Tanrının əlləri məndən uzaqda - Tanımadığımız o şair kimdir?

Tanrının əlləri məndən uzaqda - Tanımadığımız o şair kimdir?
13 yanvar 2021
# 16:30

Kulis.az Xeybər Göyyallının "Ramiz Kərəm - özünü yazan şair" adlı yazısını təqdim edir.


Ramiz Kərəm geniş ictimaiyyət arasında bir o qədər tanınmasa da, Azərbaycan ədəbi cameəsinə bu imza kifayət qədər yaxşı tanışdır. Çünki Azərbaycan Yazıçılar Birliyinin təsisçisi olduğu “Azərbaycan“ və “Ulduz” jurnallarında müntəzəm olaraq onun şeirləri dərc edilib. Ona görə müntəzəm olaraq dərc edilib yazdım ki, ədəbiyyata gələndən, imzası ədəbi ictimaiyyət tərəfindən sayğıyla qəbul olunandan adıçəkilən dərgilərdə ən çox nəşr olunan müəlliflərdən biri olub. R.Kərəmin şeirlərinin aylıq ədəbi dərgilərdə müntəzəm işıq üzü görməsi yalnız onun şeirlərinin poetik siqləti ilə bağlı idi. Onu da qeyd edim ki, R.Kərəmin şeirləri ilk dəfə ədəbi ictimaiyyətə elə “Azərbaycan” jurnalından təqdim olunmuşdur. Ötən əsrin 80-ci illərində “Azərbaycan“ və “Ulduz” jurnallarında titullu, səlahiyyət və mənsəb sahibi olan yazarların dərc edilməsi belə çox müşkül məsələ idi. R. Kərəmin ilk şeiri 1980-ci ildə, tələbə olarkən Ə. Əylislinin baş redaktorluğu ilə nəşr edilən “Azərbaycan” jurnalında işıq üzü görmüşdü. İlk şeiri dedim, adıçəkilən həmin nüfuzlu ədəbiyyat dərgisində Ramiz Kərəmin düz beş şeiri çap olunmuşdur. Həmin dövrü yaşamış insanlarda nostalgiya yaradacaq bir şeyi də deyim ki, daha inandırıcı görünsün. Sözügedən dönəmdə “Azərbaycan” jurnalında dərc olunmaq Parnasa (XIX əsrdə Fransada “sənət sənət üçündür” nəzəriyyəsini müdafiə edən tanınmış yazarların yaratdığı ədəbi cərəyan) düşmək kimi qəbul olunurdu. Bu məqamda bir etirafı da etmək ədalətli olardı. O dövrdə sovet rejiminin yasaq və qadağalarını istisna etsək, ədəbiyyata, ədəbi-bədii mətnə ciddi bir yanaşma var idi. R. Kərəm ədəbiyyata-sözə ciddi kriteriyaların sərgiləndiyi bir dövrdə gəlmişdir. Onu da səmimi etiraf edək ki, onun şeirləri ədəbi ictimaiyyət tərəfindən ilk gündən sorğu-sualsız, əngəlsiz-maneəsiz qəbul olundu. Onun işıq üzü görən ilk şeirləri ədəbi məziyyəti, bədii mükəmməlliyi ilə diqqəti cəlb elədi. Bu məqamda onu da xüsusi vurğulamaq istərdim ki, R. Kərəmin ilk ədəbi nümunəsi ilə son yazdığı poetik mətnlər arasında diqqəti cəlb edən dəyişiklik hiss olunmadı. Onun bütün şeirləri eyni ilhamla yazılıb, yaradıcılığına bütövlükdə dəyişilməyən bir ritm, eyni bir ahəng xasdır. O, sözə yeni ruh, təzə nəfəs gətirmişdir. İlk qələm təcrübəsindən tutmuş son şeirinə qədər özü demiş, “sözdən asılan” bir şair oldu. Bu da birbaşa istedadın gücü ilə bağlıdır.

R. Kərəm ilk gündən özünəməxsus bir poetik formanın yaradıcısı oldu. Poetik ənənədən qidalanan şair orijinal bir dəst-xəttə imza atdı. Bütün yaradıcı və orijinal yazarlar kimi, R. Kərəmin də şeirləri uzaqdan çağırır. Bu mənada görkəmli fransız yazıçısı Jül Renar dediyi kimi : ”İnsan üslubdur”. Azərbaycan poeziyasında Ramiz Kərəm üslubu var. Üslub nədir? Üslub sözün arxitektonikası, üslub fikir, fikir də insan deməkdir. Çox təəssüflər olsun ki, onun yaradıcılığı barədə ədəbi tənqidimizin xüsusi bir araşdırması yoxdur. Ancaq onu da qeyd edək ki, ədəbiyyat tənqidçiləri müasir Azərbaycan poeziyası barədə araşdırmalarında R. Kərəmin yaradıcılığına müsbət rəy bildirmişlər.

R. Kərəmin üç şeir kitabı nəşr olunub. Bircə kitabı belə onun əsl şair olduğunu təsdiqləyər və ədəbiyyatda qalması üçün kifayət edərdi. Bircə kitabla dünya ədəbiyyatında yaşayanlar çoxdur. R. Kərəmin kitablarının ikisi barədə (“Sərçə qanadında qurğuşun yükü” adlı sonuncu kitabı pandemiya dövründə çap olunub) yazılmış resenziyalarda onun yaradıcığının ədəbi-bədii məziyyətləri təhlil edilib.

R.Kərəmin öz ifadəsini işlədəcəm. O, ürəyinə yatan, bəyəndiyi şairlər haqqında deyərdi: ” filankəs özünüyazan şairdir”. Bu, adi bir ifadə deyil. Bu məqamda məşhur bir ifadəni də xatırlatmaq yerinə düşərdi: ”Kim özgələri ilə vuruşur, qazancı ritorikadır, kim özü ilə vuruşur nəticəsi poeziyadır”. Hər kəs özü ilə döyüşə bilmir. Hər kəs özü ilə döyüşə bilmədiyinə görə də “özü” ola bilmir, “özünü” yaza bilmir. Özünüyazanlar özü ilə döyüşənlərdir. Özünüyazan orijinal şairlərdir. R. Kərəmin orijinal və bənzərsiz şair olduğunu tanınmış ədəbiyyatşünas, dəyərli ədəbi tənqidi məqalələr müəllifi olan Vaqif Yusifli də onun haqqında yazdığı məqalədə xüsusi olaraq vurğulamışdır. Tanınmış ədəbiyyat tənqidçisi, filologiya elmləri doktoru Vaqif Yusifli R. Kərəm haqqında yazdığı məqalənin adını, çox doğru olaraq, ”Bu Ramiz Kərəm, ancaq özünə oxşayan şair” qoymuşdur. Kiminsə təsiri altında, hansısa böyük bir yazarın yaradıcığının təsir dairəsində orijinal şair olmaq mümkün deyil. R. Kərəm özünüyazan şairdir:

Hamı özünün ən dadlı,
Şirin sözünü oxuyur.
Hamı öz taleyini,
Hamı özünü oxuyur.

R. Kərəm özünüyazan şairlərdən olduğundan onun yaradıcılığı mövzu və mündəricə cəhətdən çoxqatlı və çoxrənglidir. Onun yaradıcılığında mövzu və mündəricənin rəngarəng olması şairin birbaşa daxili dünyası, təbiət və xarakteri ilə bağlı idi. R. Kərəmin yazı manerasına bələd olanlardan biri də mənəm. O, yazmaq xatirinə, imzasını nümayiş etdirmək naminə yazmayıb. O, zorən yazmayıb. Necə ki, əvvəlki məqaləmdə yazmışam: ”o, şair doğulmuşdu”. R. Kərəm, inanmıram ki, nə vaxtsa özünü şeir yazmağa məcbur etmiş olsun. Onun pencəyinin döş cibində həmişə dəftərçə və ya qatlanmış ağ vərəqlər olardı. İlham pərisi harada gəldi - yol gedəndə, çay içəndə, çörək yeyəndə - elə oradaca əlinə qələm alardı. Onun şeirləri könüldən süzülüb, ürəkdən gəldiyi üçündür ki, elə ürəkdən yazılıb, ürəklə yazılıb. Bəlkə də, elə bu səbəbdəndir ki, onun mövzu dairəsi də çox geniş və əhatəlidir. R.Kərəm yurd sevgisindən, torpaq nisgilindən, Araz həsrətindən, bir gecənin ay işığından, səhərin tərs üzündən, yarpaqların payız qəmindən, payızın dəli küləyindən, göydən ötən qərib durnadan , narın- narın yağan yağışdan, qövsi-quzehdən, bir qərib nəğmədən, yuxusuna gələn nəğmədən, kişilərin göz yaşından, bir günün nağılından, ümidin rəngindən, günahdan-ahdan, daha nələrdən yazmayıb. O, nədən yazıbsa, özü demişkən,”ürəyinin işığından” keçirib, elə ürəyinin işığında da yazıb. Mən həmişə o qənaətdə olmuşam ki, poeziya ürəyin, nəsr isə daha çox beynin məhsuludur. R. Kərəmin poeziyasının alt qatında sufilik dayanır:

Əlində ümidi ölən quşların
Ağrısı-acısı sənin ki deyil.
O telin üstündə tənha oturmuş,
Qaranquşun qəmi qəmin ki deyil.
Gözün görə-görə ayağın altda,
Sevgi yaraşığı bir gül sınıbsa,
Tonqal alovunda, qış qırovundan.
Ürək soyuyubsa, göz yayınıbsa,
Bu yollar o yurda aparmaz səni.

Elə bu məqamda digər bir poetik nümunəyə diqqət edək:

...Qaçırdım tələsik uşaqlığımla,
O yaldan o üzdə quzu gəzməyə,
Beşdaş oynadığım qızı gəzməyə,
Tanrının əlləri mənə yaxınmış,
Əlimi uzatsam, çata bilərdim,
Tanrının əlindən tuta bilərdim.

Kəpənək qovmağa qarışıb başım,
Çiyələk yığmağa qarışıb başım,
Göylərə baxmağa vaxtım olmayıb.
Demə tələsdikcə kişiləşməyə,
Hər il böyüdükcə mən qarış-qarış,
O əllər üstümdən uzaqlaşırmış.

Nə yaldan o üzdə quzu qalıbdır,
Nə də çəmənlərin qızı qalıbdır.
Təkcə alnımdakı yazı qalıbdır,
Tanrının əlləri məndən uzaqda.

Bu sufi düşüncəsi deyilmi?! Bu məqamda “heyrət, ey Tanrı” deməkdən başqa söz qalmır.
Dünyanın nəhəng yazarlarından sayılan F.M. Dostoyevski deyib ki, dünyanı gözəllik xilas edəcək. Gözəllik konkret olduğu qədər də mücərrəddir. Bir də gözəlliyin özü də təmizliyə və saflığa möhtacdır. Gözəllik özü də saf olanda müqəddəsləşə bilər. Dünya yaranandan insan övladı mənəvi burulğandan xilas olmağa can atır. ”Cümlə-xəyanətlərə bais olan insanın” xilasının ən böyük yolu elə mənəvi təmizlikdən keçir. R. Kərəm mənəvi təmizliyi ürək-könül işi bilir. Onun poeziyasında bir könül-qəlb obrazı boylanır. O obraz, o qəlb-könül elə Ramiz Kərəmin özüdür. Məqamından asılı olaraq şair könlü-qəlbi ilə kəlmələşir, ( müasir leksika ilə desək dialoqa girir), məqamı çatanda sükuta dalıb könlünü-qəlbini oyadır ( indiki istilahla desək monoloq söyləyir):

Nə qədər yamayım bu könlü, Allah,
Görürsən hər yeri yamaq-yamaqdı.
Deyib gülə-gülə yamaq vururam,
Baxan elə bilir kefdi-damaqdı.

Səhərdən-axşama sap çəkir hamı,
Çəkdikcə sökülür köhnə yamaqlar.
Sökülən yerlərə yamaq vurmağa,
Ümidlə açılır yenə sabahlar.

Yamaq könül üstə necə görünür,
Söyləsin kim baxıb görə birinci.
Əgər yaraşırsa ən gözəl qumaş-
Qərib təsəllisi, yetim sevinci.

Bundan ayrı bir iş gəlmir əlimdən,
İl ilə oxşardı, gün günə düşər.
Hər axşam yamaqlıq parça gəzirəm,
Süzəlmiş könlümün rənginə düşər.

R. Kərəm bu dünyaya könlünün-qəlbinin gözü ilə baxıb. Bu dünyada görüb-götürdüyü bütün nəsnələri “ürəyinin işığından” keçirib, rastlaşdığı hər şeyi ürəyinə əmanət edib:

Ötənlər-keçənlər qəlbimdən ötrü,
Sərçə qanadında qurğuşun yükü.
Tanrı, səndən özgə bir kimsə bilmir,
İndi çox ağırdı bu quşun yükü.

Sufilikdə qəlbin-könülün məxsusi və ayrıca yeri var. Güman edirəm ki, R. Kərəm poeziyasını sufiliklə bağlamaq, onun şeirlərində sufizm izlərini axtarmaq bir çoxlarına nəinki inandırıcı, hətta təəccüblü görünə bilər. Bütün əsl şairlər kimi, R. Kərəm də mənəvi aləmi, bəsirət gözü ilə sufidir. Bu məqamda köməyimə sufizmin nəhəng sütunlarından olan Mövlanə Cəlaləddinin fikirləri çatdı. Mövlanə, görün, nə söyləyir: “Sufiyə dindar demək olarmı? Yox, o, daha ali yüksəklikdədir. O, etiqadın və kafirliyin fövqündədir. Onun üçün saleh əməl, yaxud günah deyilən şey yoxdur. O gizlidədi, axtarmayın onu”. Sufilik yalnız dini təriqət kimi qəbul olunmamalıdır. Sufilik könül işidir. Sufilik mənəviyyatdır. Sufilik məslək və əqidədir. Əsl şairlik də könül işidir. İnsanı insanlıq mərtəbəsinə ucaldan, ali məqama yüksəldən onun könlü-qəlbidir. Dedik ki, R. Kərəmin poeziyasında könül-qəlb obrazı canlanır. Bu obraz onun əksər şeirlərindən boylanır:

... Ürəyim başdaşı ölçüsündədir,
Sığışır köksümə necə bilmirəm

... Gözlərindən ağlayanlar yıxılmır,
Ürəyindən ağlayanlar yıxılır.

... Ürəyim əlimdə yarpaq kimidir

R. Kərəmin bütün şeirlərində ruhi enerji cəmlənib. Sırf ovqat (əslində, bütün həqiqi şeirlər ovqatdan doğulur), əhval-ruhiyyə şeirlərində belə insanı tərpədən, oxucunu silkələyən bir enerji yatır:

... Heç bilmədim harda idim,
Burdan uzaqlarda idim.
Mən özgə bir halda idim,
Özgə haldan qayıtdım.

... Yaşamaqdan vaxtı yorduq,
Neçə taxtı-tacı yorduq.
İstəməkdən baxtı yorduq,
Hər dəfə istəmək olmur.

R. Kərəm öz müşahidəsi , duyğu-düşüncəsi ilə seçilən, dünyanın məğzinə, insanın mahiyyətinə varan bir şairdir:

Qəmlər çox acı olsa da,
Yavaş-yavaş yeyildi ha.
Necə daşıdın bu yükü,
Adam yükü deyildi ha.

Sən bu dərdi necə çəkdin,
Deyə-deyə, gülə-gülə.
Adına arsız dedilər,
Dərdlərini bilə-bilə.

Dərdin toxumluq olsa da,
Yer əkənə oxşamırsan.
Ürəyində becərsən də,
Dərd çəkənə oxşamırsan.

Ağlasan da göz yaşını,
Kimsə görməz, kimsə bilməz.
Duyduğunu kimsə duymaz,
Bildiyini kimsə bilməz.

Ağlamaqla nə düzəlir,
Bir şey çıxmır gülməkdən də.
Yaşamaq da çətin işdi,
Adam qaçır ölməkdən də.

Bu məqamda yenə “Heyrət və Təəssüf !”dən başqa heç nə demək olmur. R. Kərəmin poeziyasında insan oğlunu yaranışdan düşündürən bir olum-ölüm xətti (mövzusu) var. Düzdür, bu ədəbiyyatın əbədi mövzusudur. Təbii ki, əbədi və əzəli mövzuya yeni yanaşma olmasa, tavtologiya olaraq qalır. Bu əzəli mövzu R. Kərəmin ən müxtəlif mövzularda yazılmış şeirlərdən belə boylanır:

Bir gün doğuluruq, bir gün ölürük,
Bir gün açan çiçək bir gün dərilir.
Bu gözəl dünyaya gəldiyimiz gün,
Bizim qətlimizə fərman verilir.

Bu misralar şairin “İki gün” adlandırdığı şeirindəndir. İki gün deyəndə şair, şeirin adından da göründüyü kimi, insanın olum və ölümünü özündə yaşadan ilk və son günü nəzərdə tutur. Haqqında danışdığımız şeir həcmcə kiçik, ancaq mündəricə cəhətdən çox böyükdür. İstedadlı şair hamımızın bildiyi bu iki günü, bu iki günün arasındakı illəri istedadının gücü ilə son dərəcə yüksək səviyyədə poetikləşdirmişdir:

Beşcə il də, lap yüz il də yaşaya bilsək,
Bu ayrılıq, ölüm dərdi gözümüzdə bir.
Amma bircə fərqi var ki, zalım dünyadan,
Yüz yaşında köçən kəslər bu yeri-göyü,
Beş yaşından köçənlərdən daha çox sevir.

Yeri gəlmişkən, R.Kərəmin şeirlərinin bir özəlliyini də diqqətə çatdırmaq istərdim. Onun hər bir şeiri çiynində bir poemanın “yükü”nü gəzdirir. Nəzəri baxımdan poema özündə epik təfərrüat daşıyır. R. Kərəmin poeziyasında isə lirik mündəricənin poetik bir təfərrüatı diqqəti cəlb edir. Onun üslubunun özünəməxsus olduğunun bir təsdiqi də elə budur. Bəlkə, elə bu səbəbdəndir ki, o, irihəcmli poema yazmağa ehtiyac duymayıb.

R. Kərəmin poeziyası sadə və səmimidir. Onun şeirlərindəki bu sadəlik özündə çox böyük həqiqətləri ifadə edir. İlk baxışda bəzilərinə sadə görünən bu şeirlərin alt qatında insanın kədəri, ağrı-acısı, duyğu-düşüncəsi yatır. Zahirən sadə görünən bu şeirlər adi deyildir. Ancaq ona əminəm ki, poeziyanın yalnız əlifbasından xəbərdar olanlar bu şeirləri adi qəbul etməzlər. Heç kəs duyğu-düşüncəsini, fikir və xəyalını, əməl və niyyətini bu cür- bu üslubda, bu formada ifadə edə bilməz. Bax, elə özünü yazmaq, özünə oxşamaq budur.

R. Kərəm poeziyasının sadəliyi və səmimiliyi onun təbiəti, sabit və dəyişilməyən kişi xarakterindən irəli gəlirdi. O, hər yerdə və hər zaman sadə və səmimi idi. O, öz dünyasını-daxili aləmini qurmuş bir insan idi. R. Kərəm bütün məqamlarda, o cümlədən şeirlərində öz dünyasından-insani mahiyyətindən-dünyagörüşündən, emosiya, ovqat və əhval-ruhiyyəsindən çıxış edirdi.

Sonda bir məsələni də diqqətə çatdırmaq istərdim. İstedadlı şairimiz R. Kərəm 2020-ci ilin 15 dekabrında bu işıqlı dünya ilə vidalaşıb. Müəllifini unutduğum bir ifadə var: “Ölüm şöhrət gətirir”. R. Kərəmin sadəliyi, səmimiliyi, bəlkə də, daha çox güclü istedadı və xarakteri (o, öz yoluyla gedirdi) onun məşhurlaşmağına əngəl oldu. Ancaq R. Kərəm poeziyasının xiridarları onun ədəbiyyatımızın unudulmazları sırasında yer alacağına əmindirlər.

# 4889 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #