Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır

Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
8 iyul 2020
# 12:36

Pulu kütlədən çıxanlar üçün populyarlıq çox önəmlidi. Gündəmdə qalmağın müasir üsulları var; əvvəllər aylarla əlləşib mahnı yazmaq, albom çıxarmaq, AzTV-dən dəvət gözləmək lazım idisə, indi heç mahnı yazmağa da ehtiyac yoxdu. Günümüzdə bir incəsənət adamı üçün kütləni özündən danışdırmaq çox rahatdı, amma tempi tutmağı bacarmaq lazımdı. Bu da xüsusi istedad tələb edir. Kütlənin damarını tutmağı ən yaxşı bacaranlardan biri əməkdar artist Elza Seyidcahandır.

Elza özünü bizə tanıtdığı ilk gündən qeyri-adi hərəkətləri ilə diqqət çəkdi. Onun ilk və ən primitiv fərqliliyi təxəllüsü idi – Seyidcahan! Sonra başladı heyvanlara, şamlara konsert verməyə, əndirəbadi şeirlər yazmağa. Bu gün də başında ağac və qıjıkimilər fəsiləsinə aid bitkilərin budağlarını komalayıb. Yenə hamı ondan danışır.

Əksər adamlar elə bilir ki, Elzanın bu əməllərindəki məntiq özünə bəllidir. Yaxud, Elza heyvanlara konserti onlara olan sevgisindən verib. Heyvanları sevdiyinə şübhəm yoxdur, sadəcə o yaxşı bilir ki, bu əmələ imza atsa, ondan danışacaqlar, jurnalistlər yazacaq, sosial şəbəkələr alovlanacaq. Yeri gəlmişkən, Elza heyvanlara konserti 2009-cu ildə vermişdi, 2020-ci ildə İtaliyada karantindən sonra ilk konsert bitkilərə verildi.

Sosial şəbəkədə şəkillərini paylaşıb Elza Seyidcahana şəbədə qoşanlar anlamır ki, Elza onları trollayır. Əslində, Elza şeiri yaxşı bilir. Amma onu da gözəl bilir ki, “tikim ağzınızı qırxayaq kimi” yazanda, aləm bir-birinə dəyəcək. Yaxud, başına şax-şulax taxmaq insana yaraşıq vermir, amma olduqca qeyri-adi mənzərə yaradır, xüsusilə də yay olmasına baxmayaraq, adamların “ev dustaqlığı” yaşadığı bir zamanda. Camaat meşə arzuladığı bir anda o, təpəsində təbiət qurub qarşımıza çıxır.

Çağdaş tendensiyanı bilmək, onun tələblərinə uyğun davranmaq hər sənətkarın bacardığı iş deyil. Bu gün Azərbaycanda bir Kafka doğular, yazar-yaradar, astadan Allahın rəhmətinə qovuşar, heç kəsin də xəbəri olmaz. Amma o bir gün yazdığı əsərinə uyğun böcək libasında “Tarqovı”da kitabına imza günü keçirsə, lazımı yerini tutacaq.

Elza Seyidcahanın bizə təqdim etdiyi obraz yəqin ki, özünün də ürəyincə deyil. O, istərdi ki, potensialını əsl sənət müstəvisində sərgiləsin. Amma belə olduqda biz onu dinləyəcəyikmi?

İndi gələk əsl məsələyə!

Məncə Elza bu gün Azərbaycanda barmaqsayı əsl incəsənət adamlarındandır; mahnısını bəstələyir, oxuyur və yeri gələndə də insanları güldürür, danışdırır, durğun sulara daş atmağı bacarır. Bir sənət adamı bundan əfzəl nə etməlidir? Çıxıb efirdə mental dəyərlərimizdən “mühazirə” deməlidir?

Çox həmkarlarından fərqli Elza görməli olduğu işlə məşğuldur. Artist ideoloq deyil, psixoloq deyil, sosioloq deyil. Şou-biznes əhli efirdən kiminsə qanına zəhər, kiminsə ailəsinə nifaq salmaqdansa, incəsənətlə məşğul olmalıdır. Çalıb çağırmalı, güldürməli, ağlatmalı və pulunu qazanmalıdır. Mənə görə Elza Seyidcahan çağdaş Azərbaycan incəsənətinin ən rəngli halqalarındandır.

Yox, əgər Elzanın belə qeyri-adiliklər etməyini istəmiriksə, o zaman özümüz bu mərhələni keçməliyik, rahatca trollanmalı deyilik. Gizlincə şəklinə gülüb, aşkarda qarasınca yazmalı deyilik. Onda Elza Seyidcahan da daha ciddi performansla çıxacaq qarşımıza. Hələ ki, belədir!

Canım ay Elza, bir qəhqəhə çək: Ha-ha-ha!

# 5116 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #