Kulis.az bu günlərdə öz jurnalist dostu ilə redaksiyamızın qonağı olan hindistanlı yazıçı Preman İllath ilə müsahibəni təqdim edir.
- Azərbaycana ilk gəlişinizdir? Təəssüratınız necədir?
- Azərbaycan çox qonaqpərvər ölkədir. Bizi çox yaxşı qarşıladılar. Altı ay əvvəl gəlmişdim. Bu ikinci səfərimdir.
- Bizim mədəniyyətlə bağlı nələr bilirsiniz? Yazıçılarımızdan tanıdığınız kimlərsə var?
- Mədəniyyətiniz haqqında o qədər də bilikli deyiləm. Əvvəllər Azərbaycanı SSRİ-nin bir hissəsi kimi tanıyırdıq. Hazırda isə ölkənizin mədəniyyəti ilə tanış olmaqdayam. Maraqlanıram.
- Bizim filmlərdən izlədiyiniz var?
- Xeyr, burda tanış olacam filmlərinizlə. Qala qoruğuna getmişdik. Ordakı muzeydə qayaüstü rəsmlərlə tanış olduq. Sonra Atəşgaha yollandıq. Burda inşallah film çəkmək istəyirik. Azərbaycanın mədəniyyəti zəngindir.
- Filmin mövzusu nə olacaq?
- Azərbaycanın tarixi haqda o qədər də biliyimiz yox idi. Qayaüstü rəsmlər, muzeydə gördüklərimiz bizi film çəkməyə vadar etdi. Ölkənizin tarixi, mədəniyyəti haqqında bir film çəkəcəyik.
- Yazıçılıqdan əlavə rejissorsunuz?
- Xeyr, fotoqrafımız var. O kamerada işləyə bilir. Qısa sənədli film düşünürük.
- Sovet vaxtı Azərbaycanda hind filmləri çox populyar olub. İndi niyə filmləriniz azalıb?
- Hər il yüzlərlə film çəkirik. Hamısı da məişət haqqında. Aliə-məişət mövzularında film çəkməyi çox xoşlayırıq.
- Əsərlərinizi hind, yoxsa ingilis dilində yazırsınız?
- Hind dilində. İlk romanım ərəb dilinə tərcümə olundu.
- Romanınız nədən bəhs edir?
- Fələstindəki mübarizəyə həsr etmişəm. “Book of Xpelt”. Orda baş vermiş insan talelərinə işıq tutmuşam. İlk romanım kimi uğurla qarşılanıb.
Roman fələstinlilərin evlərindən didərgin düşməsi, Küveytin Səddam Hüseyn tərəfindən işğalı, ABŞ-ın İraqa hücumundan bəhs edir.
- Amerika xoşunuza gəlməz yəqin ki...
- Dünyadakı bütün problemlərin səbəbkarı Amerikadır. Hər yerdə ağalıq edirlər.
- Dinlərin kökü Hindistana gedib çıxır. Maraqlıdır, sizin dinə münasibətiniz necədir?
- Mən hinduyam, ancaq qrupumuzda xristian da var, müsəlman da (gülür). Hindistanda dinlər arasında heç bir baryer yoxdur. Biz çox demokratıq.
- Hindu olduğunuza görə, inəyə sitayiş edirsiniz?
- İnəyin ətini yeyə bilərsən. Bu, fərdi bir şeydir. İctimai qanun deyil. Məcburiyyət yoxdur. Özümə qalsa, xeyr, sitayiş etmirəm. İnəyin ətindən yeyirəm.
- Buddizmdən söhbət açmaq istəyirəm. Müasir buddistlər necə olur?
- Bildiyiniz kimi buddizm Hindistanda başlayıb. Buddizm bir çox ölkələrdə rəsmi din kimi qəbul olunub. İslam dini necə ki, indi başqa cürədir, keçmişdə başqa, buddizm də elədir. Zaman dinləri dəyişdirir. Buddanın müasir davamçıları tamam fərqlidirlər. Myanmarda törədilən vəhşiliyi xatırlayaq. Buddizm əslində yoqadır, meditasiyadır. Bu din sakitlik, sülh tələb edir. Ancaq müasir dövrdə dinlər zorakılıq yaradır. Daha doğrusu, ondan o cür istifadə edirlər. Bu, qəbul olunmazdır. Vəhşilikdir.
- İslam dininə münasibətiniz necədir?
- İslam dünyada ən mükəmməl dindir. Məhəmməd peyğəmbərin miras qoyduğu dindir. Ancaq bəzi insanlar bu dindən sui-istifadə edərək adına xələl gətirirlər.
- Herman Hessenin “Sidharta” əsəri var. Buddizm haqqında yazılmış şedevrdir. Niyə Hindistanda Herman Hesse kimi yazıçı tapılmadı ki, buddizm haqqında bədii əsər ortaya qoysun?
- Herman Hessedən də əvvəl buddizm haqqında çox gözəl kitablarımız yazılıb. Sadəcə regional dillərdə yazıldığı üçün məşhur olmayıb. Yəni tərcümə edilməyib.
- Salman Rüşdünün “Gecə yarı uşaqları” əsərini oxumusunuz?
- Oxumuşam. Çox istedadlı yazıçıdır.
- Onun “Şeytan ayələri” kitabı müsəlman dünyasında qəzəblə qarşılanmışdı. Siz necə qiymətləndirirsiniz?
- Dini əsərlər yazmaq çətindir. Bunun üçün cəmiyyəti düşünmək lazımdır. Hindistanda elə yerdir ki, burda dinlər çoxdur. Elə əsər yazmalısan, münaqişələr baş verməsin. Salman Rüşdünün də əsəri söz-söhbətlər yaratmışdı. Ancaq o azad bir yazıçıdır. Yazıçılıq həm də azadlıq deməkdir.
- Türk ədəbiyyatından kimləri sevirsiniz?
- Orxan Pamuk. O da Salman Rüşdü kimi azad yazıçıdır. Hər ikisi böyük yazıçıdır. Əsərlərini sevərək oxuyuruq. Orxan Pamukun “Mənim adım qırmızı” əsərini daha çox sevirəm.
- Hindistan ədəbiyyatından danışaq. İnsanların kitaba, ədəbiyyata maraqları necədir?
- Hindistan ədəbiyyatının 5 min ildən çox tarixi var. Hər gündə minlərlə elmi, bədii məqalələr dərc olunur.
Xalqımız daha çox rasional əsərlərə üstünlük verir. Kitab oxumağı sevirik. Sovet dağılandan sonra Rusiyadan Hindistana axın oldu. Bundan sonra biz rus ədəbiyyatını tanıya bildik.
- Rus ədəbiyyatında hansı yazıçıları sevirsiniz?
- Tolstoy, Maksim Qorki, Çexov. Çexovu yazıçıların atası kimi tanıyırıq. Bir çox ölkələr gəzmişəm. Qafqazda da olmuşam. Gürcüstana, Ermənistana getmişəm. SSRİ-dən qalan respublikalar içində ən yaxşı vəziyyətdə olan Azərbaycandır.
- Son dövrlər niyə Nobel ala bilmirsiniz?
- İlk dəfə Taqor 1912-ci ildə Nobeli alıb. Çoxlu gözəl əsərlərimiz var. Bayaq dediyim kimi, regional dillərdə olduğu üçün ingilis dilinə tərcümə edilmir. Buna görə Nobel mükafatı ala bilmir. Amerikada və İngiltərədə yaşayan yazıçılarımız ingilis dilində yaza bilirlər.