın.

Belə qeyri-peşəkar, düşünülmədən deyilən fikirlər Türkiyəyə və türk dilinə qarşı aqressiya yaradır.

Əslində, belə də olmalı idi. Çünki öz dilimizdə ciddi baza yoxdur.

Kitablarda çox ciddi tərcümə, redaktə, korrektə problemləri var.

Dublyaj sahəsində də vəziyyət eynidir.

Əlbəttə, səbəb maliyyədir, amma işə necə yanaşılmağından da çox şey asılıdır.

Məsələn, götürək Acunu...

Acun Ilıcalını deyirəm.

Dünən Bakıya gəlmişdi axı.

Uğur hekayəsini, təcrübələrini bölüşməyə.

Buyurun, iştirakçıların əksəriyyəti narazıdır.

Yüz, yox min faiz əminən ki, çoxu sırf Acunla görüşmək, onunla şəkil çəkdirmək üçün getmişdi.

İndi də özlərini elə aparırlar ki, guya məqsədləri nəsə öyrənmək olub.

Acunun Türkiyədəki bu tipli çıxışlarına baxmışam. Orada da ciddi heç nə demir.

Ağlı başında olan hər kəs bilməli idi ki, adam burada da tutarlı heç nə danışmayacaq.

Başına gələn gülməli hadisələrdən danışıb, xurcununu doldurub gedəcək.

Əvvəlcədən bilirdiniz axı, bu nə təəccüb?

Öyrənmək niyyətilə bilet alanları başa düşürəm.

Onlar düşünürlər ki, buna elə televizorda baxmışıq da.

Səmimi deyirəm, mən Türkiyədən gələnlərin, bəh-bəhlə təqdim edilənlərin çıxışlarından ciddi nəsə gözləmirəm.

Sabun köpüyü...

Hə, İlber Ortaylı, Celal Şengör öz sahələrinin nəhəngləridir, amma çıxışlarının çoxunda tamamilə başqa mövzularda danışırlar.

Xüsusilə də Celal Şengör.

Adam hərlədib-fırladıb söhbəti dinə gətirir, müsəlmanların “nadan” olduğunu sübut eləməyə çalışır.

Demirəm ki, bir alim ancaq öz sahəsindən danışmalıdır. Ancaq arada bir başqa mövzularda da gəzişməlidir də.

Axı nə qədər 2-3 mövzunun ətrafında avaralanmaq olar...

Bəzi adamları başa düşürəm, onlar alimi ayağa vermək istəmir.

Nə olursa olsun, müdafiə eləmək istəyir.

Ancaq olmaz, vallah, olmaz.

Ümumiyyətlə, nə gözləyirdiniz?

Bir nəfər yazıb ki, Acunun xəbəri var bu ay toylara nə qədər pul gedib?

Əziz yurddaşımdan ötrü Vaqifin oğlunun sünnət toyu Acunun dəfələrlə gülünmüş, vaxtı keçmiş, çoxunun əzbərlədiyi həyat hekayəsindən daha vacibdir.

Acunun “konserti” haqqında ən tutarlı fikir də elə bu idi.

Məncə, Acun əvvəldən toy qiymətləri ilə maraqlanmalıydı.

İmkan eləyib bir sünnət toyunda iştirak etməli, iki lülə, bir tikə yeməli, müsəlman olmağa hazırlaşan uşağın ayaqlarını tutmalı idi.

Yadıma düşür, İlber Ortaylı Azərbaycana gələndə onu sünnət toyuna aparmışdılar. Üstəlik, görkəmli tarixçi sünnət edilən uşağa kirvə durmuşdu.

Proses öz İlberlərimizi, Celallarımızı, Acunlarımızı yaradana qədər davam eləyəcək.

Ümid eləyirəm ki, son hadisələrdən sonra ölkədə müsbətə doğru nələrsə dəyişər.

Bizim insanlarımız da öz işini, biznesini qurar, uğurlu olar, öz hekayələrini gənclərlə bölüşər.

İndiki şərtlərlə hələ uzun illər Acunların məzəli hekayələrinə dodaq qaçırmağa məcbur olacağıq.

# 7171 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #