Gündüz dayı necə məşhurlaşdı?

Gündüz dayı necə məşhurlaşdı?
15 yanvar 2021
# 11:03

Çox yayılmış bir ifadə var, deyir ki, bir gün hamımız beş dəqiqəlik məşhur olacağıq. Sosial şəbəkələrin at oynatdığı dünyamızda bu fikirin reallaşması heç də utopiya kimi görünmür.

İndi məşhurlaşmaq üçün böyük istedad, hər hansısa gözlənilməzlik də tələb olunmur. Evinin içində qəfil oyanıb məşhur olduğunu görə bilərsən. Bu məşhurluğu əldə etməyin heç beş dəqiqəni də keçmir. İllərdir tanınmaq üçün dəridən-qabıqdan çıxanlar da əlini əlinə vurub təəssüflənir ki, ey dadi bidad, bu axı heç nə eləmədi, niyə bu cür məşhurluq qazandı.

Əslində məşhurluq iki cür olur. Biri odur ki, sən illərdir hansısa bir sənətlə məşğulsan, ardıcılsan, dalbadal uğurlar qazanmısan və budur, artıq məşhurlaşmısan. Səni təmsil elədiyin sahənin ilk isimləri kimi tanıyırlar.

İkinci məşhurluq bir az fərqlidir. İnsanlar səni hər hansısa performansına görə xatırlayır. Sən o performansla yadda qalmısan. Tutaq ki, sosial şəbəkədə axına qarşı status yazmısan və hamı səni narazılıqla qarşılayıb. Bir də onda ayılırsan ki, hamı səndən danışır. Ya da bir kanalda verilişdəsən, mövzuya tərs düşən, mövzunu ironiya edən şeir deyirsən və o dəqiqə ildırım surətilə o dediyin şeir yayılır, hamı səni tanıyır. Sadəcə bu tanınmışlığın ömrü azdır, qəfil gələn xəstəlik kimi səni əldən sala bilər. Özü də bu məşhurluğun kədərli yanı odur ki, heç kim səni təyinatı üzrə tanımır. Görəndə başını qaşıyır, adını yada sala bilmir, ancaq əmindir ki, səni hardasa görüb. Sənin nə işlə məşğul olduğunu ya bilmir, ya da məşğul olduğun işlə maraqlanmayıb. Səni sadəcə o məşhur performansınla tanıyır.

Son vaxtlar da bu cür məşhur olan bir dayday var: Gündüz Mirzəyev. Tik-tok fenomenidir. Dayday nə edib? Heç nə, Tik-tokda ön kameranı açıb və uzanıqlı vəziyyətdə obyektivə baxıb. Eyni şəkildə fotoları da var. İnsanlar da onun bu komik halını xoşlayıb, kişinin fotolarını, videolarını yayaraq onu məşhurlaşdırıblar. Özünün də xəbəri olmadan məşhurlaşan kişinin video-müsahibəsinə baxdım, məndə xoş ovqat yaratdı. Gördüm ki, doğrunu deyən, sevimli, adamda pozitiv enerji yaradan yaxşı bir kişidir. Sadə, xalqdan biri və təpədən-dırnağa özü kimi biri. Heç kimə özünü oxşatmır, kimisə imitasiya etmir. Hətta onun məşhur olmaq kimi dərdi də yoxdur, məncə. Sadəcə hər kəs kimi stressdən, gərginlikdən uzaqlaşmaq üçün sosial şəbəkədə paylaşım edib və özünün də xəbəri olmadan qəfil məşhurlaşıb. İndi kişini jurnalistlər qonaq çağırır, ondan müsahibə alırlar və bəlkə də həyatında ilk dəfə bu cür münasibət görən kişi xoşməramlı təbəssümü ilə onlara cavab verir, öz haqqında danışır. Hiss olunur ki, xoşbəxtdir, məşhur olmağı xoşuna gəlir. Axı niyə də olmasın? Hamı etiraf etməsə də, məşhur olmaq istəyir. Sən evdə uzanıb video çəkirsən və məşhurlaşırsan. Bundan maraqlı nə ola bilər ki? Heç bir əziyyət çəkmədən məşhurlaşırsan və bunun dadını çıxarısan, hərdən də bu məşhurluğun çörəyini yeyirsən. Düzü, əvvəllər dayday onu ələ salan, məzələnən istifadəçilərə yazıb fotolarını sildirməyə də çalışırdı. Sonra yəqin anladı ki, hamı tərəfindən yayılan fotolarını və videolarını sildirməyi Don Kixotun yel dəyirmanı ilə vuruşmağına bənzəyir. İndi özü də məşhurluğunun havasına girib və bundan məmnundur. Müsahibəsindəki bir yer məni xeyli əyləndirdi: "Maskasız olanda hamı məni tanıyır".

Vudi Allenin “Roma macəraları” filmini xatırladım. Bir neçə süjetdən ibarət filmin birində qəfil məşhurlaşan bir adamın hekayəsi ekranlara gəlir. Heç nə anlamayn və bu məşhurluğun hardan gəldiyini bilməyən bu adam bir də görür ki, jurnalistlərin arasındadır, onların hər cür suallarını cavablandırır. Sonra adam daha da məşhurlaşır, insanların diqqətini çəkir, qadınlar ona maraq duyur, qəhrəmanın adi bir hərəkəti belə gündəmə gəlir. Bu qəfil məşhurluq günlərin birində gəldiyi kimi də gedir, artıq o adam heç kimin marağında olmur. Media başqa birini qəhrəman elan edir.

Bir gün hamınız məşhur olacaqsınız. Darıxmayın. Ancaq bu məşhurluq get-gedə boşalan şar kimi öz ömrünü tez başa vuracaq. Elə Gündüz dayıda olduğu kimi. Hazırda maraqlı olan odur və buna görə də məşhurluğu davam edir. Sabah onun məşhurluğunun estafeti başqasına ötürüləcək. Kim bilir, bəlkə də indi yazını oxuyan oxucu olacaq məhşur?

# 8352 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #