Tünzalənin söyüş yağdırılan fotosu

Tünzalənin söyüş yağdırılan fotosu
8 fevral 2021
# 12:45

Bir dəfə tədbirlərin birində Xalq artisti Şeyx Əbdül ilə söhbət edirdik. Dedi, Röya Xalq artisti adını alanda dedim ki, qızım, indi sən bizim şinel yoldaşımızsan. Geyiminə bundan sonra fikir ver.

Etiraz edib düzgün yanaşma olmadığını dedim.

Ümumiyyətlə, Xalq artisti adı çərçivə olmamalıdır. Biz nədənsə müğənnidən, aktrisadan Tükəzban Fatmanisə imici umuruq. Abırlı, ismətli ev qızı görmək istəyirik səhnədə. Amma 21-ci əsrin səhnə tələbləri başqadır. Mütəmadi olaraq keçmişin səhnə adamları ilə müasir dövrün ulduzlarını müqayisə etmək, onları nümunə göstərmək yersizdir.

Şövkət Ələkbərovanın, Rübabə Muradovanın zamanında pop musiqisi ölkəmizdə hələ ayaq açmamışdı. Üstəlik, o dövrün bütün qadın müğənnilərinin çəkisi 70 kiloqramdan aşağı deyildi. Öz bədən ölçülərinə uyğun da libaslar geyiniblər.

Azərbaycan səhnəsinə cəsarətli geyim ənənəsini ilk dəfə Aygün Kazımova gətirdi. O, libasları daşıya bilmək uğrunda 30-dan çox plastik əməliyyat keçirtdi. Çünki açıq-saçıq geyim həm də sənətçinin üzərində estetik görünməlidir. 100 kq çəki ilə dərin dekolteli libas geyinən müğənni şübhəsiz ki, çox vulqar görünəcək. Məsələn, dünya şöhrətli amerikalı müğənni Adele 3 il əvvələ qədər 80 kq-dan çox çəkiyə sahib olduğu üçün səhnəyə heç vaxt açıq-saçıq geyimlərdə çıxmırdı. Amma bu gün Adele arıqlayıb ideal çəkiyə sahib olduğu üçün istədiyi cəsarətli geyimləri geyinə bilir.

Özümüzdən misal çəkim. Zülfiyyə Xanbabayeva səhnəyə konsert zamanı body ilə çıxsa vulqar görünər. Amma Aygün Kazımova, Röya o geyim tərzinin haqqını verir. Yəni, səhnə cəsarət tələb edir deyibən ağına-bozuna baxmadan, məkanına uyğun oldu-olmadı sinə-baş açıb səhnəyə atılmaq da olmaz. Buna görə də mütləq hər bir müğənninin peşəkar stilisti olmalıdır.

O geyimi daşıya bilmək əhəmiyyətli şərtdir. Sosial şəbəkələrdə tez-tez pop ulduzlarımızın geyimləri müzakirəyə çıxarılır. Xüsusilə fəxri ad alan sənətçilər linç olunur.

Bir neçə gündür sosial şəbəkələrdə geyiminə görə linç olunan Xalq artistlərindən biri də Tünzalə Ağayevadır. Sənətçinin qatıldığı verilişlərdən birində çəkilən fotosu müzakirə mövzusudur. Mən şəxsən nə qədər diqqətlə baxdım, Tünzalə Ağayevanın geyimində ciddi qüsur, əxlaqdan kənar bir şey tapa bilmədim.

Qara tül parçadan olan uzun libasın sinə dekoltesi dəri tonlarında olan parça ilə kombinasiya olunub. Olduqca normal bir səhnə geyimidir.

Ancaq sosial şəbəkələrdə fotonun altında başını alıb gedən çirkin müzakirələrdən belə nəticəyə gəlmək olur ki, istifadəçilər Tünzalə Ağayevanı lüt görürlər. Bu, bizim cəmiyyətdə nə qədər travmalı insanların olmasından xəbər verən ciddi bir siqnaldır əslində. Xüsusilə qadınların qeyri-etik şərhləri Azərbaycanda qadınlarının psixoloji vəziyyətinin bərbad olmasını bütün çılpaqlığı ilə meydana qoyur.

Ömrü boyu öz həyatlarında söz haqqı olmayan qadınlar sosial şəbəkələrdə qəhrəmana çevrilirlər. Sənətdən xəbəri olmayan, ömrü seriallara baxıb, şopping etməklə keçən, həyatlarında ən ciddi məşğuliyyətləri qeybət etməkdən ibarət olan bu qadınlara görə səhnədə açıq-saçıq geyinən qadın əxlaqsızdır və cəmiyyətə pis nümunədir.

Bir sənətçini sənəti tərəfindən deyil, geyimi, şəxsi həyatı ilə müzakirəyə çıxartmaq mənə görə ən böyük əxlaqsızlıqdır. Sosial medianın verdiyi azadlıqdan bu cür çirkin şəkildə istifadə etmək cəmiyyət olaraq çox böyük qüsurumuzdur. Sosial media azadlığı bir başqasını təhqir etmək, qeyri-etik şərhlər yazmaq, şəxsiyyətə toxunmaq anlamına gəlmir. Bu azadlıq insanlara daxili aqressiyasını, psixoloji gərginliyini məşhur simaları söyməklə sakitləşdirməyə rəvac vermir.

Azadlıq başqalarını ədəb, əxlaq və vicdan sərhədləri içərisində tənqid edə bilməkdir. Təhqirlə tənqidi bir-birindən ayırd edə bilməyən insanlar insani xüsusiyyətlərini itirmiş insanlardır və onların varlığı cəmiyyətimizi irəli deyil, geri aparır.

Bunun da kökündə yenə maarifsizlik, məlumatsızlıq dayanır. Çünki, az da olsa əli, gözü kitaba dəyən insanlar, ciddi musiqini bilənlər, rokdan, cazdan, repdən xəbərdar olan insanlar, dünya sənət dünyasında nələr baş verdiyi ilə maraqlanan insanlar səhnəyə çıxan müğənninin geyimini deyil, onun sənətini müzakirə edir. Bir sənətçinin sənətini, səsini, səhnə mədəniyyətini bəyənməyə, müzakirə, tənqid edə bilərik. Hətta geyimini də bəyənməmək haqqımızdır. Amma heç kimə geyiminə görə əxlaqsız damğası vurub, söymək haqqımız yoxdur. Beynəlxalq aləmdə bu kiber zorakılıq hesab olunur.

# 18559 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #