Kulis.az Faiq Balabəylinin "Nisgilin ağırlığı" yazısını təqdim edir.
Laçında bir dəfə olmuşdum. Şuşanın işğalına bir neçə ay qalırdı...
Şuşaya gedəndə Qubadlı-Laçın yolundan keçmişdim. Və o yolla da geri dönmüşdüm. Buna heç Laçında olmaq da demək olmazdı.
... Az qala 30 il keçdi və işğalda olan torpaqlarımız nəhayət ermənidən azad olundu. Təslimçilik aktına imza atdılar. 44 günlük Vətən müharibəsi. Az qala üç il yarıma Rusiyanın, Qərbin köməyi ilə əlimizdən alınan torpaqları 44 günə azad etdik. 3 rayonumuzu isə növbə ilə qaytardılar. Dünən Laçın rayonun üzərində bayrağımız dalğalandı. Laçının azadlığına da sevindik.
...Laçını İlham Qəhrəmanın şeirlərindən, xatirələrindən, Laçın folkloru aramasından, tərtibindən sonra daha yaxından tanıdım, sevdim. Təxminən 1 ay olar, İlhama dedim ki, sən kəndinizdən, kəndinizin adamlarında o qədər danışmısan ki, mən sizin evinizi təsvir edə bilərəm. Təsvir etdim də; eviniz kəndinizə düşən yolun alt qatında, kəndin və çayın isə üst qatında yerləşir.
Həyəti, həyətdəki ağacları təsvir etdim. Hə dedi, o evi erməni usta vardı, o tikmişdi, bizim tərəflərin evini, dam örtüyünü o tikərdi, dedi.
Erməni həm evinizi tikdi, həm də yıxdı da. Bunu İlham eşitmədi, ürəyimdə dedim.
İlham bir evin, ailənin yox, bir elin ağrısını içində, çiynində çəkən adam idi. Şeirlərinin əksəriyyətində bu ağır yük var.
Qardaşının, bacılarının və onların övladlarının qayğısı da onun çiyinlərində.
Anasını çox sevirdi. Anası Səlbi xala ilə də elə onun bayatılarını, deyimlərini misal çəkə-çəkə, yaza-yaza, bizlərə oxuda-oxuda vidalaşdı. Səlbi xalanın itkisi ilə də barışa bilmədi. Haqqında danışanda sağmış kimi danışdı.
Bir neçə dəfə İlhamın atasının məcburi köçkün kimi məskunlaşdığı inzibati binada olmuşam. İlham atasının əlindən tutub ancaq atasına aid olacaq stulun üstündə otuzdurdu, çayını verdi, yeməyinə nəzarət etdi. Mənə tərəf pıçıltı ilə, gözlərinin ikisi də tutulub, görmür, dedi. Bilirdim. Laçından sonra gözünün nuru zəifləmiş, sevincli və əzablı həyatının yol yoldaşı olan həyat yoldaşı Səlbi xalanı itirdikdən sonra isə tam tutulmuşdu.
Amma Umud əminin gözlərini əlləri əvəz edirdi. İlham deyirdi ki, atam heç kəsə ağırlığını salmadı, əlləri ilə, hissiyyatı ilə görürdü, özünü idarə etdi.
Salam verdim, əllərini sıxdım, necəsən, Umud əmi, dedim. Yumşaq səslə, yaxşı ol, oğul, dedi.
Faiqdi, şair dostumdu, - dedi İlham məni təqdim etdi.
Umud əmi xoşgəldin elədi, qonağa, mənə qarşı diqqətli olmağı tapşırdı oğluna, bir birimizə...
...Noyabrın 30. Dekabra sayılı saatlar qalıb. İlhama zəng edəcəkdim ki, təbrik edəm. Aramızda bir balaca inciklik də vardı, aradan qaldırmaq üçün bundan yaxşı fürsətmi olardı. Böyük qızı Nigar müəlliməyə də gileylənmişdim. Faiq əmi, Allah qoysa Laçına gedərsiz, barışarsız, demişdi.
İlhama zəng vurmadım. Status yazdım, onu və laçınlı qələm dostlarımı təbrik etdim. Öz şəxsi divarına da yazdım. Artıq dekabrın biri səhər saatları idi.
Vasif Süleyman zəng elədi: - İlhamın atası Umud əmi, Laçının alınmasını eşidib, ürəyi dayanıb.
İlhama zəng vurdum. Cavab verdi, Faiq təkəm, polisə getdim, səhiyyə idarəsi gəlməlidi, molla dalıyca gedirəm. İlk dəfə dostumun çarəsizliyini hiss etdim. Mən də dənizdə idim, gedə bilmədim...
...Umud əmi Laçının azad olunduğunu eşitdi, ruhu bədəndən oynadı, vücudunu tərk etdi və Laçına tələsdi ki, hər kəsdən tez çatsın. Ömür gün yoldaşı Səlbi xalanın yanında Sulutəpədə onun nəşi dəfn olundu. Onun nəşi qarısının yanında qaldı. Onun ruhu Səlbi xalanın ruhuna Məhz Laçın göylərində qovuşdu. Axı Səlbi xalanın da ruhu vətən torpağına səmadan baxırdı. Xoşbəxt ruhlar artıq bir-birinə qovuşub, qoşalaşıb Laçının, doğma Susun su kimi təmiz səmasında dolaşmaqdadırlar.
Yurd-yuva itkisinin, həsrətin, nisgilin nə boyda olduğunu da, sevincdən insanın ürəyinin dözə bilməyəcəyini də Umud əmi bizə özünün ölümü ilə bir daha başa saldı...
Məkanı cənnət olsun, Ruhu şaddır, buna əminəm, Laçına qovuşub...