Kulis.az sosial şəbəkələrdə koronavirus haqqında yazılmış ən kreativ statusları təqdim edir.
Mən zalım adamam, koronavirus...
Etimad Başkeçid
Əhalinin xaricdən gələn sarsaq müğənniyə cumması ilə xaricdən gələn axmaq virusa cumması arasında heç bir fərq yoxdur.
Aqşin Yenisey
İndicə baxdım, bu koronavirus nədirsə, Qədim İpək Yolu ilə gəlir...
Nəsimi Nəbizadə
Yerli heç nəyimiz qalmadı. Hər şeyimiz "kitaysk"idir. Hətta qripimiz belə.
Müşfiq Şükürov
Ölkədə səhiyyənin vəziyyəti elədi ki, camaat İrandan gələn koronavirusdan müalicə üçün İrana getməlidir.
Nail Zeynalov
Sənin üçün 10-dan geriyə saymağım gözündən gəlsin - 2020
Əcəmi Əsədulla
Necə ölkəyiksə, koronavirus da bizdə qərar tutmur, Gürcüstana keçir.
Mirmehdi Ağaoğlu
Yaponiyada baş verən güclü zəlzələlərin birində yapon xalqı qətiyyən təlaş keçirmədi. Xalqın həm də təlaş immuniteti güclü idi.
Etibar Əliyev
Ölkənin ən təhlükəsiz yeri “20 Yanvar”dır. Koronavirus da düşsə, taksi sürücüləri götürüb aparacaq.
Fərrux Qocamanlı
Koronavirusun profilaktikasıyla bağlı ən yaxşı məsləhəti hələlik Rəşid doxtur verib məncə: gündə beş baş sarımsağı çeynəyib udmaq.
Düzdür, bunun o andıra heç bir təsiri olmayacaq, amma adamlar sizə yaxın gələ bilməyəcək, beləliklə də yoluxmaq ehtimalınız minimuma enəcək.
Maarif Soltan
O, öz gəlişiylə bütün irqi, milli, sosial, dini... fərqləri aradan götürərək adamlar arasında bərabərlik işarəsi qoydu.
Firuz Mustafa
Görəsən, 2020-ci ili söndürüb yandırsaq düzələr?
Fuad Cəfərov
Virus çinliləri, farsları, italyanları öldürür, bizimlə isə vaxt öldürür.
Ülvi Bahadır
2012-ci ilin Dekabr ayında hamı şam alırdı. İndi də maska alırlar. Görəsən, hansı xəstəliyi yaymaq olar ki, hamı kitab alsın?
Nicat Həşimzadə
Coronavirus kimi ölümcül xəstəliklərin biraddımlığımızda olmasının gözəl tərəfi də var - "Fanilik duyğusu"nun cəmiyyətdə artması. Müharibələrin də bu yanı möhtəşəmdir əslində. Adamlar sanki dünyanı tutub duracaqlarmışcasına olan qamətlərini, hüdudsuz arzularını, onları köləyə çevirən meşşanlıqlarını təzim halına gətirirlər. Belə məqamlarda dualar çoxalır, Allah daha çox xatırlanır, sevgi, doğmalıq daha çox yada düşür. Və tədricən mənəvi-ruhani ab-hava bürüyür hamını, romantikası çoxalır yaşam tərzinin. Bəli, əsl həyat da elə budur. Duaların və şeirlərin iştirak etmədiyi ömürləri puç gördüm hərdaim. Dediyim bu. Ki, çox da təşvişə düşməyə gərək yoxdur. Kim bilir, bəlkə də xeyrimizədir. Şəxsən mən, məni Allaha bir addım daha yaxınlaşdıracaq bütün bəlaların alnından öpməyə hazıram...
Şəhriyar Del Gerani
Heç Çinin özündə koronavirus haqqında bu qədər status yazılmayıb, xəbər verilməyib. Bu virus bizə keçsə, elə feysbukdan keçəcək
Ulucay Akif
Bu gün işdə iki dəfə “konstitusiya” sözünü “koronavirus” oxumuşam. Göz mazolu belə olur.
Elnurə Abışova
Cənub bölgəsindən “göy-göyərti koronavirusun dərmanıdır” açıqlamasını gözləyirəm.
Hikmət Nazim
Dünən koronavirusla bağlı o qədər məlumat oxumuşam ki, yuxuda görürəm Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq edib: “BB krem çəkmədən evdən çıxmayın”.
Vüsalə Məmmədova