Müharibədə ayaqlarını itirmiş şalvarlar – Yeni şeirlər

Müharibədə ayaqlarını itirmiş şalvarlar – Yeni şeirlər
4 iyun 2020
# 17:31

Kulis.az gənc şair Saqif Zeynalın şeirlərini təqdim edir.


Yeni salınmış yardım qəsəbəsində
Mənzilimiz dayanmışdır
Üzü şərqin şəfəqlərinə...

Günəşi salavat çevirər səhərlər,
Gecənin cənamazında ay möhür kimi -
Dalıb-dalıb səcdəyə gedər
Ulduzları zikr edər gecələr...

Əlini gözlərinin üstünə qoyub
Qalın eynəklərlə baxar uzaqlara
Hansısa gələcək bir doğmasını
Gözləyirmiş kimi.

Üstündə göyü üzü açıq
Üzüb gedər Tanrının bulud gəmiləri.
Quşlar uçar üstündən yorğun-yorğun,
Mən daha da hərşeysizləmiş,
Daha da dalğınlamış.
Hara getdi bunca ümidlər?!

Gəlib bir azdan damında yuva qurar
Ehtiras nəğməsi oxuyar avara göyərçinlər...

Bura ilk gəldiyimiz gün
Nənəmə qoşulub sevinmişdim
Sonra gülmüşdüm
Sonra utanmışdım.
Bura ilk gəldiyimiz gün
Özümü qəribə hiss etmişdim.
Anlamışdım öz doğma anasının qarnında
Nə çəkərlərmiş ögey olan uşaqlar...

***

Yay getmiş də
Çoxdan getmiş
Zivələr geyinmiş qalın paltarlarını.
Qonşu zivədən yellənir yenə
Müharibədə ayaqlarını itirmiş şalvarlar
Qollarını itirmiş köynəklər.
Qadın ehtiyatla
Ehtiramla sərər
Sıxmaz yaralı paltarları...

***

Uzaqlardan gələn darıxmış külək
Qarışdırar ağacların saçını
Əyilib otların başından öpər...

Nəğmə kimi dolaşarlar arılar
Qanadlarında söz,
Ayaqlarında sevgi daşıyarlar
Çiçəklərin bətninə...

İndi mən
Küləklərin darıxmağından,
Çiçəklərin bətnindən,
Ay üzlü gecələrin bakirəliyindən
Baxıram sənə.
İşığa toxunub keçir xəyalın
Yarasa qanadlarında...

***

Biz adam olalı sıfırda doğular
Birdə ölərik.
Nə olsaq o arada olarıq,
Hər nə olsaq...

Qaşla göz arasında dediyimiz ölüm də
Əslində sıfır bir intervalında yerləşər,
İki sonsuzluqda dəyişər:
Sıfır tam vəsayirədə bir,
Sıfır tam yüzdə bir,
Sıfıt tam onda bir,
Sıfır.
Sıfır tam onda bir,
Sıfır tam yüzdə bir,
Sıfır tam vəsayirədə bir,
Bir.
İndi bu kəsr ömür
Sıfır tam onda yarıdır.

# 4185 dəfə oxunub

Oxşar xəbərlər

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

18:24 12 mart 2026
Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

17:51 12 mart 2026
Rusiyada teleqram VPN-lə də işləməyəcək

Rusiyada teleqram VPN-lə də işləməyəcək

17:38 12 mart 2026
Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

15:05 12 mart 2026
Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

15:00 12 mart 2026
Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

14:50 12 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər