Nizami Gəncəvini Afət Fərmanqızından necə qoruyaq - Ayxan yazır...

Nizami Gəncəvini Afət Fərmanqızından necə qoruyaq - Ayxan yazır...
6 yanvar 2021
# 10:40

İlin böyük bir ədəbiyyat adamının adı ilə bağlı olması çox çox gözəl hadisədir. 2019-cu il Nəsimi ili olmuşdu. İndi də nəinki Azərbaycanın, Şərqin ən böyük siması Nizami Gəncəvi ilə ili adlandırmaq gözəl təşəbbüsdür.

Amma bu nəcib təşəbbüsün içərisində də yadımıza dərdlərimiz düşür. Azərbaycanda illərdir nəşriyyat sistemi yox dərəcəsindədir. Ədəbiyyatdan, kitabdan qazanc əldə etmək qeyri-mümkün hala çevrilib. Bir-iki mətbu orqanın fəaliyyəti də problemin həll olunması üçün yetərli deyil.

Nəşriyyat yoxdur bizdə, mətbəə var. Ən yüksək tiraj 1000-dir. Dünyanın heç bir yerində adı nəşriyyat olan yer özünə sığışdırmaz ki, 1000 nüsxə kitab çıxarsın. Bu, yazıçını dolamaqdı, onu ciddiyə almamaqdır. Dünyada da bu cür nəşriyyatlar var, deyim biləsiniz. Onlar da bu qaydada işləyirlər: pulunu ver, əsərini çap edim. Vəssalam. Özü də bu nəşriyyatlar həvəskar yazıçılar üçündür. Ürəyindən keçib nəsə yazmısan və pulun da var, aparıb çap etmisən. Bu qədər sadə.

Peşəkar müstəvidə bu cür diletant söhbətlər yoxdur. Yazıçı ilə nəşriyyat arasında müqavilə bağlanır, yazıçıya qonorar verilir və üstəlik satışdan gələn gəlirdən də faiz gəlir üstünə. Bax bu olur nəşriyyat sistemi. Bizdə buna az-maz uyan “Teas-Press”dir. Qalanları həvəskar üsulla kitab çıxardan mətbəələrdir.

Belə bir fərəhsiz, heç bir gəlir gəlməyən yerdə yazıçının kitab çıxarması sadəlövhlük olardı. Ya sən dost-tanışı nəzərdə tutub kitab çıxarırsan, ya da yazdığının it-bat olmaması üçün. Başqa açıqlaması yoxdu bunun. Yoxsa qonorar almadığın, heç kimin oxumadığı kitabı niyə çıxardasan?

Üç-beş gənc yazar da kitablarını özü qoltuğuna vurub satır, azca sərmayəylə xoşbəxt olur. Bax günümüzün ədəbiyyat reallığı budur. Bu reallığı görməyənlər də yazıçıların qaz vurub qazan doldurduğunu zənn edir.

Çoxu da düşünür ki, yazıçının kitabı satılmırsa, demək, o yaxşı yazmır. Bu söhbətin bir yanıyla razıyam. Düzdü, yaza bilməyənlərin kitabları niyə satılsın? Ancaq yaza bilən və bunu çox yaxşı bacaran yazarların kitabları da satılmır axı. Səbəb sadədir: nəşriyyat, kitab satış şəbəkəsi yoxdur.

Kitabı təbliğ edən nəşriyyat var ki, kitab da satılsın? Yazıçının kitabını Allah umuduna buraxan naşir elə də deyir ki, kitab satılmır, guya kitabın satılmağı üçün lazım olan bütün resursları sınaqdan keçirib.

Kitab şəbəkəsinin olmadığı müddətcə kitab çıxaran yazıçı kənardan gülünc görünəcək. Çünki bizdə bazara işləyən, detektiv tipli kitablar yazanlardan savayı peşəkar yazıçı yoxdur. Hamısı həvəskardır. Dünyanın gözüylə deyirəm bunu.

Tutalım, xaricdən biri gəlsə və bir yazıçımıza desə ki, qardaş, tiraj nə qədərdir. Bizim qardaş da ağzını büzə-büzə, küskün-küskün qayıdıb desə ki, 200, artıq xaricdən gələnə hər şey aydın olacaq.

Uzun-uzadı yazmadan sadalayaq:

Bizdə nəşriyyat yoxdur!

Kitab şəbəkəsi yoxdur!

Rayonlarda mədəni ab-hava yoxdur!

Yazıçı kitabdan qazanc əldə etmir!

Müsabiqələr yoxdur!

Olsa da çox az və sönükdür.

Xarici dillərə tərcümə olunmaq yoxdur! Olsa da ya çox lazımsızlar olunur, ya da çox zəif edilir!

Dünyaya çıxışımızı təmin edən heç bir qurum yoxdur!

Və s...

Heç olmasa Nizami Gəncəvi ilində bu sadaladıqlarımın reallaşacağını düşünürəm.

Yazıçılar kitablarından qazanc əldə etmir. Bu sorun həll olunarsa, o zaman yazıçı öz yazdığı ilə dolanacaq.

Daha sonra Nizami Gəncəvi adına böyük bir mükafat təsis etmək və ilin ən yaxşı ədəbi mətnlərinə vermək olar. Tutaq ki qonşu Gürcüstanda Saba adlı mükafat var və hər il ən yaxşı mətnləri pul mükafatıyla təltif edir.

Eyni zamanda, “Nizami Gəncəvi beynəlxalq mükafatı”nı təsis etmək olar. Dünyanın hazırda ən yaxşı yazıçılarından birinə o mükafatı vermək və o şəxsi (tutalım Etqar Keret) ölkəmizə dəvət etmək olar.

Yəni, ədəbiyyat, kitab adına səmərəli işlər görmək mümkündür.

2019-cu il Nəsimi ili oldu. Ara-sıra yalan-yarğan müsabiqələr filan gözə dəydi. Amma bütün il Afət Fərmanqızının mahnısı ilə yadda qaldı. Bizim dərdimizi həll edən heç nə olmadı.

Ümid edirəm, bu il heç olmasa mədəniyyət adına lazımlı işlər görüləcək.

Heç bir təmənna güdmədən, sırf sənət eşqinə.

Gözləyək...

# 3183 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #